İctimai yerlərdə – insanların gözləri qarşısında öpüşəndə öpüşün mahiyyəti vulqarlaşır

Əxlaq və mənəviyyat

Xalq mahnılarından seçmələr

Saçın ucun hörməzlər,

Səni mənə verməzlər.

Əyil üzündən öpüm,

Qaranlıqdır, görməzlər.

***

Dedim: bir busə ver, bir busə ver, xanım, amandı!

Dedi: vermərəm, vermərəm, məgər talandı?

***

Bülbüllər oxur, cəh-cəh edir bağda gül üstə,

Ay oğlan, boyu bəstə, gəl əyləş çəmən üstə,

Sən məndən busə istə, mən deyim “gözüm üstə”

Klassik ədəbiyyatdan seçmələr

Bir busə ver mənə qənd ləblərindən,

Bir yox, iki, üç, dörd, beşini ver sən,

Altı, yeddi, səkkiz, doqquzunu ver,

Sonra da on busə lütf eylə birdən

M. Gəncəvi

..Dedi getmək dəmidir, söylə nə istərsən, yar?

Bir öpüş istədim ondan, yeri var, gəlmiş idi.

***

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,

Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

N.Gəncəvi

Dəhənin dərdimə dərman dedilər cananın,

Bildilər dərdimi, yoxdur dedilər dərmanın.

M.Füzuli

Alaydım yaşmağın, açıb kəmərin,

Çıxarıb əynindən zərbafın, zərin,

İyləyib-iyləyib zülfi-ənbərin,

Üzdən, sоnra buxağından öpəydim.

M.P.Vaqif

İstər şifahi xalq ədəbiyyatında, istərsə də klassik ədəbiyyatımızda yüzlərlə belə nümunələrə rast gəlmək olar ki, öpüş münasibətlərinin ta qədimdən mövcud olduğunu birmənalı olaraq qəbul edək. Biz bu yazımızda necə olub ki, insanlar bir-birlərini öpməyə ehtiyac duyublar və s. bu kimi suallara cavab axtarmırıq. Sadəcə, dünyada öpüşə bəslənən fərqli münasibətlər haqqında topladığımız, bildiyimiz, eşitdiyimiz maraqlı məlumatları diqqətinizə çatdırırıq.

Amma bircə onu deməyə ehtiyac duyuruq ki, öpüş heç də intim münasibətlər üçün ehtiyac duyulan oyadıçı hiss deyil.

Bir ananın körpəsini, bir nəvənin babasını və ya nənəsini, bir bacının qardaş toyunda qardaşını öpməsində, əlbəttə ki, heç birimiz pis heç nə görmürük. Bu, ən əziz adamlara bəslənən dəruni bir ehtiramın sarılmaq şəklində bir ifadəsidir. Sevənlərin bir-birini öpməsi də günah deyil. Bu, onun azadlıq haqqıdır. Amma azdlıq haqqının demokratik statusundan sui-istifadə edərərk digərlərinə hörmət qoymadan ictimai yerlərdə – insanların gözləri qarşısında etmək, haqlı olaraq ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Digər tərəfdən, ictimai yerlərdə – insanların gözləri qarşısında öpüşəndə öpüşün mahiyyəti vulqarlaşır, öpən və öpülən isə qınağa tuş gəlirlər.

Dünyanın bütün xalqlarında insanların öpmə adəti var, amma bu, hər xalqda müxtəlif formada olur və hər birində müxtəlif məzmuna malikdir.

Məsələn, ərəblər, farslar amerikanlar, fransızlar öpüşərkən yanaqlarını bir-birlərinin yanaqlarına toxundururlar. Çinlilər ictimai yerlərdə öpüşmürlər. Yaponlar görüşərkən bir-birlərinə baş əyirlər. İndoneziyada xəlvətə çəkilib öpüşürlər ki, kimsə görməsin.

1930-cu 1960-cı illərdə illərdə öpüşlə bağlı müəyyən qadağalar olsa da, 1960-cı illərdən başlayaraq öpüş nəinki kinolarda, həm də həyatda da adiləşib.

Hər bir ölkədə, hətta ABŞ-ın hər bir ştatında öpüşlər ilə bağlı öz qaydaları var.

ABŞ-ın Kolorado ştatında yatmış qadını öpmək qəti qadağandır. Konnektikut ştatında ərin bazar günləri həyat yoldaşına öpüş bəxş etmək hüququ yoxdur. Kaliforniya və Индианa ştatında bığlı kişilərə öpüşmək qəti qadağandır. Ayova ştatında ictimai yerlərdə 5 dəqiqəqədən artıq öpmək olmaz. Cənubi Dakotada bütün konsert ərzində yalnız üç dəqiqə öpüşlərə ayrılmaq olar.

Malayziyada ictimai yerlərdə öpüşənləri 75 dollar cərimə gözləyir. Kütləvi öpüş isə 10 il azadlıqdan məhrumetmə və ya təxminən yüz min ABŞ dolları məbləğındə cərimə ilə cəzalandırılır.

Fransada maraqlı qadağa var: Sevgililər dəmir yolu vağzalında öpüşə bilməzlər.

İranda bir məşhur kino ulduzuna sərt cəza verilib- ona alnından öpməyə icazə verdiyinə görə 74 şallaq cəzası təyin ediblər. Amma çoxsaylı və üzrxahlıq etdiyi üçün sonradan bu cəza şərti cəza ilə əvəzlənmişdir.

BƏƏ-də qanuna ciddi riayət edirlər. Dubayda ictimai yerdə bir öpüşə görə min dollar cərimə edilir. Öpüş bu ölkədəki ictimai əxlaq pozuntusudur.

İtaliyada qanunvericilik səviyyəsində alından başqa bədənin istənilən hissəsinin bir qızın razılığı olmadan öpməyə cəhd edən kimsəni sərt cəza gözləyir. Məsələn, 65 yaşlı kişi gənc qadını öpmək cəhd edib və bir il müddətinə azadlıqdan məhrum edilib. Bu ölkədə dodaqlardan öpməyə cəhd seksual zorakılıq kimi dəyərləndirilir. Alından isə öpməyə icazə verilir.

Göründüyü kimi, bu qadağalar təbəssüm yaratdığı qədər də, düşündürür: bəs əslində necə olsa yaxşıdır? Bu, qalır artıq hər kəsin öz sanbalına, dünyagörüşünə. Onsuz da  əksər dünya ölkələrində  qadının əlindən, yanaqlarından  öpmək  ehtiram sayılır. Amma  bizim dəyərlərdə  nənki, ictimai yerlərdə, hətta  öz həyətində, evində insanlar öz üzərlərində bir  məsuliyyət hiss edirlər. Nəqliyyatda, parkda, nə bilək daha haralarda   yapışırlar bir-birlərindən. Siqaret çəkib, sarımsaq yeyib busə eşqinə düşürlər. Evinizə getməyəcəksiniz? Onda belə çıxır ki, bunlar bir evə yox, ayrı-ayrı evlərə gedirlər.

Ədəb  qaydalarına görə,  toplum içərisində öpüşmək qadağandır, ətrafdakı insanlara hörmətsizlikdir.   Kimsə yaxınının  vağzalda  uzaq səfərə yola salarkən və yaxud qarşılayarkən xəfifcə öpərsə, kimsə bundan  narahat olmaz. Amma məqsədli olaraq  birini qoluna vurub parka aparmaq, orada insanların əhatəsində öpmək ciddi məzəmmətə layiqdir.

Ümumiyyətlə,  bu məsələ haqqında  cəmiyyətin də, ayrı-ayrı adamların da  fikirləri birmənalı deyil. Hərə öz  qəbul etdiyi hüdudlarda  münasibət bildirir. Hüquqşünaslar isə  bildirirlər ki, ictimai yerdə gənclərin öpüşməsini qadağan edən hər hansı norma yoxdur.   Kiminsə özünü özünü ictimai yerdə necə aparması,  necə davranması artıq onun  şəxsi keyfiyyətidir.  Amma bu baxışlar da mükəmməl deyil. Siz heç görə bilərsinizmi bir evli şəxs xanımını   Dənizkənarı Milli Parka gətirib qolları arasında alıb öpüşlərə  qərq etsin. Bunu edənlər gənclər və bir də, macəra həyatı yaşamağa meyilli olanlardır. İctimai yerlərdə – insanların gözləri qarşısında öpüşəndə öpüşün mahiyyəti vulqarlaşır,  heç bir ağayana  gənc( fərqi yoxdur,  oğlan və ya qız olsun),öz ağayanalığını heç etməməlidir.

 Dünyanın axırı deyil ki. Evə çatana kimi  gözləmək daha   doğru seçimdir.