Gözəllik özü də sərvətimizdir

Günə təbəssümlə başlamaq həm sizi, həm də ətrafınızdakıları xoşbəxt edə bilər. Şən olmaq gün ərzində özünüzü daha pozitiv hiss etməyə kömək edə bilər.
Sabahınız xeyir!…

Səhərlər hələ dan yeri sökülməmiş oyanmaq qəribə bir duyğudur. Küçə səssizdir, insanlar yuxudadır, amma içimdə bir işıq yanır – sanki günəşdən əvvəl doğuram. Bu oyanış təkcə yuxudan qalxmaq deyil, ruhun oyanışıdır.
İlk işıq şüası göz qamaşdırmasa da, könülə toxunur. Mən hər səhər öz-özümə deyirəm: “Sən bu günə necə başlasan, dostun da sənin ritmində nəfəs alacaq.” Bu sadə bir fikir deyil. Bu, içimizdəki enerjinin necə yol tapıb ətrafımıza yayılmasıdır.
Dostluq – təkcə bir-birinə zəng vurmaq, xatırlamaq deyil. Hiss etməyi bacarmaqdır. Ruhunla yaxın olmaqdır. Mənim içimdəki gözəllik onun da ruhuna yol tapır. Mənim dəyişən baxışlarım, gündəlik həyatımda tapdığım kiçik sevinc anları – bunlar hamısı ona ötürülür.
Və biz birlikdə hara addım atsaq, gözəlliyi özümüzlə ora daşıyırıq. Olduğumuz hər yerdən də bir gözəllik əxz edirik. Çünki insan baxmağı bacaranda, hətta dağılmış daşın üzərində də bir simmetriya, bir hikmət görür. Gözəllik sadəcə çiçəkdə, buludda, musiqidə deyil – baxışdadır, qəlbin diqqətindədir.
Beləliklə, gözəllik paylaşıla-paylaşıla artıb çoxalır. Gözəlliklər arasında yaşamaq ömrün məzmununu və emosionallığını artırır.
Hər zaman səfərə çıxmaq istəyirik – bu səfər təkcə coğrafi bir gediş deyil. Bu, daxilə doğru bir yolçuluqdur. Sanki getdiyimiz yol gözəlliyin bizə doğru uzanmış qollarıdır. Hər yeni mənzərə, hər yeni nəfəs, bizi bir az da özümüzə yaxınlaşdırır.
Və elə bu yaxınlıqda, insan özü oyanmağa başlayır. Mən oyanıram – və inanıram ki, dostum da oyanacaq.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.