Əxlaq və mənəviyyat

Analıqdan imtina edən qadınlar təbəqəsi formalaşmaqdadır.

Türkiyədə və dünyada uşaq sahibi olmaq istəməyənlərin sayı artır. Uşaq sahibi olmaq istəməyənlər fərqli cinslərə, yaşlara, peşələrə və sosial təbəqələrə mənsub olsalar da, hamısı üçün ortaq bir cəhət var: bunların uşaqları yoxdur və ümumiyyətlə, ana olmaq istəmirlər.
Azərbaycanda da Avropa ölkələrinin təsiri açıq-aşkar müşahidə edilməkdədir.
Bu gün gənclər ailə qurmaqdansa, nikahsız birlikdə yaşamağa üstünlük verirlər. Çox vaxt evlilik hamiləlikdən sonra rəsmi olaraq baş verir. Gənclərin evlənməkdən yayınması bir yana, evli cütlüklər arasında da boşanmaların sayı günü-gündən artır.2016-cı ildə dünyaya gələn 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub (Bax: https://baku.ws/social/otn-il-azrbaycanda-30-mindk-uaq-nikahdanknar-doulub).
Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən son illərdə abort edənlərin sayı 2 dəfədən çox artıb.
Abort edənlərin çoxu gəncdir. 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır.
Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2528 qadın abort etdirib (Bax:https://qaynarinfo.az/az/azerbaycanda-abortla-bagli-dehsetli-statistika-ekseriyyeti-gencdir-1 ).
Azərbaycan ailələrində getdikcə say tərkibinin aşağı düşməsinin və yaxud qadınların analıq qayğılarından lap tez xilas olmağa can atmalarının əsas səbəbi ailə dəyərlərimizin aşınmaya məruz qoyulmasıdır, Qərb həyat tərzinə yaradılan illüziyalardır.
“Aİ-nin statistika bürosu Eurostatın açıqladığı məlumatlara görə, 1964-cü ildə Aİ ölkələrində 3,3 milyon nikah olarkən, 2014-cü ildə bu rəqəm 2,1 milyona enib. Eyni dövrdə boşanan cütlüklərin sayı 330 mindən 1 milyona yüksəlib. Bu onu göstərir ki, 1960-cı illərdə hər 100 nikahdan 10-u boşanma ilə nəticələnirsə, bu gün onların 50-yə yaxını boşanma ilə nəticələnir. Bu məlumatlarla paralel olaraq nikahdankənar doğulan uşaqların sayında da artım müşahidə olunub. Məhz, 1960-cı illərdə Aİ ölkələrində doğulan hər 100 uşaqdan yalnız 5-i subay analar tərəfindən doğulduğu halda, bu gün bu nisbət 40%-i keçib. Ən yüksək göstəriciyə malik Avropa ölkələri İslandiya, Bolqarıstan və Estoniyadır. Avropada nikahdankənar uşaqların ən aşağı nisbətinə malik ölkələr Yunanıstan, Kipr və İsveçrədir.
OECD-nin dərc etdiyi məlumatlara görə, 1970-ci illərdə evlilikdən kənar doğumların nisbəti orta hesabla 10%-dən aşağı olarkən, bu nisbət 1995-ci ildə 24%-ə, 2014-cü ildə isə 40,5%-ə yüksəlmişdir. OECD-nin məlumat dərc etdiyi ölkələr arasında nikahdan kənarlaşmaların ən yüksək olduğu ölkələr sırasıyla Çili, Kosta Rika və İslandiyadır. Koreya, Yaponiya və Türkiyə ən aşağı göstəricilərə malikdir”.

Dünya hara gedir belə. Belə getsə, ailə institutu bu tendensiyaların məntiqi nəticəsi kimi üsulluca, səssiz-səmirsiz, kirimişcə aradan çıxacaq, yox olacaq. Artıq Türkiyədə də doğum sayının enməsi təşviş doğurmaqdadır. Azərbaycan da dünyanın bir hissəsidir və dünyada gedən proseslər ondan da yan ötüşmür. “Azərbaycan” qəzetinə istinadən indi təqdim təqdim edəcəyimiz statistika buna sübutdur:
“… 2021-ci ildə doğulan körpələrin sayı 112 min 284 nəfər olub. Bu, son 30 ilin ən aşağı doğum göstəricisidir. Ötən il 18 yaşa qədər uşaqların ümumi əhalidə payı 2005-ci ilin statistikası ilə müqayisədə 31,8 faizdən 25,7 faizə düşüb.
Xatırladaq ki, Azərbaycanda son 50 ildə ən yüksək doğum göstəricisi 1990-ci ildə qeydə alınıb. Həmin ildə ölkədə 183 minə yaxın körpə doğulub. 1970-cı ildə ölkə əhalisinin sayı 5,1 milyon olduğu halda, 2021-ci ildə bu göstərici 10 milyonu ötüb. Bu müddətdə ölkə əhalisi iki dəfə artsa da, yaşı 18-dək olan əhali sayında və körpə doğumlarında xeyli azalma müşahidə edilir. Görünən odur ki, Azərbaycanda uşaqların sayı ilbəil azalır.
Vaxtilə ölkədə 6, 8, hətta 10, 12 uşaqlı ailələr də vardı. Müasir dövrdə isə hər bir azərbaycanlı ailəsində maksimum 2 və ya 3 uşaq olur. Bu, bir tərəfdən sosial-iqtisadi vəziyyətlə əlaqələndirilsə də, həm də müasir ailə planlaşdırmasının reallığıdır
(Bax: https://www.azerbaijan-news.az/az/posts/detail/dogulan-usaqlarin-sayi-azalir-1664312824) .”
Min illərin sınağından çıxıb qranitləşmiş ailə-əxlaq dəyərlərimiz gözümüz görə-görə xarici təsirlərə təslim olmaqdadır. Bu söylənilmiş proseslə bağlı çoxlu mülahizələr, fikirlər və söylənilməkdədir.
Bu fikir və mülahizələrinhər birində müəyyən gerçəklik var, amma əsas səbəb deyil. Evdə süddən qatıq hazırlayan evdar xanımlar – yaşı 40-dan yuxarl olan ailəli qadınları nəzərdə tuturam – yaxşı bilirlər: südün yaxşı qatıq olması qatıq mayasının keyfiyyətindən asılıdır. Məşhur “Vaqif” dramında buna işarə var:
“Mayan turş ayrandır, zatın qırıqdır.
Söyüd ağacında bar ola bilməz….”
Mənim fikrimcə, ailə dəyərlərimizin aşılanmasının kökündə dəruni hisslərin dayanmaması, sevgisizlik dayanır. Belə ailələr dəruni sevgidən maya tutmayıblar. Bəlkə də ailələrin çoxu, sadəcə, cismani birlikdəliyə çatmaq üçün qurulur. Əlbəttə ki, müqəddəs,həqiqi mənada qarşılıqlı sevgi əsasında qurulan ailələrimiz də var, yaxşı ki, belə ailələr az da deyil. Ümid edirik, bu ailələr yanlış meyillərin bərqərar ola bilməməsi üçün bizim istinad qalalarımız olaraq qalacaqdır.
Sosial şəbəkələrdə müxtəlif yaş qrupuna məxsus insanların bu mövzuya aid fikirlərini izlədim, dönə-dönə oxudum, oxudum və bərk mütəəssir oldum. Həmin fikirlərdən bəzilərini oxucularımızın da diqqətinə çatdırıram:

“Mən bəşəriyyətin və dünyanın gələcəyini yaxşı görmürəm, ona görə də uşaq sahibi olmaq istəmirəm”.
“Planet üçün edə biləcəyimiz ən yaxşı jest az uşaq sahibi olmaq və ya olmamaqdır…”
“Şüuraltına davamlı olaraq “Doğuş etməlisən, ancaq bu yolla qadın olduğunu sübut edə bilərsən, qocalanda uşağınız sənə baxacaq”, deyə öyrədilib.
“Evlilik və uşaqlar gələcəyin sığortası kimi görülür”.
“Minimum maaş belə aclıq həddinin altında olanda doğulan uşağın ruzisi nə ola bilər?”
“Söhbət təkcə doğumla bağlı deyil! Uşağın qayğısına qalmaq, onun sağlam inkişafını təmin etmək, yaxşı təhsil almaq, onu yaxşı sosial mühitdə yaşatmaq, möhkəm gələcək hazırlamaq… Öz gələcəyimə əmin ola bilməyəndə məndən necə ana olmaq istənilsin? Hər gün də qorxulu və ağrılı xəbərlərlə oyananda, heç ailə sahibi olmaq istəmir adam.”
“Var olmaq üçün ana olmağa ehtiyacım yox idi. Heç bir qadına bu lazım deyil”.
“ Azmaaşlı işlərdə çalışan qadınlar üçün həm işləmək, həm də ana olmaq çox çətindir”. “İşləyərkən uşağa baxacaq adam tapmağa çalışmaq, uşağa kifayət qədər diqqət ayıra bilməmək, səbrinin tükənməsi, özünə vaxt ayıra bilməmək… Bunlar adamı daha vahiməyə salır.”
“Uşaq qadınlar üçün mühüm maneədir, çünki uşaq qarşılıqlı qərarla dünyaya gəlsə də, bütün qurbanları qadın daşıyır”.
“Dünyada çox ağrı var, amma ədalət yoxdur.
Yəməndə hər 10 dəqiqədən bir uşaq qarşısı alına bilən səbəblərdən ölür…
…Mən uşaqları belə bir dünyaya gətirməkdənsə, bu dünyanı uşaqları cəlb etməyə dəyər olmağa çalışmağı üstün tuturam”.
“Yaşadığımız ölkədə necə olmalı olduğumuza dair ümumi, amma qəribə nümunələr var: “Bu yaşda evlənirsən, bu qədər uşaq sahibisən, çöldə belə davran, belə geyin…”
“Ana olmaq hər qadının arzusu olmaya bilər, lakin bunu yüksək səslə demək həmişə asan olmur…”

“… kaş hər kəs mənim qədər məsuliyyətli olaydı və yaxşı ana və ya yaxşı ata ola bilməyəcəklərini, övlad sahibi olmamalı olduqlarını başa düşəydilər.”
“… Övladlığa götürmək əslində səbirsizliklə gözlədiyim bir şeydir. Bir tərəfdən, həqiqətən ehtiyacı olan bir uşağa əl uzatmaq fikri gözəl və məmnunedici bir fikirdir…”
”45 yaşından sonra daha oturaq və sakit bir həyatım olanda uşaq övladlığa götürə bilərəm. Bu, bəlkə də alqışladığım bir fikirdir. Amma bu, mənim üçün indi çox uzaq bir gələcəkdir.
“Övladlarım həyat yoldaşımı itirəndən sonra mənə yaşamaq və mübarizə aparmaq üçün səbəb verdi. İndi mən nəvələrimlə yaşayıram və onlardan biri autizmlidir. Və bu uşaq mənim həyatımda yeni başlanğıcın lokomotividir. Onun sayəsində uğurlu bir musiqi məktəbi açdım və o, hər şey üçün ona təşəkkür edirəm.” “Mən hər gün skripka çalmağı öyrədirəm və bu, mənim üçün ən böyük məmnuniyyətdir. Cəmiyyətin gələcəyi üçün analıq dəyərinə inanmayan analar var, fəqət , uşaqlarsız bu dünyanın gələcəyi yoxdur.”
“Yaponiyada iki uşaq böyütdüm. Bəli, vaxt və pul baxımından xərc çox yüksək idi. Buna baxmayaraq, nisbətən uğurlu akademik karyeramı davam etdirə bildim. Övladlarım məni daha mütəşəkkil bir insan etdi. Konkret dillə desək, mənim uşaqlar onlara verilən şeyi geri verdilər və onlar tibb sahəsində böyük karyeraları var və kiçik istehlakçılar əvəzinə, böyük töhfələr verirlər” .
“Ginekoloqa gedəndə …mənə elə narahat oluram ki, mənə “maşın” kimi baxırlar…
…Bu ölkədə ginekoloqların ciddi etik problemləri var…
Ginekoloqumun “gəl, ehtiyatlarınız tükənə bilər, heç olmasa yumurtalarınızı dondurmağı düşünün ” xatırlatması adamı həmişə vahimədə saxlayır…”

“Uşağı olmayan qadın natamamdır.”
Davamı var…