Tarixdə bu gün
İlin 220-ci (uzun illərdə 221-ci) günü.
Mühüm hadisələr:
1991— Nüvədi kəndi erməni quldur dəstələrinin hücumuna məruz qaldı. Yaxşı silahlanmış terrorçular döyüş texnikasının köməyilə kəndi viran qoydular. Hücum nəticəsində kənddə bir azərbaycanlı belə qalmadı. Bu hadisə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi.
Qeyd edək ki, Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km. şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib.

2008 — Pekində XXIX Yay Olimpiya Oyunları keçirilib.
Doğum günləri:

1943 — Sovet və Rusiya teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim, Azərbaycan Respublikasının Xalq artisti Yuli Qusman Bakıda anadan olmuşdur.
Yuli Qusman ixtisasca həkım-psixiatrdır. Ancaq ixtisası üzrə işləməyə “Şən və Hazırcavablar Klubu” mane olmuşdur.
Yuli Qusman bir çox filmlər çəkmiş, teatr tamaşaları səhnəyə qoymuşdur. 90-cı illərin ortalarında o, Rusiya Dövlət Dumasının deputatı da seçilmişdır. Uzun illərdir ki, özünün yaratdığı Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının əvəzsiz rəhbəridir.
Məşhur “Nıka” mükafatını bu akademiya təsis etmişdir.
Y. Qusman Azərbaycanla Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib

1948 —Məşhur kino aktyoru, Xalq artisti , Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri Rasim Əhməd oğlu Balayev Ağsu rayonunda anadan olmuşdur.
1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır.
“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyə göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rol oynamışdır. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilmişdir.

1948 — Azərbaycan müğənnisi Akif Qədir oğlu İslamzadə Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladıdır. 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın “Çoban Qara” mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin “Qızıl Fondu”nda saxlanılır.
Peşəkar façılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub.
1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, “Sarı gəlin” və “Bu gecə” diqqətləri cəlb edib.
Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
120-dən çox mahnının ifaçısıdır.

1960— Ədəbiyyatşünas alim, yazıçı-publisist, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri Almaz Qasım qız Binnətova Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində doğulmuşdur.
1978–1984 -cü illərdə Bakı Dövlət Universitetində ali təhsil almışdır.
1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir.
1995-ci ildə “Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi” mövzusunda namizədlik dessertasiyası müdafiə etmişdir.
2010-cu ildə “XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1984–1993-cü illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, 1993–1997-cü illərdə “Dövlət Əmlak Komitəsi”ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi “Xalq qəzeti”nin “Ədəbiyyat və incəsənət” şöbəsində çalışır.
Azərbaycanda və xaricdə 400-dən yuxarı məqaləsi işıq üzü görüb.
1990-cı ilin may ayında Ülvi Bünyadzadənin təhsil aldığı Xarici Dillər Universitetində “Ülvi Bünyadzadə Xatirə Muzeyi” yaratmışdır.
Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş “Ülviləşən Ülvim” və “Poeziyada milli-azadlıq duyğuları” kitablarının müəllifidir.
Almaz Ülvinin Daşkənddə, İstanbulda, Ankarada, Bişkekdə, Tbilisidə, Quzey Kıbrısda və s. ölkələrdə dəfələrlə elmi simpozyum və elmi konfranslarda məruzələri dinlənilmişdir.İndiyədək 100-dən artıq beynəlxalq elmi konfransların iştirakçısı və məruzçisi olmuşdur.
2014-cü ilin avqust ayında Bişkek şəhərində yaradılan “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatina 2015-ci ilin yanvar ayında üzv seçilmişdir.
“Atilla” jurnalın təsisçisi və baş redaktorudur.

1991 — Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin qəzasında həlak olmuş bələdçi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Cəlil qızı Əliyeva Kəlbəcər rayonunda anadan olub.
Hökumə Əliyeva 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və bir müddət Volqoqrad vilayətində yaşamışdır. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və təhsilini burada davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirmişdir. Atası Cəlil Əliyevin sözlərinə görə bu onun doktoranturasının son ili idi. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb.
25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində “SOS” siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarə vurulub.
Hökumə təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. O, son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq “Hər şey yaxşı olacaq!” kəlmələri ilə məşhurlaşmışdır.
Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Rejissor və ssenarist Ziya Şıxlinski 2025-ci ildə Hökumə Əliyevanın həyatından bəhs edən “Hökumə — kədərim mənim” adlı qısametrajlı sənədli film çəkib. Filmin bədii rəhbəri Rasim Balayev, ssenari müəllifi və rejissoru Ziya Şıxlinski, operatoru Adil Abbasov.
Əmək fəaliyyəti ilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə verilib. 2025-ci lin avqustundan etibarən digər materiallar ailəsinin evinin həyətində təşkil olunan ev-muzeyində sərgilənir.
Polşada adına təqaüd proqramı təsis edilib.
Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa adı verilib.
Vəfat etmişdir:

1952— Azərbaycanın arxeoloqu, etnoqrafı və coğrafiyaşünası Davud bəy Mikayıl bəy oğlu Şərifov 67 yaşşında vəfat etmişdir.
Davud bəy Şərifov 1885-ci il iyul ayının 8-də Tiflis şəhərində hərbçi ailəsində anadan olmuşdur. Polkovnik rütbəli atası Mikayıl bəy Şərifov hərbi topoqrafiya sahəsində bacarıqlı və istedadlı mütəxəssis kimi tanınmışdır. D.Şərifov səkkiz yaşında I Tiflis oğlanlar gimnaziyasının kiçik yaşlılar üçün nəzərdə tutulmuş kursuna daxil olmuşdur. 1902-ci ildə həmin təhsil ocağını əla qiymətlərlə başa vurmuşdur. O, daha sonra Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Lakin tələbə nümayişlərində iştirakına görə Universitetdən kənarlaşdırılmışdır. Yalnız bir il sonra Novorossiysk (hazırda Odessa) İmperator Universitetinin Tarix-filologiya fakültəsinə qəbul olunan Davud bəy 1907-ci ildə bu ali təhsil ocağını uğurla başa vurmuşdur.
Davud bəy ilk əmək fəaliyyətinə müəllim kimi başlamışdır. O, eyni zamanda, Azərbaycanın zəngin mədəni irsindən xəbər verən tarixi abidələri öyrənməyə maraq göstərmişdir. 1908-1920-ci illər ərzində Qazaxda, Qars şəhərinin fəhlə məktəbində, vaxtilə oxuduğu Tiflis oğlan gimnaziyasında və Bakı oğlan məktəbində müəllimlik etmişdir.
Davud bəy 1922-ci ilin oktyabr ayında , Azərbaycan Ali Qiyabi Pedaqoji İnstitutunda müəllimliyə başlamış, eyni zamanda, diqqətini elmi axtarışlara yönəltmişdir.
1923-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinə müdir təyin olunmuşdur. Beş il böyük inadkarlıqla bu çətin vəzifəni davam etdirən Davud bəy həmin müddətdə muzeydə zəngin arxeoloji və etnoqrafik fondlar yaratmışdır.
Davud bəy Şərifov 1923-cü ildə arxeoloji materiallar əsasında “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti yazmışdır. Daim elmi axtarışda və yaradıcılıq fəaliyyətində olan Davud bəy 1924-cü ildə müəllimlər üçün “Coğrafiya” adlı dərslik çap etdirmişdır.
1924-cü ildə Bakıda “Birinci Ümumazərbaycan diyarşünaslıq qurultayı” keçirilmişdir. İctimai və mədəni tədbirlərdən heç vaxt kənarda qalmayan Davud bəy Şərifov həmin qurultayın plenar iclasında “Azərbaycanda muzey işi” mövzusunda böyük proqram məruzə ilə çıxış etmişdir. Məruzədə respublikada muzey işinin vəziyyəti və gələcək inkişaf perspektivləri dərindən təhlil olunmuşdur. Məhz Davud bəy Şərifovun məruzəsi əsasında vaxtilə Azərbaycandan qanunsuz çıxarılmış maddi mədəniyyət nümunələrinin geriyə qaytarılması haqqında xüsusi qətnamə qəbul edilmişdir.
Davud bəyin səyi nəticəsində Azərbaycan Tarixi Muzeyində toplanan eksponatların sayı artıq 50 minə çatmışdır. Qeyd etməyə dəyər ki, muzey fondlarındakı misilsiz xalı nümunələri həmin il Moskvada açılan Ümumittifaq sərgisində nümayiş etdirilərkən yüksək tərifə layiq görülmüşdür.
Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların fövqəl əhəmiyyət kəsb etdiyini yaxşı bilən Davud bəy 1925-ci ildə o zamanki Şəki qəzasına və Qəbələ mahalına ilk arxeoloji səfər təşkil etmişdir.
Səfər zamanı elmə məlum olmayan bir sıra tarix və mədəniyyət abidələri qeydə alınmış, adı antik dövr və orta əsr tarixçilərinin əsərlərində çəkilən qədim Qəbələ şəhərinin yeri dəqiqləşdirilmişdir. Çöl axtarışlarına Davud bəy özü rəhbərlik etmişdi. Bu səfər, əslində, Azərbaycan arxeologiya tarixində milli mütəxəssislər tərəfindən təşkil edilən ilk elmi ekspedisiya olmuşdur.
Ekspedisiya 1926-cı ildə öz axtarışlarını daha da genişləndirmişdi. Nic kəndi yaxınlığındakı Yaloylutəpə adlanan qədim dəfn yerində aparılan qazıntı işləri ilə Qafqaz Albaniyasına aid mükəmməl bir mədəniyyətin izləri üzə çıxarılmışdı. Davud bəy Şərifovun başçılıq etdiyi arxeoloji axtarışlarda qədim Qəbələ şəhərinin tədqiqi xüsusi yer tutmuşdu.
Onun rəhbərliyi ilə Qəbələ şəhərinin yerində başlanan ilk arxeoloji işlər şəhərin tarixinin öyrənilməsinin perspektivlərini üzə çıxarmış, gələcək geniş miqyaslı qazıntılar üçün əsas olmuşdur.

1983 — Görkəmli alim, kriminalist, hüquq elmləri doktoru, professor, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) direktoru olmuş Firudin Eynulla oğlu Davudov 57 yaşında ikən avtomobil qəzası nəticəsində vəfat etmişdir.
Firudin Davudov 1926-cı il mart ayının 21-də Astara şəhərində anadan olmuşdur.
1944-cü ildə orta məktəbi bitirdikdən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş və II kursdan təhsilini Leninqrad Dövlət Universitetində (indiki Sankt-Peterburq Dövlət Universiteti) davam etdirərək oranı müvəffəqiyyətlə bitirmişdir.
Moskvada SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və 1955-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Bakı Elmi-Tədqiqat Kriminalistika Laboratoriyasının yaradıcısı olan F.E. Davudovun gərgin əməyi sayəsində bu laboratoriya sonralar İnstituta, mükəmməl bir elm ocağına çevrilmişdir.
O, uzun illər Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun direktoru olmuş, Azərbaycan üçün böyük mütəxəssis qrupu yaratmış, kriminalistika elminin inkişafına dəyərli töhfələr vermişdir.
Mühüm hadisələr və əlamətdar günlər:

Beynəlxalq Heyvanlara Qayğı Fondunun (IFAW) təşəbbüsü ilə 2002-ci ildən hər il 8 avqust Ümumdünya Pişik Günü kimi qeyd olunur:
Bu günün məqsədi dünyada pişiklərin problemlərinə diqqət çəkmək, onların həllinə nail olmaqdır. Eyni zamanda bütün heyvanlara mərhəmət hissi formalaşdırmaqdır.
Alimlər iddia edir ki, 9 min ildən çoxdur insanlarla birlikdə yaşayan pişiklər bəşər övladının evcilləşdirdiyi ilk heyvandır, onlar, təxminən, 9 min ildən artıqdır ki, insanların məskunlaşdığı yerlərdə yaşamaqdadırlar.
Əksər ölkələr bu qeyri-rəsmi günü 8 avqustda qeyd etsələr də, bir sıra ölkələrdə 20 fevral, 29 oktyabr tarixlərində qeyd olunur.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.