Tarixdə bu gün

İlin 306-cı günü
İlin sonuna 59 gün qalır.

Mühüm hadisələr:

1914 — Rusiya İmperiyası Osmanlı İmperiyasına müharibə elan etmişdir.
1922 — “Molla Nəsrəddin” jurnalı fəaliyyətini bərpa etmişdir.
 1994 — Azərbaycan Respublikası Seyşel adaları ilə diplomatik əlaqələr qurmuşdur.
2000 — Vladimir Kramnik Harri Kasparovu məğlub edərək onun 15 illik dünya çempionluğuna son qoymuşdur.

Doğum günləri:

1937 — Azərbaycanın Xalq artisti, bəstəkar Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub.
Musiqi məktəbini  bitirdikdən sonra — 1954-cü ildə Konservatoriyaya daxil olub,  Qara Qarayevin sinifinə təhsil alıb. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956-1961).
1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.
Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.

80

1945 — Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Əkpər Əkbər oğlu Feyzullayev Bakı şəhərində anadan olub.
O, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini mühəndis-geofizik ixtisası üzrə bitirmişdir.
1970-1972-ci illərdə Əkpər Feyzullayev keçmiş “Kirovneft” NQÇİ-də neft hasilatı üzrə 5-ci dərəcəli operator vəzifəsində işləmişdi. O, 1972-1973-cü illərdə Ümumittifaq Elmi-Tədqiqat Layihə Qaz İnstitutunun Azərbaycan filialında mühəndis vəzifəsində işləmişdir. 1973-cü ildən başlayaraq AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyasının) Gelogiya və Geofizika İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
Xarici neft şirkətləri və elmi mərkəzlər ilə birgə 20-dən çox beynəlxalq elmi və 18 beynəlxalq və respublika qrant layihələrin rəhbəri və əsas icraçısı, 3 beynəlxalq ekspedisiyanın rəhbəri, bir sıra beynəlxalq geoloji ekskursiyaların elmi eksperti olmuşdur. Cənubi Xəzər hövzəsinin (CXH) çökmə süxurlarında üzvi maddənin (ÜM) və flüidlərin ən müasir geokimyəvi tədqiqat üsullarının istifadəsi və hövzə təhlilinin əsasında burada baş verən neft və qazın əmələ gəlmə prosesləri, miqrasiyası, onların sənaye yığımlarının formalaşması və saxlanması, və eyni zamanda palçıq vulkanlarının əmələgəlmə mexanizmi, püskürdüyü məhsulların dərinliyi və izotop-geokimyəvi xassələri haqqında yeni elmi nəticələr əldə edilmişdir.
Azərbaycan Respublikasının ilk Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. Hazırda AMEA Geologiya və Geofizika İnstitutunun “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası” şöbəsinin rəhbəridir. Onun rəhbərliyi ilə 10 fəlsəfə doktoru hazırlanmışdır. 340-dan artıq elmi əsərin, o cümlədən xaricdə çap olunan 89 məqalənin və 83 tezisin və 3 patentin müəllifidir. “Tərəqqi” medalı, 3-cü dərəcəli “Əmək” ordeni və AR Prezidentinin Fəxri diplomu ilə təltif edilmişdir.
Hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsi” şöbəsinin rəhbəridir.
Əkpər Feyzullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinın Neft və qaz yataqların geologiyası, axtarışı və kəşfiyyatı kafedrasının və AMEA magistraturasının professorudur. Alimin rəhbərliyi ilə 10 fəlsəfə doktoru hazırlanmışdır.

1961— Professor, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş konsertmeysteri, Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasının müdiri, Xalq artisti Şəhla İbrahim qızı İbrahimova Bakı şəhərində anadan olmuşdur.
1969–1980-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali musiqi təhsili almışdır.
1995–1997-ci illərdə isə Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil almışdır.
Şəhla İbrahimova 1983-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır. 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının “Kamera ansamblı” və “Simli alətlər” kafedrasında işləyir. Hazırda “Simli alətlər” kafedrasının müdiri və professorudur.
Şəhla İbrahimova Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvüdür. O, “Orkestr repertuarı” adlı proqramın, “Skripka üçün orkestr çətinlikləri” adlı dərs vəsaitinin və bir sıra elmi-metodiki vəsaitlərin müəllifidir.

Vəfat etmişdir:

1944 — Əfsanəvi partizan “Mixaylo — ” leytenant, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadə beynəlxalq faşizmə qarşı mübarizədə qəhrəmancasına həlak olmuşdur.
M. Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş, 1936-cı ildə oranı bitirmişdir. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.
Böyük Vətən Müharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi Qızıl Orduya çağrılmış, 1942-ci ildə Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanmışdır. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak etmiş, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşmüşdür. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak etmiş və alman dilini öyrənmişdir.1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yuqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Faşistlər kino-filminə baxarkən Mixaylo öz cəsur kəşfiyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo, faşistlərə xidmət edən “Il Pikkolo” qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.


Mixaylonun qəhrəmanlığı bununla bitmir. O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomasınını partlatmışdır. Şimali İtaliyanın Udinese şəhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarmışıdır. Yeni qərargahın göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmışdı.
1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlmişdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. İgid partizan çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı.
Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Hər iki müəllifin ssenarisi əsasında isə çəkilmiş “Uzaq sahillərdə” bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir.
Sloveniyalı yazıçı Peter Amalietti, Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanını yaratmışdır.
Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunmuşdur: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır”.

1988 — Xalq artisti Hökümə Qurbanova 75 yaşında Bakıda vəfat etmişdir.
Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub.
Hökümə xanım 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib . Elə həmin il Azərbaycan Dövlət konservatoriyasma daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə “Almaz” filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.


Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi “donub” qala bilirdi (məsələn, Şekspirin “Qış nağılı”nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla “doldururdu”.
Hökümə Qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır.
Hökumə Qurbanovanın zəngin obrazlar qalereyasına romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələri daxildir. Onun yaratdığı Sona (C.Cabbarlının “1905-ci ildə” tamaşası), Xuraman (S.Vurğunun “Vaqif”), Hermiona (U.Şekspirin “Qış nağılı”), Xumar (H.Cavidin “Şeyx Sənan”), Süsən (A.Şirvanzadənin “Namus”), Basantasena (Y.Osnos və B.Binnikovun “Hind gözəli”) obrazlarında lirizm, romantik vüsət güclüdür.
Görkəmli aktrisanın yaradıcılığından danışarkən onun səsini xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb.
Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını o səsləndirib. O, bu gün də ekranlardan düşməyən “Uzaq sahillərdə” filmində Anjelikanı, “Ögey ana”da Dilarəni məharətlə səsləndirib.
Milli səhnəmizin misilsiz faciə aktrisası neçə-neçə kraliça obrazı yaradıb. Onun yaradıcılıq zirvəsində 1964-cü ildə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən “Antoni və Kleopatra” tamaşası durur. Aktrisa ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvilərdə çarpazlaşan Kleopatra obrazını məharətlə yaradıb. Həmin tamaşadan lentə alınmış kadra baxarkən adama elə gəlir ki, Hökümə Qurbanova məhz bu obrazı yaratmaq üçün dünyaya gəlib.
Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirib.
Hökümə Qurbanovanın “Bir ailə”, “Onu bağışlamaq olarmı?”, “Əmək və qızılgül”, “İnsan məskən salır” filmlərində çəkildiyi rollar da dolğunluğu ilə yadda qalıb. Neçə-neçə obrazları yaddaşlara əbədilik həkk edən Hökümə Qurbanova görkəmli aktyor Ələsgər Ələkbərov, bir qədər sonra tanınmış rəssam Nüsrət Fətullayev ilə evlilik həyatını, ayrılıq anlarını da yaşamalı olub.
Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 24 may 1960-cı ildə Xalq, 2 mart 1965-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb.
1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!