Tarixdə bu gün

İlin 205-ci (uzun illərdə 206-cı) günü

Doğum günləri:

1802 –Məşhur fransız yazıçısı, macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmış Aleksandr Düma Fransanın Villers-Koterets şəhərciyində anadan olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının  anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur.

1829-cu ildə gənc Dümanın ilk sanballı əsəri olan “III Henrix və onun sarayı” adlı tarixi dramı səhnələşdirilir. Bu milli tarixi əsər ilk növbədə köhnə klassisizm qanunlarına qarşı yönəlmiş tipik romantik dram əsəriydi. “III Henrix və onun sarayı” əsərinə görə əldə etdiyi uğur Dümaya dəbdə olan yazıçı şöhrəti qazandırmışdır. O, atası kimi respublikaçı olduğunu nümayiş etdirərək 1830 və 1848-ci illərdə barrikadalarda görünür.

1830-cu il inqilabını Düma böyük heyranlıqla qarşılamışdı. O, iyul hadisələrində yaxından iştirak etmiş, liberal xadim Lafayetin tapşırığı ilə üsyançılar üçün barıt dalınca Suassona və milli ordu sıralarının təşkili üçün Vandeyə getmişdi.

Nəşri 1831-ci ilə təsadüf edən “Antoni” dramında Paris cəmiyyətinin yüksək təbəqəsi tənqid atəşinə tutulur. Əsərin qəhrəmanı atılmış, əsli-nəcabəti məlum olmayan Antoni adlı gənc silk üstünlükləri və onu rədd edən mühitə qarşı mübarizə aparır.

Dümanın 1830-cu illərdə yazdığı “Kin” (1836) və digər romantik dramları melodram xarakterini alır, buradakı münaqişələr çox vaxt xoşbəxt sonluqlu olur.

Düma 1870-ci il 5 dekabrda Fransa-Prussiya müharibəsi və Fransanın alman ordusu tərəfindən işğalı zamanı vəfat etmişdir. O, Villers-Koteretsdə dəfn edilmişdir.

1946— Fizika-riyaziyyat elmləri doktoru, professor , Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı , Azərbaycan Respublikasının Əməkdar elm xadimi  

Əmirulla Məmmədəli oğlu Məmmədov Bakı şəhərinin Fatmayı kəndində anadan olmuşdur.

1953-cü ildə Bakı 44 nömrəli orta məktəbində təhsilinə başlamışdır. Orta məktəbi 1963-cü ildə, ali təhsilini 1968-ci ildə tamamlamışdır. 1968-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirəndən sonra Sovet Ordusu sıralarına çağrılmışdır.

Hərbi xidmətdən təxris olduqdan sonra 1991-ci ilinə qədər Bakı Dövlət Universitetinin Yarımkeçiricilər Fizikası Elmi Tədqiqat Mərkəzində işləmişdir.

1973-cü ildə fizika riyaziyyat elmləri namizədi (bərk cisimlər fizikası ixtisası üzrə) almaq üçün dissertasiya müdafiə etmişdir.

1988-ci ildə Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatını almışdır.

Ə.Məmmədovun Azərbaycan və bir sıra xarici ölkələrdə Ferroelektriklər Fizikası, Vakuum Ultra-Bənövşəyi Spektroskopi, Qeyri-xətti Optika və Nanotexnologiya ixtisas və sahələrində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur.

Bu sahədə 30-dan çox elmlər namizədi, elmlər doktoru və professor yetişdirmişdir.

1950— Tanınmış dilçi-alim, filologiya elmləri doktoru Cəfərsoy İlhami Yusif oğlu Şuşa rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur.

1968-ci ildə APİ-nin  Flologiya fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildə “Azərbaycanın türkmənşəli etnohidronimləri” adlı namizədlik, 2010-cu ildə “Türk dilləridə teonim və etnonimlər” (Ön Asiyanın ölü dillərinin onomoloji leksikası əsasında)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 6 monoqrafiya və tədris vəsaitinin, 80-ə yaxın məqalənin müəllifidir. Məqalə və tezisləri Bakıda, Budapeştdə, Kiyevdə, Moskva, Kazan, Almatı və Daşkənddə nəşr olunmuşdur. Əsas tədqiqat sahələri Ön Asiyanın qədim dillərinin türk leksikasıdır.

İ.Y.Cəfərsoy hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiridir.

1986— Azərbaycan şahmatçısı, qrossmeyster (2002), şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Qasım oğlu Həşimov Bakı şəhərində anadan olub.

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.

14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunmuş; o, həmin gün III Fəxri Xiyabanda dəfn edilmişdir.

Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdır. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdir. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdur.

2014-cü ilin aprel ayında, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilmişdir. Turnirdə Maqnus Karlsen, Fabiano Karuana, Şəhriyar Məmmədyarov, Teymour Rəcəbov, Sergey Karyakin, Hikaru Nakamura, Etiyen Bakrot, Vang Hao, Rauf Məmmmədov, Qədir Hüseynov, Pavel Elcanov, Rodoslav Voytaşek, Aleksander Motilev, Eltac Səfərrli, Nicat Abbasov və Vasif Durarbəyli kimi şahmatçılar iştirak etmişdir.

24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.Növbəti illərdə də bu turnir keçirilməyə davam etmişdir.

2016-cı ildə Bakıda Vüqar Həşimov  asına Şahmat Akademiyası fəaliyyətə başlamışdır.

Vəfat etmişdir:

1994 — Azərbaycanda damar cərrahiyyəsinin əsasını qoymuş ailm, 1991-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin I prorektoru, tibb elmləri doktoru, professor Bəhram Məhəmmədrəsul oğlu Aşurov 51 yaşında vəfat etmişdir.

Bəhram Aşurov 1 iyul 1943-cü ildə Qax rayonunda anadan olmuşdur. 1950-1960-cı illərdə Qax rayonunda orta təhsil almış və məktəbi gümüş medalla bitirmişdir. O, 1960-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1966-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1964-1966-cı illərdə tələbə ikən Semaşko adına şəhər xəstəxanasının Cərrahiyyə şöbəsində kiçik tibb işçisi kimi işə başlamışdı. İnstitutu bitirdikdən sonra 1966-1967-ci illərdə Mingəçevir Şəhər Xəstəxanasında cərrah işləmişdir.

1967-1969-cu illərdə Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun kardiologiya şöbəsində 2 illik kliniki ordinatura keçmişdir. Ordinaturada oxuduğu illərdə Bəhram Aşurov görkəmli kardioloq, professor Cahangir Abdullayevin rəhbərliyi altında “Qaraciyərin sirrozlarında elektrolit mübadiləsinin vəziyyəti” mövzusunda namizədlik dissertasiyasını tamamlamış və 1970-ci ildə müdafiə etmişdir.

O, kiçik elmi işçi vəzifəsində institutda saxlanmış və 1970-1972-ci ildə institutun elmi katibi vəzifəsində işləmiş, 1972-1973-cü illərdə institutun Pulmonologiya laboratoriyasına baş elmi işçi seçilmişdir. 1973-cü ildə isə respublikada yeni təşkil edilmiş Damar cərrahiyyəsi şöbəsinə baş elmi işçi vəzifəsinə keçirilmişdir. O vaxt respublikada inkişafda olan damar cərrahlığının əsaslarını öyrənmək məqsədi ilə 1 il ərzində (1973-1974-cü illərdə) A.N.Bakulev adına Ümumittifaq Elmi Tədqiqat Ürək-Damar Cərrahlığı İnstitutunda təcrübə mübadiləsində olmuşdur.

Azərbaycan Respublikasının səhiyyə nazirliyinin göndərişi ilə Bəhram Aşurov, 1979-1984-cü illərdə Moskvada A.N.Bakulev adına Elmi Tədqiqat Ürək-Damar Cərrahlığı İnstitutunda elmi ezamiyyətdə olmuş və professor A.V.Pokrovskinin rəhbərliyi altında “Qarın aortasının rekonstruktiv bərpa cərrahlığında təhlükə amilləri, fəsadlar və onların profilaktikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, Moskvadan qayıtdıqdan sonra ETKETİ damar cərrahlığı şöbəsində elmi təcrübi fəaliyyətini davam etdirmişdir.

Bəhram Aşurov 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasına müsabiqə əsasında dosent vəzifəsinə seçilmişdir. 1986-1987-ci illərdə Bakı şəhər Baş Tibb idarəsinin baş cərrahı vəzifəsində çalışmışdır. Şəhər klinikalarında təcrübi cərrahlığın elmi əsaslar üzərində qurulması üçün xeyli səylər göstərmişdir.

1991-ci ilin fevral ayında professor Bəhram Aşurov ATU-nun I prorektoru vəzifəsinə təyin edilir. 1992-ci ilin oktyabrında I-ci prorektor vəzifəsi ixtisar edildikdən sonra 1994-cü ilin iyul ayına qədər Ümumi cərrahiyyə kafedrasına rəhbərlik etmişdir.

Bəhram Aşurov elmi kadrların yetişməsinə xüsusi fikir vermiş və qısa müddət ərzində onlarla alimin yetişməsində misilsiz xidmətləri olmuşdur.

 24 iyul 1994-cü ildə professor Bəhram Aşurov ömürünün çiçəklənən vaxtında  həyata vida  etmişdir.

2019 — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin şəhid pilotu Rəşad Saləddin oğlu Atakişiyev təyyarə qəzasında həlak olmuşdur.

Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub.
O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb.
Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə qəbul olunub və 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini “Uçuş mühəndisi” ixtisasına yiyələnib.

Rəşad pilot kimi 2001-ci ildən fəaliyyətə başlayıb, bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib. Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.

2019-cu il iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olundu.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılmışdır. 20 avqust tarixində isə pilotun nəşi tapılmışdır. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilmişdir.
07.05.2021-ci ildə Hərbi Pilot Polkovnik Leytnant Rəşad Atakişiyevə Şəhid statusu verilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!