Bizim cəmiyyətdə Ana olmaqdan imtina – Mümkündürmü? Mən inanmıram

Sosial

İnsan nəslinin davamı

İnsan nəslinin davamı və cəmiyyətin mövcudluğu bir həqiqətə bağlıdır: qadının ana olması. Dünya, ailələr, nəsillər bu nemətə görə qadınlara borcludur. Tibbi, psixoloji və sosial baxımdan sağlam olan hər bir qadın, təbiətin ona bəxş etdiyi bu qabiliyyəti həyata keçirməyə meyllidir. Ana olmaq, çox vaxt qadının ən böyük arzusu, həm də iki ailənin sevincidir.

Fərqli düşünənlər

Lakin bəziləri fərqli düşünür. Bir internet resursunda oxuduğum kimi, ana olmaq istəməyən qadınlar da var. Məsələn,  bir ana deyir:
“Ailə və uşaqlar qadından bütün vaxtını, enerjisini və pulunu tələb edir. Mən həmişə sərbəst yaşamaq istəmişəm. Eqoist deyiləm, sadəcə, nə istədiyimi bilirəm. Necə ki, ana olmaq istəyənlər öz istəklərini bilirlər.”

Başqa bir ana  isə yazır:

“Ana olmadığıma görə peşmanam. Vaxtında düşünürdüm ki, hər qadın ana olmalı deyil. İndi isə 39 yaşım var və bunun üçün gecdir. Dostlarımın uşaqları böyüdükcə onlara paxıllıq edirəm. Mən bu xoşbəxtliyi yaşamadım.”

Təbiətin qanunu

Mənim fikrimcə, sağlam məntiqlə  qadının izdivaca razı olub, amma ana olmaq istəməsi qəbul edilə bilməz. Təbiət hər şeyin öz vacibatını yaradıb. Əgər qadın analıqdan qaçırsa, bu, təkcə şəxsi seçim deyil, həm də cəmiyyətin gələcəyinə təsir edən məsələdir.

Keçmişdən bu günə

Keçmişdə kəndlərimizdə hər həyət uşaq səsi ilə dolu idi. Beşiklər, nənnilər, ipdə asılmış körpə paltarları həyatın adi mənzərəsi idi. İndi isə uşaq sayı azalıb. Pampers, beşik var, amma analıq nəvazişi, ana laylası yoxa çıxır. Dayəyə həvalə olunan uşaqlar sevginin ən vacib hissəsini itirirlər. Sevgi və nəvazişdən məhrum böyüyən uşaqlar isə sonradan cəmiyyət üçün narahatlıq yaradan davranışlar göstərə bilərlər.
Bir bağça üçün verilmiş qəbul elanında gördüyüm detal məni düşündürdü:  uşağın bağçaya götürülməsi üçün lazım olan sənədlərin siyahısında anasının  bir jaketi də istənilirdi. Sən demə, bu bağçada  uşaq sakitləşməyəndə üstünə anasının jaketini salırlar. Deməli, ananın ətri belə möcüzə yaradırsa, o uşaq üçün ananın varlığı, səsi, sevgisi hava və su kimi vacibdir.

Dünya təcrübəsi

Bəzi ölkələrdə gənc qadınların uşaq sahibi olmaqdan imtina etməsi geniş yayılıb. Cənubi Koreya, Yaponiya, Almaniya, Ukraynada bu tendensiya açıq şəkildə görünür. Səbəblər kimi iqtisadi çətinliklər, karyera istəyi, müstəqillik arzusu göstərilir. Hətta bəziləri biomateriallarını gələcəyə saxlayır ki, istəsələr, sonradan hamilə qalsınlar.
Amma mənə görə əsas səbəb başqadır – ailə institutunun aşınması. Sevgi, qarşılıqlı hörmət, etimad azalır. Evdə münaqişə, xəyanət, hörmətsizlik varsa, orada böyüyən qız ana olmağa, oğlan ata olmağa tələsməyəcək. Əksinə, ata-ananın bir-birinə olan sevgisi və ehtiramı övladlara ən gözəl nümunədir.

Qız övladına dəyər

Peyğəmbərimizin “Əgər fərq qoymaq lazım gəlsəydi, qızlarımı seçərdim” kəlamı, ulularımızın “qız qızıldır” nəsihəti boşuna deyilməyib. Qız övladına, gələcək anaya verilən dəyər bütün nəsillərin sağlamlığına təsir edir.
Lakin bu gün mətbuat və televiziya çox vaxt şou nümayəndələrinin fikirlərini önə çıxarır, ailə dəyərlərini ikinci plana keçirir. Bu da gənclərin həyat seçimlərinə təsirsiz ötüşmür.

Peşmanlıq səsi

Sonda bir nümunə ilə bitirmək istəyirəm. Ana olmadığını deyən qadın peşmanlığını belə ifadə edirdi:
“Əvvəllər ana olmağı istəmirdim. İndi başa düşürəm ki, həyatım daha mənalı olardı. Artıq gecdir…”

Nəticə

Ana olmaq – təkcə bir uşağı dünyaya gətirmək deyil, həm də gələcəyə sevgi, qayğı, mərhəmət bəxş etməkdir. Bu nemətdən könüllü imtina etmək, məncə, həyatın ən böyük hədiyyəsini qəbul etməməkdir.