Tarixdə bu gün
İlin 239-cu (uzun illərdə 242-ci) günü.
Mühüm hadisələr:
1993 – Prezidentə etimad məsələsinə dair referendum keçirildi. Həmin referendumda Azərbaycanın səsvermə hüququna malik vətəndaşlarının 92,2 faizi iştirak etdi, onların 97,5 faizi Əbülfəz Əliyevə və onun başçılıq etdiyi AXC—Müsavat iqtidarına etimadsızlıq göstərmək barədə qərar verdi.
Doğum günləri:

105
1920— Sovet İttifaqı Qəhrəmanı Məlik Məlik oğlu Məhərrəmov Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur.
O, 1936-cı ildə orada natamam orta təhsilini başa vuraraq, Bakıda Xalq Təsərrüfatı Texnikumunda oxumuş, 1939-cu ildə texnikumu bitirdikdən sonra isə keçmiş sovet ordusu sıralarına çağırılmışdır. O, 1942-ci ildə Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirmişdir. Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçmiş, Belorusiya, Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənmişdir. Onun komandir olduğu rota 1943-cü ilin payızında Dneprin keçilməsində böyük məharət göstərmişdir. Həmin döyüş əməliyyatına görə Məlik Məhərrəmova və onun rotasından 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Məlik Məhərrəmov müharibədən sonra atıcı diviziyada batalyon komandiri olmuşdur. O, 1954-cü ildə Frunze adına Hərbi Akademiyanı bitirmiş, polk qərargah rəisi vəzifəsində işləmişdir.
Məlik Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının Hərbi Komissarlıq sistemində məsul vəzifələrdə çalışmış, Xızı, Ağdaş, Sabirabad, Kürdəmir rayonlarında və Bakı şəhərinin Nərimanov rayonunda hərbi komissar olmuşdur. 1966-73-cü illərdə isə Azərbaycan Dövlət Universitetində hərbi kafedranın rəisi olmuşdur. O, 1973-cü ildə ehtiyata çıxsa da, universitetdə fəaliyyətini davam etdirmiş, əvvəl kadrlar şöbəsinin, sonra isə ömrünün sonuna qədər Birinci şöbənin rəisi vəzifəsində çalışmışdır.
Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində göstərdiyi hərbi məharətə, komandirlik bacarığına və igidliyinə görə o dövrdə ən yüksək qəhrəmanlıq adına – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilmişdir. 1995-ci ildə Məlik Məhərrəmovun yubileyi təntənəli surətdə qeyd edilmiş, o, müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Məlik Məhərrəmov 2004-cü ildə 84 yaşında vəfat etmiş və Bakıda dəfn edilmişdir.

65
1960– Çingiz Fuad oğlu Mustafayev Rusiyanın Astraxan vilayətində hərbçi ailəsində anadan olub.
Çingizin 4 yaşı olanda ailəsi Bakı şəhərinə köçür. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib təyinatla və Azərbaycanın Dəvəçi mal rayonuna fəaliyyətə başlamışdır.
1990-cı il 20 yanvar tarixində Sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdi. Həmin hadisələrin şahidi olan Çingiz bu andan öz karyerasını tam olaraq hərbi jurnalistikaya həsr etdi.
1991-ci ilin oktyabr ayından isə o, Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir.
Ermənistan qüvvələrinin torpaqlarımıza təcavüzü zamanı o da ön cəbhələrə yollandı. Amansız döyüşlərə baxmayaraq, Çingiz həmin anları sənədləşdirmək üçün bir neçə dəfə döyüş xəttində olmuşdur. O, Xocalının qarla örtülmüş sahələri boyunca uzanmış yüzlərlə cəsədi lentə ala bilmişdir. Onun filmində çəkiliş apararaq qırğını təsvir edən Çingizin səsi onun hönkürtüləri və emosiyaları ilə əks-səda verirdi.
Çingiz Mustafayev 1992-ci il 15 iyun tarixində Naxçıvanlı kəndində hərbi əməliyyatların çəkilişi zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

1961— Azərbaycanın Milli Qəhrəmanı Sadıq Dayandur oğlu Hüseynov Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur.
1968-1978-ci illərdə burada orta məktəbdə oxumuşdur. 1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlamışdır.
Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə atılmışdır. 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralansa da, sonadək mövqeyini tərk etməmişdir.
13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sadıq Dayandur oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.
Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.
Vəfat etmişdir:

1957 – Tanınmış şair, tərcüməçi Böyükağa Məmməd oğlu Qasımov 41 yaşında vəfat etmişdir.
Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulmuşdur. Atası Məmməd kişi 1903-cü ildə Bakıya köçüb xırdavat dükanı sahibi, sonra adi fəhlə olmuşdur. Böyükağa yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində (1932), sonra isə sənaye institutunda (1937) təhsil almışdır.
Ədəbi yaradıcılığa 30-cu illərdə başlamış, ilk şerlərini məktəblilərə həsr etmişdir. Onun ilk kitabı – “Murad” poeması 1937-ci ildə çapdan çıxmışdır. APİ-nin Dil və ədəbiyyat fakültəsini bitirmişdir (1937-1941). İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursant, 1941-ci ilin dekabrında Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində “Döyüşçü” qəzeti redaksiyasında məsul katib işləmişdir (1942-1945). Xüsusi tapşırıqla İrana göndərilmiş (1945-1946), sonra təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər, hərbi klubda rəis vəzifələrində işləmişdir (1947-1948).
Ordudan tərxis ediləndən sonra “Ədəbiyyat qəzeti”ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri (1953-1957) olmuşdur. A.S.Puşkin, N.Nekrasov, N.V.Qoqol, T.Şevçenko, İ.Franko, M.Bajan, P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini doğma dilə çevirmişdir. Füzulinin “Yeddi cam” əsərini, M.F.Axundovun “Puşkinin ölümünə Şərq poeması”nı farscadan, “Sasunlu David” eposunu ermənicədən tərcümə etmişdir. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur (1951-1952). Sonra bütün qüvvə və bacarığını yaradıcılıq işinə vermişdir.

60
1965 – Məşhur tarzən, Azərbaycanın ilk Xalq artisti (1931) Qurban Baxşəli oğlu Pirimov 84 yaşında vəfat etmişdir.
Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.
Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q.Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində “Potte”, “Sport-Rekord”, “Qrammafon” firmaları tərəfindən qrammofon valına yazılmışdır.
15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşaiyət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.
Qurban Pirimov dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət etmişdir. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan “Leyli və Məcnun” əsərində orkestrin solisti olmuş, tarda ifa etmişdir.
Qurban Pirimov 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. O, Qliyerin “Şahsənəm” operasının tamaşaya qoyulmasında bilavasitə iştirak etmişdir. Eyni zamanda 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutmuş, 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olmuşdur.
Qurban Pirimov həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak etmişdir. Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov onun tələbələri olublar.
Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.