Baş redaktordan

Yenidən doğulan yaşın mübarək!
Azaddır torpağım, daşım, mübarək!
Vətən, Zəfər Qayıdışın mübarək!
Göz yaşım fəxrlə süzülür indi!
Zəfər nəğmələri yazılır indi!
Təranə Arifqızı

Tarixin yaddaşına həkk olunan bəzi günlər var ki, onlar, sadəcə, təqvimdə bir tarix deyil, millətin varlığının, mənəvi gücünün simvoluna çevrilir. 8 Noyabr – Zəfər Günü də məhz belə günlərdəndir. Bu gün müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi və dövlətçilik iradəsi ilə xalqımızın tarixi ədaləti bərpa olundu, Vətən torpaqları azad edildi, Azərbaycan öz şanlı adını dünya tarixinə Qələbə xalqı kimi yazdı.
Liderlik bəzən yalnız siyasi bacarıq deyil, həm də mənəvi məsuliyyətdir. O məsuliyyət ki, xalqın taleyini öz taleyin kimi yaşamaq, onun dərdini özününküləşdirmək, sevincini isə minlərlə ürəklə bölüşməkdir. İlham Əliyev məhz belə bir liderdir – gənc yaşından dövlət idarəçiliyinin ağır yükünü çiyinlərinə almış, hər addımında xalqına inam bəxş etmiş müdrik rəhbər.
Sülhün və gücün rəmzi
Dünya siyasətində Azərbaycan bu gün sülhün, ədalətin və müdrik diplomatiyanın nümunəsi kimi tanınırsa, bu, bir şəxsiyyətin – İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir. O, müharibəni də, sülhü də ədalət meyarı ilə dəyərləndirdi. Torpaqlar azad edildi, amma düşmənə nifrət deyil, ədalətli sülh mesajı verildi. Bu, gücün və mədəniyyətin bir araya gəldiyi ən parlaq nümunədir.
Azərbaycanın dövlətçilik modeli artıq bölgə miqyasından çıxaraq qlobal səviyyədə örnək kimi təqdim olunur. Cənab Prezidentin müstəqil, cəsarətli siyasəti ilə bu gün Azərbaycan regionun aparıcı, söz sahibinə çevrilmiş dövlətdir.
Qalib xalqın Qalib Lideri
Azərbaycanın Zəfəri, sadəcə, hərbi gücün deyil, milli birliyin təntənəsidir. O günlərdə bir bayraq altında birləşən xalqımız, dövlətinə, ordusuna və Liderinə etimadın nələrə qadir olduğunu bütün dünyaya göstərdi. Bəli, Qalib Liderin arxasında Qalib Xalq dayanırdı – xalq isə əmin idi ki, İlham Əliyev kimi sərkərdə varsa, torpaq mütləq azad olunacaq.
Gələcəyə inamla
Bu gün azad Qarabağda bərpa işləri gedir, şəhərlər yenidən doğulur, yollar, məktəblər, məscidlər bərpa olunur. Bu yenidənqurma dalğası adi tikinti deyil – xalqın öz yaddaşını, kimliyini bərpa etməsidir. Bu inkişafın, sabitliyin və rifahın müəllifi bir daha eyni şəxsdir – xalqının qəlbində əbədi yer tutmuş Lider – cənab İlham Əliyev.
Son söz əvəzi
Bu gün biz Zəfərin birinci, ikinci və hər gələcək il dönümünü qeyd etdikcə, tarix bir daha təsdiq edəcək: Azərbaycan öz Zəfərini müdriklik, inam və birliyinin gücü ilə qazanıb.
Bir vaxt böyük Cavid demiş:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü.
Bizim dahimiz isə Vətənini, torpağını, xalqını qurtaran, onu Zəfərə aparan Liderdir – İlham Əliyevdir!
Allah xalqımızı, dövlətimizi və Ali Baş Komandanımızı qorusun!

Akif Əhmədov,
Anaveushaq.wordpress.com saytının təsisçisi və baş redaktoru