X Bakı Beynəlxalq Kitab Sərgisi bu balacaların yaddaşında sərgidən alıb oxuduqları kitablarla qalacaq

Baş redaktordan

İnsanın dəyəri oxuduğu kitablarla bərabərdir.

Kəlam

Bir qadın türk yazıçımız gözəl deyib ki, oxuduğun hər kitabda bir mənlik parçası taparsan. Bütün bu parçalar birləşəndə bir gözəl insan olursan. Doğrudan da belədir.
Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir. Kitab oxumayan adam yaxşı müsahib ola bilməz. Belə adamların söz ehtiyatı zəif olar. Fikirlərini yerli-yataqlı və təsirli ifadə edə bilməzlər. Andrey Urit adlı latış sovet yazıçısı çox doğru ifadə edib ki, kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. O, insana bütün sədləri aşmaqda kömək edir.
Rus yazıçısı Maksim Qorki də dönə-dönə vəziyyət etmişdir ki, kitabı sevin, o, həyatınızı asanlaşdıracaq, düşüncələrin, hisslərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o, sizi insana və özünüzə hörmət etməyə öyrədəcək, o, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq. Ağıllı insanlar bunu zaman-zaman həyatlarında təsdiqləyiblər.
Məşhur ingilis yazıçısı Roald Dal kitab və kitabxanaların əhəmiyyətini daha emosional ifadə etmişdir : “Lütfən, yalvarıram, gedin televiziyanızı çölə atın və boşalan yerdə balaca bir kitabxana qurun.
Məşhur amerikalı yazıçı, tənqidçi, ictimai xadim olmuş Henrix Mann isə kitab haqqında arzularını ümumiləşdirib çox gözəl ifadə edib : “Mümkün olsaydı, hər qarış torpağa buğda əkilmiş kimi kitab əkərdim.”
Hesab edirəm ki, kitab haqqında bu fikirlərdən sonra yazımızın məqsədinə keçid ala bilərəm.Bildiyimiz kimi, oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.

Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə və naşirlər iştirak edir.
Məşhur irlandiyalı yazıçı Con Boyn, alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin “fəxri qonaq”ları oldular. Ölkəmizdən isə sərginin “fəxri yazar”ları şair Salam Sarvan və nasir Rövşən Abdullaoğludur.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak ediblər.
Sərgi öz işinə bu gün yekun vuracaq. Hesab edirəm ki, bu tədbir çox böyük və olduqca əhəmiyyətli tədbirdir. Yetişməkdə olan nəsli kitabların bələdçilik etdiyi həyata istiqamətləndirməliyik. Hər kəs heç olmazsa, öz ailəsində bu uzaqgörənliyə tapına bilsə, övladlarının aydın və xoşbəxt sabahlarına bələdçilik etmiş olacaq. Bu baxımdan məktəblərin də, ailələrin də birgə münasibətinə çox ehtiyac var. Bu birlik eyni məqsəd üçün bir-birlərinin fəaliyyətini tamamlamalıdır. Azad Hümbətov adına Ekologiya liseyinin kitabsevərlərinin sərgiyə baxışlarını bu mənada alqışlayıram.


Ortancıl nəvəm Akif Ekologiya liseyinin V sinif şagirdidir. Kitab sərgisi haqqında məlumatlı idim. Akif nəvəmin sabah dərsdən sonra müəllimlərinin onları kitab sərgisinə aparacaqlarını mənə bildirməsi bu birgə niyyətə işarə idi. Onsuz da bir gün əvvəl kiçik nəvəm Cəmilə anası ilə sərgidə olmuş özünə və böyük bacısına kitablar almışdı. Bu nəvəmin də kitablar aləminə yoluna şam tutmaq istəyən müəllimin təşəbbüsünü müsbət qarşılaşdıq. Mən də getməyə niyyətli idim. Son anda bu baş tutmadısa da, balaca Akifin sərgidən gəlməsini səbirsizliklə gözlədik.

Gələndən sonra isə sərgidə olduqları müddətin bütün anlarını birər-birər soruşduq. Aldığı kitablara dəfələrlə baxdıq. Nəvəmin maraq dünyası ürəyimcə oldu. Mənim də kitab dünyasına msrağım eyni olub. Arzu edərdim ki, böyüməkdə olan nəsillərimiz təkcə kitab sərgisi ilə deyil, kitabxana və kitab mağazaları ilə sıx əlaqələri olsun. Valideynlərin də kitab sevdalısı olması bu məqsədin dəyərini və təsirini daha da artırar. Uşaqlardan kitab haqqlnda təəssüratlarını soruşmaq, şeirdisə əzbərlədiyi nümunəni söylətmək və ailəliklə qulaq asmaq onların kitaba olan sevgisini əbədi edər.
Mütləq:
“Uşağınız əlinə mütləq bir kitab almasına nail olun! Yoxsa bəziləri o əllərə kitab əvəzinə spirt, narkotik və silah verə bilər…”.