Qadın, ana, ailə dəyərləri
Məşhur rus yazıçısı İ.S Turgenev çox doğru yazmışdır ki : “Xoşbəxt olmaq istəyirsiniz? O zaman əziyyət çəkməyi öyrənin.”

Qadınlar kişilərə nisbətən daha emosionaldırlar, ən xəfif mehdən təsirlənə bilirlər. Amma belə emosionallıq qədərindən çox olursa, qısqanclığa, şübhələrə yol açır. Qadın birtərəfli qaydada ailədən, uşaqlardan, ərin üstündən əlini çəkir: üz-gözündən məmnuniyyətsizlik, etiraz, itaətsizlik yağır.Məsələn, ər qapının zəngini basıbsa, qadın qapının gözlüyündən gələnin əri olduğunu görüb, qapını açmağı ilə qayıdıb otaqların hansınasa girməyi bir olur. Amma ilk gəlinlik güllərində papağını, paltosunu özü alıb asardı, yanında dayanıb ətrinin ayaqqabılarını çıxarıb evə girəcəyinə qədər izləyərdi. Belə olanda evdə də, kişinin qəlbində də qadınlıq aurası bir yeni assosiasiya yaradardı. Amma indi hər gün, hər dəqiqə ayrılığa aparan etiraz formaları…

Mən o fikirdə də deyiləm ki, nikahın pozulmasının mütləq günahkarı məhz qadınlardır. Kişilər də az aşın duzu deyillər. Amma iş burasındadır ki, dul kişilərə nisbətdə dul qadınların sonrakı həyatı daha çətin və acınacaqlı olur. Yəni, ilk evlilikdə üzü, könlü heç gülməyən qadının bundan sonrakı həyatı da yaxşı heç nə vəd etmir. Qarşıda isə hələ onu alt-üst olmuş arzularla çanlı ikən ölü kimi yaşamaq əzabı gözləyir. Yuxusu gecələr ərşə çəkilir. Buz kimi yataqda vücudlarının istəklərini susduraraq göz yaşlarını axıtmaqdan başqa çarələri qalmır. Həyata bağlılıqları yalnız yanlarında uyuyan, hələ baş verənlərdən xəbərsiz körpələrə görə olur. Bu ümid onu tanıdığı-tanımadığı insanlarla yaxınlaşmağa da vadar edir. Nə qədər çətin olsa da, yaşamaq, uşaqları bir tərəfə çıxartmaq istəyir. Belə vəziyyətlərində çox az adam ola bilər ki, onların halına yansın. Daha çoxları isə qınayacaq, kəm götürənləri də olacaq. Nə qədər tərbiyəsizlik olsa da, belə qadınlara gözlərinin qurdunu öldürmək üçün potensial həzz mənbəyi kimi baxanlar da olacaq.
Boşanmış dul qadınlara bu baxışlar, bu basqılar hər zaman olmuş, bu gün də stamp kimi qalmaqda davam edir.
Nə üçün insanlar həyatdan küsmüş və ya küsdürülmüş belə qadınlara dar pəncərədən baxır? Nə üçün insanlar dul qadınların həyatını başa düşməyə çalışmır, onların həyat hekayələrini eşitmək istəmir, bundan sonra etmək istədiklərinə ümid paylamaq istəmirlər?
Biz saytımızda bu və buna bənzər mövzularda nə qədər müzakirələr açmışıq: indiyə kimi bir fikir belə, bildirən olmayıb. Nə üçün biz belə müzakirələrə əhəmiyyət vermirik, fərqli fikirləri eşitmək istəmirik?
Bir aktrisa avtomobilini saxlayıb yağan yağışın altında rəqs edir. Sosial şəbəkələrdə bu anı əks etdirən videoya 8 saat ərzində 70 min insan diqqət kəsilir.
Amma televiziyada, mətbuatda, sosial şəbəkələrdə, canlı həyatda ailə, əxlaq, geyim və həyat tərzi ilə bağlı mövzulara rast gələndə üzlərini turşudub başqa səhifəyə, başqa kanala keçirlər.
Bu gün maarifləndirici yazılara daha ehtiyac var.
Bir insanı ittiham etməyə, cəmiyyətdən küsdürməyə nə var ki. insan da, onun əməlləri də xeyirxahlığa köklənməlidir. Həssas yanaşma kimisə səhv etdiyi, səhv edə biləcəyi addımlardan, yanlışlardan, pislərdən çəkinməyə yönləndirməlidir.
Ətrafda bu qədər işıqlı, isti insanlar varkən dul qadılar üçün, dul ola biləcək qadınlar üçün dünya, bundan sonrakı niyə qaranlq olmalıdır ki?Xeyirxah insanlar işığı, istini nə üçün onların yoluna tutmasın?!
Həyatda şanssız insan yoxdur, əgər ümidsiz deyilsə. Əgər ətrafımızda gördüyümüz, tanıdığımız ümidsizlərdə həyat eşqini, həyatınının əvvəlki axarına qayıda biləcəyi inamı yarada bilsək, çox böyük iş görmüş olarıq.

Bu yazını oxuyanda belə tərəddüdləri olan ailə varsa, dayanın, əvvəlki məcranıza qayıdın. Aranızdakı sevgini qətrə olsun belə, kiçilməyə qoymayın. Sevginizə, sevdiyinizə sahib çıxın. Allah sizi ayırmasın. Unutmayın: heç bir vaxt, istər kişi üçün, istərsə də qadın üçün ikinci evlilik birnci evlilikdən mənalı, şirin ola bilməz.
Sonda bir neçə kəlmə də dul qadının sonrakı həyatı üçün atacağı addımları barədə şəxsi fikirlərimi bildirəcəyəm.
Mən həyat yoldaşı xəstəlikdən, təsadüfi qəzalardan həlak olub, amma ərinin ocağında yaşamaqda davam edənləri dul qadın kimi qəbul etmirəm.Bu ad onlara yanaşmır.Əgər belə qadın ərinin vəfatından sonra sədaqətini davam etdirirsə, ona “dul qadın” demək hansı məntiqlədir? Həyatda olanda aralarında olan gerçək eşq yenə davam edir, fəqət, platonikləşib, belə qadınları gəlin köçdükləri ocaqdan ayırsalar, çox yaşayammaz. Qu quşları kimi. Bu cür qadınlara kimsə elçi düşə bilməz, ağlına belə bu barədə fikir gətirə bilməz.
Bu hal ilk evlilik münasibətləri xeyli müddət davam edib və bu evlilikdən ali məktəbdə oxuyan övladları, bu gün-sabah köçəsi qızı, evlənəsi oğlu olan qadınlar üçündür. 2-3 övladı olan qadınlar da əgər onu ərə getdiyi evdən çıxarmırlarsa, gününü göy əskiyə döndərmirlərsə, bu ocaqda qalıb onu sevib də rəhmətə getmiş mərhum əri ilə əhdə sədaqətlərini yaşatması alqışlanandır.
Amma uşağı olmadığına görə boşanan, yaxud ailəlik həyatında göz yaşları ilə yaşayan, daim şiddət gördüyü üçün boşanan qadın başqa nə etməlidir ki?Onların da yaşada biləcəyi şəxslər var. Bu kateqoriyadan olan qadınlara olan etimadsızlıq qəbul edilməzdir. Onları doğru başa düşmək lazımdır. Aralarında elə sədaqətliləri, ailəcanlıları var ki, ehtirama layiq qadınlarımızla eyni cərgədə dayanmağa layiqdirlər.
Türk saytlarından Məmməd Aluçun sətri tərcümə etdiyim “Dul qadın” şeiri bəxtlərinə acı tale düşmüş belə qadınların, bəlkə, ümidlərinin yenidən canlandıra, onları sevməyə, ailə səadətinə bağlaya bilər deyə, onu aşağıda oxucularımıza da təqdim edirəm :
Dul qadın yolda yeriyirdi yalqız:
qaməti əyilmiş, həyat yorğunu.
Alnında qırışıq xətlər yollar kimi susmuş,
dili lal.
Bir təbəssüm gözlər kimi, gözləri yaşla dolu idi.
Sığınıb şəfqətlə sarılacaq bir dost axtarırdı
səssiz-səmirsiz.
Yağışa həsrət, saf arzulu torpaq kimi idi…
Həyatda çox şey istəməmişdi: bir tikə çörək, soğan…
Bir parça sevgi, bir azca da səmimiyyət.
Bir kabus kimi vücuduna çökmüşdü dul olmağın əzabı,
Tənhalıq və alnına yapışdırılan dul olmaq,
həyatdan küsmək qədəri.
Sevmək üçün qaçılmazmı, yoxsa eşqin arxasınca,
Tapmaq üçün sevgini, həsrətin sonunu?
Sən qadınsan, anasan: acılarınla, sevinçlərinlə.
Qadınsan, sevgi bəxş edənsən, həsrətlə
gözləyən könüllərə.
Vüsal soraqlı həsrət qoxansan sevgiliyə.
Gözlərindəki azadlıq sevgi vəd edər təbəssümlə.
Sabahına ümidsən gələcəyin.
Geçmişinlə, gələcəyinlə
cəmiyyət üçün, özün üçün yaşamalısan,
yaşamalısan.
Yolda sevgisizliyə möhtac könülləri
yaşatmaq üçün, bağla qulaqlarını, eşitmə;
Nifrət saçan sözləri duyma, inadla yeri,
Sabahına, xoşbəxtliyinə…

Sadədil olduqlarından, gəlin-qayınana münasibətlərinin yaratdığı ziddiyyətlərdən , yaxud da digər səbəblərdən ailə, qadınlıq səadətinə qovuşa bilməyən gəlinlər son olaraq bir vaxt ağ duvaqla çıxdıqları ata evinə dul qadın yarlığı ilə qayıdırlar. Göz yaşları içində boğula-boğula yaşamaq bir tərəfdən, ictimai qınaq da heç vaxt başlarının üstündən əskik olmur.
Bir vaxt ən gözəl arzularla könül verib sevdikləri ürək sirdaşlarını bədbəxt hadisə və ya xəstəlik səbəbindən itirənlər 2-3 il keçəndən sonra “xarakterlərimiz uyğun gəlmir” deyə ayrılanlardan fərqlənsələr də, cəmiyyətdə eyni cürə qarşılanırlar: “dul qadın”, “qara paltarlı qadın”…
Qarşıdan gələn tale onlara nə vəd edir?
Sevgi arzuları, vüsal həsrəti ilə gəlinlik libası geyinmək hara, ikinci ər evinə adi geyimlə getmək hara? İlk evlilik zamanı iki sevən ürəkdə bir-birini tamamlayan arzular yuva qurur. İkinci evlilikdə isə ərin qadınısız, qadının da ərsiz qalmamaq məramı, yəni, ərin bir ailə başçısı, qadının ailə qadını olmaqdan daha çox, şəxsi həyatlarını yaşamaq xəyalları. Onlar elə bilirlər ki, artıq müəyyən sınaqdan keçiblər, təcrübələri var, bundan sonrakı həyatın dadını çıxmaq lazımdır. Eyforiyadır bu, belə düşünənlər hər addımları ilə ailə səadətindən uzaq düşürlər, amma başları xumarlanır. Deyə bilərsiniz ki, heç kim istəməz ki, ailəsi dağılsın. Heç kim istəməz ki, uşaqları öz bioloji anası və ya atası olmayana “ana”, “ata” desin.
Təbii ki, bu da bizim əxlaqın bir özəlliyidir.
İnsanın həyatda səhv və ya səhvlər etməsi də təbiidir. Səhvlər də bəzən işə yarayır: acını şirindən seçməyə kömək edir. Ona görə də insan bir iş tutmağa başlarkən diqqətlə ölçüb-biçməli, emosiya ilə deyil, ağlın hokum ilə qərar verməlidir. Elə səhvlər var ki, ən ciddi halda, insana, sadəcə, maddi zərər gətirə bilər. Amma elə səhvlər var ki, insanın bütün həyatını alt-üst edə bilər. Özünə könül sirdaşı seçmək bu baxımdan ən ciddi məsələlərdən, bəlkə də, ən birincisidir. Mənə belə gəlir ki, həyati müşahidələrimə əsaslanıram, fərqi yoxdur oğlan və ya qız belə edir: erkən dağılan tifaqlarda baslıca amil tərəflərin ailə həyatının özəlliklərini dərk etmədən, ailə həyatına hələ hazır olmadan, sadəcə, evliliyə, cismani bütövlüyə can atmalarıdır.Hesab edin ki, susuz səhranın yolçusu üçün su nədir, amma yolun sonunda qarşısına çıxan kəhrizdən 2-3 stəkan içəndən sonra su onun üçün ancaq sözün ilkin mənasından başqa heç bir əhəmiyyət kəsb etmir: arxla axıb gedən su qədər adiləşir.
Dəruni eşq olmadan qurulan ailələrdə da toydan 4-5 ay sonra belə adiləşmə başlayır, su kimi.
Bir neçə aydan sonra dünyaya körpə gəlməlidir, ailənin, aralarında bağlanmış əhd-peymanın məzmununa yeni dəyər gəlməlidir, amma məlum olur ki, tərəflər arasında etimadsızlığa yol çoxdan başlayıb. Adicə söz-söhbətdən, hər hansı xırda məişət çətinliklərindən ortaya çıxan problemləri birlikdə aradan qaldırmaqdansa, bunlar öz aralarında günahkar axtarırlar.Ola bilər ki, ailədə tərəflərdən hansısa birinin və ya hər ikisinin belə vəziyyətə düşməsinə kənar amillərin, cəmiyyətdə gedən müəyyən aşınmaların da əks təsiri olsun. Amma əsl aşiqlər sevgini, ailə səadətini gözləri görə-görə heç vaxt nəinki xırda-para,lap ciddi problemlərə təslim etməzlər.

Son