Tarixdə bu gün

İlin 244-cü günü (uzun illərdə 245-ci). İlin sonuna 121 gün qalır.

Mühüm hadisələr:

1919 – Azərbaycan Demokratik Respublikasının parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu.

1992 – Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr qurmuşdur.

Doğuml günləri:

1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə Bakıda dənizçi ailəsində anadan olub. O, balaca olanda İməhərrəmlik günlərində məhlə uşaqlarından ibarət tamaşaçılar qarşısında tez-tez səhnəciklər düzəldirmiş. Vaxt tapan kimi gedib baxdığı tamaşalar onda dərin təəssürat oyadır.

İsmayıl Hidayətzadə sənətə gəldiyi illərdə aktyorların əksəriyyəti kimi özünü faciə aktyoru Hüseyn Ərəblinskiyə bənzədirdi. Cəfər Cabbarlının ciddi təhriki ilə İsmayıl Hidayətzadə xarakter rollar oynamağa keçmiş, “Sevil”dəki Əbdüləli bəyin ifasında qazandığı sənət nailiyyətindən sonra bu səpkili obrazların əvəzsiz yaradıcısı kimi şöhrətlənmişdi. Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd (“Almaz”, “1905-ci ildə”, “Oqtay Eloğlu” və “Dönüş”, Cəfər Cabbarlı), Şvandiya (“Lyubov Yarovaya”, Konstantin Trenyov), Şmaqa (“Günahsız müqəssirlər”, leksandr Ostrovski), Hacı Qara (“Hacr Qara”, Mirzə Fətəli Axundzadə), Cücə və Şakro (“Topal Teymur” və “Knyaz”, Hüseyn Cavid), Pyer (“İki yetimə”, Adolf D’Enneri və Germon), Rəmzi (“Tələbələrin kələyi”, Brandon Tomas), Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə) Baron (“Yurdsuz insanlar”, Maksim Qorki) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilib.

“Almaz” filmində Şərif roluna çəkilib. Aktyor yaradıcılığına görə Azərbaycan Respublikasının əməkdar artisti (25 aprel 1933) və rejissor axtarışlarındakı nailiyyətlərinə görə xalq artisti (4 dekabr 1938) fəxri adları ilə təltif olunub.

İsmayıl Hidayətzadə 1 noyabr 1951-ci ildə Bakıda vəfat edib.

105

1920  — Məşhur Azərbaycan tarixçisi, Milli Elmlər Akademiyasının  müxbir  üzvü Mahmud Əliabbas oğlu İsmayılov Şəkidə anadan olmuşdur.

1937-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. O, 1941-ci ildə təhsilini başa vurub Qusar rayonunda tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1942-ci ildə orduya çağırılaraq İkinci Dünya müharibəsində iştirak etmişdir.

Mahmud İsmayılov 1946-cı ildə ordudan tərxis edilmiş və həmin ildən ömrünün sonunadək həyatını Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə bağlamışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda laborantlıqdan institutun direktoru müavinliyinə qədər müxtəlif vəzifələr tutmuşdur.

Mahmud İsmayılov 1949-cu ildə namizədlik, 1960-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin öyrənilməsinə həsr etdiyi əsərlərinin tarixşünaslığımızda xüsusi yeri vardır. Alimin Azərbaycan iqtisadiyyatının, xüsusilə də neft sənayesinin inkişafı tarixinə dair apardığı tədqiqatlar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, çoxcildlik “Azərbaycan tarixi”nin müəlliflərindən və redaktorlarından biri idi. Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı dövrdə Mahmud İsmayılovun çap etdirdiyi elmi-publisistik yazıları tarixi saxtalaşdıran erməni millətçilərinə tutarlı cavab idi.

Mahmud İsmayılov bədii yaradıcılıqla da məşğul olurdu. Azərbaycan xalqının keşməkeşli taleyi, böyük tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyəti onun romanlarında öz əksini tapmışdır.

Mahmud İsmayılovun tarix elminin inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O,  Əməkdar elm xadimi  adına layiq görülmüş, bir sıra orden və medallarla təltif edilmişdir.

Mahmud İsmayılov 16 avqust 2001-ci ildə vəfat etmişdir.

1931 – Tanınmş aktyor  Fazil İdris oğlu Salayev Bakıda dünyaya gəlib.

Əslən Cənubi Azərbaycandandır. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış.Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur.Teatr İnstitutunu bitirən F.Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq işinin dəyərləndirilmədiyini görüncə, musiqili Komediya Teatrına üz tutur.

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu “Möcüzələr adası” filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı “Ulduz” filmində müxbir rolunu oynayır. Ardınca “Alma almaya bənzər” filmində Mehdi,”Bizim Cəbiş müəllim” filmində Mıqqı, “Bir cənub şəhərində” Fazil, “Dərviş Parisi partladır” filmində Qulaməli kimi yaddaqalan obrazlar yaradır. “Azdrama”dan küsüb getdiyi illərdə isə “Mozalan” satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd obrazı isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxarır. Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla “danışmağın” bənzərsiz nümunəsidir. Bir vaxtlar televiziya ekranlarında gedən “Komediyalar aləminə səyahət” verilişində tez-tez səhnəciklərdə çıxış etmişdir.

İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da,oynadığı rolları,gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.İllər keçsə də,onun yaratdığı rollara və filmlərə maraq itməyib,sevilə-sevilə baxılır.Çox acı təsadüf oldu ki, sənətkar 1976-ci il iyunun 20-də 44 yaşında kiçik qızı Ofeliyanın doğum günündə həyata “əlvida” dedi.

80

1945 — Tanınmış aktyor, Xalq artisti Vidadi Hüseyn oğlu Əliyev Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Elə həmin ildən etibarən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988-2000-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olub.

Aktyor kimi 180-nə yaxın tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Onun Balaş (“Sevil”, Cəfər Cabbarlı), Əsgər bəy (“Arşın mal alan”, Üzeyir Hacıbəyov), Florella (“Axırı xeyir olsun”, Uilyam Şekspir), Fikrət (“İkinci səs”, Bəxtiyar Vahabzadə), Yaşar (“Yaşar”, Cəfər Cabbarlı), Bəhram (“Solğun çiçəklər”, Cəfər Cabbarlı), Musa kişi (“Toy”, Sabit Rəhman), Volodya (“Tribunal”, A. Makayonok), Rüstəm (“Sən nə üçün yaşayırsan?”, Həsən Seyidbəyli), Ata (“Qum üstündə ev”, Rüstəm İbrahimbəyov), Kərəm dayı (“Unuda bilmirəm”, İlyas Əfəndiyev) kimi obrazları tamaşaçı alqışlarını qazanıb. “Bayquş gələndə”də Kamil, “Küçələrə su səpmişəm” filmində Əziz, “Sarı gəlin”də ata obrazlarını yaradıb. Rejissor kimi böyük bir neçə tamaşaya quruluş verib: “Tribunal” (A.Makayonok), “Əkizlər” (P.Paçev), “Qısqanc ürəklər” (M.Haqverdiyev), “Təklif” (A.P.Çexov), “Oğru” (M.Birkiyev) və s.

1949— Sevimli aktyor, Azərbaycanın Əməkdar artisti Atabala Osman oğlu Səfərov  anadan olub.

1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb.

1972-1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir.

1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir.

Bu müddətdə o “Subaylarınızdan görəsiniz” tamaşasında Seyfi, “Səhnədə məhəbbət”də Milyonçu, “Bir saat xəlifəlik”də Bəhlul Danəndə, “Bir günlük siğə”də Qazi, “Şeytanın yubileyi”ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir.

1951 — Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Kərimov Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil almışdır.

Universiteti bitirdikdən sonra bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışmışdır.

1988-ci ildə erməni təcavüzü baş qaldıranda,   Kazımağa da  silaha  sarılaraq torpaqlarımızın müdafiəsinə qalxmışdır.   Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunmuşdur. Kazımağa baş leytenant rütbəsində  Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandirlik etmişdir.   1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda   Kazımağa Kərimov ağır yaralanır. Onu hərbi hospitala çatdırsalar da, nhəyatını xilas etmək mümkün olmur.

 Kazımağa 15 iyun1992-ci ildə ömrünün   gözlərini əbədi olaraq  yumur.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Kazımağa Kərimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bu gün  Bakı şəhərindəki küçələrdən biri qəhrəmanın adını daşıyır.    Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd Mədəniyyət evi də Kazımağanın adınadır.

Goranboy rayonunda şəhid Milli Qəhrəmanın büstü qoyulub.

1969 –  Milli  Qəhrəman Natiq İlyas oğlu Əhmədov Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur.

O,  orta məktəbi Ağdam rayonunun  Novruzlu kəndində bitirmişdir. Təhsildən sonra   Kalininqrad şəhərində hərbi xidmətdə olmuşdur.

Qarabağ uğrunda döyüşlər başlayanda  o da mənfur düşmənlərə qarşı döyüşlərə atılmışdır.  Natiq düşmənlərə qarşı  bir neçə əks hücumlarda iştirak etmişdir.

26 sentyabr 1991-ci ildə Nadir Əsgərandan Xocalıya gedərkən onun içərisində olduğu maşın erməni quldurlrının  pusqusuna   düşmüş,  ermənilər   maşını sürəkli atəşə tutmuşlar. Natiq aldığı güllədən  vəfat etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.

Vəfat etmişdir:

1924 — Məşhur milyonçu və xeyriyyəçi,  müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı 101 yaşında Mərdəkanda vəfat etmişdir.

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. On yaşında atası onu  usta yamnına şagird qoymuşdu, bir müddətdən sonra isə o, artıq tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlamışdır.

Daha sonralar Zeynalabdin Tağıyev özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan “Hacı Zeynalabdin” şirkətini yaradır.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fəvvarə vurur. “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də neft zavodları alır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir.

1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etmişdir.

H.Z.Tağıyev xeyriyyəçi idi, bu məqsədlə o, böyük xeyriyyəçilik fəaliyyətinə başlayır. 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda Hacıya arvad olan Sona xanım təhsil ala bilməmişdi. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfü deyildi. 1905-ci il inqilabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır.

İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.

Nəriman Nərimanovun köməkliyi ilə Bakının “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində onunla bağlı nekroloq çap edildi.

1993 — Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti olmuş Həsən Məmmədbağır oğlu  Abdullayev 75 yaşında Bakıda vəfat etmişdir.

Həsən Abdullayev 1918 –ci il avqustun 20-də  Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.

1970-1983-cü illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1957-1958-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat İnstitutunun (indiki Fizika İnstitutu) direktoru vəzifəsində işləmişdir. 1959-1993-ci illərdə Azərbaycan EA Fizika İnstitutu direktoru vəzifəsində işləmişdir. 1968-1970-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika bölməsinin akademik katibi olmuşdur. 1967-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. 1970-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı, 1974-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunlar əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi nəticələri vardır. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılmışdır.

13 monoqrafiyanın, 400-dən çox ixtiranın, onlarla dərsliyin, yüzlərlə elmi məqalənin və s. müəllifidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!