Qarı nənənin örkəni

Dilimiz varlığımızdır

Xalq arasında göy qurşağı (qövsi-qüzeh) belə adlanır.
Bəzən qarı nənə ifadəsi əvəzinə Fatma ana//nənə//xala ifadəsi işlənir. Ehtimal olunur ki, buradakı ana//nənə sözünün işlədilməsi totemizmlə əlaqədardır. Həmin ifadədə “örkən” yerinə bə zən də”hana” və ya “qurşaq” işlədilir.


Göy qurşağının yaranması yağış və ya dumanda olan su damlalarında müstəqim günəş (bəzən də Ay) şüalarının sınması nəticəsində meydana çıxan optik hadisədir. Yağış damlalarından keçən günəş şüası bu damlalarda sınaraq spektrin ayrı-ayrı rəngdə olan şüalarına çevrilir. Göy qurşağının rəngləri adətən belə sıralanır: xarici tərəfdən əvvəl qırmızı rəng gəlir, sonra narıncı, sonra yaşıl, sonra mavi və nəhayət, içəri tərəfdən kənarda bənövşəyi və ağ rəng olur. Bəzən də çox sıx dumanda xırda-xırda damlalardan ibarət tam ağ rəngli göy qurşağına təsadüf edilir.
Maraqlıdır ki, göy qurşağının yeddi rəngdə olduğunu Aşıq Şəmşir “Baharım” şeirində belə ifadə edir:


Olur şəfəqlərin nə dirək-dirək,
Yaşıl qurşağında yeddidirmi rəng?!
Necə fərəhlənir, gör, coşqun ürək,
Yetir ömrümüzü yüzə, baharım.


A.Səhhətin “İlk bahar” şeirində deyilir:


Göy üzündə bir qəşəng
Tağ
görünür yeddi rəng.
Gözəl qövsi-qüzehlər
Qəlbə verir fərəhlər.

B.Azəroğlunun “Dağ vüqarı” şeirində deyilir:

Bulud gələr, gurşad tökər, sellər-sular çağlayar,
Yeddi rəngli göy qurşağı ona kəmər bağayar.


Göy qurşağının yaranma səbəbini bilməyən qədim insanlar onun haqqında müxtəlif rəvayətlər düzəltmişdilər. Qədim babillilərin əqidəsinə görə göy qurşağı ilahə İştarın həmayilidir,qədim yunanların fikrincə isə ilahə İridanın təbəssümüdür.
Xristianlar iddia edirdilər ki, göy qurşağı allahın Nuha verdiyi belə bir vədin rəmzidir ki, bir daha tufan olub dünyanı su basmayacaqdır.
Göy qurşağının meydana gəlməsini təbii səbəblərlə izah etməyə çalışan italyan alimi Antonio Dominis 1625-ci ildə kilsə tərəfindən kafir elan edilib, ölümə məhkum olunmuşdu. Onun cəsədi və göy qurşağı haqqındakı kitabı kütlə qarşısında yandırılmışdı.
Adətən, göy qurşağı o zaman meydana çıxır ki, göyün bir tərəfində yağış yağdığı halda digər tərəfdə isə günəş çıxsın .Adətən, yağışı buludlar qərbdən şərqə tərəf irəliləyir, buna görədə səhər yaranan göy qurşağı göyün qərb hissəsində yağışın ya
xınlşdığını göstərir, axşam isə o, yağış damlalarının (göyün şərq tərəfində) uzaqlaşdığını göstərir. Beləliklə, göy qurşağına əsaslanmaqla yağışın kəsəcəyini və ya yağacağını əvvəlcədən dürüst müəyyənləşdirmək mümkündür.

R.Rza “Tək getmərəm” şeirində yazır:


Əlvan nənə qurşağı
bir an sonra əriyəcəkdir.
Nə onu saxlamağa qadirəm,
nə yaxşı insanları toplamağa
Göy qurşağı göydə qalınca.

M.Şəhriyar yazmışdır:


Qarı nənə uzadanda işini,
Gün buluddan əyirərdi teşini.
Qurd qocalıb çəkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Badyaların südü aşıb-daşardı.

S.Rəhimovun “Macəra” hekayəsində deyilir: “Leysan yağışından sonra Fatma ana göydə hanasını, anam da eyvanda sacını asmışdı”.


Bu ifadə Ə.Əbülhəsənin “Utancaq” povestində beləişlə dilmişdir: “Maya onu löyünbəlöyün pijamalarda görmüşdü. Bugünkü pijama isə daha tamaşalı idi. Qarı nənənin qurşağı təki bu əlvan pijama şölə saçırdı”.


C.Bərgüşadın “Boz atın belində” romanında Həcərin xalçası təsviir olunarkən deyilir: “Çəmənyurd elə bil xalçayaköçmüşdü. Fatma xala hanasını sanki səmada yox, bu xalçanın üstündə asmışdı”.


Xasay Cahangirovun “Müjdə gətirər” şeirində deyilir:
Əlvan hanasıyla Fatma nənəmiz
Bəzəyər göylərin nurlu qoynunu –
Bahar gələndə.
İfadədəki “nənə” sözü ilə əlaqədar Nəsir Rzayevin aşağıdakı qeydləri diqqəti cəlb edir:
“Şumerlər bolluq ilahəsinə nənə deyirdilər. Dilimizdəki “nənə” sözü isə ola bilsin qədim Azərbaycanda bolluq ilahəsinin adı olmuş, yaxud ana nsli dövründə qəbilə başçısına verilmiş addır ki, sonrakı dövrlərdə ailə başçısının adına çevrilmişdir. Hə
min “nənə” termini ilə əlaqədar olan “Ay nənə!” mahnısı Lənkəran rayonunda çox geniş yayılmışdır. Bu, nənəyə – bolluq ilahəsinə, yaxud qəbilə başçısına həsr edilmiş qədim dini ayin mərasiminin kiçik bir hissəsini, bir mahnısını təşkil edir.
Qədim Azərbaycanda bolluq ilahəsinin obrazına həsr edilmiş heykəllər də yaradılmışdır”.
Daha bir neçə fakt. Qədim türk xalqlarının mifologi yasında uşaqları və heyvan balalarını mühafizə edən Umay//Humay qadın ilahəsidir. Habelə insanların səadətini, rifahını qoruyan ailə tanrısı Atəş adlanırdı ki, buna Od və ya Ot inə (Od nənə) də deyilirdi. Həyat qaynağı günəş – Gün İnə də qadın tanrıdır. Xü
susilə Ot inə ifadəsinin Fatma nənə şəkli alması çətin deyildir.
Umay (Humay) adına müxtəlif türkdilli xalqların ən qədim abidələrində təsadüf olunur. Qədim Orxon yazılı abidələrindən məlum olur ki, hələ VII –VIII əsrlərdə qadın ilahəsi, məhsuldarlıq ilahəsi Umaya sitayiş edirdilər. Məşhur Tonyukuk
abidəsində Umayın adı “Tanrı” adı ilə yanaşı çəkilir. Hamilə qadınlara himayəçilik edən Umayın adı hərfi mənada “doğan” deməkdir. Bu tanrı Süd gölü sahilində “yaşayır”. Bir sıra türk xalqlarında (qırğız, öxbə, yakut və s.) da
May (Umay) nənə kultu yayılmışdır. Yenicə doğulan körpələrin hamisi May-enə (Umay ana //nənə) məşhurdur.
Bu qarı nənəyə, Böyük anaya (Böyük İlahəyə) sitayiş Şərqin bir çox ölkələri üçün səciyyəvidir. Adətən, Böyük Ana torpaq, bərəkət ilahəsi hesab olunmuşdur. Çox yüksək nüfuzu olan Böyük Ana (qarı nənə) təbiətin özünü təmsil edirdi. O həm
də bütün allahların anası, heyvanların hamisi, təbiətin sahibi idi.
On beş-otuz min illər bundan əvvəl Avropa və Asiyanın bir sıra xalqlarının nəzərində qadın (nənə, ana) torpağın anası və hökmdarı olmuşdur. Qadın obrazı Böyük ana (nın) simasında madər şahlıq dövründə ümumiləşdirilib ilahiləşdirilmişdi.
Dünyanın yeddi möcüzəsindən biri – Kiçik Asiyada Efesli Artemida məbədi əslində Böyük Ana şərəfinə ucaldılmışdır.
Qeyd etmək lazımdır ki, Fatma nənə //ana, qarı nənə söz və ifadələri eyni mənada daha başqa anlayışları bildirmək üçün işlədiir. Məsələn, xanımböcəyi və ya parəbüzən adlandırılan cücü müxtəlif dialektlərdə ya “Fatma nənənin böcəyi” (Naxçıvan), ya “Nənəm quşu”, ya “Nənəm, uç” ya da sadəcə “Fatma”(Lənkəran) adı ilə tanınır. Uşaqlar bu böcəyə “Fatma! Fatma!
Nənəm gəlib uç, uç, uç” – deyə müraciət edirlər.


R.Rzanın “Nənəm, uç!” şeiri belə başlayır:


Balaca bir cücü var,
“Nənəm uç” deyirlər adına.
Üstü qara qırmızı xal-xal
Ovcuma allardım onu
Nənəm uç, uç! – deyə.


Bu da diqqəti cəlb edir ki, Azərbaycanın bəzi kəndlərində arvadın meyidini yuyan xüsusi qadınlar olur. Ölü yumaq üçün onların işlətdiyi lif “Fatma ananın saçı” adlanır. Habelə dilimizdə “Mənim əlim deyil, Fatma ananın əlidir” ifadəsi bir ovsun kimi işlənirdi.

Musa Adilov – Filologiya elmləri doktoru, professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.