“El anası” — Badisəba xanım Mustafa ağa qızı Vəkilova

Məşhur qadınlar

Yaşadığı dövrdə insanlara göstərdiyi xeyirxahlıqlara görə Badisəba xanım Köçərli “El anası” kimi fəxri adla çağrılmış Badisəba xanım Mustafa ağa qızı Vəkilovanın adı Azərbaycan ictimai fikir tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Badisəba xanım məşhur xeyriyyəçi, pedaqoq və maarifçi idi.

Badisəba xanım həm də görkəmli Azərbaycan ədəbiyyatşünası və Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin həyat yoldaşıdır.
Badisəba xanım 14 mart 1881-ci ildə Qazax qəzasının Salahlı kəndində doğulmuşdur.
Atası Mustafa ağa Mirzalı ağa oğlu Vəkilov, anası Fatma xanım Vəkilova, qardaşları Məmməd ağa Vəkilov və İsmayıl ağa Vəlikov idi. Badisəba xanım 1897-ci ildə — 17 yaşında Firidun bəy Köçərli ilə ailə qurmuş və onun soyadını qəbul etmişdir. Şəkidə 2 saylı uşaq evinin direktoru işləyərkən həmin uşaq evində yaşayan Roza Hədibullah qızı Həşimova adlı bir uşağı övladlığa götürmüşdür.


Firidun bəy Köçərli Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında müəllim işləyərkən onun təhsili ilə fərdi şəkildə məşğul olmuşdur. Bakı Qadın Müəllimləri Seminariyasında (bu təhsil müəssisəsinin adı 1919–1920-ci illərdə Bakı Kişi Müəllimləri Seminariyası olmuşdur, sonrakı illərdə müxtəlif adlar altında fəaliyyət göstərmiş və hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir) işləyərkən Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. Fəaliyyəti
Badisəba xanım 1918-ci ildə Qazaxda öz vəsaiti hesabına Firidun bəy Köçərli ilə birlikdə “Yetim və qaçqın uşaqlar evi” açmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalq maarifi sahəsində Badisəba xanımın atdığı ilk ciddi və xeyirxah addım onun yenicə təşkil edilməkdə olan xalq məktəblərinə köməyi ilə əlaqədardır. O, Qazax məktəblərinə maddi cəhətdən xeyli kömək etmiş,


M. F. Axundovun, C. Məmmədquluzadənin, R. Əfəndiyevin, F. Köçərlinin və başqa yazıçıların əsərlərini, habelə bir çox jurnalların komplektlərini məktəblərə bağışlamışdır.
1921–1924-cü illərdə Bakı Qadın Müəllimləri Seminariyasının müəllimi kimi fəaliyyət göstərmişdir. F. Köçərlinin sağlığında nəşrini görə bilmədiyi “Azərbaycan ədəbiyyatı tarixi materialları”nı onun ölümündən sonra Badisəba xanımın təşəbbüsü ilə 1925–1926-cı illərdə 2 cilddə (hər cildi iki hissədən ibarət olmaqla) Bakıda nəşr edilmişdir.
O, 1925-ci il mayın 21-də Maarif Kommisarlığının əmri ilə Zaqatalada, 1929-cu ildə isə Qubada ilk dəfə Pedaqoji Texnikum təşkil etmişdir. Zaqatala Pedaqoji Texnikumuna 1925–1929-cu illər arasında rəhbərlik etmişdir.
1930-cu ildə Şəkidə 2 saylı uşaq evinin yaradıcısı və direktoru olmuşdur. Bu müəssisəyə 1954-cü ilə qədər direktorluq etmişdir. Həmin uşaq evi Zülfüqarovların malikanəsində yerləşirdi. Badisəba xanım yaşadığı Şəki şəhərinin ictimai həyatında fəal iştirak etmiş və Şəki şəhər Sovetinin 1946-cı ildən 1952-ci ilə kimi 3 çağırış deputatı olmuşdur.
Badisəba xanım 1920-ci ildə mayın 10-da (Gəncə üsyanından 15 gün əvvəl) həbs olunaraq üsyandan sonra qətlə yetirilmiş həyat yoldaşının şəxsi arxivini əldə etmək üçün Mircəfər Bağırova məktub yazmışdır. Məktubda deyilirdi:
“1921-ci ildən indiyə qədər Xalq Maarif Komissarlığı xətti ilə işləyirəm və 1925-ci ildən Azərbaycan rayonlarında çalışıram. O qədər də çox olmayan ev əmlakımı özümlə daşımaq imkanım olmadığından onları Bakıda yaşayan qardaşım Məmməd Vəkilovun mənzilində saxlamışdım. Qardaşımın oğlu — K. Marks adına Xalq Təsərrüfatı İnstitutu Hüquq fakültəsinin keçmiş dekanı Mustafa Vəkilov onunla eyni mənzildə yaşayırdı. Mərhum ərimin arxivi də mənim əşyalarımın arasında idi. Firidun Köçərlinski Qori Müəllimlər Seminariyasının keçmiş müəllimi, sonralar Qazax Müəllimlər Seminariyasının direktoru olmuşdu və onun arxivində çoxlu qiymətli ədəbi materiallar vardı. O cümlədən: Mirzə Fətəli Axundovun əlyazmaları, Sabirlə ədəbi səciyyəli yazışmalar, “Molla Nəsrəddin”lə yazışmalar, Köçərlinin öz yazıları, müxtəlif ədəbi xadimlərdən alınmış bolluca materiallar. 10 noyabr 1937-ci ildə Mustafa Vəkilov NKVD tərəfindən həbs edilərkən ona aid materiallarla birgə mənim ərimin arxivini də götürmüşlər. Bu barədə mən yenicə xəbər tutmuşam. Xahiş edirəm mənə cavab verin ki, göstərilən arxivi nə vaxt geri ala bilərəm” .
Onun müraciəti cavabsız qaldı və itmiş arxiv geri qaytarılmadı.


AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan F. Köçərlinin arxivinin dövrümüzə gəlib çatmış hissəsində Badisəba xanıma aid sənədlər onun 20 aprel 1948-ci ildə yazdığı özünün tərcümeyi-halı, Qazax xəstəxanasına, Qazax uşaqlar evinə, Dağkəsəmən əmək məktəbinə, digər müəssisələrə bağışladığı əşyaların, kitabların siyahısından ibarətdir. Müvafiq arxivin 94-cü saxlanma vahidi adı altında saxlanılan, Badisəba xanıma Azərbaycan SSR Maarif Nazirliyinin işçisi D. Ələsgərovdan göndərilmiş məktubda Firidun bəyin rəhbərliyi ilə Qazax şəhərində fəaliyyət göstərmiş seminariyanının tarixinə dair məlumatların göndərilməsi xahiş olunur. Bu məktub Qazax Müəllimlər Seminariyasının tarixinə aid dəqiq məlumatların Badisəba xanımın qoruduğu arxiv vasitəsilə bizə çatdığını göstərir.
Mükafatları
Badisəba xanım Köçərli “Şərəf nişanı” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur. O, 1945-ci ildə “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Ədəbiyyatda
Badisəba xanım Köçərlinin fəaliyyəti Hacıağa Cümşüdlünün “Badisəba” povestində və Bəkir Nəbiyevin “Firidun bəy Köçərli” adlı monoqrafiyasında öz əksini tapmışdır.