10 oktyabr

Tarixdə bu gün

İlin 283- cü günü

İlin sonuna 82 gün qalır.

Mühüm  hadisələr:

1918—Bakı şəhərində ilk yanğın komandası təsis edilmişdir. Bu, Azərbaycan Demokratik Respublikasında ilk Yanğından Mühafizə Xidməti idi.

1963 – Yerin təkində, suda və havada nüvə sınaqlarının qadağan edilməsinə dair müqavilə imzalanmışdır.

2007 – GÜAM çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna prezidentləri Strasburqda Birgə Bəyannamə imzalamışlar.

2009 – İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokollar – “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu” imzalanmışdır.

Doğum günləri:

1878 — İlk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın – Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya  Tiflisdə anadan olmuşdur.

1989-cu ildə  Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirmişdir. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.

1909-cu ildə  Nigar xanım Tiflisə qohumlagilə qonaq gəlir və  Tsarskoye Selodakı Artilleriya zabitləri məktəbində müvəffəqiyyətlə bitirmiş Əliağa  Şıxlinski ilə tanış olur. Çox vaxt keçmədən ürəkləri qarşılıqlı məhəbbət hissi ilə döyünən bu cütlük ailə qurmuşdur.

Nigar xanım ağlı, biliyi, dünyagörüşü ilə görkəmli sərkərdənin, doğrudan da, həyat dostu olur. Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşıbmış ki, ora “Şıxlinski xəstəxanası” deyirlərmiş. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin rəhbəri olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.

1918-ci ildən Ə.Şıxlinski Qafqaza qayıdır. Bakıya qayıtdıqdan sonra Nigar xanım “Yeni fikir” qəzetində Azərbaycan ədəbiyyatına, dilinə aid məqalələr yazır. “Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib,  Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik”,- deyə yazılmış məqalələri çapdan çıxır.

Nigar xanım 1931-ci il avqustun 12-də vəfat etmişdir.

Əliağa Şıxlınski  vəfalı ömür-gün yoldaşı haqqında  “Xatirələrində” belə yazır: “Mənim hər şeyim: həm səadətim, həm də səhhətim onunla getdi “Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi”. “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”. Şıxlınski özü isə Nigar xanımdan 11 il sonra vəfat edir. Bu 11 il ərzində isə hər cümə axşamı günündə Nigar xanımın qəbrini ziyarət edir. Generalın 4 vəsiyyəti var və bu 4 vəsiyyətin dördündə də qeyd edir ki, məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz. Əliağa Şıxlınskinin Nigar xanıma həsr etdiyi “Ey Sevdiyim Dilruba”, “Ana və onun əziz Nigarına” adlı şeiri var. Şeirlər o qədər incə ruhla yazılıb ki,istər istəməz bir hərbiçinin qələmindən çıxmasına inanmaq çətindir. Amma bu həqiqətən də belə idi. Şair qəlbli general və onun zəngin dünyagörüşə malik xanımına yazdığı bu şeirlər o qədər gözəldir ki, hətta Üzeyir Hacıbəyov “Ey sevdiyim,ey dilruba” şeirinin 2 bəndinə romans bəstələmişdir. Əliağa Şıxlınski də elə Nigar xanımın vəfat etdiyi ayda 1942-ci ilin avqust ayında vəfat edir və Nigar xanımla yanaşı dəfn olunur

Nigar xanım Şıxlinskayanın bir sıra şəxsi əşyalari və məktubları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya və Sənədli mənbələr fondlarında qorunub saxlanılır. Bunlardan Etnoqrafiya fondunda (EF) Nigar xanıma aid olan əl dəsmalı ücün üzü qırmızı rəngli atlasdan olan qovluğu, açıq qəhvəyi rəngli, dördbucaq formalı həsirdən olan zəmbili, xına üçün bürüncdən olan ləyəni, Nigar xanımın şəfqət bacısı olduğu müddətdə istifadə etdiyi tibb ləvazimatlarından olan müalicə üçün kəsik konus formalı şüşədən hazırlanmış bankanı, ağrəngli əczaçı şüşəsini və ağrəngli şüşədən olan dərəcə işarəli menzurkanı qeyd etmək olar.

1907 — Məşhur ədəbiyyatşünas, folklor tədqiqatçısı Hümmət Əlizadə anadan olmuşdur.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923-1929) və onun davamı olan digər elmi təşkilatların (Azərbaycan Elmi Tədqiqat İnstitutu, AzOZFAN və s.) xətti ilə xalqımıza məxsus zəngin şifahi söz sərvətinin toplanması və nəşri istiqamətində ən məhsuldar fəaliyyət göstərən folklorçular sırasında Hümmət Əlizadənin də unudulmaz xidmətləri olmuşdur. 1920-1930-cu  illərdə folklor ekspedisiya və ezamiyyətlərində onun qədər fəal iştirak edən ikinci bir folklorçu yoxdur. Az qala ilin çox hissəsini Azərbaycanın müxtəlif bölgələrində el ədəbiyyatı nümunələri toplamaqla keçirən Hümmət Əlizadənin fədakar toplayıcılıq və nasirlik fəaliyyəti nəticəsində çoxsaylı folklor kitabları işıq üzü görmüşdür. Bu sıradan onun elmi ictimaiyyətə təqdim etdiyi ilk folklor kitabı 1929-cu ildə ATTC-nin nəşriyyatında buraxdırdığı “Azərbaycan el ədəbiyyatı” (Birinci hissə) məcmuəsidir. Həmid Sultanov və Hənəfi Zeynallının müştərək redaktorluğu altında buraxılmış bu kitaba Hümmət Əlizadənin Qazax və Gəncə qəzalarından toplamış olduğu xalq nağılları daxil edilmişdir. Poliqrafik ölçüsü 26×13 sm. olan 157 səhifəlik kitabın tirajı min nüsxə, qiyməti isə iki manatdır. Annotasiyada məcmuənin Azərbaycanı Öyrənən Cəmiyyət – Türkoloji bölməsinin Xəlqiyyat yarımbölməsində hazırlandığı göstərilmişdir.

Hümmət Əlizadənin dastanların toplanması və nəşri sahəsindəki dəyərli, unudulmaz fəaliyyətinin mühüm bir istiqaməti də “Koroğlu” eposunun Azərbaycandakı ilk geniş həcmli nəşrini gerçəkləşdirməsi ilə bağlıdır. İyirmi-otuzuncu illərdə mütəmadi şəkildə Azərbaycanın əsas aşıq bölgələrinə elmi ezamiyyətə yollanan görkəmli folklorçunun xüsusi diqqət yönəltdiyi bir məsələ də ustad aşıqların repertuarından “Koroğlu” dastanının müxtəlif qollarını yazıya almaq olmuşdur.

Hümmət Əlizadə Azərbaycan şifahi xalq ədəbiyyatının lirik qanadına mənsub olan ən populyar və kütləvi janrlardan birinin – bayatıların toplanması və nəşri sahəsində də unudulmaz elmi xidmət göstərmişdir.1941-ci ildə Bakıda vəfat etmişdir

.

1911 — Azərbaycanın Əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru , professor Abbas Fəttah oğlu Zamanov

Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1921-1927-ci illərdə Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır. Bakı pedaqoji texnikumunu bitirdikdən sonra 1929-1937-ci illərdə rəhbər komsomol işçisi kimi çalışmışdır , iki il də “Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir . 1937-1939-cu ilərdə “Ədəbiyyat” qəzetində məsul katib və Azərnəşrin Bədii ədəbiyyat şöbəsində müdir olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir.

1940-1941-ci illərdə Opera teatrının və Filarmoniyanın direktoru olmuşdur.

İkinci dünya müharibəsi illərində Ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim , Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı ,1968-1971=ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru , 1971-1979-cu illərdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlamışdır. Həmin vaxtdan Azərbaycanda və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunmuşdur.

1993-cü il aprelin 1-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

1937 — Görkəmli  pedaqoq,   Əməkdar müəllim , pedaqoji elmlər doktoru , professor  Əjdər Əbdülhüseyn oğlu Ağayev   Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur.

Orta məktəbi Salyanda bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil almışdır .

Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlamışdır . 1965-1969-cu illərdə  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil almışdır. Burada Əhməd Seyidovun rəhbərliyi ilə “Fərhad Ağazadənin pedaqoji göruşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır .

“Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması” adlı doktorluq işi müdafiə etdikdən sonra “Azərbaycan məktəbi” jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olmuşdur. Hazırda Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Təhsil Nazirliyi İctimai Şurasının sədri idi.

Akademik Mehdi Mehdizadə adına mükafatın və “Araz” ali ədəbi mükafatın laureatıdır.

Əjdər Ağayev  17 noyabr 2018-ci ildə 81 yaşında vəfat etmişdir.

1939 — Görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Aida Nəsir qızı İmanquliyeva Bakıda anadan olmuşdur.

Aida İmanquliyeva Bakıdakı 132 saylı orta məktəbi Qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil almışdır. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib, Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışmışdır .

“Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqaləsi “Azərbaycan” jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib “Vostoçnı almanax”da çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda – toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. “Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında”, “Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi”, “Sovet Azərbaycanı və xarici Şərq”, “Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi”, “Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri”, “Şərq filologiyası məsələləri”, “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə”, “Xarici Şərqin problemləri: tarix və müasirlik”, “Şərq ədəbiyyatında ənənə və novatorluq” məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

19 sentyabr 1992 -ci ildə 52 yaşında Bakıda vəfat etmişdir.

  Vəfat etmişdir:

1907 — Cənub-Qərbi Qafqaz Türk Respublikası Nazirlər Şurasının 1-ci sədri, Gürcüstan SSR Müvəqqəti İngilab Komitəsinin üzvü, Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci Sədri , böyük maarifçi, jurnalist Ömər Faiq Nemanzadə 1937-ci ildə  64 yaşında Bakı şəhərində vəfat etmişdir.

Ömər Faiq 1872-ci ildə Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olmuşdur.

Ömər Faiq 1903-cü ilin mart ayının 30-da nəşrə başlamış “Şərqi-Rus” qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə işləməyə başlamışdır. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olmuşdur.

Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə “Molla Nəsrəddin” jurnalı nəşr edilmişdir. Jurnalın təsis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olmuşdur.

İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O. 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir.

Ömər Faiq Nemanzadə 1937-ci ildə Stalin represiyasının qurbanı olmuşdur.

2015—Azərbaycan Respublikasının Xalq artisti , Prezident təqaüdçüsü Nuriyyə Əhmədova 65 yaşında Bakıda vəfat etmişdir.

Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. 1970–1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Dram və kino  aktyorluğu fakültəsində təhsil alıb . İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonra olub.2007-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.

1994 — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olmuş Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov    faciəli şəkildə həlak olmuşdur.

Əhmədiyyə Cəbrayılov 22 sentyabr  1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən “Hərbi medal”la ilə təltif olunmuşdur.

1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940-cı ildə Kommunist Partiyasına daxil olur.

Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına — texniki xidmət sahəsinə təyin olunur.

1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır.

1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. Əhmədiyyə  İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu.

1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o, vərəm xəstəliyinə tutulur.

1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi “Düma”) rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri “Xarqo”, “Fraji”, “Qoçaq”, “Ryus Armed” və s. olmuşdur. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə “Kaberta” partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır.

20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşür. Bu görüşü fotoşəkil təsdiq edir.

28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir.

1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olmuşdur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunmuşdur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürmüşdür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil vermişdir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır.

1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərlə təltif olunur, o cümlədən şəxsi igidliyə görə “Hərbi medal”la ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir).

1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1947-ci ildə Sürəyya xanımla ailə qurur, 1948-1962–ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964-cü ildə Kirovabad Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.

1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. 1968-ci ildə Sovet hökuməti tərəfindən “vətən xaini” adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.

1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.

1976-cı ildə müharibədəki iştirakına görə “Oktyabr İnqilabı Ordeni” ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.

1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Front National milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.

1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə avtomobil  qəzasından  həlak olur  Oxud kənd qəbristanlığında dəfn edilir.

Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir.

1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur.

2010—Azərbaycan ədəbiyyatına  böyük xidmətləri olmuş  alman ədəbiyyatşünası  Əhməd Şmide 75 yaşında vəfat etmişdir.

Əhməd Şmide 1935-ci ilin 7 dekabrında Berlində dünyaya gəlmişdir. 19 yaşında islam dinini qəbul etmiş Əhməd bəy gənc yaşlarından türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin tarixinə, mədəniyyətinə böyük maraq göstərmiş, ömrü boyu ədəbi abidələrimizi tədqiq etmişdir.

Əhməd Şmide uzun illər Azərbaycan ədəbiyyatının incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini alman dilinə tərcümə etmiş, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi Almaniyada təbliğ etmişdir. O Almaniyada “Daşa dönmüş şəhər”, “Xoruz ilə padşah” adlı Azərbaycan nağılları toplularını, “Kitabi-Dədə Qorqud” boylarını, Bəxtiyar Vahabzadənin “Azərbaycan oğluyam”, “Musiqim Qarabağdır”, “İkinci səs” adlı kitablarını tərcümə edərək çap etdirmişdir. Xüsusilə onun tərcüməsində Almaniyada nəşr edilmiş “Kitabi-Dədə Qorqud” gözəl bədii tərtibatı ilə diqqəti cəlb edir.

Əhməd Şmide Türkiyədə də ədəbiyyatımızı təbliğ etmiş, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin şeirlərini Türkiyə türkcəsində çapa hazırlamış, Azərbaycan mətbuatında ədəbiyyatımıza, tariximizə dair məqalələri ilə çıxış etmişdir.

Əhməd Şmide son illərdə Qarabağ həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüş, ermənilərin torpaq iddialarına, işğalçılıq siyasəitinə qarşı kəsərli cavablar vermişdir. Görkəmli alim AMEA M.füzuli adına Əlyazmalar İnstitutu ilə də əlaqələr saxlayır, araşdırmaları zamanı tapdığı maraqlı əlyazmalar barədə xəbər verirdi. O, Şərq əlyazmaları kitabxanalarından birində tapdığı “Oğuznamə” adlı yazılı abidənin surətini əldə edərək Əlyazmalar İnstitutuna göndərmiş, əsər Bakıda nəşr edilmişdir.

Bayramlar və xüsusi günlər:

10 Oktyabr Yanğınsöndürənlərinin peşə bayramı günüdür. Azərbaycanda Yanğından Mühafizə Xidməti 1918-ci ildə yaradılıb. Ümummilli lider  Heydər Əliyevin 5 oktyabr 2002-ci il tarixli sərəncamı ilə 10 oktyabr yanğınsöndürənlərin peşə bayramı kimi təsis edilib. Böyük tarixi yol keçmiş Azərbaycan yanğınsöndürmə xidmətinin fəaliyyəti indi bütün ölkəni əhatə edir. Qarabağ müharibəsində 24 yanğınsöndürən şəhid olub, onlardan 2-si Milli Qəhrəmandır.

Previous:
Next:

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.