Sevgilər cılızlaşır, toydan 2-3 il sonra da yadlaşma başlayır

Qadın, ana, ailə dəyərləri

Mənim bir dostum vardı. Dünyagörüşü, həyat təcrübəsi çoxlarına nümunə ola bilərdi. Baməzəliyi də öz yerində. Ziyalıdır, nümunəvi ailə sahibi idi . Bir az ciddi, bir az da mühafizəkardı. 


Bir dəfə xanımıyla mağazaya gedibmiş. Deyir ki, biz içəri daxil olanda mağazada yanında xanım olan digər bir nəfər də vardı. Xanımıdır, dostudur, tanışıdır, deyə bilmərəm, amma kənardan çox mehriban görünürdülər. Mağazadan çıxanda xanımım dilləndi ki, bəxtəvər başına, gördün, necə mehribandırlar? Dedim ki, gördüm. Sən elə bilirsən ki, o, onun öz xanımıdır? Dostum o vaxt bunları mənə söyləyərkən xanımına yarızarafat, yarıciddi verdiyi cavabdan dodaqlarım da qaçmışdı. Adi bir həyat anıdır, amma düşündürücüdür. Düşündürücü olan da budur ki, bəzi kişilər öz xanımlarına qarşı ciddi olduqları halda, qeyri xanımlara mehribanlıq göstərirlər. Görən niyə belədir? Elmi, məntiqi, lap “siyasət” işlədib istənilən cavabı vermək olar. Amma gəlin, bir az səmimi danışaq. 
Kişilərə görə ailənin nüfuzu daha çox qadının namusu ilə ölçülür. Ər həmişə istəyər ki, qadını bir az ağır oturub, batman gəlsin.. Müəyyən qədər təmasdan, ünsiyyətdən qaçsın. Çünki daha çox ünsiyyət , həm də daha çox problem deməkdir. Bu baxımdan qadınlar özlərini qorumalıdırlar. Qadınla ucalan varlığımıza ləkə gəlirsə, bu ləkə ailə ittifaqının pozulmasına gətirib çıxarır. Belə ləkəni heç vaxt heç kəs özünə sığışdırmayıb, sığışdırmayacaq da… Əslində bu, qadının həyatımızdakı uca yeridir, ona veriələn dəyərdir. Qadın Anadır…Vətənə də ana deyirik. “Namus” anlayışı “Qadın”, “Vətən” məfhumu ilə qoşalaşanda, qovuşanda daha əzəmətli olur, qovuşmayanda isə Vətən də rəzil olur, biz də. 



Seriallarda gördüyünüz vulqar Qərb həyatını, ər-arvad, kişi-qadın münasibətlərini göz önünə gətirin. Onlar qadını əşyalaşdırırlar. Qadın onlar üçün nəşə, həzz yaradan bir canlıdır. Qadın ərini və ya təsirinə saldığı kişini açıq-saçıq geyimlərlə, çürbəcür eyş-işrət oyunları ilə çəzb etməlidir. Amma bizdə qadına belə yanaşmaq olmaz, bizdə qadını əşyalaşdırmaq olmaz.
Qadın zəriflik çələngidir, anadır. Bir ataya “qayınata”, bir anaya “qayınana” deyən xatundur… Bu xatun Qərbdəki kimi açıq-saçıq geyinməməlidir. Onun qadınlıq cizgilərini yalnız öz halal əri görməlidir. Nəinki üstünə saatlarla getməyən ətir səpib küçəyə çıxmalıdır. Qadın üstünə o ətri səpməlidir ki, onun qoxusu ərindən başqa heç kimin burnuna çatmayacaq. 
Bilirsiniz, Azərbaycan ailəsində namus, qürur kimi müəyyən ölçülər həmişə mövcud olmuşdur və bu gün də var. Amma bunlar ayrı-ayrı zamanlarda müxtəlif məzmun kəsb etmişdir. Dədə Qorqud cəmiyyətində qadın “Halalım” deyilərək ən şöhrətli mərtəbəyə yüksəldilir. Amma həmin cəmiyyətdə bir ər həyatdan köçəndə qadınına vəsiyyət edir ki, məndən sönra uşaqlarımı başsız qoyma, könlün kimi istəsə, gözün kimi tutsa, ərə get, ailə qur. Bəlkə də o dövrlərdə həyatın, insan nəslinin davam etməsi üçün cəmiyyət bunu belə qəbul edib. Üstündən yüz illər keçib, insan nəsli böyüyüb, kifayət qədər şaxələnib, davamlı olub və artıq sevgi, namus, şərəf kimi məsələlər yeni məna daşımağa başlayıb. Orta əsrlərdə yaranmış bir bayatıya fikir verin:

Əzizim, baxdı yarım,
Könlümün taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım?


Gözəldir, deyilmi? Bu bayatıda xalqımızın “qadının bir əri olmalıdır, kişi bir xanımla evlənməlidir” , “qadın ərinin qürurunu göz bəbəyi kimi qorumalıdır” kimi təfəkkür tərzi öz ifadəsini tapıb və genetik kodla nəsildən-nəsilə ötürülüb. 
Elə fikirləşməyin ki, məqsədim ancaq kişiləri müdafiə etməkdir. Xəyallarımda o qədər sevgi dolu ailə həyatı qururam ki. Bəs biz bunu həyatda niyə yarada bilmirik? Niyə bu həyatı sona qədər ilkinliyində sevdiyimiz kimi yaşaya bilmirik? Bunlar bizim beynimizdə var. Amma siz qadınlar da ərlərinizi anlayın. Hər şeyi kişilərin üstünə yıxmaq da doğru deyi axıl. Ailə ittifaqında yaranan problemlərdə bir qədər də həyatın doğurduğu maddi çətinliklər, ətraf mühitdəki müəyyən ölçüsüzlük, bir az Qərbin eybəcər gender illüziyası da rol oynayır, bunlar nəticədə möhkəm ailənin təməlini sarsıdır. 
Kimsə xanımına bir mövsümdə, hətta bəzən ildə bir dəfə ürəyi istəyən kostyumu və ayaqqabını ala bilmir. Amma Fira o günü mamasıgilə gələndə 2 min manatlıq ayaqqabı geymişdi, özü də CİP-lə gəlmişdi… Gulya bu yay istirahətini Antalyada keçirib, amma sən imkansızlıqdan xanımını bir ildən çoxdur ki, ata-anasını görmək üçün rayona apara bilmirsən. 

Bu gün Qərbin dəyərlri,  dəstək, yardım  adı ilə  dünyanın hər yerinə nüfuz etmələri siyasi  niyyətlərə hədəflənib.   Bizim ölkəmiz üçün ən böyük təhlükə əxlaqımıza sirayət etdirilən mənəviyyatsılıq viruslarıdır. Mənəviyyat kasadlığı olan  şəxsi də, xalqı da  istənilən  tərəfə istiqamətləndirmək olar. Bir filosof çox doğru ifadə edib ki, əxlaqın azaldığı yerdə dövlətin xərci artır.

Xarici missionerlər müxtəlif  layihələrlə  gənclərimizi  şirnikləşdirir, “İtə ataram, yada satmaram” məsləkli anaların  təəssübündən  uzaqlaşdırır.

 Sosial şəbəkələrin birində oxuduğum aşağıdakı yazı  da yad təsirlərin pozucu təsirinə daha bir nümunədir:

Köhnə evliliklərin çoxunun bu qədər uzun sürməsinin səbəbi qadının acizliyindən qaynaqlanmalıdır.

Bu evlilikdə  ” bir yastığa qırx il  bir yerdə baş qoymaq” kimi romantik bir şey yoxdur.

Sadəcə, dörd divar arasında qalmağa məhkum olunmuş və evliliyini bitirə bilməyən  çarəsiz qalmış  bir qadının faciəsi var, ümidsizliyi var.

Belə qadınlar heç bir təhsil almadan gənc yaşlarında ailə qururlar, dünyaya övlad gətirirlər.    Bəs  çarəsiz duruma düşmüş  ana  indi bu uşaqlarla ata evinə  dönə bilərmi? Həm də belə vəziyyətdə  heç bir gəliri olmayan  qadın  nə edə bilər? Bu cür qadınlarımız  heç vaxt xoş söz eşitmzlər, qadın səadəti duymazlar, saçları nəvaziş görməz. Bir sözlə,  özü üçün yaşamayıb   bu analar. Tez-tez xatırladılan, nümunə çəkilən  bu uzunömürlü  ailəliklərdə keçmiş dövrlərin    o dövrlər üçün vacib qəbul edilən  keyfiyyətlər var:

 “İçmir”, “Qumar oynamır”,  “ Arvadbaz deyil” vəsair.  Analar, xalalar, bibilər ərə verəcəkləri  qızlarını  bu sözlərlə ipə -sapa yatdırıb xatircəm etdiriblər.  Qızlarını  belə  böyüdüblər. Ərə gedəndən sonra da deyiblər ki,  “səsini çıxartma,  ata evindən tik çıxmısansa, köndələn də qayıtmalısan”. Bizim o vaxtkı ata-analar ailənin ancaq evlilik cütü olmaq kimi  düşünüblər.

Artıq o dövr bitdi.  Bu gün güclü,  şüurlu,  təhsilli qızlar  böyütməliyik.  Lazım olanda istədiyi seçimi etməyi bacarsınlar,   əgər ailə uğursuzluqları ilə qarşılaşsalar,  haqlarını qoruya, çlxış yolu tapa və  özlərini dolandıra bilsinlər .

Ailə institutu müqəddəs deyil, müqəddəs olan insanlıqdır,  insan kimi yaşamaq hüququdur”.

 Bu yazı bir qadının  baxışlarıdır.  Olsun. Bu baxışlarda   müsbət  tərəflər də var: qadın oxumalıdır, əlinin peşəsi olmalıdır,  güclü olmalıdır və sair.  Amma bütövlükdə yanlışdır. Qadının  oxuması, bir peşə sahib olması, güclü olması  o zaman işə  yaryar ki,  ailə başçısı əmək qabiliyyətini itirmiş olsun, dünyasını dəyişmiş olsun və sair… Onda qadının  bu xüsusiyyətləri işə yarayacaq. Ərinin dadına çatacaq. Hesab edin ki, bir ailədə  zorakılıq yox,  təhqir yox. Ərin öz avtomobili var, qadının öz avtomobili.. Ər də işləyir, qadın da… Hətta qadının əmək haqqı ərinin əmək haqqısından 800 manat çoxdur. Bunlar bir-birlərini ancaq işdən evə  gələndə, evdən işə gedəndə görürlər.  Sanki bu ailə robot ailədir.  Belə yaxşıdırmı?  Yaponiyada ailəli qadınların işləməsi  müsbət qarşılanmır.  Müəyyən hallarda qısa saatlarda işləyə bilərlər. Yaponiyada qadın ərindən yuxarı maaş ala bilməz. Bunlar ailənin keyfiyyətini  saflaşdıran, qranitləşdirən şərtlərdir.  Ailənin möhkəmliyi üçün atanın, ailə başçısının  statusu qorunmalıdır.

Analar, xalalar, bibilər qızlarına əsl qadınlığın, ana olmağın, evdarolmağın  sirlərini tamam-kamal öyrətsinlər.  Yeməyə nə qədər duz tökə bilməyi, köynək-şalvar ütüləməyi öyrətsinlər. Doğru seçim etməyi öyrətsinlər. Elə bil akselrasiya şahə qalxıb. Yerindən duran  ailə həyatına, macəraçılığa can atır. Ətrafınızda, yolda-irizdə görmürsünüz? Balaca uşaqlardır,  amma qadınlar,  gəlinlər kimi geyinirlər. Bilərəkdən edirlər bunu. İnternet, telefon yıxdı bizim balaların evini, hamımızın üzünə gülə-gülə.

Keçmiş ailə-əxlaq dəyərləri ailəni, qadını qoruyub. Qızlar da, oğlanlar da   əks cinslərinə   buna görə meyil ediblər ki,  Qadın kimi, Kişi kimi  qəbul edilsinlər,  Ata kimi, Ana kimi fəxri ad daşısınlar. Amma indi  sevgilər çox cılızlaşıb , gənclər  daha çox  birlikdəlik üçün can atırlar, tələm-tələsik evlənir, gözlərinin qurdunu öldürəndən 2-3 il sonra  da yadlaşma başlayır.

  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk 6 ayı ərzində 24146 nikah və 10631 boşanma halları qeydə alınıb. 2022-ci  ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Boşanma az qala  nikahların sayına   çatıb. Bu, qeydiyyatı aparılmış  nəticədir. Rəsmi ayrılmayıb ayrımışlardan betər yaşayanların sayı da az deyil. Hamı deyib keçir, amma  baş sındıran yoxdur. Ailə institutu   çox ciddi təhlükə qarşısındadır. Belə vəziyyət  Qərb dövlətlərinin pozuculuq fəaliyyətləri üçün istəniləndir, onların fəaliyyətini stimullaşdırır. 

 Qadın obrazına , Ailə ttifaqına  baxışlar dəyişdirilməlidir.  Hədəflər ciddi olmalıdır.  Hər yerdə,  hər sahədə aparılan  fəaliyyət bir-birini  müşayiət etməli, cilalamalı, möhkəmləndirməlidir. Ona nail olmaq  lazımdır ki, qadınlıq səadətini yaşaya bilsin.Bu gün ər-arvad münasibətlərinin soyuq olmasının bir səbəbi də qadın əməyinə diqqətsiz yanaşmadır. Qadınlar çox vaxt ev, uşaq, ər qayğılarında itib-batırlar, özləri isə yaddan çıxırlar. Bu, heç fiziki cəhətdən də mümkün olmur. Onlar ev işləri görsünlər, yoxsa özlərinin zahiri görkəminə fikir versinlər? 
Kişi hər gün işdə, şəhərdə, metroda, küçədə bəzənib-düzənmiş, ətirlənmiş xanımları görür. Evə qayıdanda isə qapıda baxışları işləməkdən yorulub əldən düşmüş, bəlkə də günorta çörəyini yeyə bilməyən xanımının aclıqdan ağarmış bənizi ilə rastlaşır. Bunlar getdikcə bir yerə cəmlənir və nə vaxtsa bu ailəni xoşagəlməyən seçim qarşısında qoyur. 
Amma mən arzu edirəm ki, qadınlarımız çox işlərdən azad olsun, mədəniyyət nazirinin dediyi kimi, onların əllərinə götürə biləcəyi ən ağır yük bənövşə dəsti olsun. Hər vaxt ərlərinin diqqət və ehtiramını hiss etsinlər. İstəyirəm ki, həftənin istirahət və bayram günlərində onlar ailəliklə respublikamızın gözəl guşələrinə gəzməyə çıxsınlar. Fəqət çətinlik, problem olanda ümidsizləşməsinlər, onların həlli yollarını tapsınlar. Onlar ailə xoşbəxtliyini seriallardan, kitablardan arayıb arzulamasınlar. Elə yaşadıqları həyatın içində qursunlar.

Ailə elə bir səadət körpüsüdür ki, bir tağı kişinin, bir tağı da qadının çiyinlərində sütunlaşıb. Bu körpünü biz övladlarımız üçün qurmuşuq. Davamlıdırsa, övladlarımızın yolu uğurlu olacaq…Niyə də bu uğur üçün yaşamayaq? Gəlin, sevgimizə sahib çıxaq…
Kişilər, xanımlarınıza qarşı sevgilərinizi bir az “itiləyin”. Xanımlar, ailənizi qoruyb saxlayın….Bir-birinizə yaxınlaşan addımlarınızda büdrəsəniz, bezməyin, geri qayıdıb yenidən davam edin.

 Təki sevginiz yaşasın… təki sevgimiz yaşasın.

Yuxarıda  bir qadının fikirlərini təqdim etmişdim.  Həmin yazılanları qəbul edəsi olsanız, onda gərək ailə qurmayasınız. Gecə bivaxt oyanıb körpənizi kiritməyəsiniz. Dayəniz ola, bunu dayəvedə. Belədə axı Sizin şərəfli  statusunuz itir, ailə ittifaqı bir qara qəpiklik olur.  Qadın, kişi bir-birlərinə  əyləm üçün yaxşıdır, yoxsa, bu ailənin qayğılarını yaşayıb, onun ləzzətini bütün ömrünüz boyu ruhunuzla,hissinizlə duymaq, görmək, yaşamaq….