Tarixdə bu gün

İlin 239-cu (uzun illərdə 240-cı) günü.

Mühüm hadisələr:

1883 – Krakatau vulkanının püskürməsi nəticəsində yaranan sunamidən İndoneziyada 36 min insan həlak olmuşdur.

1939 – Alman mühəndisi Ernst Heynkelin quraşdırdığı reaktiv mühərrikli təyyarənin ilk uçuşu baş tutmuşdur.

1955 – Ginnesin rekordlar kitabı Böyük Britaniyada satışa buraxılmışdır.

1992 – Azərbaycan Respublikası Qvineya Bisau ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1871 — Məşhur amerikalı yazıçı Teodor Drayzer İndiana ştatının Terre-Hote şəhərində anadan olmuşdur.

Drayzer “Kerri bacı” ,”Cenni Herhardt” , “Arzular trilogiyası”: ” Maliyyəçi”, “Titan”, “Dözümlülük” (tamamlanmamış), “Dahi”, “Amerika faciəsi” , “Dayaq” kimi məşhur romanların, “Vur, təbil!” pyesinin, həmçinin “Drayzer Rusiyaya baxır”, “Faciəli Amerika” və “Məktublar” publisistik əsərlərin müəllifidir..

Teodor Drayzer 1945-ci il dekabrın 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat etmişdir.

1921 – Azərbaycan respublikasının Dövlət Mükafatı Laureatı, yazıçı, şair, dramaturq, jirnalist Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) Bakıda Xızı kəndində dоğulub. Bir müddət “Kоmmunist” və “Оrdu” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Seyfəddin Dağlı uzun müddət “Kirpi” jurnalının baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasında ssenari redkollegiyasının üzvü, “Yazıçı” nəşriyyatında redaktor işləyib. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı ilk kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Pyesləri Akademik Milli Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur.

1937 — Azərbaycan ədəbiyyatşünası- filologiya elmləri doktoru, professor; publisist, dilçi, yazıçı və tərcüməçi Qəzənfər Məhəmməd oğlu Paşayev Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub.

1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. “Kərkük bayatıları” , “Arzu-Qənbər dastanı”, “İraq kərkük atalar sözləri”, “İraq kərkük bayatıları”, “Kərkük tapmacaları”, “Kərkük folklor antologiyası”, “Nəsiminin İraq divanı”, “İraq Türkmən folklore” və b. kitabları nəşr edilmişdir. A.Dümanın “Qafqaz səfəri”, “Necə yaşayasan yüzü haqlayasan” və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandıran “Altı il Dəclə və Fərat sahillərində” kitabı oxucular arasında əl-əl gəzdi. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu.

Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir.

2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda “İraq-türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır.İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş , Kərkük vəqfinin və türkman cəbhəsinin diplom və yüksək mükafatlarına layiq görülmüşdür. Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi”,”İraq bizə iraq deyil” və s. kitablar nəşr edilmiş, şair H.Kürdoğlunun “Tovuzum mənim, Oğuzum mənim” poeması Q. Paşayevə həsr olunmuşdur.

2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

1942 — Görkəmli şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur.

1949-1959 – Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.

1959-1964 – BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1965-1968 – Tbilisi Dövlət Universitetində aspirant.

1978-ci ildən professordur.

1981-1991 – BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.

1989 – İraq Elmlər Akademiyası, 1994 – İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 – Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 – Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.

1991-1992 – BDU-nun prorektoru.

1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.

1992 – Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.

2001 – AMEA-nın müxbir üzvü seçilmişdir.

2007 – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.

30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir.

Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

1951 — Azərbaycan Respublikasının Əməkdar artisti, kaman ustası Mirnazaim Müştəba oğlu Əsədullayev Bakı şəhərində anadan olmuşdur.

1969-1973 cü illərdə Tarixdə bu gün – 27 avqustAsəf Zeynallı adına Dövlət Musiqi texnikumunda təhsil aldıqdan sonra o, 1976-1981 ci illərdə Üzeyir Hacıbəyov adına Musiqi Konservatoriyasının kamança ixtisası üzrə ali musiqi savadı almışdır. Bir ifaçı olaraq peşəkar fəaliyyətə 1971-1976 cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin XCA orkestrində birinci kamancacı kimi başlamışdır. 1969 cu ildən Baba Salahov adına XCA ansamblında işləyərək Azərbaycanın ən məşhur, şöhrətli xanəndələrindən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov və onlarla digər xanəndələri müşayət etmişdir. 1992- ci ildə Fransada Mirnazim Əsədullayevin ifasında milli muğamlarımız yazılmış kompakt disk buraxılmışdır. Mirnazim Əsədullayev ifaçılıqla yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir:”İnstrumental ifaçılıq” kafedrasının dosentidir. Bu kafedra üçün “İnstrumental İfaçılıq” ” Kamanşa ” və “Qanun ” alətləri üçün İxtisas və Muğam, Orta İxtisas Musiqi Məktəbləri üçün “Kamança” ixtisası üzrə İxtisas və Muğam proqramlarının, eləcə də ” Şur muğamının tarixinə dair” və ” Şur muğamının ifaşılıq xüsusiyyətləri” adlı metodik vəsaitlərinin müəllifidir.

Vəfat etmişdir:

1937 — Tanınmış yazıçı Əliabbas Müznib (Əli Abbas Mütəllibzadə) 54 yaşında represiyaya məruz qalaraq güllələnmişdir.

ƏliAbbas Münzib 1883-cü ildə Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. “Zənbur” (1909-1910), “Səhabi saqib” (1911), “Babayi-Əmir” (1915-1916) və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınmışdır.

“Yusif və Züleyxa” (1914), “Tiran rolu” (1917), “Nəsrəddin məzhəkələri” (1927), “Aşıq Pəri və müasirləri” (1928) və s. kitabların müəllifi olmuşdur.

İlk şeirlərini 1907-ci ildən başlayaraq “Təzə Həyat”, “İttifaq”, “Zənbur” kimi qəzet və jurnallarda nəşr etdirən Əliabbas Müznib, qısa bir müddət sonra, 1910-cu ildə “Hilal” adlı bir qəzeti nəşr etdirmiş; həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mət-buatda ikən müsadirə olunmuşdur. Buna səbəb, Müznibin “Hökumət, ah bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd” misraları ilə başlayan şeiri olmuşdur. Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazmışdır: “Namusu qatı, garet etməklə kazanmak olmaz, bəlkə hüquqi-vətən yolunda ölmekle olar. Görürsünüzmü, ata babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul menasmda olmuş; bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi mühekkek olmuştur … geyretli cavanlarımız; namuslu olmadığınız biri birinizi öldürməklə olmaz, o binamusluğdur. Əlimizdən gedən ihtiyaratm istirdadına çalımaxla sübut oluna biler “.

1911-ci ildə Müznib hökumətə tənqid istiqamətli yazılarına görə çar hökuməti tərəfindən Sibirə ömürlük sürgün edilir.

1956-da dövlət tərəfindən günahsızlığı etiraf edilib. Ölümündən sonra bəraət alan Müznibin əsərləri hələ toplanıb nəşr olunmamış, yaradıcılığı tədqiq edilməmişdir.

1964 — Sovet İttifaqı Qəhrəmanı Fariz Məcid oğlu Səfərov 44 yaşında vəfat etmişdir.

Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir.

Ongünlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur.

1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır. Düşmən sahilə yaxınlaşmağa 10-15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər. Ağır döyüşlərə baxmayaraq, düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır. Alman Ordusuna məxsus xeyli döyüş sursatı, texnikası ələ keçirilir. Tezliklə Sovet ordu hissələri Dnepr çayını keçərək hücuma başlayır.

19 mart 1944-cü il tarixində SSRİ Ali Sovetinin Qərarı ilə Səfərov Fariz Məcid oğlu Sovet İttifaqı Qəhrəmanı adı alır (medal № 3452).

Fariz Səfərov müharibədən sonra da ordudan ayrılmamış və 1957-ci ildə mayor rütbəsində ehtiyata göndərilmişdir. O, 27 avqust 1964-cü ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ləki qəsəbəsində Fariz Səfərovun ev muzeyi açılmış, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə guşə yaradılmışdır.

1992— Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayev 23 yaşında Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir.

1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilmişdir. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilmişdir. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılmışdır. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulmuşdur. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilmşdir. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıtmışdır. 1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Şövqiyar Cəmil oğlu Abdullayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəıxri adına layiq görülmüşdür.

29 avqust 1992-ci ildə Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.

1998 — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın və Çeçenistanın Əməkdar incəsənət xadimi, Azərbaycan Redspublikasının Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadə 69 yaşında vəfat etmişdir.

Tofiq Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlamışdır.Bir çox filmlərin quruluşçu rejissoru olmuşdur. Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

Tofiq müəllim “Görüş”lə gəldi sənətə. “Görüş” onu əbədi olaraq bu sənətə bağladı. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var. O, çəkdiyi filmlərdə professional kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.

Tofiq Tağızadə bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.

Onlar bizim tariximizdir, bizim mənəvi varlığımızdır. T.Tağızadə Ü.Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli “Arşın mal alan” bədii filminin quruluşçu rejissorudur. “Yeddi oğul istərəm” filmində ziddiyyətli məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön vermişdir. Gəray bəyin, Bəxtiyarın obrazlarını çuğlaşdıran münaqişələr fonunda rejissor ictimai münasibətləri açıqlayır. İnsanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır. “Bağ mövsümü” isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir. Bu böyük sənətkarın xatirəsi kinonu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!