Poeziya buketi, nəğmə çələngi

Neyləyim ki, ara-sıra
İtər, azar ayaqlarım.
Durar küçənin tinində,
Bizi gəzər ayaqlarım…
Təranə Dəmir

“Ana və Uşaq” saytı olaraq oxucularımıza ilk dəfə istedadlı şairəmiz Təranə Dəmirin şeirlərini təqdim edirik.
Təranə Dəmir 1970-ci il dekabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində anadan olub.
Kolanı kənd orta məktəbini medalla bitirib.
1988-1993-cü illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alıb.
AYB-nin üzvüdür. 9 kitab müəllifidir.
Şeirləri lap gənc yaşlarından ayrı-ayrı mətbuat səhifələrində dərc olunub.
Çox duyğulu bir şairəmizdir. Elə bir şeiri yoxdur ki, sözün əsl mənasında, poeziyamızın əzəli və əbədi mövzularına həsr olunmamış olsun. Onun misralarında həm torpaq qoxusu gələn köhnə kənd həyatı, həm də daş divarların arasında boğulan şəhər nəfəsi duyulur.
Şairə yaddaşımızda qalan gil döşəməli evləri, nənələrin nağıl dolu gecələrini, həm də küləkdən, yağışdan yorulan küçələrin səsini poeziyanın dili ilə danışdırır. Yaddaşımızı korşalmağa qoymur. Onun şeirləri bir yandan sevginin kövrək çiçəyi, o biri yandan ayrılığın kədərli küləyidir.
Təranə Dəmir nədən yazırsa-yazsın, öz duyğularını səmimi, təbii və təsirli şəkildə misralara köçürür. Onun şeirlərində sevgi həm həyatın ən işıqlı ümididir, həm də insan qəlbinin ən dərin yarası.
“Bizim olmayan küçə” şeirində müəllif oxucunu keçmiş xatirələrin, yarımçıq qalan arzuların və bitməmiş nağılların yoluna aparır. Şeirdə küçə, sadəcə, məkan deyil, həm də ayrılığın və əbədi ümidin simvoluna çevrilir. Hər misra sanki oxucunu həmin küçənin tinində saxlayır və bir işıqlı pəncərəyə baxmağa məcbur edir.
Dar, sakit küçə — axşam işığında sarımtıl lampalar yanır.
Atmosfer bir az romantik, bir az da kədərli.
Payız niskili ilə örtülmüş yağışlı küçədən keçən sevgi – iki addım yaxınlaşa bilməyən, amma baxışları görüşən iki insan. Şeirdə küçə məkan olmaqdan daha çox “sevginin sükutu” assosiativliyini doğurur. Onlar irəlilədikcə , sevgi də addımlarının izində qalır…
Yığıb-yığışdırmaq olmaz bu ayaq izlərini şəhərlərimizin küçələrindən… İndi də o yerlərdən keçəndə, ilahi bir sehrə düşürük. “Qalanı xatirədir…”
Neyləyim ki, ara-sıra
İtər, azar ayaqlarım.
Durar küçənin tinində,
Bizi gəzər ayaqlarım…

Təranə Dəmirin poeziyasında hisslərin səmimiyyəti, dilin sadəliyi və duyğuların gücü oxucuya birbaşa təsir göstərir. Onun şeirlərini oxuduqca insan sanki həm öz uşaqlığını, həm də indiki həyatın bütün keşməkeşlərini xatırlayır.O, qəlbin ən gizli guşələrinə toxunmağı bacarır.
Biz inanırıq ki, Təranə Dəmirin şeirləri oxucularımızda böyük maraq oyadacaq, hər kəs öz həyatından, öz sevgisindən bir parça bu misralarda görəcək. “Ana və Uşaq” saytı olaraq, şairəmizə yaradıcılıq yolunda uğurlar diləyirik və yeni şeirlərini oxucularımıza təqdim etmək üçün səbirsizliklə gözləyirik.
Hörmətlə : Anaveushaq.wordpress.com

Bizim olmayan küçə
Yenə azıb ayaqlarım,
Sən olan küçədən keçir.
O küçə bizim olmadı,
Yoldan ötən, keçən keçir…
Bir nağılı yazammadıq,
Qurda, quşa yem olduq biz.
Neylədiksə, bir olmadıq,
Bir tərəfi kəm olduq biz…
Bu küçənin o tinində
Sənin işığındı, yanır.
Mənim gözlərimə tərəf
Sənin pəncərən dayanır…
Bircə addımlıq bu yolu
Min il getsəm, sonu olmaz.
Bu ömürlük ayrılığın
Bir ümidlik canı olmaz…
Neyləyim ki, ara-sıra
İtər, azar ayaqlarım.
Durar küçənin tinində,
Bizi gəzər ayaqlarım…

Döşəməsi gil, divarı şirəli evlər vardı,
Pəncərəsi səmaya baxardı…
Çəpərləri qamışdan,
Doqqazları taxtadan quruluydu ,
Qapıları qonaqlı, qaralıydı.
Dörd tərəfi çiçəkli, otluydu,
Qızları həyalı,
Oğlanlatı ağ atlıydı.
Çörək ətirliydi,
Sevgi çətirliydi.
Tox idi İti, pişiyi,
tavanından asılardı uşaq beşiyi.
Xallı , xalçalıydı,
Mütəkkəli, nalçalıydı.
Gecələr hamı lampa başına yığışardı,
Nənələr nağıl danışardı,
Nəvələr noğullaşardı.
Göz açıb yumunca dəyişdi hər şey,
Sökdülər döşəməsi gil,
divarı şirəli evləri,
Qonaqlı evləri, qaralı evləri.
Divar-divar sökdülər,
Hasar-hasar sökdülər.
Yerində daş imarətlər ucaldı,
Bacasından tüstü çıxmayan,
Pəncərəsindən günəş baxmayan.
Nənələr babalar köç etdi,
Atalar, analar qocaldı.
Sonra cığırları kol,
Adamları qaramat basdı.
Sevgilər bölündü, azaldı, kiçildi,
Evlər rəngiylə, adamlar paltarıyla seçildi.
Kişiləri adıyla yox, cibiylə çağırdılar,
Hasarıyla, qapısıyla, bacasıyla ,”Cip”iylə çağırdılar.
Sonra nifrət başladı,
Sonra paxıllıq, bəddua, göz yaşı,
Sonra hamı şeytanı daşladı…
Döşəməsi gil, divarı şirəli evlər vardı,
Pəncərəsi səmaya baxardı…

Mənim bu yağışa yazığım gəlir
Tüstüsü başından çıxır buludun,
Hirsini dağlara, daşlara tökür.
Tökür ağaclara, tökür yollara,
Yuvalara tökür, quşlara tökür,
Mənim bu yağışa yazığım gəlir.
Kimin baharından keçir görəsən,
Kimin payızına, qışına yağır?
Kimin ocağına, kimin külünə,
Kimin ürəyinin başına yağır?
Mənim bu yağışa yazığım gəlir.
Bulud da sözünü yağışla deyir,
Harayı yağışdı, hayı yağışdı.
Göyündən Yerinə əliboş gəlmir,
Sovqatı yağışdı, payı yağışdı,
Mənim bu yağışa yazığım gəlir.
Pəncərə -pəncərə yağır səhərə,
Pəncərə-pəncərə islanır şəhər.
Yuyunur, daranır yağışın altda,
Yağış paltarında nazlanır şəhər,
Mənim bu yağışa yazığım gəlir.

Yavaş-yavaş dan söküldü,
Zülmətin bağrı yarıldı.
Göy üzündən nur töküldü,
Günəş səhərə sarıldı,
Hər yan dirçəldi, dirçəldi.
Sevindi bahar ağaclar,
Təptəzə, nübar ağaclar,
Çöllər, çəmənlər, yamaclar,
Bağlar göyçəldi, göyçəldi.
Göy yerə baxdı, qımışdı,
Səhərin gözü qamaşdı,
İşıq işığa qarışdı,
Ruhum dincəldi, dincəldi.
Külək oyatdı küçəni,
Quşlar döydü pəncərəni,
Yenə azdıqdıq gecəni,
Yeni gün gəldi, gün gəldi.

İyulun nəfəs qarsan istisi,
Günortanın tən yarısı,
Günəş döyür başına küçələrin, ağacların, göyərçinlərin, şəkillərin, afişaların, heykəllərin.
Bir-biriylə yarışa çıxıb maşınlar, adamlar,
Unudanlar, unudulanlar.
Hərəsinin öz sürəti var.
Yoldan keçənə yalmanır üst -başı kirli,
çəlimsiz pişik balası.
Bir dadımlıq dönərə, bir sığallıq sevgiyə yalmanır,
Daşa, divara, kölgəyə yalmanır.
Dili bir qarış çöldə gəzən küçə itlərinin nəfəsindən od tökülür
cızdağı çıxan asfaltın üstünə,
Şəhərin ciyəri yanır.
Yanaqlarını gün aparan dilənçi qadına
kimsə təbəssüm yollayır əlli qəpiklik boyda,
Qadının gözləri sığallanır.
Birdən xəfif meh əsir,
Günəşin üzünə düşür buludun kölgəsi.
İstidən nəfəsi kəsilən küçələrin dodağına
su çilənir göy üzündən sərin-sərin.
Ürəyi yerinə gəlir şəhərin.

Ağaclar kökündən yapışıb durub,
Külək acığını budaqdan çıxır.
Yayın ortasında, küləyin altda
Ağaclar neçə qat yarpaqdan çıxır.
Döyür gözlərini yenə küçələr,
Edir bir-birinə tənə küçələr,
Təzə paltarında köhnə küçələr
Yenə külək-külək sınaqdan çıxır.
Divarlar küləklə verir səs-səsə,
Hayları, küyləri düşür dənizə,
Bu gün dəli olub küləklər nəsə,
Gah qaradan çıxır, gah ağdan çıxır.
Gah göyə dırmaşır, gah yerdə əsir,
Dənizdə, limanda, sahildə əsir,
Şəhərin üstündə ayrılıq gəzir,
Bir şair hirsini varaqdan çıxır.

Tanımadı güzgü məni
Baxıb saçımın ağına
Məni qoymadı yaxına,
Keçdim soluna, sağına,
Tanımadı güzgü məni.
Güldü üstümə, başıma,
Gəlmədim deyən xoşuna,
Tutdu tənə yağışına,
Tanımadı güzgü məni.
Düşmədi üzüm yadına,
Söhbətim, sözüm yadına,
Oxşatdı hansı qadına?
Tanımadı güzgü məni.
Məni sual-sual süzdü,
Məni xəyal-xəyal süzdü ,
Mən danışdım, güzgü susdu ,
Tanımadı güzgü məni.
Yatmışdı, gəldim oyatdım,
Ağladım, güldüm, oyatdım,
Yaz getdim, payız qayıtdım,
Tanımadı güzgü məni.

Burda zaman dayanıb,
Bu nə sükutdu, Allah.
Gün də qaçıb gizlənib,
Hər yan buluddu, Allah.
Sıra-sıra məzarlar
Hərəsi bir biçimdə.
Dayanıb yol gözləyir
Hamı daşın içində.
Burda gəlib gedənlə
Ölülər hesab çəkir.
Hərə öz daşı altda
Görən nə əzab çəkir?
Hayana boylanırsan
Ayrılıqdı, həsrətdi.
Məzar-məzar qaranlıq,
Şəkil-şəkil sərhəddi.
Hər daş yıxıla-dura
Keşik çəkir qəbrinə.
İlahi, bu daşların
Səbrinə bax, səbrinə.

Ay əlləri qabarlı,
Üst-başı bulaşıq qız.
Yanağını gün döyən,
Saçları dolaşıq qız.
Bu şəhərin balaca,
Ac sakini, gün aydın.
Bilirəm ağlamısan,
Gözündəki nəm aydın.
Yıxılma, dizlərini
Daş qanadır, yer əzir.
Sənin ayaqların yox,
Baxışların tələsir.
Deyirlər dilənçisən,
Öz adın nədi bəs, qız?
Sevgisi qəpik-quruş,
Xəyalları şikəst qız.
İnanma bu şəhərin,
İşığına, balaca.
Burda qaranlıq düşür
Adamın arxasınca.
Bu şəhərin gecəsi,
Gündüzü yalançıdı.
Açma ovuclarını,
Göy üzü yalançıdı.

Kimin ömrüdü məndəki,
Alıb köçdən yaşayıram.
Bir nabələd yolçu təki
Qalıb köçdən yaşayıram.
Vurnuxuram söz içində,
Didərginəm döz içində,
Qırılmışam öz içimdən,
Düşüb gücdən, yaşayıram.
Quruca adam özümdə,
Ögeyəm, yadam özümdə,
Yer yoxdu tutam özümdən,
Tutub heçdən yaşayıram.
Bu mənəmmi, mən deyiləm,
Həm gerçəyəm, həm deyiləm,
Neyləsə küsən deyiləm,
Dərdi içdən yaşayıram.

Baş açmırıq sözümüzdən,
Əyrimizdən, düzümüzdən,
Hər gün bir az özümüzdən
Əlimiz üzülüb gedir.
Düz yolumuz qala-qala,
Əyilirik sağa, sola,
Yada calaq ola-ola
Kökümüz kəsilib gedir.
Səs batıb küyün altında,
Dil yatıb düyün altında,
Bu boyda göyün altında
Yer necə əzilib gedir.

Köhnə kənd,
Kərpic evlər,
Yollar, ağaclar, kölgələr.
Yalına yalmanan itlər,
Qoyunlar, quzular, atlar.
Araba cırıltısı,
Qurbağa qurultusu.
Dəryaz səsi,
Ot xışıltısı.
Aynabənddən sallanan arı pətəsi,
Qarışqalar, çəyirtkələr, İlanlar,
pişiklər, siçanlar.
Sərçə yuvasına daş atan uşaqlar,
Yolun qırağında tum satan qarı
ovcunda qabar,
qabarın üstündə dəmir pullar,
Pulların üstündə dualar…
Havada torpaq qoxusu,
İçində rəngli-rəngli arzular.
Ulduzlu gecələr,
Tər- tərtəmiz xəyallar…
Lampa işığı, kitablar ..
Eh, nələr, nələr..
Sonra təyyarə biletləri,
Uzaq şəhərlər,
Binalar, küçələr,
Limanlar, dənizlər,
ayrılıqlar, əzablar…

Yay gecəsi,
Tənha otaq,
İçimdə fırtına,
gözümdə qaranlıq,
qulaqlarımda cırcırama səsi
Asılmışam zamandan.
Yanımda dolaşır ruhumun kölgəsi.
Kirpiklərim yanaqlarımda,
Ürəyim ovcumda çırpınır.
Ciyərim yanır,
Ocaq qoxuyur nəfəsim,
Dodaqlarım susayır göz yaşlarına,
Saçlarıma sığal çəkir barmaqlarım,
Əllərim utanır.
Baxışlarım rəsmini çəkir darıxmağın,
Gecəylə, bürküylə, sükutla
baş-başa verib dadın çıxarırıq ayrılığın.

Nə gözəl parlayır günəş bu səhər,
Gözləri alışır səhərin bu gün.
Qonub pəncərəmə yaz təbəssümü,
Sevgiyə açılıb səhərim bu gün.
Uçuram ruhumun qanadlarında,
Mənimdi bu çəmən, bu çöl, bu orman.
Gəzirəm baharı xəyallarımda,
Dərə dolaşıram, düz dolaşıram.
Duyğular qaldırıb göylərə məni,
Ayağım üzülüb yerdən bu səhər.
Günəşi çəkirəm ciyərlərimə,
Dadıram işıqdan, nurdan bu səhər.
Basmışam bağrıma bəxtəvərliyi,
Könlümdən təptəzə arzular keçir.
Bu səhər gözündə ümid doğulub,
Payızın içindən bir bahar keçir.

Eyni payız,
Eyni şəhər,
Eyni ayrılıq,
Eyni həsrət,
Eyni qədər,
Eyni peşmanlıq,
Eyni kədər…
Xəyallar, xəzəllər, küçələr.

İstambul, darıxmışam…
Səhərini günəşlə birgə açırdım,
İşıqlarını bağrıma basırdım hər gecə,
Üzüaşağı, uzüyuxarı ölçürdüm
səni bina-bina, küçə-küçə.
Sokakların udurdu addım səsimi,
bir də kirpiklərimin kölğəsini.
Yağışında islanırdı,
küləyində sığallanırdı saçlarım,
Dadını çıxarırdım bəxtəvərliyin.
Havası qəhvə qoxulu,
Səması qağayı sevdalı şəhər.
İpək donlu,
Yaşıl yaxalı,
Dili dualı şəhər,
Ürkək qız tək utancaq,
Abırlı-həyalı şəhər.
İstanbul!
Səni dalğa-dalğa, ləpə-ləpə sevirəm,
Dalanlarını, küçələrini,
dağlarını, ormanlarını
gözümə təpə -təpə sevirəm.
Heç nədən yox,
bircə unudulmaqdan qorxan şəhər,
Çiynini qala divarlarına söykəyən,
Tarixin qarşısına alnıaçıq , üzüağ çıxan şəhər.
Bütün dünyanı başına yığan şəhər…
Səni Boğazdan seyr etmək var hələ…
Sularınla pıçıldaşmaq, dalaşmaq,
Dalğalarla gözüdoyunca sevişmək,
Dənizlə qucaqlaşmaq…
Bir də hay-küylü Taksimdə yorulunca dolaşmaq,
Dolaşdıqca bütün dünyanı unutmaq,
Unutduqca tanımadığın insanlara ürəkdolusu “Mərhaba” demək eşqi…
Sonra pay-piyada Eminönünə düşmək ,
Sərinləmək …
Balıq qoxan sahildə dayanıb gedən gəmilərə əl sallamaq həvəsi,
Sonra növbə gözləmək,
Sonra əlindəki smiti martılarla bölüşmək,
Bölüşdükcə yüngülləşmək,
Yüngülləşdikcə uçmaq, uçmaq…
Sonra da…
Sonra da yenə ayrılıq,
Yenə xəyallar,
Yenə təyyarə səsi,
Yenə Xəzərin sahilində səninçün darıxmaq, darıxmaq…

İçimdə bahar həvəsi,
Çölümdən ayrılıq keçir.
Alışıram öz odumda,
Külümdən ayrılıq keçir.
Ruhumda küləklər əsir,
Gah yubanır, gah tələsir,
Baxışlarım sevgi gəzir,
Dilimdən ayrılıq keçir.
Gözlərimdə qəm yükü var,
Kirpiyimdə nəm yükü var,
Saçlarımda dən yükü var,
Telimdən ayrılıq keçir.
Yaman yorur xəzan məni,
Nə ağırmış cəzam mənim,
Hara çəkir qəzam məni?
Yolumdan ayrılıq keçir.
Nəyi var gələn payızın?
Üzümə gülən payızın,
Dərdimdən ölən payızın
Könlündən ayrılıq keçir.

Asılmışam pəncərədən,
Bu küləkdən, bu gecədən,
Yenə də zülmət küçədə
Dolaşır ruhum, dolaşır.
Mən tənhayam, gecə tənha,
Külək tənha, küçə tənha,
Ürəyimdə neçə tənha
Düyünüm, dağım dolaşır.
Başımda yüz qara fikir
Gecəni canına çəkir,
Şeir-şeir, şəkil-şəkil
Dilimdə ahım dolaşır.
Həm yaxınsan, həm də uzaq,
Bu sevgidi, yoxsa sınaq?
Divar-divar, otaq-otaq
Üstümdə qoxun dolaşır.

Ayaq altında üşüyürdü yollar,
Sapsarı xəzəllər külək vurduqca qımıldanırdı yerlərində yorğun -yorğun.
Qollarını qucaqlayıb oturmuşdu yol qırağındakı üryan ağaclar,
üst -başından tökülən ümidsizlikdən utana -utana dayanmışdılar ağac kimi.
Buludlar çətirini açmışdı torpağın üstə,
Sonuncu nəfəsini verirdi son bahar.

Bu bahar özüylə sevgi gətirə,
Döyə qapımızı sevgi bu bahar.
Od qoya sopsoyuq ayrılıqlara,
Bir ümid doğula, gözündə vüsal,
Xəyallanasan.
Yadından çıxara ömrün qışını,
Baxtına gün doğa təzədən, Allah.
Tuta əllərindən bahar sevdası,
Gözdə qəm sevinə, saçda dən, Allah,
Nağıllanasan.
Hardansa bir işıq düşə yoluna,
Gözünün içinə səadət baxa.
Sənə unutdura xəyanətləri,
Bütün ağrıların yadından çıxa,
Sığallanasan.
Buludlar sevgiylə yağa üstünə,
İslana saçların yaz yağışında.
Kimsə qulağına eşq pıçıldaya,
İtəsən, batasan naz yağışında,
Xumarlanasan.
Bu bahar bizimçün gələ bu dəfə,
Qova başımızdan həsrəti, nolar.
Çıxara sevgini gün işığına,
Üstündən götürə töhməti, nolar,
Vüsallanasan…

Gözlərindən həsrət baxır adama,
Bu şəhərin baxışları darıxır.
Bu şəhərin ağacları susuzdu,
Bu şəhərin yağışları darıxır,
Bu şəhərin közü çıxıb yadımdan.
Neçə vaxtdı daş ömrünü yaşayır,
Qurd ömrünü, quş ömrünü yaşayır,
Buz bağlayıb, qış ömrünü yaşayır,
Bu şəhərin yazı çıxıb yadımdan.
Göyə qalxıb, gözü görmür heç kəsi,
Sevgisizdi sahilləri dənizin,
Başı üstə küləkləri dərd əsir,
Bu şəhərin səsi çıxıb yadımdan.
İtib batıb gəzdiyimiz küçələr,
Döngə -döngə azdığımız küçələr,
Yıxılanda küsdüyümüz küçələr,
Bu şəhərin nazı çıxıb yadımdan.
Hər yanını tumar-tumar yorublar,
Beton-beton, hamar-hamar yorublar,
Bu şəhəri əlimizdən alıblar,
Bu şəhərin üzü çıxıb yadımdan.
Yavaş-yavaş tamarzıdı sevincə,
Yuxusuna daş atırlar hər gecə,
Yaddaşımda adı qalıb eləcə,
Bu şəhərin özü çıxıb yadımdan.
Gözlərindən həsrət baxır adama,
Bu şəhərin baxışları darıxır.
Bu şəhərin ağacları susuzdu,
Bu şəhərin yağışları darıxır,
Bu şəhərin… düzü, çıxıb yadımdan.

Gözlərindən eşq damırdı payıza,
Qızınırdı sevdasında xəzəllər.
Elə gözəl oxşayırdı könlümü
O baxışlar, o sığallar, o əllər –
Oyandım.
Heç bilmədim hara tutum üzümü,
Hara getsəm həsrət məni izlədi.
Baş götürüb nağıllara yol aldım,
Gedəmmədim axıracan, dözmədim,
Dayandım.
Var-gəl etdim payızla qış arası,
Məni yordu bu kaşkilər, bəlkələr.
Xəyallarım göy üzünə tələsdi,
Bir mən oldum, bir də… bir də kölgələr,
Yubandım.
Tutammadım bir ümidin əlindən,
Çiçək açmaq bu payıza yad imiş.
Burda hər şey aldadırmış adamı,
Burda hər şey ayrılığa ad imiş –
İnandım.

Bu dolaşıq ömrümdə
Yarımçıqdı nəyim var,
(bircə göz yaşını çıx)
– Kəsik-kəsik arzular,
Qırıq-qırıq xəyallar,
Dərə-təpə sevgilər,
Dağ kimi ayrılıqlar.
Vüsallar da natamam,
Görüşlər də yarımçıq.
Könlümün qapıları
Bircə həsrətə açıq…
Ruhumda dəli sükut,
Başımda qasırğalar,
Çöldə ölüm havası…
…Bu gün də gəlib keçdi,
İçində payız rəngi,
Bir də şənbə duası..
Bir ümid də yıxıldı
Qaşla gözün arası…
