
Ən kiçik nəvəmin adı Cəmilədir. Bu gün onun 5 yaşı tamam olur. Bu münasibətlə doğmalar ailəvi restoranların birində toplaşdıq. Cəmilənin 5 illik xatiəıərini canlandırdıq, lentə köçməyənləri isə dilə gətirdik. Cəmilənin ad gününün bir bir təmtərağı da budur ki, onun ad günü qardaşım – tibb elmləri doktoru, professor İlham Əhmədovun ad günü ilə eyni vaxta təsadüf edir.

Bu gün Cəmilə ilə bərabər bütün uşaqlara dua etdik, xoş niyyətlərimizi bildirdik.
Dünyamızda etibarlı asayiş davam etməkdədir. Uşaqlar üçün 1-ci vscib olanı budur. İkinci vacib olanı budur ki, heç bir uşaq ata-ana nəvazişindən məhrum olmasın.
Hörmətli şairimiz Zəlimxan Yaqubun Allah ona rəhmət etsin, nəvələr haqqında gözəl şeiri var. Hesab edirəm ki, şair bu şeirində bütün babaların ürəyindəkilərini çox emosional əks etdirməkdədir:

Evdən ayrılanda beş-on günlüyə,
Məni bir cazibə evə çəkərmiş.
Bütün babaları öz ocağına
Nəvə çağırarmış,nəvə çəkərmiş.
*****
Yatırmı,dururmu,neyləyir indi?
Başı öz işinə qarışan nəvəm.
Küsəndə titrədib dodaqlarını
Güləndə yanağı qırışan nəvəm.
Tanrı naxış vurub bu yaraşığa,
O,gülə çevrilib,mən sarmaşığa.
İncə gülüşləri dönüb işığa,
Göydə ulduz kimi sayrışan nəvəm.
İlahi,min şükür,babayam indi,
Könlüm bu eşq ilə dindi,nə dindi.
Yağdan da,baldan da min qat şirindi
Yarı gül,yarı bal,yarı şan nəvəm.
Sağlam toxum görüm,sağlam dən görüm,
Ruhu oynaq görüm,qəlbi şən ğörüm.
Bütün nəvələri sevinən görüm,
Olmasın heç zaman pərişan nəvəm.
Çiynimə dırmanan,başıma çıxan
Küsdürsəm,gözünün yaşını sıxan.
“Babam hanı?”-deyib yollara baxan
Məni anasından soruşan nəvəm.
Nə ayrılıq ola,nə həsrət ola,
Adının mənası həqiqət ola.
Turan dünyasına bir şöhrət ola,
Öz haqqı uğrunda vuruşan nəvəm.
Dərdi bir sevdiyi barı Zəlimxan
Neyləyir sərvəti,varı Zəlimxan.
Yarı məhəbbətdi,yarı Zəlimxan
Bizə salxım kimi sarışan nəvəm.
Təsəlli yeridi təkin,yalqızın
Babalar nəvəsiz, gör, nələr çəkir.
Başı qarışanda oğulun,qızın
Bizi evimizə nəvələr çəkir.










Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.