Poeziya buketi, nəğmə çələngi

Biri sənsən, biri mən

Sözləri / Lyrics : Bəxtiyar Vahabzadə
Musiqisi / Music : Əhsən Dadaşov

Bir bulağın iki gözü
Biri sənsən, biri mən.
Bir almanın iki üzü
Biri sənsən, biri mən.

Qoşa simin titrəməsi
Biri sənsən, biri mən.
Bir pərdənin iki səsi
Biri sənsən, biri mən.

Açıq səma, göy qurşağı
Biri sənsən, biri mən.
Dan ulduzu, səhər çağı
Biri sənsən, biri mən.

Bu həyat da iki rəngdir:
Bir sevinc, biri qəm.
Sevinc kimdir, kədər kimdir?
O həm sənsən, həm də mən.

Bu dünyaya biz gələli
Həm qəmik, həm də sevinc.
Sən məndəsən, mən səndəyəm,
Gözəldir qəmdə sevinc…

Qorxu

Mənim sol əlimdə yanıq yeri var,
O mənə töhfədir körpəliyimdən.
Odun odluğundan xəbərsiz vaxtlar
əlimi manqalda yandırmışam mən.

Mənə “cız” dedilər,
Ancaq qorxmadım.
əlimi yandırıb tanıdım odu.
Mənim həyat ilə ilk tanışlığım
əlimi yandıran oddan başladı…

Oxşadı gözümü hələ uşaqkən
Ocağın al-əlvan alovu, közü
Dünyaya gələli, bilmirəm nədən
Nəyə vurulduqsa, yandırdı bizi…

Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım,
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu-
Başlandı ehtiyat-
Başlandı həyat…

Baş

Amerika alimi R. Uayt meymunun beynini bədəndən ayrı uzun müddət yaşada bilir. Bu məsələ ilə əlaqədar beynin köçürülməsi problemi üzrə dünya filosofları arasında böyük mübahisələr gedir.

Qəribə aləmdir… zəmanəmizdə
İdrak təbiətlə yarışa girmiş…
Böyrək də,
ürək də,
qulaq da,
göz də
Bədəndən bədənə köçürülərmiş…
Bir maşın sahibi gərək olanda
Sman hissələri alır dükandan.
Deyirəm, insanın əzaları da
Aptekdə satıldı bəlkə bir zaman.
Azmıdır insanın məgər dərd-səri?
Bu da bəşər üçün təzə təhlükə!
Hazır fikirləri, düşüncələri
Başlara doldurub satdılar bəlkə?
Böyrəyi, ürəyi dəyişmək asan.
Bəs başı?
Bu yerdə bir qədər dayan!
Hər şeyi dəyişir, axı, baş, beyin.
Baş özü, başları necə dəyişsin?
İnsanın adına, şərəf-şanına,
Deyirəm, gəlməzmi bundan bir ləkə?
Bir nadan güvənib öz imkanına
Dahinin başına göz dikdi bəlkə?
Ey həkim, gücünə inansan da
Dahinin beyninə qan sızdı birdən
Cahil də qəzaya düşdü həmən gün.
Cahilin başını öz bədənindən
Ayırdıq dahini yaşatmaq üçün!
Nə deyək?
Kim öldü?
Dahi, ya cahil?
Hansına yas tutsun qohum, qardaşı?
Dirilən kim oldu?
Bu ki, sirr deyil,
Dahinin bədəni, cahilin başı.
Dahi, yaşayacaq bir nadan kimi…
Kimi aldadırıq burda, biz kimi?
Cahilin başıyla, düşüncəsilə
Yaşayan o dahi, yenə dahimi?
Hanı o əvvəlki əqidə, məslək?
Əgər fikri yoxsa, özü sağmıdır?
Yaşamaq xətrinə fikri dəyişmək –
Məsləki dəyişmək yaşamaqındır?..

Hara gedir bu dünya?

Başa keçdi gerçəyi
Əlimizdən çalanlar.
Bu dünyanın rəngini
Dəyişdirdi yalanlar
Hara gedir bu dünya?
Bu gözəl dünyamızdan
Gözəllik qovuldu, hey.
Könüllərin açarı –
Dillər qıfıl oldu, hey.
Hara gedir bu dünya?
Hər şey döndü tərsinə
Xeyir şərə qul oldu.
Haqqın çiyninə minmək
Yüksəlişə yol oldu
Hara gedir bu dünya?
Yalan evin içində
Gerçək qapı dalında.
Doğru çörəyə möhtac
Əyri cah-cəlalmda
Hara gedir bu dünya?
Yolumuz duman olmuş,
Yaxşılar yaman olmuş.
Haqq bu gün öz haqqını
Haqsızdan uman olmuş
Hara gedir bu dünya?

Yalan hakim olub

Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, dəyanət, məhəbbət, allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, allah.

Əyri əyriliyi yeridir daşa,
Keçib əyriliklə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa.
Görən hara gedir bu millət, Allah.

Həftələr dəyişdi, günlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.

Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltənətində,
Əyləşib hökm edir xəyanət, Allah.
Ha çığır, ha bağır, yatan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.

Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində
Əyrilik sayılır fərasət, Allah.

Ömür

Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!