Tarixdə bu gün
İlin 188-ci (uzun illərdə 189-cu) günü.
Mühüm hadisələr:
1929 – Mussolini Papa ilə razılığa gəldikdən sonra Vatikan dövləti qurulmuşdur.
2005 – Londonda metro vağzalında olan terror nəticəsində 50-dən artıq insan həlak olmuşdur.
1923 – Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilmiş, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Dekreti qəbul edilmişdir.

1992 – Azərbaycan Respublikası Tailand ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1797 —Dağıstan və Çeçenistan dağlılarının birliyi olan Şimalı Qafqaz imamətinin başçısı Şeyx Şamil Dağıstanın Gimri kəndində anadan olub.
Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin yanında təhsil alıb. Daha sonra özündən əvvəl imamətə başçılıq edən Qazi Məhəmməd və Həmzət bəyin müşaviri olub.
1932-ci ildə Qazi Məhəmmədlə birgə Qimri kəndi yaxınlığındakı qalada rus ordusu tərəfindən mühasirəyə alınıb. Bu döyüşdə Qazi Məhəmməd həlak olub. Şamil isə ağır yaralansa da qaçmağı bacarıb. 1834-cü ildə imam seçildikdən sonra ilk olaraq imamət daxilindəki fikir ayrılıqlarını həll edir, bir-biri ilə ədavət aparan Dağıstan və Çeçenistan icmalarını İslam ideologiyası əsasında birləşdirir. Şəriət əsasında məhkəmə və idarəetmə sistemi qurur. Rusiya İmperiyasına qarşı müqavimət göstərmək üçün vacib olan hərbi və mülki təşkilatlar yaradır. Bundan başqa top, barıt, digər silah-sursat istehsalı və tədarükünü artıran Şamil hərbi təşkilatlanmada böyük irəliləyişlərə nail olur.
Güclü natiqlik qabiliyyəti, qətiyyəti, möhkəm iradəsi və sərkərdəlik məharəti sayəsində böyük uğurlar qazanan İmam Şamilin şöhrəti qısa zamanda ətraf bölgələrə yayılır. Bölgədəki bir çox feodal hakimləri onun Rusiya imperiyasına qarşı apardığı mübarizəyə qoşulur.
Özündən əvvəlki iki imamın dövründə imperiyaya qarşı 10 il döyüşən Şamil imam seçildiyi ildən etibarən döyüşləri bir qədər də genişləndirir, Rusiya ordusunu bir çox döyüşlərdə məğlub edir və onlara böyük ziyan vurur.
1856-cı ildə Paris sülh müqaviləsindən istifadə edən Rus imperatoru Qafqaz cəbhəsinə 200 minlik hərbi qüvvə göndərir. General Nikolay Muravyov və Aleksandr Baryatinskinin başçılıq etdiyi rus ordusu 1859-cu ilin aprel ayında İmam Şamilin iqamətgahı olan Vedeno aulunu, iyun ayında isə bütün Çeçenistan ərazisini ələ keçirir.
1859-cu ilin avqust ayında İmam Şamil 400 silahdaşı ilə birlikdə Dağıstanın Qunib aulunda 70 minlik rus qoşununun mühasirəsinə düşür. Müqavimət dövründə kənardan heç bir kömək görməyən İmam Şamil bütün qüvvə və qaynaqların tükəndiyini anlayaraq təslim olur. Əvvəlcə Kaluqa şəhərində, daha sonra isə Kiyevdə saxlanılan Şamil Həcc ziyarəti üçün Çar II Aleksandrdan icazə alaraq 1869-ci ildə İstanbula gəlir. Osmanlı Sultanı Əbdüləziz tərəfindən ayrılan gəmi ilə Ciddə limanına yola düşür. Məkkədə Həcc ziyarətini yerinə yetirərək Mədinəyə gedir. İmam Şamil Mədinədə olarkən xəstələnir və 1871-ci il fevralın 4-də 74 yaşında orada vəfat edir. Mədinə şəhərindəki məşhur Əl-Bəqi qəbiristanlığında dəfn olunur.

1893— Rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın Qeysər Seyfulla qızı Kaşıyeva Tiflisdə anadan olmuşdur.
Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq siniflərində oxumuşdur (1907-1908). Yaradıcılığının ilk dövründə Tiflisdə Qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib etmişdir. 1907-1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir (“İ.Qonçarovun portreti”, 1909, “Azərbaycan ziyalısı”, 1912, “Göl sahili”, 1914, “Küpəgirən qarı”, 1915). Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, “Şərq qadını” jurnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, professioanal rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. Q.Kaşıyeva sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907-1908) yiyələnmişdir. O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında “Ziyalı qadın”, “Qoca keşıkçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “Qoqolun portreti”, “Azərbaycan ziyalısı”, “Küpagirən qarı”, “İ.Qonçarovun portreti”, “Azərbaycan ziyalısı”, “Göl sahili” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. O, “Şərq qadını” jurnalına (1923-1938-ci illərdə Bakıdaçap olunmuşdur) illyustrasiyalar da çəkmişdir.
Otuzuncu illərdə ərinin “xalq düşməni” güllələnməsindən sonra, özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur. Qeysər xanımın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
17 aprel 1972-ci ildə 78 yaqşında Bakıda vəfat etmişdir.

1971 ―Əfsanəvi döyüşçü, “Azərbaycan Bayrağı” ordeni kavaleri Bəhruz Allahverdi oğlu Nuriyev 1971-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub.
Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub.
1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib.
Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü də qəhrəmancasına şəhid olub.
Bəhruz Nuriyev Vətənin azadlığı uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə layiq görülüb.
Nizami Rayon İcra Hakimiyyətinin və rayonda yaşayan şəhid ailələrinin yekdil rəyi əsasında Bəhruzun oxuduğu məktəbin də qarşısında qəhrəmanın büstü qoyulub. Yaşadığı küçə isə 1995-ci ildən Bəhruzun adını daşıyır.
Bəhruza aid sənədlər arasında onun haqqında yazılmış “Vətənə sipər oğul” kitabçası da var. Bakının Nizami rayonunda Bəhruz Nuriyev adına küçə var.
Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Rəfael Sərafət oğlu Həbibov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Rəfael Həbibov 1964-cü il aprel ayının 4-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır.
Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytenant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur.
1992-ci ildə Qarabağın azadlığı uğrunda döyüşlərə atılıb. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınını heyəti ilə birlikdə məhv etmişdir.
1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır…

2020 — Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Zöhrab İbrahim oğlu Alıyev 53 yaşında vəzfat etmişdir.
Zöhrab Alıyev 22 may 1967-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub. 1973–1982-ci illərdə Mişni kənd orta məktəbində, sonra isə Bakı şəhərində yerləşən Texniki Peşə məktəbində qaynaqçı- quraşdırmaçı ixtisası üzrə təhsil alıb. 1983–1985 ci illərdə respublikanın müxtəlif rayonlarında həmin ixtisas üzrə iş fəaliyyətini davam etdirib. 1985–1987-ci illərdə Qazaxıstan SSR-də hərbi xidmətdə olubdur.
1989 cu ildə Laçın rayonuna qayıdaraq Keşlə Maşınqayırma zavodunun Laçın rayon filialında öz ixtisası üzrə fəaliyyətə başlayıb və 1992-ci il aprel ayına qədər həmin filialda çalışıb. 1992-ci il 10 iyunda könüllü olaraq Azərbaycan Milli Ordusunun 713-saylı batalyonunda hərbi xidmətə başlamışdır. Laçın rayonunun işğaldan azad ediləsi istiqamətində aparılan döyüşlərdə iştirak etmişdir. 19 oktyabr 1992-ci ildə Hoçaz dağı uğrunda gedən döyüşlərdə yaralanmış, 12 dekabra qədər hərbi hosbitalda müalicə olunmuşdur. 15 dekabr 1992-ci ildən Laçın rayon Polis batalyonunda hərbi xidmətini davam etdirib. 1993-cü ildə Laçın RPŞ-nin şəxsi heyəti döyüş fəaliyyətini Füzuli rayonu ərazisində davam etdirmişdir və Zohrab Alıyev döyüşlərdə xüsusi igidlik göstərmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
7 iyul 2020-ci ildə Goranboy xəstəxanasında COVİD-dən vəfat etmişdir. Taxtakörpüdəki Mişni obasının qəbiristanlığında dəfn olunmuşdur.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.