Tarixdə bu gün
İlin 243-cü (uzun illərdə 244-cü) günü.
Mühüm hadisələr:
2005 — Bağdadda Dəclə çayı üzərindəki körpüdə yaranmış basırıq nəticəsində 1 199 insan həlak olmuşdur.
2012 — Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu ekstradisiya yolu ilə Vətəninə qayıtmış və eyni gündə Prezidentin əfv sərəncamı ilə cəza çəkməkdən azad edilib.
Doğum günləri:

1923— Sovet İttifaqı Qəhrəmanı Mirzə Dövlət oğlu Vəliyev Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur.
Cəbhəyə könüllü getmişdir. Mirzə Vəliyevin döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir. Topçular bölməsi komandiri baş serjant Mirzə Vəliyevin son döyüşü Macarıstan torpağında oldu. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanına tüstü bürümüşdü. Mirzə Vəliyevin topçu bölməsi heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli avtomobilini məhv etdisə də, özü də həlak oldu.
Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra —1945-ci ilin 24 martında verilmişdir.
Qusar rayonu N.Nərimanov parkında və Yuxarı Ləgər kənd məktəbinin qarşısında büstü qoyulub. Qusar rayonunda adına küçə vardır.

1967— Milli Qəhrəman Yunis İsa oğlu Nəcəfov Kəlbəcər rayonunda anadan olmuşdur.
Orta məktəbə 1975-ci ildə Xanlar rayonunda getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirmişdir. Əvvəlcə Bakı Hərbi Ali Komandirlər Məktəbində, daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirib. 1989-cu ildə leytenant rütbəsi ilə xidmətə başlayıb.
1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır. Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq, sınmır, əksinə daha ciddi mübarizə aparmağa başladı.
1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis “N” saylı bölüyə komandir təyin edildi. Yunis bir neçə şəhər və rayonlarda şərəfli döyüş yolu keçmişdir. O, Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində xüsusilə fərqlənmişdi. Daha sonra müharibəyə döyüşçülər hazırlamaq məqsədilə Bakıya göndərilir. Lakin Laçın və Şuşa erməni hücumlarına məruz qalan zaman yenidən cəbhəyə dönür
. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilib.
Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulub.
Vəfat etmişdir:

1902 — Görkəmli maarif xadimi və pedaqoq Səfərəli bəy Vəlibəyov Bakıda vəfat emişdir.
Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin görkəmli simalarından biridir. O, Zaqafqaziya (Qori) müəllimlər gimnaziyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş, ömrünün 18 ilini Pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində o, onlarla istedadlı gənc yetişdirmişdir ki,elm, maarif, ədəbiyyat və incəsənətin müxtəlif sahələrində, habelə ictimai-siyasi işlərdə fəal çalışmış, Vətənə və xalqa namusla xidmət etmişlər. C.Məmmədquluzadə, N.Nərimanov, S.S. Axundov və bir çox başqaları ibtidai təhsillərini Vəlibəyovdan almış, tələbkar və qayğıkeş müəllimlərini həmişə böyük məhəbbət hissi ilə yad etmislər.
Hacı Vəli bəy Kəbirlinin ikinci oğlu Şıxhəsən bəyin oğlu Səfərəli bəy Vəlibəyov 1856-cı ildə Şuşa şəhərində anadan olmuşdurş. Molla yanında təhsil alarkən Ərəb və Fars dillərinə mükəmməl yiyələnmişdir. 1875-1879 cu illərdə Şuşa şəhər məktəbində təhsil almışdır. 1879-cu ildə A.O.Çernyayevski tələbə toplamaq məqsədi ilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparmış, zirək və bacarıqlı olduğunu görüb onu Zaqafqaziyada (Qori) Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan bölməsinə aparmış, onu seminariyanın 2-ci sinfinə qəbul etmişdir.
Seminariya həyatı, ordakı təlim-tərbiyə sistemi basqa seminaristlər kimi Səfərəli bəy Vəlibəyovun da mənəvi inkişafına müsbət təsirini göstərmişdir. Gələcək müəllim təhsilin ilk günlərindən başlayaraq özünü qabil və işgüzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir,dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqoqika elmi haqqında mükəmməl bilik alır.
Qori müəllimlər seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar. Çernyayevski sonralar bu vəzifəni tutmağa Səfərəli bəy Vəlibəyovu hazırlamışdı.
Təsadüfi deyildir ki, elmi ədəbiyyatda, ciddi alimlərin əsərlərində Qori Seminariyası, “universitetə bərabər seminariya” kimi dəyərləndirilmişdir. Üzeyir bəy Hacıbəyov, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev və onlarla başqaları kimi adlı-sanlı ziyalı şəxsiyyətləri Azərbaycanımıza məhz Qori Seminariyası bəxş edib. 1881-ci ildə seminariyanı bitirən S.Vəlibəyov burada rəhbər vəzifəsində saxlanılır və 1896-cı ilə qədər fəaliyyət göstərir.
1883-cü il yay tətili zamanı Şuşada istirahət edən S. Vəlibəyov burada bir məktəb açaraq uşaqlara savad öyrədirdi. Onun məktəbində müxtəlif təbəqələrdən 25 nəfər şagird təhsil alırdı.O, tədrisı səs üsulu ilə aparırdı və yerli məktəbdarlara da səs üsulunun üstünlüyünü izah edirdi. O,eyni zamanda seminariya daxilində gedən məfkurə mübarizəsində daim fəal iştirak etmişdir.
Məlumdur ki, XIX əsrin 90-cı illərində Qafqaz təhsil orqanının bəzi mürtəce başçıları Azərbaycan və Gürcü dillərini seminariyanın tədris proqramından çıxarmağa cəhd edirdilər. Buna qarşı çıxan S. Vəlibəyov, Ə. Axundzadə, A.O. Çernyayevski, N. Lomouri bu cəhdə qarşı böyük iş görmüşdülər. O, bu mürtəce siyasətə qarşı əks mövqe tutmuşdur. Onun bu prinsipiallığı Zaqafqaziya müəllimlər seminariasından azad olunması ilə nəticələnmişdir.
S. Vəlibəyov 1896-cı ildə Bakıya köçmüş, burada iki il müəllimlik etmişdir. Daha sonra isə Bakı Gömrükxanasında tərcüməçi vəzifəsində çalışmışdır. Səfərəli bəy Bəhmən Mirzə Qacar Qovanlının qızı Xurşud xanim ilə ailə qurmuşdur. Nigar xanım və Sürəyya xanım adlı qızları dünyaya gəlmişdir.
Ədəbiyyatşünaslıq elmi, xüsusilə ədəbiyyat tarixçiliyi və poetika əsasən orta əsrlərin təzkirəçilik ənənələri üzərində davam edirdi. , Səfərəli bəy Vəlibəyov, Seyid Əzim Şirvani, Həsənəliağa xan Qaradağski (Qaradaği), Hüseyin Əfəndi Qayıbov, Mir Möhsün Nəvvab Qarabaği kimi ziyalıların müxtəlif illərdə tərtib etdikləri təzkirə, məcmuə və kitablarda ayrı-ayrı şairlərin tərcümeyi-halı, yaradıcılığının başlıca qayəsi barədə qısa, kokret məlumat verilir, Azərbaycan ədəbiyyatı ümumşərq ədəbiyyatından fərqləndirilirdi.
S. Vəlibəyov 1895-ci il yanvarın 1-də yüksək səviyyəli pedaqoji xidmətinə görə III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu.
“Vətən dili” dərsliyinin birinci hissəsi ilk dəfə 1882-ci ildə Tiflisdə, ikinci hissəsi 1888-ci ildə nəşr olunub. Bu nəşrlər görkəmli Azərbaycan maarifçiləri, Azərbaycanın ilk peşəkar pedaqoqu Səfərəli bəy Vəlibəyov “Vətən dili” dərsliyinin II hissəsinin həmmüəllifi Aleksey Osipoviç Çernyayevski ilə , Şuşada parta və təbaşirlə ilk məktəb açan Həsənliağa xan Qaradaği (Qaradağski), ədəbiyyatşünaslığımızın banisi, pedaqogika sahəsində müstəsna xidmətləri olan Firidun bəy Köçərli, həmçinin Rəşid bəy Əfəndiyevin fəal iştirakı ilə hazırlanıb.
S. Vəlibəyov yazıçı Süleyman Sani Axundovun dayısıdır.

1942— XIX-XX əsrlər Azərbaycan müəllimi, maarifçisi və yazıçısı Rəşid bəy İsmayıl oglu Əfəndiyev və ya Rəşid bəy Əfəndizadə Nuxada ( Şəkidə) vəfat etmişdir.
Rəşid bəy Əfəndiyev 24 may 1863 -cü ildə Nuxada anadan olmuşdur.
R. Əfəndiyev hələ XIX əsrin 80-ci illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanmış, ilk “Qan ocağı” pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.
O, Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan hesab edilir. Bu əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur.
Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun “Uşaq bağçası” adlı əlifba kitabı və “Bəsirətül-ətfal” adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.
Bununla yanaşı, səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edir, hətta şəxsən artist kimi iştirak edirdi. Rəşid bəyin “Qan ocağı”ndan başqa, “Saqqalın kəraməti”, “Qonşu-qonşu olsa, kor qız ərə gedər”1, “Pul dəlisi”, “Bir saç telin qiyməti”, “Tiflis səfirləri”, “Diş ağrısı”, “Təbiətdə əhvali-məişət” adlı dramları vardır.
Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə də farscadan “Rüstəm və Söhrab” əhvalatını (Firdovsidən), “Cam” adlı mənzuməsini (Şillerdən) tərcümə etmişdir. Rəşid bəy Əfəndiyevin ədəbi və bədii əhəmiyyəti olan əsərləri, demək olar ki, ən çox pyesləridir, xüsusilə əsrimizin əvvəllərində yazılan komediyalarıdır.
Bu məzhəkələr nəinki üslub etibarilə, həm də mövzu etibarilə bir silsilə və bir vəhdət təşkil edən əsərlərdir. Bunların hamısında köhnə dünya, köhnə məişət, köhnə zehniyyət təsvir olunur. Əgər “Qan ocağı”nda bir ailə içərisindəki nifaq, fəsad, ədavət, köhnə ailənin çürük bünövrəsi, məktəbə olan cahil və vəhşi əlaqələr göstərilir və ailəyə dəhşətli bir ad: “Qan ocağı” adı verilirsə, “Qonşu-qonşu olsa, kor qız ərə gedər” adlı komediyasında qadın alqı-satqısı, qadınların hüquqsuzluğu və gülünc evlənmək qaydaları təsvir olunur.
Şəki şəhərində ədibin Ev muzeyi fəaliyyət göstərir.

1967— Müəllim, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd İzzət oğlu Behrəngi (qaranquş) 29 yaşında vəfat etmişdir.
Səməd Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərində fəhlə ailəsində anadan olub.
İbtidai təhsilini Təbrizdə “Tərbiyyət” məktəbində alıb. Sonra Təbriz pedaqoji texnikumunda təhsilini davam etdirib. Tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb.
Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). Azərbaycan nağıllarını toplayaraq, fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.
İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını yazıb (1967-1969).
İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib. Azərbaycan xalq ədəbiyyatını toplayaraq, tədqiq və təbliğ edib.
Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar. Ədəbi irsi zəngindir.
Bakıda “Məhəbbət nağılı” (1987) adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

1975 —XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən “Krım müsəlman qadınlarının icraiyyə komitəsi”nin lideri (“Кadınlar günü”). məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı 88 yaşında İstanbulda vəfat etmişdir.
Şəfiqə Qaspıralı 14 oktyabr 1886 -cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olub.
İlk qadın jurnalının baş redaktoru olan Şəfiqə Qaspıralı 20-ci əsrin əvvəllərində Çar Rusiyasında türklük şüurunun, çağdaşlaşmanın formalaşmasında müstəsna xidmətləri olan Azərbaycan qadınıdır. O, məşhur Krım tatar ictimai xadimi İsmayıl Qapıralının qızı, Azərbaycanın ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır.
Mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu “Tərcüman” qəzeti vasitəsilə gələn Şəfiqə xanım 1906-cı ildə imperiyada yaşayan türklərin ilk qadın jurnalı olan “Qadın dünyası” (“Aləmi-nisvan”) dərgisini nəşr etdirib. Bu dövrdən etibarən artıq “Tərcüman” təkcə Qaspıralının deyil, Şəfiqə xanım və Nəsib bəyin də dəstəyi ilə çap olunub, sol düşüncəli Nəsib bəy Qaspıralı ilə fikir mübadiləsindən sonra millətçi görüşə sahiblənib.
1908-ci ildə Şəfiqə xanım Nəsib bəylə birlikdə “Tərcüman” qəzetinin 25 illiyini keçirirlər. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edib. Lakin Azərbaycan Demokratik Cumhuriyyəti devrilir, Nəsib bəy müəmmalı şəkildə 1920-ci il mayın 31-də öldürülür. Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, ona Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilib, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edib.
Türkiyənin Bakıdakı təmsilçisi Memduh Şövketin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilib. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparıb. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edib.
Övladlarına ali təhsil verib. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayıb. Sonuncu isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirib.

1987 — Teatr xadimi, rəssam, Azərbaycan Respublikadsının Xalq artisti , Azərbaycan Dövlət Mükafatı Laureatı Nüsrət Möhsün oğlu Fətullayev 74yaşında bAkıda vəfat edib.
Nüsrət Fətullayev 29 may 1913-cüildə Lənkəranda anadan olmuşdur.
1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır.
Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun “31–43” (“Eskadranın məhvi”) dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. Elə 1938-ci ildən bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra etmişdir.
Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib.
İkinci Fəxri Xiyabanda basdırılmışdır.
Hökümə Qurbanovanın həyat yoldaşı və Vəfa Fətullayevanın atasıdır.

2016 — Əməkdar incəsənət xadimi, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 87 yaşında vəfat etmiş və 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub hakim ailəsində anadan olub.
Musiqi məktəbinin violoncel sinfini, daha sonra A. Zeynallı adına Musiqi məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını yazıb. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı “Şənlən, mənim xalqım” uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.
2010-2012 illərdə O.Zülfüqarov “MəlikMəmməd” nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər Azərbaycan Dövlət Televiziyasında Oqtay Zülfüqarovun rəhbərliyi altında uşaqlar üçün “Tumurcuq” ,”Aysel” adlı verilişlər təqdim edilib.
Oqtay müəllim musiqi ilə yanaşı, həm də şeirlər yazıb . Bu şeirlər “Oxuyur Aysel” adlı topluda işıq üzü görüb.
Bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
“Şənlən, mənim xalqım” uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişdir. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurmuşdur. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyümüşdür. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.