Tarixdə bu gün
İlin 159-cu (uzun illərdə 160-cı) günü.
Mühüm hadisələr:
632 – Əbubəkr ilk xəlifə seçilmişdir.
Doğum günləri:

1885— Unudulmuş Azərbaycanın arxeoloqu Davud bəy Mikayıl bəy oğlu Şərifov Tiflis şəhərində hərbçi ailəsində anadan olmuşdur.
Polkovnik rütbəli atası Mikayıl bəy Şərifov hərbi topoqrafiya sahəsində bacarıqlı və istedadlı mütəxəssis kimi tanınmışdı. O, oğlunun təhsilinə xüsusi diqqət yetirmiş və ağır peşəsinə sevgini ona da aşılamışdı.
Davud bəy ilk təhsilini Tiflis şəhərindəki rus oğlan gimnaziyasında almışdı. 1902-ci ildə gimnaziyanı bitirib Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuş, bir müddətdən sonra təhsilini filologiya-tarix fakültəsində davam etdirmişdi.
Davud bəy Şərifov 1920-ci il 28 aprel işğalından sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə başlayır. 1922-ci ildə Azərbaycan Dövlət Muzeyinə (indiki MATM) işə qəbul olunub. 1923-cü ildə D.Şərifov muzeyin direktoru vəzifəsinə yüksəlib. Onun təşkilatçılığı ilə Tiflis, Moskva və Sankt-Peterburq muzeylərinin fondlarından Azərbaycanın tarix və mədəniyyətinə aid müxtəlif bədii sənət nümunələri, eksponatlar muzeyə gətiril mişdir. O, yeni ekspozisiya zallarının açılması, xüsusilə muzey işi, o cümlədən diyarşünaslıq profilli muzeylərin yaradılması istiqamətində ciddi iş aparmışdır. Arxeoloji tədqiqatlarda da yaxından iştirak edən D.Şərifovun apardığı axtarışların nəticəsi olaraq onun “Yaloylutəpədə qazıntılar” monoqrafiyası işıq üzü görmüşdür. Alimin başçılıq etdiyi ekspedisiyalarda qədim Qəbələ şəhərinin tədqiqi xüsusi yer tutur.
Alimin əhəmiyyətli axtarışları və əldə etdiyi nailiyyətlər antimilli düşüncəli insanların narahatlığına səbəb olmuş və o, 1928-ci ildə muzeyin direktorluğundan uzaqlaşdırılmış, bir daha arxeoloji araşdırmalara buraxılmamışdır. Əvəzində sonradan daha böyük təəssüf doğuracaq hal baş verir. Belə ki, ermənilər muzeyə rəhbər təyin olunurlar. Onların rəhbərliyi dövründə D.Şərifov tərəfindən böyük çətinliklə əldə edilən bir çox dəyərli tarix yadigarları Moskvaya – İnqilab Muzeyinə daşınır. Sovet rejimi Davud Şərifovu çox sevdiyi işindən uzaq salsa da, onun alim və pedaqoq kimi yetişməsinə mane ola bilmir və yorulmaz alim 1950-ci ildə coğrafiya sahəsində namizədlik dissertasiyası müdafiə etməyə nail olur.
Görkəmli maarifpərvər pedaqoq, arxeoloq, alim D.Şərifov 1952-ci ildə vəfat edib.

1927— Dilçi alim, filologiya elmləri doktoru , professor Əli Abbas oğlu Fərəcov İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirəndən sonra İrəvan Pedaqoji Texnikumunda təhsil almışdır. Əmək fəaliyyətinə Zəngibasar rayonu kənd orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır (1946-1951). Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor, “Tədrisnəşr”də böyük redaktor vəzifələrində çalışmışdır (1951-1960). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1960-1964). “Şagirdlərdə morfoloji məfhumların mənimsənilməsinin metodik əsasları” müvzusunda doktorluq dissertasiyası (1972) müdafiə etmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun İbtidai təhsil metodikası və pedaqogikası fakültəsində dekan müavini, Filologiya fakültəsinin dekanı, eyni zamanda institutun “Elmi əsərləri”nin məsul katibi olmuşdur. Elmi-pedaqoji və metodik əsərləri və tərcüməçilik fəaliyyəti ilə tanınmışdır.
1977-ci il mayın 11-də vəfat etmişdir.
Vəfat etmişdir:

632 -— Dini, sosial, siyasi lider və islamın qurucusu; İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş Məhəmməd Peyğəmbər 61 yaşında Mədinədə vəfat etmişdir.
Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır.
Məhəmməd Peyğəmbər miladi tarix ilə 571-ci ildə Məkkə şəhərində anadan olmuşdur. O, Məhəmməd ibn Abdullah ibn Abdulmuttalib ibn Haşimdir. Onun atasının adı Abdullah, anasının adı isə Əminədir. O hələ dünyaya göz açmamışdan əvvəl atası vəfat edir. Bir neçə ildən sonra isə anası dünyasını dəyişir. Bundan sonra o, babası Abdulmuttalibin himayəsində qalır. Babası vəfat etdikdən sonra əmisi Əbu Talib ona qəyyumluq edir. O, Məkkə şəhərində Allahın himayəsi altında təmiz bir həyat sürərək dürüst şəxsiyyət kimi böyüyür. O, həyatı boyu bir yalan belə söyləməmiş və heç kəsə pislik etməmişdir. Hətta, öz həmyerliləri onu “Muhəmməd Əmin”, “Etibarlı Muhəmməd” deyə çağırırdılar. İyirmi beş yaşına qədəm qoyduqda o, Məkkənin ən təmiz və ən zəngin qadınlarından olan Xədicə bint Xuveylid ilə evlənir və ondan altı övladı dünyaya gəlir. Qırx yaşına çatdıqda Uca Allah ona peyğəmbərlik bəxş edərək onu bütün bəşəriyyətə elçi olaraq göndərir və onun vasitəsilə Öz nurunu bütün dünyaya yayır. Peyğəmbərimiz Məkkədə İslam dinini üç il gizli, on il də açıq şəkildə təbliğ edir. O, insanları özlərinin və ata-babalarının ibadət etdiyi daşlardan və bütlərdən çəkindirərək yalnız Allaha ibadət etməyə, Ona heç bir şeyi şərik qoşmamağa çağırır. O, insanlara namaz qılmağı, zəkat verməyi, oruc tutmağı, doğru söz söyləməyi, əmanətə xəyanət etməməyi, qohumluq əlaqələrini qoruyub saxlamağı, qonşularla yaxşı münasibətdə olmağı əmr edir. Habelə, haram işlərdən, haqsız yerə qan tökməkdən, yalan və pis sözlər danışmaqdan, yetimin malını yeməkdən, namuslu qadınlara böhtan atmaqdan çəkindirir. Buna baxmayaraq Məkkə müşrikləri bu dini qəbul etmək və batil inanclarından əl çəkmək istəmirdilər. Həmin dövrdə Məkkədə və bütün Ərəbistan yarımadasında bütpərəstlik son həddə çatmışdır. Belə ki, Kəbənin içində 360-dan çox büt var idi. Hər qəbilə ibadət etdiyi bütü Kəbənin içinə yerləşdirir və vaxtaşırı onları ziyarət etməyə gəlirdilər. Məkkədə yaşayan və Kəbəyə baxan Qureyş qəbiləsi əsasən həmin ziyarətlərin hesabına gəlir əldə edirdi. Ona gərə də Peyğəmbəri qəbul etməməyin səbəblərindən biri iqtisadi maraqlar idi. Allahın dininə qarşı çıxan Məkkə müşrikləri Peyğəmbərin dəvətinin qarşısını almaq üçün hər cür vasitəyə əl atırdılar. Onlar Peyğəmbəri ələ salır, onu sehrbaz, kahin, dəli adlandırır, iman gətirən müsəlmanlara hər cür işgəncə və əzab-əziyyət verməkdən çəkinmirdilər. Hətta iş o yerə gəlib çatmışdır ki, Peyğəmbərin həyatına qəsd etməyə cəhd etdilər. Peyğəmbər və onunla bərabər müsəlmanlar on üç il Məkkədə müşriklərin əzab-əziyyətlərinə səbir edib dözdülər. Bundan sonra Allahın əmri ilə Peyğəmbər iman gətirənlərlə Mədinəyə hicrət etdi. Mədinədə olanların əksəriyyəti onu qəbul etdilər və mühacir müsəlmanlara sığınacaq verdilər. O, Mədinədə İslamı təbliğ etməyə davam etdi və nəticədə insanlar İslam dininə dəstə-dəstə daxil olmağa başladılar. Nəhayət, bütün Ərəbistan yarımadası İslamı qəbul etdi. Məhəmməd peyğəmbər on il Mədinədə yaşadıqdan sonra altmışbir yaşında vəfat etdi və Allahın rəhmətinə qovuşdu. İnsanları dünya və axirətdə səadətə, əmin-amanlığa qovuşduracaq İslam dini Qiyamətə qədər davam edəcəkdir. Uca Allah bizə Peyğəmbərin yolunu tutub getməyə və onun layiqli ardıcıllarından olmağa müvəffəq etsin!
1985 – Afət İnan, tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı.

1981 —İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano), SSRİ Xalq artisti (1938) Şövkət Həsən qızı Məmmədova 84 yaşında vəfat etmişdir.
Şövkət Məmmədova 1897-ci ildə Tbilisi şəhərində pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.
1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O, təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.
Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər.
1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına ( indiki Kiyev Musiqi Akademiyası) daxil oldu.
1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.
Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911 ildə Milana getmiş, burada məşhur müğənni D.Ambroziodan dərs almışdır (ikinci dəfə Milanda 1927-29 illərdə olmuşdur). 1917-21 illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ etmişdir. Onun təşəbbüsü ilə 1923 ildə Bakı Teatr Texnikumu (1923-25 illərdə direktoru olmuşdur) açılmış, not nəşriyyatı təsis edilmişdir. Azərb. Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921 ildə Violetta (“Traviata”, C.Verdi) partiyasında çıxış etmiş, 1948 ilədək (fasilələrlə) teatrın solisti olmuşdur. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir.
Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.
1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdırılmamış təhsilini 1927–1930-da tamamilə bitirdi.
Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə professional vokal dərsləri verirdi.
1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışmışdır.
Onun ifa etdiyi Rozina (“Sevilya bərbəri” C.Rossini), Lakme (“Lakme” L.Delib), Cilda (“Riqoletto” C.Verdi), Şahsənəm (“Şahsənəm” R.Qlier), Nərgiz (“Nərgiz” M.Maqomayev), Gülçöhrə (“Arşın mal alan” Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.
Bayramlar və xüsusi günlər:
Dünya Okeanları Günü

Yer kürəsi səthinin 70%-dən çoxunu okeanlar tutur. Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı) — Dünya okeanının bir hissəsinin təşkil edən, materiklər arasında yerləşən, suyun sirkilyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyektidir.
Dünya Okeanları Gününün qeyd edilməsi okeanoloqların 8 iyun 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin “Ətraf mühit və inkişaf” konfransında qərara alınıb.
Günün qeyd edilməsində əsas məqsəd bütün diqqətləri bəşəriyyətin həyatında vacib rol oynayan nəhəng su hövzələrinin mühafizəsinə yönəltməkdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.