Tarixdə bu gün
İlin 259-cu günü (uzun illərdə 260-cı).
İlin sonuna 106 gün qalır.
Doğum günləri:

1909 — Məşhur kimyaçı alim, texnika elmləri doktoru , Əməkdar Elm və Texnika xadimi, akademik İzzət Mirzəağa qızı Oruczadə (Orucova) Bakı şəhərində anadan olmuşdur.
İzzət Oruczadə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş, həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri , Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru , Aşqarlar Kimyası İnstitutunda Mühərrik yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri olmuşdur.
Əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir.
Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır.
Orucova həmçinin ilk Azərbaycan kino aktrisalarındandır. O, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilmiş, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri və bir sıra medallarla təltif edilmişdir.
İzzət Oruczadə 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə ilə ailə həyatı qurmuşdu. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadəni “xalq düşməni” damğası altında həbs edirlər. Əvvəldən həbs olunacağını hiss edən ər dərhal İzzət xanımdan ayrılır. Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olur.

1940 – Görkəmli televiziya və kino rejissoru, Xalq artisti Vasif Babayev anadan olmuşdur.
1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Vasif Babayev 1969-1987-ci illərdə onlarla “Yeni il Mavi İşıq” televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub.
Vasif Babayev jurnalist Nadejda İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində kino-televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı KQB-nin arxivində araşdırmalar apararaq: “Mikayıl Müşfiq”, “Abbaz Mirzə Şərifzadə”, “Ülvi Rəcəb”, “Ruhulla Axundov”, “Hüseyn Rəhmanov”, “Salman Mümtaz” kimi “siyasi məhbuslar”ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlər hazırlamışdı.
Vasif Babayev 40-a yaxın sənədli filmlərin müəllifi və rejissorudur.
“Sahil bağı”, “Odlar torpağı”, “Qızıl güllər diyarı”, “Sovet Azərbaycanı”, “Azərbaycan artistlərinin konserti”, “Yaddaşdan xatirələr (Sovet ölkəsinin uşaqları)”, “Sovet Azərbaycanı”, “Azərbaycan təranələri”, “Ənənələrə sadiq”, “Bakı-Tümen”, “Onuncu beşillik, birinci il”, “Onuncu beşillik, ikinci il”, “Sovet Azərbaycanı”, “Onuncu beşillik, üçüncü il”, “Şəki”, “Azərbaycan geniş addımlayır”, “Onuncu beşillik, dördüncü il”, “Xuraman”, “Sovet Azərbaycanı, yeni nailiyyətlərə”, “Meksika görüşləri”, “Onuncu beşillik, beşinci il”, “Onbirinci beşillik, birinci il”, “Partiyanın canlı sözü”, “Sovet Azərbaycanı, yeni uğurlara”, “Onbirinci beşillik, ikinci il”, “L.İ. Brejnev Bakıda”, “Qızıl yamaclar”, “Yaxşı yol, Azərbaycan”, “Onbirinci beşillik, üçüncü il”, “İçərişəhərin əbədi nağılı”, “Onbirinci beşillik, dördüncü il”, “Həqiqətin anı”, “Sovet Azərbaycanı, zaman və insanlar”, “Nəbi Xəzri”, “Sovet Azərbaycanı, Respublika haqqında monoloqlar”, “Xahiş edirəm, hazırlıq haqqında məlumat verin”, “Xuraman on il keçmiş”, “Quşlar üçün tələ”,. “Seçim”, “Birlikdə”, “Ot kökü üstə bitər”
Bu filmlərin bəziləri müxtəlif kinoforumlarda mükafatlara layiq görülmüşdür.

1943– Qarmon ustası, Əməkdar artist Zakir Qulam oğlu Mirzəyev Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə, atası Qulam Mirzəyev işi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Xaçmaz şəhərinə köçmüşdür.
Zakir Mirzəyev hələ birinci sinifdə oxuyarkən qarmon ifaçiliğı sənətini öyrənməyə başlamışdır. 1953-1957-ci illərdə Bakıda keçirilən baxış və olimpiadaların iştirakçısı olmuşdur. Qazandığı uğurlu çıxışlarına görə birinci dərəcəli medal və fəxri fərmanlarla təltif olunmuşdur.
1959-cu ildə Moskva şəhərində keçirilən “Azərbaycan Mədəniyyətinin Ongünlüyü Dekadası”na hazırlıq məqsədi ilə keçirilən festival baxışında iştirak etmək üçün Bakıya dəvət olunmuş, uğurlu çıxışlarına görə festivalın laureatına nail olmuşdır.
Bu festivalda ifa etdiyi iki musiqi nömrəsi, Teyyub Dəmirovun “Bayati-Şiraz Dəramədi” və “Bakı rəqsi”ni radioda lentə yazaraq “Qızıl Fond”a daxil edildi.
Azərbaycan Respublikasının Xalq artistləri Əfrasiyab Bədəlbəyli, Əhməd Bakıxanov, Cahangir Cahangirov, Gəmbər Hüseynli, Nazim Əliverdibəyov və Tofiqk Quliyev kimi böyük musiqi xadimləri atasına və Xaçmaz şəhər Mədəniyyət şöbəsinin müdiri Ə.Şirinova məktub yazaraq Zakirin Bakıya daimi göndərilməsini xahiş etdilər.
O, 1960-cı ildə Bakıya gələrək anadan olduğu babasıgilin mülkünə daimi qeydiyyata düşür. 1962-ci ildə Bakı şəhəri 36 №li orta məktəbi bitirib Azərbaycan İncəsənət İnstituna daxil olur.
1962-ci ildə ordu siralarina çağırılır və 1964-cü ildə xidmətini başa çatdırıb təhsilini davam etdirir.
1968-ci ildə İnstitutu bitirib təyinatla M.Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasına göndərilir.
Eyni zamanda, Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikomunu “Qarmon İxtisasi” üzrə müəllim kimi bitirmişdir və Bakı Musiqi Kollücində qarmon ixtisası, muğam müəllimi kimi fəaliyyət göstərir.
1978-1999-cu illərdə Azərbaycan Dövlət Konsert Birliyində çalışıb.
1979-2004-cü illərdə bir çox xarici ölkələrdə (Hollandiya, Polşa, Rumıniya, Belçika, Avstriya, Misir, Liviya, Anqola, Konqo, Türkiyə, Kombodca, İran, Hindistan və.s) yüksək səviyyəli konsert proqramları ilə çıxış etmişdir. 1983-cü ildə Vyetnamın fəxri vətəndaşı adına layiq görülüb.
2002-ci ilin oktyabr tarixlərində Tehran şəhərində keçirilmiş beynəlxalq Konfransda azərbaycanın bir sıra alimləri ilə birlikdə işirak etmişdir. Əsər radio və televiziyanın “Qızıl Fondu”na daxil edilmişdir.
2005-ci ildə sənətşünaslıq namizədi, alimlik dərəcəsi almaq üçün “Azərbaycan musiqisində qarmonun rolu və əhəmiyyəti” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
2007-ci ildə 30-il üzərində çalışdığı soltərəfli yeni Azərbaycan qarmonunun ixtirasını tamamlayaraq 2008-ci il 21 may tarixli Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiyası və Patent üzrə Dövlət Agentliyinin ” Patent ixtira” vəsiqəsini almışdır.
Zakir Mirzəyev Azərbaycan Radiosunun Qızıl fonduna daxil olmuş 135-a qədər musiqi nümunəsi ifa etmişdir. 100-ə qədər rəqs musiqisi bəstələmiş, onlardan 50-dən çoxu müntəzəm şəkildə radio və televiziya vasitəsilə səsləndirilir. İndiyənə kimi sadalanan hər iki təhsil qurumunda çalışır.
Vəfat etmişdir:

1937— Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev repressiyaya məhkum edilmişdir.
Hacı Kərim Sanılı kəndli ailəsində doğulmuşdur. 1886-93-cü illərdə mollaxanada oxumuş , 1898-ci ildə Qori Müəllimlər seminariyasını bitirmişdir. 1898-1902-ci illərdə Zəngəzur qəzasının Xaçmazkənd məktəbində , 1902-1904-cü illərdə Gəncə şəhər Rus-müsəlman məktəbində , 1905-1918-ci illərdə Qazax qəzasının Poylu və Dağ Kəsəmən ibtidai məktəblərində müdir işləmişdir
1905-ci ildə siyasi fəaliyyətə başlamış, “Difahi” partiyasının fəaliyyətində yaxından iştirak etmişdir. 1917-ci ildən Tiflis menşevik “Hümmət” təşkilatının üzvü olmuşdur. 1918-ci ildə Qazax qəzasının general-qubernatoru vəzifəsində işləmişdir. 1918-ci ilin noyabrında Tiflis “Hümmət” partiyasından Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir. Sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur.
Azərbaycanda sovet hakimiyyəti illərində xalq maarifi sahəsində çalışmış, 1933-35-ci illərdə Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda , 1933-36-cı illərdə Sovet Ticarəti İnstitutunun nəzdindəki İşçi fakültəsində müəllim , Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi, Bakı Xalq Maarifi şöbəsində inspektor işləmişdir.
Hacı Kərim Sanılı bədii yaradıcılıqla məşğul olmuş, “Aran köçü”, “Namus davası”, “Turut qaçaqları”, “Zülmün sonu”, “Novruz və Gülarə” kimi lirik-epik poemaların, “Canavarlar hökuməti” mənzum satirik əsərinin, lirik şeirlərin müəllifi kimi tanınmışdır.
1937-ci ildə repressiyaya məruz qalmışdır.

2002 — Azərbaycan aktyoru Bahadur Əliyev 68 yaşında vəfat etmişdir.
Bahadur Əliyev 24 fevral 1934-cü ildə Masallının Sığıncaq kəndində anadan olub.
1957-ci ildə İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsini bitirib .
Onu “dublyajın vuran ürəyi” adlandırırdılar.
Filmoqrafiyasına 80-dək ekran əsəri daxil olan aktyor bir müddət kinostudiyada dublyaj sexinin müdir müavini işləyib.
Onun “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz), “Babək” (Divdad), “Dərviş Parisi partladır” (Bəy) və s. filmlərdə yaratdığı epizodik, amma yaddaqalan rollar aktyor peşəkarlığı ilə seçilir. Bahadur Əliyev SSRİ və Hindistanın birgə istehsalı olan “Əlibaba və 40 quldur” filmində də rol alıb. Orta Asiya respublikalarında filmlərə dəvət alan aktyorun məşhur özbək filmi “Şerəli və Aybərçin”də oynadığı rol özbəklərin də sevgisini qazanıb.
Elə aktyorlarımız var ki, istedadları və sənətdə qoyduqları izlə əbədi ömür qazanıblar. Bahadur Əliyev də məhz onlardan biridir.
Bayramlar və xüsusi günlər:

Beynəlxa Ozon Qatının Mühafizəsi Günü – BMT-nin qəbul etdiyi qətnaməyə əsasən hər ilin 16 sentyabrında keçirilir.
Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur və beləliklə, planetimizdə həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Ümumdünya Ozon Qatının Mühafizəsi Günü” elan etmişdir. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilmişdir. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və 42 sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulmuşdur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.