Baş redaktordan

Sahibsiz heyvanların şəhər həyatında yaratdığı təhlükələr və fəsadlar haqqında zaman-zaman danışılır. Lakin onlara münasibətdəki laqeydlik və sistemsizlik öz faciələrini səssiz şəkildə davam etdirir.

İllər öncə Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə təxminən 600 min sahibsiz it və pişiyin ölkə ərazisində yaşadığını bildirmişdi. Bu rəqəm təkcə statistik deyil — o, küçələrdə, məktəblərin ətrafında, zirzəmilərdə gizlənən, soyuqda titrəyən, aclıqdan əzgin düşən canlı həyatların göstəricisidir. Xətai rayonu, General Şıxlinski küçəsində, xüsusən də 48 və 98 nömrəli məktəblərin qarşısındakı nəzarətsiz ərazilərdə sahibsiz itlər sürü halında gəzir. Onların həyat şəraiti qeyri-insanidir — soyuq, yağış, fiziki zorakılıq və aclıq nəticəsində çox zaman bu heyvanlar küçədə tələf olur.


Məsələn, 23 iyun tarixində yaşadığım binanın (49 nömrəli bina) arxasında bir iti maşın vurmuşdu. Səkinin üstündə 2-3 gün boyunca hərəkətsiz qaldı. Günlərlə oradan keçən insanlar, gündəlik tullantıları aparan təmizlik işçiləri onu görməməzlikdən gəldi. Axırda, süpürgəçinin dediyinə görə, həmin cəsəd süpürgə ilə dərəyə itələnərək oradan “yoxa çıxarıldı”. Amma gözlərdən uzaq edilsə də, üfunəti hələ də qalır. Ən dəhşətlisi isə budur ki, belə hallar çoxdur. Bir müddət əvvəl 36 nömrəli Seçki dairəsinin inzibati binasının qarşısında da ölmüş it cəsədi üfunət yayaraq günlərlə qalmışdı. Məlumat verilsə də, necə yox edildiyi məlum olmadı — zibil qutularına atıldımı, yoxsa dərəyəmi?


Məncə, bu artıq sadəcə “bir itin taleyi” deyil. Bu, sistemsizlik, cəmiyyətin sükutu və bir canlıya verilən dəyərin göstəricisidir. Axı Bakı şəhərində rəsmi heyvan qəbiristanlığı yoxdur. Ölmüş heyvanların harada basdırılmalı olduğu ilə bağlı heç bir rəsmi istiqamətləndirmə aparılmır. Halbuki bu məsələ həm də epidemioloji təhlükə yaradır. Quduza, vəbaya və digər infeksiyalara yol açan bu cəsədlər torpağı, suyu və atmosferi çirkləndirə bilər.
Yaşadığımız ərazidə isə hər zaman it, pişik ölülərinə rast gəlmək olar. Təbii ki, Bakının hər yerində vəziyyət eynidir. Amma təəssüf ki, Bakıda sahibsiz heyvanlar üçün analoqu olmayan sığınacaq olsa da, heyvanları basdırmaq üçün müəyyən bir ərazi ayrımayıb. Bir vaxt Bakı Zooparkının arxasında qeyri-qanuni bir yer fəaliyyət göstərirdi, lakin hazırda orada heyvan basdırmaq qadağandır.
Ümumiyyətlə, bu cür məsələlər necə həll olunmalıdır? Sahibsiz itlər, onların leşlərinin daşınmasına mənzil-kommunal təsərrüfatı idarəsi cavabdehlik daşıyır. Heyvanlar arasında xəstəliklərin (zoonoz infeksiyalar) yayılmasına (epizootik proses) baytarlıq idarəsi nəzarət edir. Əgər xəstəlik heyvanlardan insanlara da keçərsə, daha doğrusu, infeksiya zooantroponoz xarakterli olarsa və insanlar da yoluxarsa (xəstəlik sporadik və ya epidemik hal alarsa), səhiyyə qurumları da prosesə qoşulur. Əhali arasında infeksion xəstəliklərin yayılmasına nəzarəti isə rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin (GEM) epidemiologiya şöbələri nəzarət edir. Səhiyyə Nazirliyi bir də quduzluğa qarşı vaksinlərlə təminat məsələsində cavabdehlik daşıyır.
Ölmüş heyvan cəmdəklərini hara gəldi atmaq olmaz, Ekologiya Nazirliyinin icazə verdiyi, bu məqsədlə ayırdığı yerlərə atılmalıdır və orada ölmüş heyvanlar ya yandırılmalı, və ya cəmdəkləri dezinfeksiya olunmalıdır. Burada Ekologiya Nazirliyi, Baytarlıq idarəsi, Mənzil-Kommunal təsərrüfatı idarəsi, polis birgə işləməlidirlər.




Qardaş Türkiyədə bu sahədə bələdiyyələrin nəzdində qəbiristanlıqlar, yandırma məntəqələri, xüsusi təlimatlı işçilər mövcuddur. Bizdə isə bu sahədə boşluq hökm sürür. Təmizlik işçiləri, bələdiyyələr, sığınacaqlar arasında koordinasiya yoxdur.
Bu məktub vasitəsilə aşağıdakı təklifləri irəli sürürəm:
~Ərazilərdə sahibsiz it yuvaları müəyyən olunub ləğv edilm əlidir;
~sahibsiz heyvanlar incidilmədən sığınacaqlara təhvil verilməlidir;
~Bakı şəhərində və digər iri şəhərlərdə rəsmi heyvan qəbiristanlığı yaradılmalı və cəmiyyətə açıq şəkildə təqdim olunmalıdır;
~bələdiyyələr bu sahədə öz məsuliyyətlərini yerinə yetirməli və əraziyə cavabdeh olmalıdırlar.

Sonda bir insan kimi düşünməyə dəyər: bir uşağın, bir gəncin hər gün qarşısından keçdiyi, üfunət saçan belə heyvan cəsədləri onlara nə öyrədir? Və biz bu laqeydliyə nə qədər davam edəcəyik?
Bu yazını saytımızda dərc etməklə həm bu problemin ictimailəşməsini, həm də aidiyyəti qurumların bu məsələni diqqətə almasını istəyirəm.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.