Xətai rayonunda  ətraf mühitin mühafizəsinə olan münasibətin real ifadəsi belədir

Mövqe

Əgər insanlar ağacların, hətta bir ağacın insanlığa verdiyi faydaların nə qədər əhəmiyyətli olduğunu başa düşə bilsələr, onu qorumağa bizim düşündüklərimizdən də məsul ola bilərlər.

Kəlam

 Xətai rayonunda yaşıllıqların vəziyyəti ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə

MÜRACİƏT

Təbabət elminin   banisi, məşhur filosof Hipokrat  “Hava, Su və Torpaq”   ilk dəfə olaraq ətraf mühitin (iqlim, su, torpaq) xəstəliklərin yaranması və yayılmasına təsiri haqqında bilikləri sistemləşdirmişdir. Ona görə də bu əsər epidemiologiya və ekologiya ideyalarını qabaqlayaraq təbiətin insanlara təsirinin elmi, müşahidə əsasında izahını yaratmaq üçün ilk cəhdlərdən biri hesab olunur. Hipokratın yaşadığı V-VI əsrlərdən nə qədər uzun zaman keçib, amma məsələnin mahiyyəti və əhəmiyyəti bu gün də aktualdır. Məktəbdə öyrəndiklərimizə görə, dünya atmosferi təxminən 78 faiz azot (N2), 21 faiz oksigen (O2), 0,9 faiz arqon və 0,04 faiz karbon dioksid (CO2) və 0,1 faiz başqa qazlardan ibarətdir. Lakin Geologiya Ensiklopediyasına görə, sənaye inkişafı ilə əlaqədar olaraq, karbon qazı 0,0385% və 0,0414% artıb, oksigen isə 20,9435% və 20,9406% azalıb. Azot oksidi (NOx), kükürd dioksidi (SO₂), karbon monoksit (CO), ozon (O₃) və hissəciklər (PM) kimi digər çirkləndiricilər insan fəaliyyəti nəticəsində artmışdır. DSö-yə görə insanların 99 faizinin siyanidə məruz qaldığını və bunun hər il bir milyon ölümlə əlaqəli olduğunu nəzərə alsaq, Birləşmiş Millətlər Təşkilatının siyanidi “dövrümüzdə ətraf mühitin sağlamlığı üçün əhəmiyyətli risk” kimi təsvir etməsi məntiqlidir. Çıxış yolu isə birdir: insanların təbiətə mənfi təsirinin kompleks şəkildə azaldılmasıdır ki, bu da tullantıların və istehlakın azaldılması, bərpa olunan enerji mənbələrinə keçid, istehsalatda və məişətdə ekoloji standartların tətbiqi, əhalinin ekoloji təhlükəsizlik mövzusunda maarifləndirilməsidir. Plastik və birdəfəlik istifadə olunan qablardan imtina etmək, su ehtiyatlarına qədirşünaslıq məsuliyyəti , cavabdehlik yaratmaq, ərazilərin təmizlənməsi hərəkatına öz töhfəni vermək kimi addımlar yaşamaq düsturu kimi qəbul olunalıdır.
Həyətinizdəki, binanızın qarşısındakı, məktəbinizin, iş yerinin qarşısındakı ağacları susuzluqdan inləməsinə göz yummayın, su verməyə qab tapmasanız, ovuclarınızda daşıyın…
Töhfə verə bilmirsinizsə, canınız sağ olsun, barı, əkiləni əzməyin, qırmayın, sındırmayın, suyu açıq qoymayın…

         Hörmətli  Ekologiya və Təbii Sərvətlər  Nazirliyi! Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində yerləşən  47, 49 və 51 nömrəli   binaların  həyətində tam qurumuş, çürümüş və  hər an yıxıla biləcək çoxlu sayda ağaclar mövcuddur (Şəkil 1-17). 

 

Həmçinin həyət ərazisində 18–20 metr hündürlüyündə bir neçə qovaq ağacı var. Belə ağacların xüsusilə küləkli havalarda sınma ehtimalı çox yüksəkdir (Şəkil 18-28).

Bir əncir ağacının, bir  tut ağacının,  bir ədəd də yabanı şəkildə bitmiş alça ağacının isə  budaqları pəncərələrə çox yaxın məsafədədir. Bu vəziyyət işıqlanmanı və havalanmanı məhdudlaşdırır, paltar sərmək və digər  gündəlik məişət şəraitini çətinləşdirir (Şəkil 29-31).  

Biz mövcud problemlərlə  bağlı subordinasiya qaydasında  kollektiv şəkildə bütün əlaqədar təşkilatlara müraciət etmişik. Eləcə də özüm  bir sakin, müstəqil jurnalist kimi  həmin  təşkilatlara müraciət etmişəm , amma bu problemləri  həll etməli olan qurumlar  şikayətləri bir-birlərinin üstünə atırlar,  sonda isə problemlər də  həllini tapmamış qalır. Dövlət Ekoloji Ekspertiza Agentliyi  hər dəfə  bizə yazdığı cavab məktublarında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli qərarı ilə “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.5-ci bəndinə istinad edir. Həmin   bənddə isə respublika  ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Yəni, prinsipcə yaşıl, sağlam ağacların kəsilməsi üçün ölkəmizdə məhdudiyyətlər qoyulub. Amma bizim göstərdiyimiz fotolardan və müraciətlərdən aydın görünür ki, bu ağacların əksəriyyəti yaşıllıq  vahidləri deyil, əksinə, tam qurumuş, çürümüş, təhlükəli vəziyyətdədir. Bu ağaclar artıq ekoloji dəyər daşımır və əksinə, sakinlərin həyatına və əmlakına real təhlükə törədə bilər. Adını çəkdiyimiz Qaydanın 2.2-ci bəndində belə hallar üçün istisna nəzərdə tutulur: yəni “quru, xəstə və insanların həyatına, əmlakına təhlükə yaradan ağacların götürülməsi mümkündür”. Deməli, Agentlik, sadəcə, həmin qərarı ümumi istinad kimi göstərsə də,  praktiki olaraq bizim  söhbət mövzusu etdiyimiz  ağacların “yaşıllıq” yox, təhlükə mənbəyi olduğunu nəzərə almalı və icra hakimiyyəti ilə birlikdə addım atmalıdır. Amma bu xidmət qurumlarının arasında  koordinasiya yoxdur, sistemli  fəaliyyət xəritəsi yoxdur. Necə ola bilər ki, bizim  06 fevral 2025-ciil tarixdə 35 sakinin imzası ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciətimizdə  göstərdiyimiz   təhlükəli vəziyyətdə olan 20  ağacdan bir əncir ağacı(pəncərənin qarşısını tuturdu) kobud da olsa, budanır,  2 qurumuş  qovaq ağacı  götürülür (Şəkil 7,8 və 29  ), qalanlarına isə toxunulmur. Bəs bizim kollektiv müraciətimiz? Hər kəs öz blokunun qarşısında olan təhlükəni  aradan qaldırmaq üçün  vasitə axtarmalıdır? Belə olanda  şübhə və gümanlara da yol açıla bilər. Xətai rayonu, General Şıxlinski küçəsi 47, 49 və 51 nömrəli  binalarda yaşayan insanların  həyatları üçün təhlükəli hesab etdikləri  ağaclar barədə etdikləri müraciətlərə   cavab verilməməsi və yaxud  başdansovdu  cavablar verilməsi,  illərlə süründürməçiliyə məhkum edilməsi həm hüquqi baxımdan, həm də  hörmətli Prezidentimiz  İlham Əliyevin  etik görüşləri  baxımından yanlışdır. Bu gün təhlükəli ağacların götürülməsi,  budanması qaydaları  elə mürəkkəbləşdirilib ki,  belə yanaşma insanların həyati təhlükəsizlikləri üçün  əngəl olaraq  qaldığı kimi,  təbiətin özünün mühafizəsinə də  bir əngəldir. Çünki təbiətin harayına çatmaq çağırışlarına  əhəmiyyət verilmir, ən  yaxşı halda, başdansovdu cavablar verilir. Çətinlik  və qeyri-şəffaflıq yaradan ən ciddi səbəb də budur ki,  bütün bu prosedurların həyata keçirilməsi üçün səlahiyyətlər  bir neçə qurum arasında  paylaşdırılıb. Hara müraciət edirsən,  cavabdehliyi digər  təşkilata yönlədir. Mövcud prosedur belədir ki,  istər yaşıllıqların, istərsə də qurumuş təhlkükəli ağacların götürülməsi üçün müraciəti əsasən torpaq mülkiyyətçisi və ya istifadəçisi etməlidir. Yəni, həyət, bina, müəssisə, bələdiyyə kimə aidirsə, onlar rəsmi qaydada Ekologiya Nazirliyinə (ETSN)müraciət göndərməlidirlər.


Ekologiya Nazirliyi (ETSN) isə həmin müraciət əsasında ağacın götürülməsi, budanması, yaxud saxlanılması barədə müvafiq rəy verir. Bu mexanizm qanunda , təbii ki, “mülkiyyət hüququna hörmət” prinsipi kimi nəzərdə tutulub: yəni, dövlət birbaşa vətəndaşın həyətinə, ərazisinə müdaxilə etməsin deyə. Amma bu, çox vaxt praktikada absurda gətirir: çünki, mülkiyyətçilər (məsələn, Mənzil İstismar sahələri və bələdiyyələr) , adətən, belə məsələlərlə məşğul olmğa maraqlı olmur, Ekologiya Nazirliyinə (ETSN) müraciət etmir. Ağac təhlükə yaratmaqda davam edir, vətəndaş isə təkbaşına müraciət edə bilmir. Bəs onda gözləməliyik ki, ağac kiminsə üstünə düşsün, kiminsə avtomobilini əzsin” vəziyyəti yaransın.
Fakt budur ki, icra hakimiyyətinin müvafiq qurumları, eləcə də bələdiyyə mərkəzdən uzaq ərazilərdə yaşıllıqlara laqeyd münasibət bəsləyirlər. Məlumat üçün bildirirəm ki, Xətai rayon İcra Hakimiyyətinə sonuncu müraciətimizə bizim xahişimizlə 17.12. 2024-cü ildə cavab vermişdilər ki, müraciətiniz 5-11/1-Ə-305-144/2024 qeydiyyat nömrəsi ilə Təsərrüfat şöbəsinin icraatındadır.
Təsərrüfat şöbəsindən isə 19.02.2025-ci il tarixdə vatsapla bizə məlumat verdilər ki, məktubunuz hazırdır və qeydiyyat nömrəsini də yazıblar. Yəqin ki, məktub Dövlət Ekspertiza İdarəsinə göndərmək üçün hazırlanıb. Sadəcə, formal olaraq yazışmalar var, real nəticə isə yoxdur(Şəkil 32 ).


İki ildən artıqdır biz bu müraciətləri bu vəzifələri görməyə müvəkkil edilmiş qurumlara edirik. Xətai Rayon Bələdiyyəsində də dəfələrlə olmuşam. Sədr ünvanı yazıb götürüb, söz verib ki, yaxın günlərdə problem aradan qaldırılacaq, üstündən aylar- illər keçir, amma nə gələn oldu, nə də müraciətlərə məhəl qoyan. İyulun 15-də Xətai Rayon Bələdiyyəsinin elektron poçtuna müraciət etmişik, heç cavab vermək istəmirlər (Şəkil 33 ).

Avqustun 21- də özüm məktubumuzun arxasınca bələdiyyəyə getdim. Bələdiyyənin bir xanım əməkdaşı dedi ki, 15 gündən sonra yazılanlar silinir. Amma bizim saytın elektron poçtunda illərlə bundan əvvəldən gəlmiş məktublar qalmaqddır. Bir də nə üçün 15 gün poçta diqqət yetirilmir ki, məktublar da silinir…
Sədr yox idi. Sədr müavini Əliyar Əliyevin kabinetində Rövşən bəy və mən üçümüz birlikdə problemlər barədə xeyli söhbətləşdik. Sədr müavini qəribə də olsa , dedi ki, bələdiyyə ağac kəsən deyil, nə də budayan. Bəs onda bələdiyyələr nə işlər göməlidir?
Öz vəzifəsini , hüquq və vəzifələrini bilməyən belə şəxslər təbii ki, bələdiyyələrə etimad qazandıra bilməz. Ona görə də məhəlləmizdə heç kim nə bələdiyyə əməkdaşını tanıyacaq, nə də bələdiyyənin diqqət və qayğısı ilə görülmüş bir iş haqqında fikir söyləyə biləcək . Mən bu ərazidə yaşdığım 20 il ərzində bələdiyyənin fəaliyyətini görməmişəm və bələdiyyə nümayəndəmiz kim olub, bilməmişəm də.
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin birinci hissəsinin 9-cu bəndində ekologiya məsələləri ilə əlaqədar bələdiyyələrin səlahiyyətləri də təsbit olunmuşdur. Belə ki, bu müddəada qeyd edilir ki, bələdiyyələr öz ərazi hüdudlarında yerli ekoloji proqramların qəbul olunmasını və onların icrasını təmin edir.Amma bu təminat ancaq kağız üzərindədir.
Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov cənabının 16.09.2023-ci il tarixdə saytların birinə verdiyi açıqlamada bu poblemin yol xəritəsi tam doğru ifadə edilmişdir:
“… ağacların hansı dövlət qurumunun və ya bələdiyyənin ərazisində olmağından asılı olaraq həmin təşkilatların bu məsələyə cavabdehliyi onların funksional öhdəlikləri, vəzifə borclarıdır…
…Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumları ağacların və ya yaşıllıqların vəziyyəti ilə bağlı yalnız rəy verir. Yəni, aidiyyatı qurumlar, daha doğrusu ağacların yerləşdiyi əraziyə cavabdeh təşkilatlar mülkiyyətçilərdir. Bu ya şəhər icra hakimiyyətinin müvafiq qurumu və ya da bələdiyyələr olur. Onlar ağacların vəziyyətləri ilə mütəmadi maraqlanmalıdırlar. Belə ki, qeyd olunan qurumların cavabdeh şəxsləri ildə iki dəfədən az olmayaraq ərazilərində olan ağacların və uzun ömürlü bitkilərin inventarizasiyasını aparmalıdırlar. Bu onların funksional öhdəlikləridir. Sakinlər ağacların təhlükəli olmaları ilə bağlı aidiyyatı qurumlara müraciəti yalnız vətəndaşlıq borcu kimi qəbul edilməlidir.
Vətəndaşların dövlət və ya bələdiyyə torpaqlarında əkilmiş ağacların kəsilməsi ilə bağlı yazılı müraciəti hər hansı vacib şərt sayılmır. Buna görə də aidiyyatı qurumlar bu məsələdə vəzifə öhdəliklərini yerinə yetirərək sözü gedən ərazidə olan qovaq ağaclarının, vəziyyəti ilə təcili olaraq maraqlanmalı, onların vəziyyətini qiymətləndirərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər” ( Bax: https://bizim.media/az/multimedia/155346/) .
Olsun, amma vətəndaşların özü nə üçün ETSN-ə müraciət edə bilməsin, niyə ETSN vətəndaşın müraciəti əsasında preventiv addımlar atmasın.
Konstitusiyamıza və “Vətəndaşların müraciətləri haqqında” Qanuna görə, Azərbaycan Respublikasının hər bir vətəndaşı dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab veriliməlidir. Bu baxımdan vətəndaş təhlükə barədə birbaşa ETSN-ə ərizə yaza bilər. ETSN qanunla hər bir vətəndaş müraciətinə baxmağa borcludur.
Amma burada incə məqam var: ETSN çox vaxt cavablarında yazır ki, “torpaq mülkiyyətçisinin müraciəti lazımdır(Yaşıllıqların götürülməsi Qaydası” 5.2-ci bəndi). Yəni, ETSN proseduru formal şəkildə qoruyur.
Əgər vətəndaş yazırsa ki, ağac quru və təhlükəlidir, insanların həyatına təhlükə yaradır, torpaq mülkiyyətçisi ərazidən xəbəri yoxdur, öz funksional vəzifəsini yerinə yetirmir, aidiyyəti üzrə müvafiq qurumlara müraciət etmir; onda ETSN bu məlumatı yoxlamaya borcludur. Bunun üçün “insanların həyat və sağlamlığına təhlükə yaradan hallar” üzrə qərar qəbul etmək üçün hüquqi istisna proseduru da mövcuddur (Qaydanın 2.2-ci bəndinə əsasən).
Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, 11 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (RETSİ), Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Xətai Rayon İcra Hakimiyyəti , təəssüflər olsun ki, belə təhlükələrin vaxtında qarşısının alınması üçün qətiyyən narahat deyillər. Bu ağaclar ona görə təhlükəli vəziyyətə düşüblər ki, onlar heç vaxt sanitar xidmət görməyib: vaxtlı-vaxtında suvarılmayıb, budanmayıb. Diqqət mərkəzində ancaq mərkəzi ərazilərdə və magistral yol kənarlarında olan ağaclar, park və yaşıllıqlardır. Şəhərətrafı ərazilərin daxili məhəllələrində, yol kənarlarında xırda-para işlərdən başqa, təbiətə xidmətdən söhbət belə gedə bilməz.
9-cu şəkildə göstərilmiş nəhəng qovaq ağacı Xətai rayonu, General Şıxlinski küçəsi 49 ünvanda yerləşən 579 nömrəli ATS-nin qarşısında əkilib. Bu ağacın budaqları ATS-nin giriş qapısı və məhlə yolunun üstündə olmaqla həmin yolla hərəkət edən insanlar üçün təhlükə yaradırdı. Ağacın kök hissəsi həm də oyuqla əhatələndiyi üçün təhlükəsi çox ciddi idi.
2018-ci ildə 579 №li ATS bu ağacla bağlı Ekologiya Nazirliyinin Ekspertiza idarəsinə rəsmi şəkildə müraciət etmişdir. 2018-ci ilin 13 noyabrında İdarə rəisi Bilal Dadaşovun imzası ilə göndərilmiş sərəncamla həmin ağacla bağlı müvafiq addım atılmasına icazə verilmişdir (Şəkil 34 ) .

Üstündən 2 il 8 ay keçməsinə baxmayaraq, bu işi kim, hansı qurumlar etməlidir, heç bir iş görməyiblər. Halbuki, Ekspertiza İdarəsinin qərarı məhkəmə qərarı kimi məcburidir: icra olunmalıdır .
Ekologiya Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin göstərişi 2 ildən çox, indiyə qədər olan müddəti də əlavə etsək, 6 ildən çox kağız üstündə qalırdı. Həmin vaxt binanın qarşısında təhlükəli vəziyyətdə olan tam qurumuş digər 6 ədəd qovaq ağacının gövdə hissəsini götürmək üçün Nazirliyə müraciət etmişdik. Uzun yazışmalardan sonra Yaşıllaşdırma Birliyinin işçiləri əraziyə gələrkən ATS-nin qarşısındakı təhlükəli qovaq ağacı ilə bağlı rəyi də onlara göstərdik. Çox xahişdən sonra həmin ağacın ancaq bir budağını kəsdilər. Amma gövdəsi və böyük br budağı yenə qalmaqda idi.
2025-ci il may ayın 14-də güclü külək bu ağacın tac hissəsinin qırıb altındakı mağazanın üstünə aşırmışdı. Yaxşı ki, ətrafdakı maşınlara zərər dəymədi. Qopmuş budaq 2 həftəyə yaxın qırılmış mağazanın üstündən asılı vəziyyətdə qaldı. Bura uşaqların çox olduğu yerlərdir. Hər an uşaqların üstünə düşə bilərdi.
Ayın 28-də saysız-hesabsız zənglərdən sonra gəlib bu budağı damın üstündən yerə salıb getdilər. Ağacın kötük hissəsi isə indi də təhlükəli vəziyyətdə qalmaqda davam edir (Şəkil 35).


Daha bir səhlənkarlıq epizodu.
2019-cu ildə yenə bu ağacdan 30-40 metr aralıda – indiki “Vüsal” marketin qarşısında Xətai Rayonu Su-kanal xidmətinin təmirçiləri harasa su xətti çəkəndə, cavan bir Eldar şamının kök hissəsinə yaxın yerdə qazıntı aparmışdılar. Ağacın kökləri mane olduğu üçün onun şah damarlarını “laqunda” ilə 2-3 yerdən kəsmiş və üstünü torpaqla örtmüşdülər. Həmin axşam güclü külək bu ağacı aşırmışdı (Şəkil 36-40 ).


Ertəsi gün Xəzər TV-nin Xəbərlər proqramının axşam buraxılışında göstərdilər ki, guya bu ağacı güclü külək aşırıb. Amma xidmət qurumları da, Xəzər TV də cəmiyyətə gerçək olmayan məlumat paylaşmışdılar.
Əgər bir ağac jıxılırsa, ora mütləq ağac mütəxəssisləri (arborist, dendroloq, bioloq ekspert və ya meşə mütəxəssisləri ) baxış keçirməlidirlər. Səbəbi cəmiyyətə obyektiv vermək lazımdır, həm də obyektiv.
Biz o vaxt ağacın dibi doldurulana qədər onun kəsilmiş şah damarlarını lentə köçürmüş və “Ana və Uşaq” saytında bu haqda yazmışdıq da. Yazmışdıq ki, burada külək bəhanədir, əsas səbəb insan amili ilə bağlı idi, qeyd etdiyimiz kimi, ağacın köklərinin torpaqdan üzülməsidir. Fəqət, təbiətə qənim kəsilmişlərə əsər eyləməyəcəkdi fəryadımız və etmədi də. İctimai rəyə belə münasibət bəsləyəcəklərsə, hələ çox ağac və yaşıllıqlar belə çıxdaş ediləcək.
İctimai rəyin təntənəsi üçün birinci addım o mühiti formalaşdırmaq olmalıdır. Cənab Prezidentimiz tövsiyə edir ku, ictimai rəyi, ictimai nəzarəti instutsional hala gətirmək lazımdır. Əgər bu mühit, şərait yoxdursa, kimdən, hansı təşkilatdan şikayət etsən, onlar problemləri həll etmək əvəzinə, koordinasiyalanıb səni dəf edəcəklər, o ətrafda sənin reputasiyanı marketin qabağında böyrü üstə yıxılmış ağacın gününə salacaqlar.
Şəhərimizdə , eləcə də rayonlara gedəndə yolboyu saysız-hesabsız ağaclarla qarşılaşırıq ki, bu ağaclar keyfiyyətsiz baxım və ya səhv baxım texnikası səbəbindən həyatlarını itirmək üzrədirlər. Susuzluqdan imdad siləmyə halları yoxdur. Bir ananın qız övladları olduğu kimi, ağaclar da Bakımızın qızlarıdır. Analar qızlarına min qayğl göstərə ki, balası gözəl görünsün, təravətli görünsün. Ağac qızlara da bu qayda ilə qayğı göstərilməlidir.
Budama çox səristəsiz adamlar tərəfindən aparılır. Budama 1-17-ci şəkillərdə təqdim etdiyimiz kimi, hansısa ağacın budaqlarını və tumurcuqlarını kəsmək və yaxud ağacın gövdəsini dəyənək halına salmaq demək deyil. Budama gözəllik sənətidir. Amma Bakıda budama adıyla dəyənək halına salınmış ağaclar saysız-hesabsızdır. Ağac quruyub, həyati keyfiyyətləri yoxdur, yaşıllaşdırma işçiləri budaqları kəsib, ağacları eybəcər hala salıb gedirlər.
Xidmət müəssisələri şəbəkələrinin, mağazaların qarşısında ağaclar var, kökünə qədər asfalt tökülmüş və ya tamet düzülmüş (Şəkil ).

Elmi ədbiyyatda göstərilir ki, ağacların əkilməsi üçün qazılan sahənin eni tingin köklərinin diametrindən ən azı 50-60 sm geniş olmalıdır. Buna görə, təxminən 60×60 sm genişlikdə və 80 sm dərinlikdə bir çuxur idealdır. Çuxurun təyinatına uyğun olması üçün köklər sərbəst yayılmalı və torpaqla tam təmasda olmalıdır.
Mənə belə gəlir ki, ağacların, yaşıllıqların yararsız hala düşməsi diqqətsizlikdən, baxımsızlıqdan başqa bir şey deyil. Bunun üçün cavabdeh olmalı mənsubların laqeydliyi , sadəcə, son illər ölkəmizin baş şəhərində artıq ənənəyə çevrilmiş “Abad həyət” layihələrininin, eləcə də çox müasir parkların yaratdığı çox müsbət ümumxalq rəyi fonunda o qədər də hiss olunmur … Kimi danışdırsan, hansı quruma irad bildirsən, o dəqiqə Heydər Əliyev Fondunun, Leyla xanım Əliyevanın himayəsi ilə IDEA İctimai Birliyinin ölkəmizdə vüsət almış ağacəkmə iməciliklərini nümunə göstətəcək.
Təkcə 2024-cü ildə ölkədə beş milyon ağaç əkildiyini dilə gətirəcək. Əlbəttə, yurdumuzun hər bir nahiyəsində qurulan, yaradılan yeni nə varsa, hamısı hər birimiz üçün eyni dərəcədə əzizdir. Bunlar hamısı xalqımızın üçündür, Azərbaycan üçündür. Amma bizim həyətimiz, bizim küçəmiz bizə daha yaxındır. Əliuşaqlı qadın və yaxud çəlikli bir qoca hər gün “Gənclik” parkına gedə bilməz. Buna ehtiyac da yoxdur. Fəqət, həyətində, evinin qarşısındakı yaşıl guşədə “Gənclik” parkında tapa biləcəyi rahatlığı tapa bilər.
“İDEA” İctimai Birliyin rəhbəri Leyla Əliyevanın rəhbərliyi ilə şəhərimizin müxtəlif güşələrində “Abad Həyət” layihəsi üzrə görüımüş və görülməkdə davam edən abadlıq işləri hər bir paytaxt sakininə bu rahatlığı bəxş etmək niyyətinə xidmət edir.
100 il bundan əvvəl Bakıda təkcə bir “Qubernator bağı” var idisə və ora ancaq zadəganlar gedə bilirdisə, bu gün paytaxt şəhərimizin sinəsində bir-birindən yaraşıqlı 50-dən artıq park var və bu parklar heç bir məhdudiyyət qoyulmadan hamının sevimli məkanıdır.
Bu gün əkilmiş ağaclarla, yaşıllıq zolaqları və parklarla öyünürük, fəqət, daxili məhəllələrdə, bir qdər mərkəzdən uzaq yerlərdə baxımsızlıqdan yetim-yoluq cücəyə dönmüş yaşıllıqların görkəminə, bənizləri saralmış çinar ağaclarının halına laqeyd qala bilmərik. “Dədə Qorqud” filmində deyildiyi kimi:
“Əgər torpağı əkmirsənsə, onu qorumağa dəyməz. Əgər torpağı qorumursansa, onu əkməyə dəyməz”.

Qeyd: Yazı eyni zamanda ərizə formasında hazırıanaraq müraciətdə adları çəkilən Nazirlik, idarə və təşkilatlara da göndərilmişdir.