Əxlaq və mənəviyyat

Amma torpaq üstə qalıb gül aça bilənlər arasında da vaxtsız solanları az olmur. Bütün bunların bir çox səbəbləri var, amma heç biri də təbii fəlakətlə, texnogen qəzalarla bağlı deyil, mənəviyyatda gedən aşınmalarla bağlıdır. Fikir vermisinizsə, günümüzüm ağrılı problemlərindən biri də , gənc ailələrin, xüsusən, gənc anaların uşaqlarını götürüb evdən çıxması və ya evdə qoyub qaçmasıdır. Nişanlı ikən qoşulub qaçan qızlarımız oldu, toy gecəsi qaçan qızlarımız oldu. Nə deməkdir bu?
İnsan tək özünü düşünməlidirmi, bəs ailə, ata-ana? Bəs qanından-canından olan balalar? Bəs el-oba, yaşadığın cəmiyyət? Yoxdur elə bir sevgi, elə bir kişi ki, bu məqamın günahını bağışlada bilsin, bu kişiyə görə hər şeyin üstündən keçmək olsun, yoxdur.
İzləyirəm, müşahidə edirəm, söhbətlərə qulaq asıram, müraciətlər olur. Təəssüf edilməli hal budur ki, əksəriyyətində tərəflər heç kimin müdaxiləsi olmadan özləri sevib-seçib ailə qurublar. Bəs nə oldu?

Mənə belə gəlir ki, həyatın özünün bir çox ölçüləri qarşıb, bulanlıqlaşıb. Gənclərimiz ailə qurmağa, qızlar xüsusən, hazır olmadan baş vururlar. Valideynlərin, ağbirçəklərin-ağsaqqalların nə həyat yolu, nə fikirləri gənclərə nümunə olmur. Gənclərimiz daha çox ailə münasibətlərində fizioloji tələbatlarını ödəməkdən qeyri heç nə görə bilmirlər. Gənclər fədakar ana, zəhmətkeş ata olmağa deyil, cavanlıq etməyə yönümlüdürlər. Hər zaman romantika, macəra həsrətindədirlər. Bunlar ailə dünyası, ailə qayğıları ilə birlikdə mümkün olan şeylər deyil. İndi ailələr 2, bəzən də 3 uşaqdan artıq olmur. O 2-3 uşağı da aparıb bağçaya qoyurlar, iş tapa bilən tapıb işləyir, iş tapa bilməyənlər də ayın, həftənin, günün çox vaxtlarını qohum-qardaşı gəzəcək, səyahət etmək istəyəcək, mağaza, marketləri gəzəcək və s.. Sənin qurduğun xeymə, mənzil elə bil ki, yataqxana otağıdır.
Paltarın, yorğan-döşək üzlərini “pareçnaya”da yudurub ütülədəcəklər, ya da indi, maşallah, paltaryuyan maşınlar özləri bu əməliyyatları edirlər.
Ona görə də valideynər keçmişdə övladlarını evləndirərkən, qızlarını gəlin köçürərkən bu məsələləri ciddi-cəhdlə sahmanlayırdılar ki, qarşıda övladları çətinlik çəkməsin: əl-ələ, baş-başa verib birlikdə problemlərini həll etsinlər, öz həyatlarını qursunlar.
Buna görə də mümkün qədər tanıyıb-bildikləri, bələd olduqları ailədən, nəsildən qız almaq, qız vermək istəyirdilər. Çox nadir hal olardı ki, başqa kənddən qız seçilsin, nəinki başqa rayondan. Ata həyat yoldaşına, yəni, anaya deyərdi, o da uşaqlarına: “A bala, Allah hamını murazına çatdırsın, amma öz kəndindən, ürəyin- gözün tutanlardan birini seç, elçi gedib “hə”sini alaq.”
İndi yoxdur belə məsləhət, məşvərət. Bir az vaxtsız-vədəsiz oldu qonşuya getməyə qorxan qızlarımız indi siyah, kürən, nə bilim kim, qoşulub meridianlarda iz salırlar. Amandı heç bir gəncimiz sitəmə, şiddətə tuş gəlməsin. Görək olurmu?
Hardan gəldi bu sevgi? Bəs o zavallı səadətini öz məmləkətində niyə tapa bilmir ki, gəlib hansısa ölkənin qızını/oğlunu da özü kimi zavallıya döndərir? “Sevgi sərhəd tanımır, din tanımır, dil tanımır” fikri özünü doğrultmur axı. Lap azərbaycanlı oğlu olsun: çox nadir evlilik hadisəsi olar ki (məsələn, 1-2), bizim gəncimizin rusla, moldavanla, belorusla, estonla qurduğu ailə ta sonadək davam etsin. Ömrü müəyyən qədər uzun ola bilər, o vaxt ki, köçüb gedib qızın məmləkətində və ya digər hansısa qeyri bir yad yerdə yaşamış olalar. Bu, yaxşı nümunə deyil. Sevmək azaddır, hər kəsin müstəsna şəxsi haqqıdır.

Amma yanılırıq axı. O qədər bəh-bəhlə əcnəbi ölkələrə gedənlər haqqında eşitdik, mətbuatdan oxuduq. 1-2 ildən sonra dönürlər geri, utandıqlarından, xəcalətdən demirlər, səslərini çıxarmırlar. Bu, elə həssas məsələdir ki, lap öz elində, elə öz qohum -əqrəbasından olan qızla evlənən kəs də boşananda istəmir ki, kimsə bu barədə bilsin. Fəqət, digər heç kim bunun marağında da deyil. Amma uğursuzluğunun bilinməməsini istəyən kəsin marağındadır ki, tale yolundan xəbərdar olanın yanında utanmasın. Əbəs cəhddir bütün beyinlər olmasa da, çoxlu sayda beyinlər həm də informasiyanı qəbul edə bilirlər. İstər-istəməz bir məhəllədə, bir küçədə olanda dalğalar bir-birlərini cəzb edirlər.
Açığını deyim ki, bu gün cəmiyyəti, elə insanları narahat edən ciddi səbəblər də var. Çünki uğursuz sevgilər, pozulan nikahlar, bu ətrafda baş verən xoşagəlməz hadisələr ailə institunu aşınmalara məruz qoyur. Artıq belə təhlükə çoxdandır müşahidə edilməkdədir. Biz hamımız üçün eyni olan dədə-baba əxlaq normalarını bir ahəngdə kökləyə bilmirik. Getdikcə cırlaşırıq. Bu, cəmiyyəti narahat edir. Bu, digər valideynəri öz övladlarına inamsızlığa, təşvişə sürükləyir. Bizim keçmiş filmlərdəki kənd həyatına, ailə münasibətlərinə fikir verin: “Əhməd haradadır”da, “Ulduz”da, “Böyük dayaq”da, “Qayınana”da, “Görüş”də, “Qızmar Günəş altında” və sair. S.Vurğunun təbirincə desək, al-yaşıl geyinmiş uca dağların qartallı qoynundan uzaqlaşıb, könül bulandıran, xəyal küsdürən tozlu bir diyarla qucaqlaşmağımızın bir günahı Qərb dünyasıdırsa, bir günühı da mənəvi tərbiyə məsələlərində sapınmalara yol verən bəzi kütləvi informasiya vasitələrimiz və telekanallarımızdır.
Son vaxtlar kütləvi informasiya vasitələrində “qızlıq pərdəsi”nin bərpa edilməsinin mümkünlüyü barədə müxtəlif məlumatlar paylaşılır. Bunlar, guya, xeyirxah niyyətlidir, şəfqətdoludur, humanistdir, ədalətlidir? Məncə, yox. Əksinə, bu cür söhbətləri bir mövzu olaraq müzakirəyə çıxarmaq, paylaşmaq özü belə sərt təpkiylə qarşılanmalıdır. Yoxsa, ürək-dirək verəsən ki, büdrəmişlər, nə etdiyini anlamadan çamurluğa yuvarlanmış zavallılar oğrun-gizlin axışıb gəlsinlər, həm də belələrindən müalicə haqqı ilə bərabər gizlilik pulu da qoparmaq olar.
Belə yazılar, nəinki, büdrəmişlərə, nə etdiyini anlamadan çamurluğa yuvarlanmış həmin o zavallılara, eləcə də hansısa təsirlərə düşüb bu yola düşmək ərəfsində olan, amma tərəddüd edənlərə yaxşı heç nə vəd etmir, edə də bilməz. Namus, ailə şərəfi, heysiyyət, qürur bizim xalq üçün o qədər önəmli məsələdir ki, burada manevr etməyi, nəyisə yola verməyi yox, sevməyi, sədaqətli olmağı, namuslu olmağı öyrətmək lazımdır.

Namuslu olmaqla bakirə olmaq məzmunca yaxın olsalar da, fərqli anlayışlardır. Namus anlayışı daha böyükdür və bakirə olmaq da bu anlayışın bir tərkib hissəsidir. Lüğət kitablarında “namus” sözü cəmiyyət içində ləyaqət və əxlaq qaydalarına sıx bağlılıq; doğruluk, dürüstlük, fəzilət, əxlaqlılıq; ləyaqətli, bakirə olmaq kimi mənalandırılır.
Yazımızın mövzusu bu baxımdan oxucular tərəfindən doğru anlaşılacağı ümidindəyik. Biz heç də qarşımıza namus və bakirəlik haqqında nəsə yazmaq məqsədi qoymamışıq: bakirəlik haqqında, “qızlıq pərdəsi” haqqında, nə necə olur, niyə olur və s. bu kimi sırf tibbi-psixoloji təfərrüatlara da baş vurmayacağıq. Bu fikrimiz olsa idi, mütləq tanınmış bir qadın həkiminə müraciət edəcəkdik. Bizim məqsədimiz, sadəcə, belə həssas bir mövzunun internet məkanında müzakirə edilməsinə, həmçinin “qızlıq pərdəsi”nin bərpası üçün edilən xidmət təkliflərinə münasibət bildirməkdir.
Biz , sadəcə, yazılanlar barədə və ən çoxu da “qızlıq pərdəsi”nin bərpasına tibbi don, gender bağlılığı yaratmaqla, daha böyük sosial bəlalara yol açıla biləcəyinə naraçatçılığımızı ifadə etmək və oxucularımızın bu barədə fikirlərini öyrənmək istəyirik.
Kütləvi informasiya vasitələri çox diqqətli olmalıdır. Problemin mahiyyəti təkcə tibbi, hüquqi baxımdan deyil, həm də psixoloji baxımdan, mənəvi baxımdan əsaslandırılmalıdır. Axı bakirəliyi necə bərpa etmək olar? Bakirəlik “uşaqlıq yolu girişini bürüyən incə quruluşlu, çevik, qan damarları və sinir strukturları baxımından zəif, örtüyə bənzəyən bir toxuma” deyil ki, tibbi üsulla “qızlıq pərdəsi”nin bərpası kimi yeni süni qızlıq pərdəsi yaradılsın. Əgər yaradıla biləcəksə, bu bakirəlik özü də sünidir axı. Ailənin davamlı və qürurlu ola bilməsi üçün isə əsl bakirəlik və bakirlik tələb olunur. Himenoplastika ilə yaradılan illüziyalı bakirəlik sahibinə heç zaman etibar, etimad qazandıra bilməz.

Davamı var…