Tarixdə bu gün

İlin 161-ci (uzun illərdə 162-ci) günü.
Mühüm hadisələr:
1930 – Türkiyə ilə Yunanıstan arasında “Əhali Mübadiləsi” razılaşması imzalanmışdır.
Doğum günləri:

1883— Azərbaycan əsilli rus inqilabçısı, 1918-ci ildən Moskva Sokolniki rayon RK(b)P-nın katibi, rayon sovetinin sədri işləmiş Pyotr Akim oğlu Babayev Ryazan quberniyasının Kasimov şəhərində azərbaycanlı inqilabçı Həşim Babayevin ailəsində dünyaya gəlmışdir. Atası Həşim Babayev Zaqatala dairəsinin İlisu kəndində (İndiki Qax rayonunun İlisu kəndi) anadan olmuşdur. 1878-ci ildə fəhlə iğtişaşlarının təşkilatçısı kimi Ryazana sürgün olunmuşdur.
Sürgün həyatı dövründə Kasimov şəhərində zavodda fəhlə işləyən Həşim Babayev Lyubov Qriqoriyeva ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən onların 8 uşağı — Antonina, Pyotr, İlya, Dmitrı, İvan, Sonya, Qeorqi və Polina dünyaya gəlmişdir. Həşim Babayev övladlarına azərbaycanlı adları vermək istəsə də, mövcüd dini qanunlar və Rusiya imperiyasınin ənənələrinə əsasən, buna icazə verilməmışdır. İbtidai təhsilini başa vurmamış 13 yaşlı P.Babayev Ryazandakı fabriklərinbirində usta köməkçisi işləyır. Sonrakı dövrdə uzun müddət sənətinə uyğun iş tapa bilməyən P.Babayev Baltik donanmasına matros kimi hərbi xidmətə çağrılır. Burada o, Rusiya Sosial Demokrat bolşeviklər partiyasına üzv olur. 1905-ci il inqilabında yüksək təşkilatçılıq qabiliyyəti ilə fərqlənən P.Babayev sonralar I dünya müharibəsində də iştirak edir. 1916-cı ildə Petroqrad patron zavodunda işləmək ücün cəbhədən geri çağrılır, fəal təşviqatçı və təşkilatçı kimi həyatını bütünlükdə siyasi fəaliyyətə həsr edir. 1917-ci il iyul çıxışlarında və oktyabr çevrilişində yaxından iştirak edir. 1818-ci ildən Moskva Sokolniki Rayon Partiya Komitəsinin katibi olan P.Babayev 1920-ci il aprelin 25-də vərəm xəstəliyindən vəfat etmışdir.
Onun adı bir sıra müəssisələr parklar və kücələrin adında əbədiləşdirilmişdir. 1922-ci ildə Abrikosovun Moskvadakı qənnadı fabrikinə Pyotr Babayevin adı verilmışdır. Hazırda ОАО – “Babayev Qənnadı Konserni” ASC adlanır.

1903 — Məşhur özbək şairi, akademik Qafur Qulam Daşkənddə kasıb, amma ziyalı bir ailədə doğulmuşdur.
O, ilk təhsilini mədrəsədə almış, mütaliə ilə biliyini zənginləşdirmişdir. Qafur Qulam əvvəl müəllimliklə məşğul olmuş, daha sonra isə qəzet və jurnal redaksiyalarında işləmişdir. Sovet hakimiyyəti illərində isə o, akademikliyə qədər yüksələrək 1943-cü ildə Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü seçilib .
Qfur Qulam Lirik şairdir. Onun lirikasında konkret təsvirdən qüvvətli ricətə adlamaq, keçmiş və gələcək haqqında mühakimə yürütmək, müqayisə etmək, ictimai məzmun daşıyan məsələlərdən öz şəxsi həyəcanlarına, öz tərcümeyi-halına, bəzən əksinə, fərdi — intim hiss və həyəcanlardan böyük ictimai ümumiləşdirmələrə meyl qüvvətlidir…. Qafur Qulamın hər şeirində tamamlanmamış bir poetik fikir vardır və müəllif əlvan təsvir vasitələrindən, priyomlardan həmin fikri vermək üçün istifadə edir”. Azərbaycan dilində “Sən yetim deyilsən” şeiri ilk dəfə “Özbək ədəbiyyatı anto logiyası”nda (1958) şair Qasım Qasımzadənin tərcüməsində, şair Əhəd Muxtarın tərcüməsində isə Q. Qulamın “Ömrün baharında” (1979) kitabında dərc olunub.
Qafur Qulamın zəngin ədəbi irsi var. Onun şeirləri, poemaları, hekayə və povestləri, rus və dünya klassiklərindən etdiyi tərcümələr yaradıcılığının əsasını təşkil edir. Nazim Hikmətin pyesləri, Şekspirin “Otello”su, Ş. Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”ı məhz Q. Qulamın tərcüməsində özbək dilinə çevrilmişdir. Qafur Qulam poeziyası, tədqiqatçılarının dili ilə desək, özbək ədəbiyyatına yeni ruh, yeni üslub gətirmişdir.
Qafur Qulam 10 iyul 1966-cı ildə 63 yaşında vəfat etmişdir.

1904— Görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA həqiqi üzvü, Azərbaycanın Əməkdar elm xadimi , Azərbaycan SSR Dövlət Mükafatı laureatı olmuş Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının “Bəylik” adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir.
Məmməd Arif Bakı Rus-tatar məktəbini bitirdikdən sonra 1920-1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almışdır. 1925-1930-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin “Şərq” fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930-1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.
Məmməd Arif 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, Rus ədəbiyyatı kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941-1950-ci illərdə burada Rus ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1930-1940-cı illərdə Azərbaycan Respublikası Maarif Nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941-1947-ci illərdə “Vətən uğrunda” (“İnqilab və mədəniyyət”, yəni indiki “Azərbaycan”) jurnalının baş redaktoru işləmişdir.
Məmməd Arif 1944-cü ildə “Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları” mövzusunda namizədlik, 1954-cü ildə isə “Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun təşəkkülündə, strukturunun, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində Məmməd Arif xüsusi xidmətləri vardır.
Məmməd Arif 1955-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə akademiki seçilmişdir. Görkəmli alim və bacarıqlı təşkilatçı olan M.A.Dadaşzadə 1959-cu ildə Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi təyin edilmiş, 1960-cı ildən ömrünün sonunadək isə Respublika Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərmişdir.
M.Arif 1975-ci il dekabrın 27-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakıdakı küçələrdən biri, Yazıçılar İttifaqının kitabxanası, Şurabad qəsəbəsində orta məktəb akademik Məmməd Arifin adını daşıyır.

1933 — Azərbaycan Xalq rəssamı (qrafik), professor, Azərbaycan Rəssamlıq İttifaqının qrafika bölməsinin sədri olmuş Rafiq Mahmud oğlu Mehdiyev Naxçıvan M R Şahbuz rayonunda anadan olmuşdur.
Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, Ə. Əzimzadə adına Rəssamlıq texnikumunu(1948-1953), Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsini (1953-1958) bitirmişdir. Əmək fəaliyyətini Ə.Əzimzadə adına Rəssamlıq texnikumunda müəllim ( 1962), sonra M.Əliyev adına A D İ İ-da dekan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışmışdır.
1980-cı ildə Əməkdar rəssam , 1988-ci ildə dosent, 1992-ci ildə isə professor və Xalq rəssamı fəxri adına layiq görülmüşdür. 2003-cü ildən isə prezident təqaüdçüsü olmuşdur.
Rafiq Mehdiyev bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Rəssam 2009-cu ildə Bakıda vəfat etmişdir.
Şair Tofiq Mahmudun, kinorejissor Hüseyn Mehdiyevin qardaşı, rəssam Rəşad Mehdiyevin atası, heykəltəraş İmran Mehdiyevin babasıdır.

1973 – Müğənni, yüksək dərəcəli vokalist, Xalq artisti Gülyanaq Zakir qızı Məmmədova Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.
1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992-1996-cı illərdə A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində, 1996-2000- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr və kino aktyoru fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.
1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən kimi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır.

1974 — Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Əzizulla oğlu Allahverdiyev Bakı şəhərində dünyaya göz açıb.
1991-ci ildə Bakıda 199 saylı məktəbi bitirib. 1992-ci ildə Milli Orduya çağırılıb və xidmətə “N” saylı hərbi hissədə başlayıb.
Bəxtiyar 1992-ci il cəbhəyə göndərilib. Qubadlı rayonunda əsl qəhrəmanlıq səhifələri yazıb, ermənilərin qəniminə çevrilib.
1994-cü ildə Bəxtiyarı Ağdərə, Tərtər cəbhələrində döyüşməyə başlayır.
1995-ci ildə Müdafiə Nazirliyi onu Türkiyə Respublikasına göndərdi. Burada hərbi kurs keçdikdən sonra 1996-cı ildə Vətənə döndü. 1997-ci il gizir rütbəsi ilə “N” saylı hərbi hissəyə taqım komandirii kimi vəzifəsini davam etdirir.
2000-ci ildə ordudan tərxis olunur. 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasına daxil olur.
Hazırda İsmayıllı rayonunda polis idarəsində çalışır.
Vəfat etmişdir:
E.ə.323 — Makedoniyalı İskəndər vəfat etmişdir.

1989 — Məşhur şair, dramaturq, tərcüməçi, ictimai xadim, Əməkdar İncəsənət xadimi, Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm 83 yaşında vəfat etmişdir.
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür.
Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir . Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmiş və sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuşdur.
Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, “Azərbaycan”, “Kirpi” jurnallarının və “Sovetski pisatel” nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.
Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki “Qırmızı Əmək Bayrağı” ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.
Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdı.

1983 — Məşhur bəstəkar, dirijor, pedaqoq, Xalq artisti, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru Səid Əli oğlu Rüstəmov 76 yaşında vəfat etmişdir.
Səid Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olmuşdur.
Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir.
S. Rüstəmovun pedoqoji fəaliyyətinin mühüm bir dövrü Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Kanservatoriyası ilə bağlı olmuşdur. O, bu mötəbər ali musiqi təhsili ocağında Xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutmuşdur. Dahi Üzeyir Hacıbəyovun vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.
Böyük sənət fadaisi, alovlu vətənpərvər Səid Əli oğlu Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilmişdir. O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Üç dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur.

2008 —Qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısı Çingiz Torekul oğlu Aytmatov 79 yaşında Almaniyada vəfat etmişdir.
Çingiz Aytmatov 1928-ci il-də Qırğızıstanın Talas vadisində doğulmuşdur.
Yazıçının atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.
8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul şəhərindəki zootexnikumuna daxil olmuş, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdir.
Aytmatov 1948—1953-cü illərdə Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə “Oktyabr” jurnalında onun qırğız dilindəki “Üz-üzə” hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il “Yeni dünya” jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran “Cəmilə” povesti işıq üzü görüb.
1990—1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.
2006-cı ildə “İlin avtoqrafı” kitabının buraxılışında iştirak edib.
Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, “Xarici ədəbiyyat” jurnalının baş redaktoru, “İssıkkul forumu” adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.
10 iyun 2008-ci il tarixində müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.