Əxlaq və mənəviyyat

“Əzizinəm, şum olsun,
Şumla yeri, şum olsun.
Çoxlu evin olunca,
Bir yaxşı qonşun olsun…”

Artıq elə bir yaşdayıq ki, gördüklərimiz, eşitdiklərimiz bizi danışmağa, düşünməyə, yazmağa vadar edir. Bu müşahidələrin üstündən səssiz keçmək vicdana sığmır. Axı malik olduğumuz mənəvi-əxlaqi dəyərlərimiz qarşısında biz də cavabdehik. Bu dəyərləri ulu babalarımız yaradıb, min illərlə qoruyub, cilalayıb, bizə miras qoyublar. Biz isə 21-ci əsrə yenilik adıyla bu dəyərlərdən uzaqlaşaraq addımlayırıq. Sanki minnətdarlıq yerinə nankorluqla.
Nə toylarımızda, nə də yaslarımızda 50-60 il əvvəlki mənəvi yük, dəyər fəlsəfəsi qalıb. O vaxtlar valideynlərimiz hər addımını qonşuyla bölüşərdi. Evə qonaq gələndə qonşu da dəvət olunardı. Xeyir-şər məsələsində isə qonşuya xəbər verməyə belə ehtiyac qalmazdı – o, özü könüllü şəkildə, ürəkdən gələrdi.
Ev tikiləndə – istər özül qoyulanda, istər tir qaldırılanda – qonşular sevincək gələr, ustalara nəmər verər, “İşiniz avand olsun!” deyərdilər. Ev tikilib başa çatanda isə ev sahibinə ya bir palaz, ya da bir qab-qacaq dəsti hədiyyə edərdilər.
Toy hazırlığında isə qonşular bu xeyir işin əvvəlindən sonunadək yorulmadan iştirak edərdi.Bu, sadəcə qonşuluq deyildi – bu, insani həmrəylik idi, ürək birliyi idi, mədəniyyət idi.

Ona görə də deyiblər: evini seçmə, qonşunu seç.
Qonşuluq bizim güzgümüzdür. Amma biz bunun fərqində deyilik. İctimai davranışlarımız getdikcə laqeyd və sərt olur. Kənddən şəhərə inkişaf üçün gəldik, amma qazandıqlarımızla itirdiklərimiz arasında böyük bir uçurum yarandı.
…Kənddə hamı bir-birinin qonşusu idi. Kəndin bir başında kimsə rəhmətə getsəydi, kəndin o biri başı da yasın içində olurdu. Bu, həm insani həmrəylik idi, həm də gələcək nəsillərə ötürüləsi bir mədəniyyət.
Şəhərdə isə bir qapı qonşumuzu tanımadan yaşadığımız məqamlar var. Salamlaşmalar belə, bəzən süst və məcburidir. Və bu da bir sualı doğurur: şəhər mədəniyyəti budurmu?
Böyük Hüseyn Cavid demişdi: “Mədəniyyətin sonu vəhşətmidır, nədir, əcəba?” — Biz bu sualın cavabını, bəlkə də, öz davranışlarımızda tapmalıyıq.
Deyə bilərik: bəlkə şəhər əhalisi bir-birindən uzaq zonalardan gəlir, ona görə belədir. Amma bu, bəhanə ola bilməz. Çünki ürək, mərhəmət, anlayış – bunlar məkan və mədəniyyət tanımaz.
Bir yerdə yaşayan insanlar fərqli maraqlara sahib ola bilərlər. Biri səssizliyi, düşünməyi sevir, digəri musiqini, hərəkəti, səsli həyat tərzini. Amma bu fərqlər münaqişəyə çevrilməməlidir. Çünki yaxşı qonşuluq həyatın keyfiyyətini artıran ən mühüm dəyərlərdən biridir.
Əgər təmir işləri planlaşdırırıqsa, bir məclis keçiririksə, köç zamanı yaranacaq səs və narahatlıqla bağlı öncədən qonşulara xəbər vermək mədəniyyət nümunəsidir.


Əgər musiqi sahəsində çalışırıqsa, evdə hər hansı alətlə məşq edəcəyiksə, bunu qonşunun körpəsi yatdığı saatda deyil, daha münasib vaxtlarda məşq etmək insani hörmətdir.
Axı bəzən bir çəkic səsi – bir insanın gün ərzində yeganə sakit anını əlindən alır…
Sonda bir həqiqət:
Qonşuluq – sadəcə yan-yana yaşamaq deyil. Qonşuluq – paylaşmaqdır, başa düşməkdir, öz xoşbəxtliyini başqasının rahatlığında axtarmaqdır. Və bu dəyəri yaşatmaq – bizim üzərimizə düşən bir mədəniyyət borcudur.
