Fotoqalereya

Gözəl olan gözlərinin gördükləri deyil, qəlbin gözü ilə gördüklərindir.
Mövlana
Gözəllik baxışınızda olmalıdır, baxdığınızda deyil.
Oskar Uayld
Gözəllik ruhun paltarıdır.
Viktor Hüqo
Əli Kərim -O qız kimə qismətdir?
Qız xəyala dalıbdır,
Sən deyən də gözəl deyil…
Amma sifətini
Dərin fikirlər,
xoş duyğular
Elə mükəməl
Elə gözəl
işləyib ki…
Deyərsən, bu iş rəssamındır;
Ən odlu bir ilhamındır.
Cizgilər hamısı tamam
Aralarında bir boş nöqtə belə yox,
Hamısı taram.
Üzündə, alnında,
Gözlərində
Təbəssümün şəffaf rəngi var;
Kamillik ahəngi var.
Gözlərində intəhasızlıq qərq olub;
Baxışları dərin, –
Gün şüası kimi uzun.
Hansı planetə qədərsə yol gedir:
Kökü ürəkdədir.
Qız baxır birbaşa ürəkdən.
Gözləri ulduzla,
günəşlə
musiqiylə, dünyayla dolu,
Bu qıza rast gələcək hansı idrak oğlu?
Əlbət, beləsi var dünyada…
Mənim də arzumdur.
Belə qıza
Layiq olmaq üçün
Heç olmasa bir
ulduz kəşf edib,
ona bu qızın
adını qoyaydı.
Yaxşı oğlan olaydı,
Yaxşı oğlan olaydı.









