Tarixdə bu gün
İlin 230-cu (uzun illərdə 231-ci) günü.
Mühüm hadisələr:

1919 – Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsi təsis edilmişdir.
Doğum günləri:

1939—Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Hacı Murad Hacı Əhməd oğlu Yagizarov Bakıda anadan olub.
Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olmuşdur
Atasını varlı olduğu üçün 1917-ci ilin sosialist inqilabından sonra bütün ailəsi ilə Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə, Bakıya gəlib.
Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958-1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.

2001— AzTV-nin solisti, VI Muğam Müsabiqəsinin qalibi Almaxanım Vüqar qızı Əhmədli Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
2006-2014-cü illərdə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017- ci ildə Bakı şəhəri M.Ə.Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin “Muğam” şöbəsini qırmızı diplomla bitirmişdir.
2014-cü iln mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi “Bürünc” medala layiq görülmüş və diplomla təltif olunmuşdur.
2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi – baş mükafatçısı olmuş, “Qran Piri” mükafatı ilə təltif olunmuşdur. Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun “Qızıl Fond”unda saxlanılacaq.
2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir.
Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsini bitirmişdir.
Vəfat etmişdir:

1850 — XIX əsr görkəmli fransız yazıçı-dramaturqu, adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş Onore de Balzak 51 yaşında vəfat etmişdir.
Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri – “Bəşəri komediya” və ya “İnsan komediyası” (La Comédie humaine) adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Bu epopeyaya “Şaqren dərisi”, “Yevgeniya Qrande”, “Qorio ata”, “Sezar Biroto”, “İtirilmiş illüziyalar” Vadidəki Zambaq və digər romanlar daxildir.
Balzak 20 may 1799-cu ildə Fransanın Tur şəhərində anadan olmuşdur.
Balzak bütün Avropanı lərzəyə gətirən 1789-1794-cü illər burjua inqilabından sonra yaranan mühitdə yetişmişdir. O, Fransada Napoleonun hakimiyyəti, mütləqiyyət üsuli-idarəsinin bərpası və yenidən devrilməsi, 1830-cu il iyul inqilabı ilə əlaqədar hadisələrin, 1848-ci il inqilabını yetişdirən ictimai-siyasi çaxnaşmaların bilavasitə şahidi olmuşdur. Nə Balzakı, nə də onun yaradıcılığını fransız xalqının bu əzəmətli, eyni zamanda keşməkeşli illərdə qazandığı siyasi-inqilabi təcrübədən, tərəqqidən ayrı təsəvvür etmək olmaz.
Balzakın ən böyük vəzifəsi və məqsədi bütün cəmiyyətin tarixini əks etdirməkdir. Bu məqsəddə o, ictimai hadisələrin, nəhəng tiplər yığınının, ehtirasların, əhvalatların, ümumi əsasını öyrənmək, aşkar etmək, bu cəmiyyətin həyatının mənzərəsini, bütün tarixçilərin unutduğu bir sahəni – əxlaq və adətlərin tarixini yaratmaq qərarına gəlir. Uydurulmuş faktları deyil, ətrafda baş verən hadisələri, insan qəlbinin, ictimai münasibətlərin tarixini canlandırmağa qərar verir. Öz coğrafiyası, ailələri, məskənləri, şəraiti, iştirakçıları və faktları, gerbi, zadəganları, burjuaları, rəssamları, kəndliləri, siyasətçiləri, ədabazları, ordusu, bir sözlə, bütöv dünyası olan bir abidə yaratmağı qət edir.
Yuxarıda haqqında danışılan dayaqsız bu nəhəng ədəbi-estetik və fəlsəfi niyyət, bunsuz isə dahi sənətkarın bütün ömrünü həsr etdiyi 97 novelladan, povestdən və romandan ibarət ölməz epopeyası – “Bəşəri komediya” yarana bilməzdi.

1943 — Rusiya imperator ordusunda artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini Əliağa İsmayıl ağa oğlu Şıxlinski 80 yaşında vəfat etmişdir.
Əliağa Şıxlinski 1863-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub.
1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayıb. 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib. 1904-1905-ci illər Rus-Yapon müharibəsində batareya komandiri kimi iştirak edib. Port-Artur qalasının müdafiəsi zamanı xüsusilə fərqləndiyinə görə “Qızıl qılınc” mükafatına layiq görülüb.
Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsinə yüksəlib. 1910-cu ildə dərs vəsaiti kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” kitabı çap olunub. Bundan əlavə, “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib. Əliağa Şıxlinski 1912-ci ildə artilleriya sənətinin inkişafına verdiyi töhfələrə görə general-mayor rütbəsinə layiq görülüb və çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.
I Dünya Müharibəsi zamanı onun hərbi bacarığını yüksək qiymətləndirən rəhbərlik Petroqradın artilleriya müdafiəsini məhz general Əliağa Şıxlinskiyə tapşırıb. Sonralar o, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olunub.
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra general Şıxlinski vətənə qayıdıb və dekabr ayında hərbi nazirin müavini təyin edilib.
1920-ci il aprel ayının 27-də Bolşevik Rusiyası Azərbaycana soxularkən Əliağa Şıxlinski hərbi nazir vəzifəsini icra edirdi. Müqavimətin mümkünsüz olduğunu görən general rus ordusuna silah qaldırmadı və bunun müqabilində sovet hökuməti ona toxunmadı.
Bundan sonra Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışmağa başladı. 1921-ci ildə Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi və bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini vəzifəsində çalışdı. Sonradan Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi fəaliyyət göstərən general 1924-cü ildə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edildi.
General-leytenant Əliağa Şıxlinski 1929-cu ildə istefaya çıxmışdır.
Xidmət etdiyi müddətdə I-IV dərəcəli Anna, I-III dərəcəli müqəddəs Stanislav, II-IV dərəcəli Vladimir, IV dərəcəli Georgi ordenləri, bir çox medallar, həmçinin Fransanın bir sıra yüksək hərbi ordenləri ilə də təltif olunmuşdu.
Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də Bakıda vəfat edib və Yasamal rayonundakı şəhər qəbiristanlığında dəfn olunub.

1991 — Tanınmış dilçi, ədəbiyyatşünas, pedaqoq Əkrəm Cəfər 86 yaşında vəfat etmişdir.
Əkrəm Cəfər 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur.
1920-ci ilni oktyabrında Bakıya gələrək “Darlmüəllimin”ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ “Bakı Darülmüəllimi”ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi “Maarif və mədəniyyət”, “Şərq qadını” jurnallarında şeirlərlə çıxış etmişdir.
1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir.
Ə. Cəfər təhsil almaqla yanaşı 1929-1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur. O, M. Qorki adına Ədəbiyyat institutu, Moskva vilayəti axşam və qiyabi pedaqoji institutlarında da ümumi dilçilik fənnini tədris etmişdir.
1935-ci ildə aspiranturanı bitirərək Moskvada iki ilə yaxın elmi işçi vəzifəsində çalışmışdır. 1937-ci ildə Bakıya qayıdan Ə. Cəfər əvvəlcə Azərbaycan Pedaqoji institutunda, sonra isə Azərbaycan Dövlət Universitetində kafedra müdiri olmuşdur.
Ə. Cəfər Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində səmərəli fəaliyyət göstərmişdir. O, 1941-ci ildə “XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələri” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cu ildə isə “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə” adlı dissertasiyanı müvəffəiyyətlə müdafiə edərək filoloji elmlər doktoru adı almışdır.
Ə. Cəfər “Dilşünaslıq elementləri”, “Müasir Azərbaycan dili oçerkləri” kitablarını və bir çox elmi tədqiqat əsərlərinin və məqalələrin müəllifidir. “Azərbaycan dilinin izahlı lüğəti”nin çapa hazırlanmasında onun də böyük əməyi vardır. O, bir şərqşünas alim kimi bir sıra beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşdur.
Əkrəm Cəfər 1954-cü ildən Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, sonra isə Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.
Bayram və xüsusi günlər:
18 avqust Azərbaycan Respublikası Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür.

18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib. Prezident Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılmışdır. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının komandanı təyin edilib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.