Monqolustanda dul   qadınların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (I yazı)

Qadın, ana, ailə dəyərləri

Dul olmaq bilirsinizmi nə deməkdir? 

Böyük arzularla sevgi qanadlarında ənginliklərə uçmaq, amma qayalara çırpılıb yerə düşmək deməkdir dul qalmaq.

Qovuşmaq üçün günləri birlikdə saydığınız birinin evindən indi ağ örpəklə çıxdığınız ata evinə 2 uşaqla geri dönmək deməkdir dul qalmaq.

Dost-tanışdan, qohum-əqrəbadan qaçmaq, gizlənmək, sevinə, gülə bilməmək deməkdir dul qalmaq.

Uzun müddət evdə ata üzünə baxa bilməmək, qohumlara görünməmək deməkdir dul qalmaq.

Geçə uşaqlar yatandan sonra yuxulu gözlərinə, vuran nəbzlərinə baxa-baxa Allaha yalvarmaqdır dul qalmaq.

Hələ evdə ailəyə gətirdiyiniz “qızı ərdən boşanıb” xəcalətinin, bunu necə adlandırırsınız-adlandırın, qəzəbi soyumamışsa, əl-ayaq kəsiləndən sonra için-için ağlamaq deməkdir dul qalmaq.

Qonşularınızın, rəfiqələrinizin sizdən çəkinməsi deməkdir dul qalmaq.

Çöldə-bayırda tənəli baxışların altında əzilmək deməkdir dul qalmaq.

Daha işə, kinoya, toya, gəzməyə gedə bilməzsən, qısaqol geyinə bilməzsən, başıaçıq gəzə bilməzsən, balkona çıxa bilməzsən deməkdir dul qalmaq.

Haqqında eşidib tanıyıb-bilən kişilərin murdar niyyətləri əhatəsində yaşamaq deməkdir dul qalmaq.

Əsir kimi, “qanadı qırılmış quş ” kimi yaşamaq deməkdir dul qalmaq…Uç görüm indi…

Tarixin bütün mərhələlərində hər bir cəmiyyətdə dul qadın problemi olub.

Mifik düşüncələrin hökm sürdüyü Cahiliyyə dövründə əri ölən qadının bir il heç kəslə ünsiyyət saxlaya bilməməsi üçün onları kimsəsiz, uçuq-sökük bir daxmada yaşamağa məhkum edirlərmiş. O, hətta, saçlarını belə, yuya, daraya bilməzmiş, dırnaqlarını tutammazmış.

Afinada qadınların rəyi soruşulmadan ərə verirlərmiş. Əri nə vaxt “boşadım” deyərmişsə, qadın dul qalırmış.

Afinada sahibsiz qadının yanında yaşlı bir qul olmadan küçəyə çıxmağa ixtiyarı yox imiş. Dul qadın ərinin yoldaşları ilə bir süfrə ətrafında əyləşə bilməzmiş və s.

Monqollarda qadın dünyaya uşaq gətirənə qədər öz evində qalırmış. Dulların bir daha ailə qurması yasaq imiş .

Hun və Göytürk tarixində atalar öləndə uşaqlarının analarının günüləri ( birinci arvadın üstünə alınmış 2-ci, 3-cü arvad) ilə evlənmələri çox təsadüf edilən hal idi.

Eynən “levirate” (qayın) və “sorarat”(bacı) ailə modellərində olduğu kimi .

“Levirat” ailədə ər dünyasını dəyişirmişsə, dul qalmış qadının subay qayını, əgər subay qaynı yoxdursa, evli qaynı ilə; “Sororat” ailə modelində isə ərin qadını xanımı rəhmətə gedərsə, öz baldızı ilə ailə qura bilərmiş. Hətta, uşaqlara əvvəlcədən ən yaxşı atanın əmi, ən yaxş ananın xala ola biləcəyinə hazırlayırlarmış.

Bütün hallarda məqsəd bu imiş ki, ata dünyasını dəyişəndə dul qalmış qadın digər yad bir kişiyə getməsin. Ailənin, nəslin sərvətinə dul qadını almışdır deyə, hansısa digər yad şəxs sahib çıxmasın. Ailə bir damın altından pərakəndə düşməsin, cəm olsun.

Şərqi Asiyada ən böyük dövlət olan Çində 20-ci əsrin əvvəllərinə qədər mövcud olmuş ənənəyə görə, əri ölən qadın özü də intihar edirmiş. Belə ölüm sədaqət nümunəsi kimi, ailəsinə və qadına ehtiram gətirirmiş, hətta böyük bir fəzilət nişanəsi kimi qeyd edilirmiş. Mifik anlama görə qadın ağ mələfəyə bürünüb özünü ağacdan asaraq daha bir başqa dünyaya gəlin köçür və s.

Bütün bu deyilənlərə əsaslansaq, “dul” sözü nəzərimizdə əri vəfat etmiş qadın anlamı yaradır.

İzahlı lüğətlərdə də “dul” sözü elə bu cür nənalandırılır:

Dul:

1.Sifət – Ərinin ölümündən sonra ərə getməmiş (qadın); arvadının ölümündən sonra evlənməmiş (kişi).

2. İsim – Dul kişi, ya dul arvad.

Amma “dul” sözünün müasir ensiklopedik anlamı daha genişdir: əri ölən qadın; qadını ölən ər; həyat yoldaşından ayrılan qadın; əri tərəfindən atılmış qadın; sahibsiz qadın və sair .

40-50 il bundan əvvəl bu sözü eşidəndə bizim ağlımıza ancaq “əri ölmüş” qadın gələrdi. Belə yarlığı küşilər üşün işlətməzdilər: “dul kişi” deməzdilər.

Çünki kişinin  həyat yoldaşı  vəfat edirdisə, aydın məsələ idi ki,  tezliklə evlənəcəkdi. Çox vaxt da  belə olurdu. Həyat yoldaşı vəfat etmiş ər mərhumun ili çıxdıqdan sonra özünə, ailəsinə uyğun bir həyat yoldaşı seçirdi.

 Həyat yoldaşı ölmüş kişilərə cəmiyyət özü də də   “uşaqları  əldə-ayaqda qalmasın” , “yeməyini  verən, çayını  hazırlayan,  köynəyini yuyan, qopmuş düyməsini tikən ”  kimi  haqq qazandıraraq, müəyyən mənada, dəstək olurdu. Maraqlıdır ki, onlara  dul kişi demirdilər,  “arvadı ölmüş kişi”deyirdilər.

 Amma əri  vəfat etmiş  qadınlar  ərə getməzdi, mərhum ərinin ocağında yaşamaqda davam edib, ocağını sönməyə qoymazdı. Minbir əzab-əziyyətlərə qatlaşıb uşaqlarını yerbəyer edərdi.

Həyat yoldaşı  vəfat etmiş  ər   gəncdirsə,  subay  qız seçərdi. Ola bilərdi ki, bu qız 18-20 yaşında deyil, evlənmək yaşı xeyli keçmiş qız olsun, amma  indiyə kimi ərə getməmiş olmalı idi. Əgər  kişi  50 yaşdan keçmiş olardısa, öz yaşına münasib  qadın alardı.  Bu qadın , adətən,  övladı olmadığına və yaxud  hansısa  ciddi olmayan səbəbdən ata evinə qayıtmış qadın olardı.  Həyat yoldaşı evliliyinin ilk illərində 1-2 uşaqla  vəfat etmiş olardısa, ər cavan qız almazdı ki, gənc, təcrübəsiz bir qız onun övladlarına necə baxacaq.Onda bu ər ya uşaqları  uşaq evlərinə, ən yaxşı halda  vəfat etmiş ananın valideynlərinə, yaxud da öz xala-bibisinə və yaxud nənəsinə veməli idi.Ya da  uşaqlar nisbətən böyüyüənə, ağlı kəsənə kimi gözləyib sonra evlənməli idi.

 Əri  ölmüş, amma həmin ocaqda qalıb analığını davam etdirməkdə olan qadın haqqında belə təklif ola bilməzdi, kimsə də bunu ağlına gətirə bilməzdi. 

Həmin  dul qadınlar   çox namusla-qeyrətlə ailənin, mərhum ərinin  şərəfini   sona kimi qoruyardı,  vəfat edəndə də onu mərhum ərinin yanında dəfn edərdilər. Belə ailənin qızını da alardılar, oğullarına qız da verərdilər.

Yəni, “dul” sözü hər kəsdə, hər vəzifə, imtiyaz sahibində  bir qayğı, mərhəmət  assosiasiyası doğurardı.  Amma  indi  əri dünyasını dəyişmiş qadına   tamam başqa anlamda yanaşırlar Son vaxtlar mətbuatda ailəli, 2-3 övladı olan qadının başqa bir ailəli kişiyə qoşulub qaçması, yoxa çıxması və yaxud ailəli olan kişinin digər ailəli və ya subay qızı götürüb qaçması ilə bağlı xəbərlər dərc edilir.Bu, çox böyük mənəvi aşınmadır. Bunlar xarakterik olmasa da,  mümkünlüyünə yönəlmiş  meyillərdir.

 Çünki   cəmiyyət   qadının ikinci bir ərə getməsini həzm etmək istəmir.

İctimai baxış da elədir ki, əvvəlcə ərdə olmuş  hansısa bir qadını almaq  kişini el gözündə nüfuzdan salacaq:”kiminsə artığını alıb” deyə,  qınaq, məsxərəyə qoyulacaqdır.

Müasir dövrümüzdə dul qalanlar arasında kişilərin və qadınların dəqiq sayları haqqında məlumatım olmasa da, bu nisbətdə qadınların çoxluq təşkil etdiyinə əminəm. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə cinslər arasında ömür fərqi orta hesabla 7,5 ildir və bu fərq qadınların xeyrinədir, yəni, qadınlar kişilərə nisbətən 7,5 il daha çox yaşayırlar. Deməli, insanların özləri tərəfindən yaradılmış heç bir ciddi ayrılıq səbəbi olmadan həyatın öz axarında müəyyən dul qadınlar kateqoriyası yaranır.

Gözlənilməz hadisə, təsir, ailədə ixtilaflar,  tərəflərlər arasında etimadsızlıq və digər səbəblərdən  ayrı-ayrı kənd, rayon və şəhərlərdə formalaşan dulqalma  halları da bu kateqoriyada yer alır. Məsələn, 40-50 il bundan əvvəl xəstəlik və qəza hallarında  həyatını itirən insanların sayı günümüzdə  olduğundan qat-qat az idi.  Çünki texnoloji proseslər həyatımızı bu qədər əhatə etməmişdi, həm də nəqliyyat da bugünkü qədər intensiv deyildi. Dövlət Statistika Komitəsindən paylaşdığı bir məlumata görə, 2017-ci ildə ölkənin avtomobil yollarında 1833 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr zamanı 750 nəfər ölüb, 1719 nəfər yaralanıb. Məlumatda neçə nəfərin evli qadın və ya kişi olması haqqında izah olmasa da, təbii ki, istər vəfat edənlər, istərsə də yaralananlar arasında evli qadın və ya kişilərin olması danıla bilməz. İlbəil armaqda olan qəzaların sayı isə dulqalma hallarının artımında ciddi faktordur.

Ağır qəzalar zamanı fiziki sağlamlığını ciddi şəkildə itirmək də ailə dağılmasına, qadının dul qalmasına səbəb ola bilər.

Xəstəlik səbəbindən həyat yoldaşını itirən qadınlar da var. Elə uğursuz ailələr də var ki, uşaq olmaması səbəbindən dağılır. Əgər bu zaman sonsuzluq qadına aid səbəbdirsə, çox vaxt belə qadınları kimə gəldi verirlər: xəstə, əlil, özündən dəfələrlə yaşlı. Onların yeni  evliliyi də dul  həyatında yaşadıqlarından  dramatik olur.  Yeni ərin, yeni ər ailəsinin istənilən vaxt cini tutsa, bu zavallının mitilini yenə çıxarıb qoyacaqlar küçə qapısından çölə. Geriyə yol yoxdur, qadın yaşamaq üçün daha 3-cü, 4-cü kateqoriyalı “ərə gedəcək”. Çox güman ki,  o ərlər də bu biçarəni ailəsində ocaq yandırmağa, dünyaya uşaq gətirməyə almırlar: sadəcə, yeməyini bişirsin, paltarlarını yusun və əsası da yatağına girsin.

Belə qadınların bəziləri ilk evlilklərindən sonra nə qədər utanc olsa da, get-gedə ya könüllü, ya da məcburən Azərbaycan əxlaqı və mühiti üçün xarakterik olmayan seks sənayesi qurbanlarına çevrilirlər.

Davamı var…