Tarixdə bu gün
İlin 283- cü günü
İlin sonuna 82 gün qalır.
Mühüm hadisələr:
1997 — Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulmuşdur.
1998 —- Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2007 — GUAM-ın yaradılmasının 10 illiyi münasibətilə Vilnüs toplantısı keçirilmişdir.
Doğum günləri:

1982 — İctimai Televiziyadnın jurnalisti və aparıcısı (“Carçı” verilişi) Tamilla Şirinova anadan olub.
Tamilla Şirinova jurnalist fəaliyyətinə İctimai Televiziyada başlayıb. 2012-ci ildə, bir müddət “TRT Avaz” telekanalında təcrübə keçən Tamilla Şirinova daha sonra yenidən İctimai Televiziyada fəaliyyətini davam etdi.
Tamilla Şirinova həmdə uzun müddət Azərbaycanın Avroviziya Mahnı Müsabiqəsində nümayəndə heyətinin üzvü olub, 2010 və 2014-cü ildə isə müsabiqədə Azərbaycanın səslərini elan edən aparıcı olub.

1997— Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi veteranı Hüseyn Nəcəfzadə Abşeron rayonunun Saray qəsəbəsində anadan olub.
Hüseyn Nəcəfzadə 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Hüseyn Nəcəfzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Vəfat etmişdir:

1983 — Görkəmli azərbaycanlı yazıçısı , Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimov 1900-cü ilin oktyabrında Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur.İbtidai təhsilini ikisinifli rus məktəbində almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.
1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək ADU-nun Tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir.
S.Rəhimov ədəbiyyata romanla gəlmiş və roman bütün çoxillik yaradıcılıq fəaliyyəti dövründə onun nəsrinin əsas janrı olaraq qalmışdır.Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri “Şamo”dur.Bununla belə o, 50 il bu əsərin üzərində işləmiş və ona əlavələr etmişdir. “Şamo”, “Saçlı”, “Ata və oğul”, “Mehman”, “Ana və abidəsi”, “Ağbulaq dağlarında”, “Aynalı” və bir çox irihəcmli roman və povestlərin müəllifidir.
Yazıçının “Mehman” povestinin motivləri əsasında “Qanun naminə” bədii filmi ekranlaşdırılmışdır.O, 1941-1945-ci illər müharibəsi dövründə Sovet qoşun hissələri ilə Təbrizə gedir, Cənubi Azərbaycanın bir çox şəhər və kəndlərini gəzir, “Vətən yolu” qəzetində “Səngərli” imzası ilə çıxış edir.Təbriz uşaqlarının ağır həyatını təsvir edən “Nənənin ölümü” hekayəsini çap etdirir.
Süleyman Rəhimov 1939-1940, 1944-1946 və1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycan K(b)P Bakı Şəhər Komitəsində Təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da Təbliğat və təşviqat şöbəsininmüdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Üç dəfə Lenin ordeni, “Qırmızı Əmək Bayrağı” , “Şərəf nişanı” ordenləri və medallarla təltif edilmişdir.1960-cı ildə “Xalq yazıçısı”, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxi adlarına layiq görülmüşdür.
1983-cü il oktyabrın 11-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1992 — Milli Qəhrəman Oqtay Güləliyev Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olmuşdur.
Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlatda iştirak etmiş, uğurszluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Daha sonra Pircahan kəni yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür.
11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü oldu. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də, bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.Laçın şəhərində və Piçənis kəndində adına məktəb var.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Tahir Əminağa oğlu Bağırov Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Tahir Əminağa oğlu Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. 1974-cü ildə Əli Bayramlı şəhərində 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdi.
Tahir Bagırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına ilk qoşulanlardan olmuşdur. 1992-ci ilin 1 mart tarixində 843-cu hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunmuş, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilmışdi. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir.
1992-ci il 11 oktyabrda gedən döyüşlərdə baş çavuş T.Bağırov qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Şirvan şəhərində yaşadığı küçəyə və 11 saylı orta məktəbə onun adı verilib.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Zakir Tofiq oğlu Yusifov torpaqlarımız uğrunda döyüşlərdə şəhid olmuşdur.
O, 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə 194 saylı məktəbi bitirib Mülki Təyyarəçilik məktəbinə daxil olmuşdur. 1977-ci ildə təhsilini başa vurur və AN-2 təyyarəsinə komandir təyin edilir. 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirir. Respublika ilk hərbi vertalyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhtəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə gəldi. Hərbi təlimlər və ardınca Qarabağa uçuşlar.
Bu uçuşlardan ən uğurlusu 11 aprel oldu. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edə bildi. O, döyüş tapşırığını başa vurur və geri dönür. Cəsur komandir Zakir yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv etmişdi. O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında əsl qəhrəmanlıq səhifələri yazmışdı. 11 oktyabr 1992-ci il növbəti uçuş zamanı onun vertolyotu ermənilər tərəfindən vuruldu. Səfiyan kəndi istiqamətdə uçarkən vurulan vertolyotun bütün heyəti həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Vaxtilə oxuduğu 194 nömrəli məktəb və Bakının küçələrindən biri qəhrəmanımızın adını daşıyır.
Tarixi gün və hadisələr:

BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qız Uşaqları Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.