Dilimiz varlığımızdır

Bir arzum var, çiçək aça gül bitə.
Tər yasəmən dostdan-dosta pay ola.
Bulud ötə, duman yata, çən itə,
Ulduz ola, günəş ola, ay ola.
***
Bir arzum var, yaxşı tapa yaxşını.
İnsafdırmı yaxşı ata yaxşını?
Yaxşı gərək yaxşı tuta yaxşını.
İki könül bir birinə tay ola.
***
Hüseyn Arif, bu torpaqdan güc alar,
El gözündə ucaldıqca ucalar.
Bir arzum var, balalara toy ola.
Bir arzum var, yallı gedə qocalar,
Hüseyn Arif

“Beşikkərtmə” yerinə bəzən “beşikkəsmə” də işlənir. İfadə qədim bir adətlə əlaqədardır. Çox-çox qədimlərdə valideynlər öz körpə uşaqlarını bir-birinə nişanlamağı lazım bildikdə, bu adətdən istifadə edirdilər. Qədim oğuzlar körpələrin nişanlısına sadiq qalacaqlarını sübut etmək üçün körpənin beşiyini kərtərdilər. Yəni, körpə qızın yatdığı beşikdə bıçaqla bir kərtik açar, bununla da müəyyən işarə etmiş olardılar. Bu, bir növ and, sədaqət, inam hesab olunurdu. Bəzən qız və oğlan uşaqlarının beşiklərini bir
birinə sürtər və yanaşdıraraq ikisini birdən eyni alətlə azacıq kəsirdilər, onları diş-diş edərdilər.
Müasir danışıq dilində “inanmırsan, kərtinə bax”ifadəsi məşhurdur. Hazırda “kərtmək” özü daha çox “çərtmək” şəklində işlədlir.
Yakutlarda indi də belə bir adət qalır ki, iki dost vidalaşıb ayrılarkən bir-birinə sadiqqalma andı kimi bir ağacı kərtərlər.
Kumıkca elə “and” əvəzinə “gerti” sözü işlənir. Tədqiqatçılar “gərçək” sözünün də kökünün kərtməklə bağlı olduğunu göstərirlər. “Dədə Qorqud” dastanlarında Baybecan bəy deyir:”
Bəylər, allah-taala mənə bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Baybura bəyin oğluna beşikkərtmə yavuqlu olsun”.
“Əmrah…Səlbinaza beşikkərtmə deyikli idi” (“Xalq dastanları”).
Eliçində beşikkərtmə adaxlıdan üz döndərmək qəbahət hesab edilirdi.
Buradakı “kərtmək” feilinin maraqlı etimologiyası vardır. Bu söz qədim Hind-Avropa dilinə məxsus koert (“kəsmək”) sözündəndir ki, həmin feildən düzələn karta //karəta qədim “Avesta”da “qılınc” mənasında, osetin dilində “qılınc”, “bıçaq” mənalarında, qaraçay-balkar dilində gord “qılınc” mənasıında özünü göstərir. Azərbaycan dilinin bir sıra dialektlərində dəkarda //korda//gorda sözü “bıçaq” mənasında işlənir.
“Beşikkərtmə” əvəzinə sonralar “göbəkkəsmə//göbəkkəsdi” işlənməyə başlamışdır. C.Əlibəyovun “Mənim analı dünyam” romanında Səlim deyir: “Mənzəri başqa yerdən istəyənlər də varmış. Atası hamısına deyib ki, kişinin sözü birdir. Fərəcin göbəkkəsdisidir. Ağzımdan çıxıb ki, qızı Fərəcə verəcəm, qurtardı getdi. Kişi acı sözünü bir batman balla da yeməz. Mehtər oldu, çoban oldu, dəxli yoxdur. Bir dəfə elə kəlam kəsilib, vəssəlam”.

Musa Adilov – Filologiya elmləri doktoru, professor -“Nyə belə deyirik ” kitabından




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.