Əxlaq və mənəviyyat

Ordan da tələsiк tez qəsrə gəldi,
Ardınca sürülər elə bil seldi.
Yenə tər mirvari sədəfə girdi,
Gövhər yenə daşa pənah gətirdi.
N.Gəncəvi
Son dövrlər oxuduqlarım çoxlu sayda yazıların arasında iki mövzu, xüsusilə diqqətimi cəlb etdi. Bu mövzular qızlarla bağlı idi və çox aktual məsələləri əhatə edirdi. Həmin məsələlərin birincisi, demoqrafiya ilə bağlı problemdir: yazı müəllifləri belə məsələləri araşdıran mütəxəssis , ekspert və ictimai təşkilatların narahatçılıqlarını ifadə etmişlər ki, dünyaya gələn uşaqlar arasında qız uşaqlarının sayı azalan xətt üzrə davam etməkdədir:
“Ölkədə qız uşaqlarının sayı azalır — Cinsi nisbət pozulub”(Mənbə: https://azvision.az/news/138194/olkede-qiz-usaqlarinin-sayi-azalir-cinsi-nisbet-pozulub-video.html;15 Fevral 2018)

Problemlə əlaqədar məsələnin müfəssəl təfsilatını isə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Trend-ə verdiyi açıqlamadan belə izah edib: “Əgər hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı. Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur: “Ola bilər ki, indi bu fərq özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına çatanda problem müəyyən qədər özünü göstərəcək. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir” (Mənbə: https://news.milli.az/society/576522.html)
Haqqında danışmaq istədiyim ikinci mövzu isə, şəbəkə mətbuatında qızlıq pərdəsinin bərpası, bərpa üsulları, qiymətləri, endirim imkanları ilə bağlı bu millətin əxlaq meyarları gözlənilmədən manşetlərə çıxarılan zərərli, naqis yazılar, çağırışlardır.
Həmin yazılar ətrafında müraciət edilən həkimlər bunun, sadəcə, tibbi bir əməliyyat olduğunu önə çəkmişlər. Məsələnin hüquqi tərəfi barədə şərh verən vəkil isə: “evliliklə bağlı qanununda belə bir müddəa qeyd olunmadığı üçün əməliyyatın keçirilməsində heç bir qanunsuzluq yoxdur”-, deyə vavab vermişdir. Onlar, hətta, vurğulamışlar ki, belə məsələ hər kəsin şəxsi məsələsidir, heç kim bununla bağlı kiməsə əxlaq dərsi verməməlidir.
Mənim fikrimcə, əslində, həkim də, vəkil də dolayısı ilə belə məsələləri cəmiyyətin təpkisindən – ictimai qınaqdan uzaqlaşdırmaq istəmişlər.
Həyata yeni göz açan uşaqlar arasında cinsi nisbətin pozulmasının bu məsələyə nə aidiyyəti var, desəniz, elə birbaşa deyirəm ki, var, özü də bilvasitə də yox, bilavasitə. Bunlar bir-birlərini təqib edən anomaliyalardır.
…Mənim bir dostum vardı, Allah rəhmət etsin, ziyalı, abırlı və olduqca ailəcanlı bir ata idi. Bir oğlu və bir qızı vardı. Mənə söyləmişdi ki, qızı 3-4 yaşında olanda Bakıda möhkəm qar yağmışdı. Onda indiki kimi nəqliyyat bolluğu deyildi və gecədən də xeyli keçmişdi. Heç yerdə bir maşın gözə dəymirdi. Gecə qəflətən qızmın halı pisləşdi, balam atəşin içində yanırdı.Təcili yaardıma zəng vurduq, dedilər ki, çöldən xəbəriniz varmı, gələ bilsələr, həkim göndərəcəyik. Mən gözləyə bilərdimmi, tez geyindim və balamı yorğana bükərək qucağıma alıb evdən çıxdım. Dayanmadım, yol-iriz açılmadığından sürüşmə ehtimalım yox idi, hardan gəldi basıb keçdim, qızımı qollarımda həkimə çatdırdım.
Onda gərək bu ata indiki əqidədə olan qız övladı istəməyən atalar kimi, heç bir addım atmayaydı ki, böyüyüb kim bilir necə olacaq, özümü öldürməyəcəm ki, maşın işləmir, yol-iriz, hər yer bağlıdır. Amma əvvəlki dövrün atası özü öləcəkdi, amma son nəfəsinə kimi, qızını xilas etməyə can atacaqdı: Ənvər Məmmədxanlının “Buz heykəl”indəki ana kimi, buz heykələ çevriləcəkdi, fəqət, qızını atəşli hərarətə təslim etməyəcəkdi və etmədi də.
İndi ata həyatda yox, amma qızı yaşayır.
Qızlara münasibət dəyişilməlidir. Qızlar reklam panolarına, gecədən xeyli keçmiş istirahət-əyləncə məkanlarına, şou meydanlarına yox, ən böyük dəyərlərimizin mərkəzinə gətirilməlidir.


Bu qədər zorakılıq hadisələri olur, intiharlar baş verir, qurbanların çoxu da qadınlardır. Amma bu intiharlar haqqında son məlumatlar, günahkarlar, onlara verilən cəzalar barədə məlumatlar verilmir. Hamı da elə fikirləşir ki, doğrudan da qız xəstə imiş, dəliliyi varmış, pis yola gedibmiş və s. Bunlar olmuş olsa belə, heç kim intihara da, intihara vadar edən kəsə də haqq qazandırmaq fikrində deyil. Fəqət, üstüörtülü, həm də ciddi olan elə məsələlər var ki, əgər istəyiriksə ki, onlara birdəfəlik “yox” deyək, heç olmasa, qat-qat aşağı həddə salaq, mübarizəmizi şəffaf, aydın aparmalıyıq. Kütləvi informasiya vasitələri, telekanallar tez-tez gecə-barlarında, istirahət məkəzlərində adları qalmaqallarda çəkilən bəzi qızlardan, məktəblilər arasında seks həzinə meyillilikdən, süjetlər, yazılar verir. Məsələn, “Oxu.az” saytında bununla bağlı bir statistika verilmişdir: əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır (https://oxu.az/society/29817).
Onlardan elələri də olur ki, qorxur, hamilə qaldığını, uşaq gözlədiyini heç kimə bildirmir, usağı necə gəldi, harda gəldi dünyaya gətirirlər.
Küçəyə, zibilliyə atılan körpələr dünyaya, bax beləcə, ruhunda, dilində analıq ülviyyəti, sevgi olmadan, təsadüfi münasibətlərdən gətirilən uşaqlardır. Onlar bədbəxtgdirlər: kimsəyə “ana-ata” deməyəcək, “baba” deməyəcək, kimsə də onları “balam”, “canım” deyib qucağına almayacaq.
Atasız uşaq doğmuş bu binəvanın özünün isə daha fəlakətli günləri bundan sonra başlayacaq: o, nikahdankənar doğduğu uşağı atacaq, valideynləri isə adlarını ləkələdiyi üçün onun özünü. Belə hadisələr getdikcə intensivləməkdədir .
Mərkəzində qız olan kriminal hadisələr, hamıya aid olunmasa da, diqqəti cəlb edəcək qədər çox olan qızların əndazəni aşan geyimləri və s. məqamlar var ki, valideynlər dünyaya qız gətirməkdən qorxurlar. Mənəvi tərbiyə üzrə bütün sahələrdə maarifləndirilmə işlərinin aparılmasına böyük ehtiyac var: aillədə, məktəbdə, cəmiyyətdə, əsasən, kütləvi informasiya vasitələrində. Təəssüf ki, bu işlər zəifdir, kampaniyamılıqdan o yana getmir.
Məktəbyaşlı uşaqların maraq dairələri, sevdiyi verilişlər, müğənnilər, əyləncə və maraqları ilə tanış olanda valideynlərin narahatşılıqlarına haqq qazandırmamaq olmur. Dəfələrlə ərindən boşanmış, qadınını boşamış şou adamlarını bu gün dəvət edib ən təntənəli günlərin, bayramların başında əyləşdirirlər. Nə geyimləri, nə davranışları, nə danışıqları auditoriya formalaşdırmağa layiq deyil, amma onlar çoxlarından bəxtəvərdirlər. Rəqsanə nikah kağızını nümayiş etdirir, ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində Əli Mirəliyev rəqqasə ilə “oyun” çıxarır, Rəhim Mətanət Əliverdiyevanı “Gündəlik” verilişində qucağına alıb səhnədə gəzdirir, Mətanət Əliverdiyeva özü həmin verilişin digər bir sayında şpaqat açır, kimi ərini ictimaiyyətə təqdim edir, kimi qucaqlaşıb öpüşür və s… Bütün bunlar çox pis nümunələrdir. İctimaiyyətin qınaqla qarşıladığı mənzərələrdir. Təəssüflüsü də budur ki, bunlara “dur” deyən, xitabət kürsüsünü təmizləyən yoxdur. Ailə televiziyada, internetdə mənfi assosiasiyası güclü olan belə səhnələrlə o qədər çox qarşılaşır ki, nəticədə, ata-ana ümidsizləşir, yeganə çıxış yolu olaraq dünyaya qız usagı gətirməkdən imtina edirlər: “Oğlumuz olacaqsa, qoy gəlsin, lap xatası olsa da, yola vermək olar, təki qızmız, namusumuz ayaqaltı olmasın. Nə vaxtsa belə acını yaşamaqdansa, elə doğumdan əvvəl günaha batıb gələcəkdə baş verəcək üzqaralığından özümüzü qoruyaq”.
Başqa ehtimal varmı, qız uşaqlarına olan etimadsızlığa səbəb olsun. Varsa deyin. Deyin, ailə qız uşağından nə üçün imtina etməlidir?

Çox qəribə, amansız bir münasibətdir: Uca Allahın yaratmaq haqqı verdiyi Qadının – ananın öz iştirakı və razılığı ilə gələcəkdə o da bir yaradan olacaq qızının, özü də ən etibarlı sığınacaqda – ana bətnində həyatına son verilir. Niyə, səbəb nədir? İndi təqdim etdiyimiz süjetə baxın. Baxın, bu tifil bütün mümkün vasitələrlə çalışır ki, onu mələyindən ayırmasınlar. Döldən/ bətndən xaric edilən hər tifil də sevgisizliyə tuş gəlməsə idi, beləcə bağlanacaqdı mələyinə.
Mənim yaşım az deyil: bütün ailələrdən gördüyüm, bildiyim gerçək budur ki, qızlar ev-eşik üçün, ailə üçün, ata-ana üçün oğlan övladından daha canıyanan olublar. Hətta ər veinə köçəndən sonra da belə olur: qız ürəyinin bir yarısı, gözünün, qulağının da biri həmişə ata evində olur. Amma insanlar uluların “Qız qızıl alma, qızı gözdən salma” öyüdünü eşitmir, əməl etmir, əksinə, Sürəyyanı daşlayan kimi olmasa da, müasir tibb texnologiyaları və vasitələri ilə onu da göndərirlər heç vaxt gül açmayacağı torpaq altına.
Davamı var
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.