Tarixdə bu gün
İlin 312-ci günü
İlin sonuna 53 gün qalır.

Mühüm hadisələr:
1793 — Parisdə Luvr muzeyi açılmışdır.
2008– YUNESCO-da Mir Cəlal Paşayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Doğum günləri:

1930 — Əməkdar İncəsənət xadimi, bəstəkar Əfsər Bayram оğlu Cavanşirov Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur.
1948-ci ildə оrta məktəbi və 2 saylı Uşaq Musiqi Məktəbini bitirmiş və Bakı Musiqi tеxnikumuna daxil оlmuşdur.
1952-ci ildə Azərbaycan Dövlət Kоnsеrvatоriyasının Bəstəkarlıq fakültəsinə qəbul оlunan Ə.Cavanşirov 1958-ci ildə prоfеssоr Cövdət Hacıyevin sinfini bitirmişdir.
Üzeyir Hacıbəyovun yetirməsi olan Əfsər Cavanşirov yaradıcılığında əsasən simfonik musiqi janrı yer almışdır. Bəstəkar BSО üçün 7 simfоniya, pоеmalar, akakapеlla xоru üçün və uşaq xoru üçün əsərlər yaratmışdır.
Uzun illər Azərbaycan Rеspublikası Dövlət Tеlеradiо Vеrilişləri Şirkətinin “Bənövşə” uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri olan Ə.Cavanşirov 1982-ci ildə “Qabaqcıl Maarif Xadimi” fəxri adlarına layiq görülmüşdür.
Əfsər Cavanşirоv 2006-cı ildə Bakı şəhərində vəfat еtmişdir.

1969 — Azərbaycan uşaq yazıçısı, Dünya Gənc Türk Yazarlar Birliyinin “uşaq ədəbiyyatı bölməsi”nin rəhbəri Aygün Telman qızı Bünyadzadə Baki şəhərində anadan olub.
1995-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirib.
Ədəbi fəaliyyətinə sentyabr 2000-ci il tarixdə başlayıb. Nağıllar, nağıl-pyes ve nağıl-povestlər yazır, dünya xalqlarının nağıl və əfsanələrini rus və alman dillərində tərcümə edib müntəzəm olaraq dvrü mətbuatda, xüsusilə uşaq mətbuatında çıxış edir.
2001-ci ildə YUNİSEF, Respublika Uşaq Təşkilatı və Minalar Əleyhinə Milli Agentlik tərəfindən Aygün Bünyadzadənin müəllifi olduğu “Mina təhlükəsi” nağıl-pyesinin premyerası və 17 sərhədyanı rayonda uğurlu nümayiş etdirilmişdir.
Qələmə aldığı və ədəbi mətbuatda dərc etdirdiyi ilk üç nağıla görə 2001-ci ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən “ilin ən yaxşı uşaq əsərlərinə görə” Tofiq Mahmud adına xüsusi mükafatına layiq görülmüş, 2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatarı tərəfindən “ilin gənc yazarı” nominasiyasının qalibi olmuş, 2003-cü ildə 2 nağıl-pyesi Azərbaycanın görkəmli klassik dramaturqu Cəfər Cabbarlı adına xüsusi Diploma layiq görülüb.
2004-cü ildən bu günədək Dünya Gənc Türk Yazarlar Birliyinin “uşaq ədəbiyyatı bölməsi”nin rəhbəridir.
2005-2007-ci illərdə uşaqlar arasında çox populyar olan “Cırtdan”uşaq jurnalının baş redaktoru olmuşdur.
2010-cu ildə “uşaqlar qarşısında xidmətləri üçün” Polşa Respublikasının Beynəlxalq Təbəssüm Ordeninə layiq görülmüş və Təbəssüm Ordeni Kavaleri fəxri adını qazanmışdır.
Vəfat etmişdir:

1492 – Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Cami 73 yaşında Heratda vəfat etmişdir.
Cami 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur.
İbtidai təhsilini atasından alır. Sonra Herat şəhərindəki Dilgəş mədrəsəsində təhsilini davam etdirir. Burada məşhur sufilərdən olan mövlana Cüneyd Üsulidən dərs alır. Cami son dərəcə istedadlı və zəhmətkeş olduğundan çoxlu mütaliə edir. Müəllimləri onun hafizəsinə heyran qalır. Dövrünün görkəmli müəllimi və alimi hesab edilən Xacə Ələddin Əli Səmərqəndi deyib: “Mən ömrümdə Cami qədər hafizəli və istedadlı şagird görməmişəm”.
Cami dərin dərrakəli bir gənc kimi böyüyür. Yadelli ölkələrə səyahət edərkən də görüb-götürmək, öyrənmək nəsihətindən yetərincə faydalanır. “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər” deyiminə vaqif olur. Heratda tədris edilən elmlərə kifayət qədər yiyələndikdən sonra təbiət elmlərini öyrənmək məqsədilə Səmərqəndə gedir. Burada müvəffəqiyyət əldə edir.
O, Herata qayıtdıqda elmi və biliyi ilə şöhrət tapır. Caminin elmə, təhsilə intəhasız həvəsi onu Heratda mədrəsə açmağa sövq edir. O, Şərqin müxtəlif yerlərindən alim və istedadlı gənclərin mədrəsəyə gəlməsini istəyir. Onların yaxşı təhsil alması üçün öz şəxsi vəsaitini belə əsirgəmir.
Caminin alimliyi, sənətkarlığı və humanizmi müasirləri tərəfindən yüksək qiymətləndirilir. Dəfələrlə Sultan Hüseyn Baykara və vəzir, şair Əlişir Nəvai onu saraya dəvət edir. O, dəvətlərdən imtina edir. Lakin Caminin şəxsiyyətini və sənətkarlığını yüksək qiymətləndirən Sultan Hüseyn Baykara şairə bir neçə dəvə yükü qızıl-gümüş hədiyyə göndərir. Cami bəxşişləri təşəkkürlə qəbul edir.
Caminin elmə məlum olan ilk əsəri Əbdülqasim Babura ithaf etdiyi “Müəmma haqqında risalə”dir (1452). O, demək olar ki, ömrünün sonuna qədər qələmi əlindən yerə qoymayıb. Əsərlərinin miqdarı haqqında müxtəlif fikirlər söylənilib. Onun müridi və ən yaxın dostu, böyük özbək şairi Əlişir Nəvai alimin 35 əsərini, Caminin tərcümeyi-halını yazan Əbdülqafur Lari 47, Şirxan Ludi (1690-1691) “Miratül-xəyal” (“Xəyal güzgüsü”) adlı təzkirəsində isə 99 əsərini göstərib.
Caminin ən məşhur əsərləri üç divan, “Həft-övrəng”, sufi şeyxlərin həyat və tərcümeyi-halına həsr edilən “Nəfəhatül-üns” və “Baharistan”dır. O, Əlişir Nəvainin məsləhəti ilə birinci divanı “Fətnhətəş- şəbab”, yəni “Gəncliyin başlanğıcı” (1479), ikinci divanı “Vəsitətül-iqd” – “Həmayılın ortası” (1489), üçüncü divanı “Xatimətül-həyat” – “Həyatın sonu” (1491) adlandırıb.
Cami “Nəfəhatül-üns” əsərini özündən əvvəl yaşamış sufilərin, şair və alimlərin həyatına həsr edib. Maraqlıdır ki, 600-dən artıq şair, alim və şeyxin tərcümeyi-halı izah edilən əsərdə 20-dək qadının da adı çəkilib.
Cami əsərlərini dövrünün hökmdarlarına ithaf etməkdən boyun qaçırmayıb. Tədqiqatçılar bunun səbəbini onun maddi gəlir axtarmasında yox, əllərində külli miqdarda ixtiyar olan hökumət başçılarına təsir göstərməkdə, onları ədalətə, mərhəmətə sövq etmək istəyində görürlər. Doğrudan da, Caminin bütün əsərlərində, fəlsəfi-ictimai istiqamətindən asılı olmayaraq, insanpərvərlik, ədalət və səxavətin tərənnüm edildiyini görürük. “Baharistan” əsərində bunun bədii ifadəsinə tez-tez təsadüf olunur. Müasir nəsil üçün Cami bu cəhətdən daha maraqlı, əsərlərinin öyrənilib tədqiq edilməsi isə daha diqqətəlayiqdir. Firdovsi, Nizami, Sədi və başqa Şərq klassikləri kimi, Cami də xalq ideyalarını bədii formada təcəssüm etdirməyi bacarıb.
Cami səfərlərdə olarkən alim, şair, şah, sultan və xaqanlar, müxtəlif silkə xas olan adamlarla görüşür. 1472-ci ilin payızında Məkkəyə ziyarətə getmək qərarına gəlir. Bu səfərində Nişabur, Səbzəvar, Bəstam, Damqan, Qəzvin, Həmədan, Kərbəla, Məkkə, Mədinə, Dəməşq, Hələb və Təbriz kimi şəhərləri gəzir.
1492-ci il noyabr ayının əvvəllərində xəstələnir. Xəstəliyi get-gedə şiddətlənir və noyabrın 8-də vəfat edir. Görkəmli mütəfəkkirin dəfni böyük şair Nəvai tərəfindən təşkil olunur. O, Caminin xatirəsinə şeir ithaf edir.

1934— Azərbaycanın görkəmli siyasi xadimi, diplomat və hüquqşünas, Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918-1920) Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 72 yaqşında Fransada vəfat etmişdir.
Əlimərdan bəy Topçubaşov 1862-ci ildə Tiflis şəhərində doğulub. Tiflis gimnaziyasını və Peterburq Universitetinin hüquq fakültəsini bitirib. “Kaspi” qəzetinin redaktorlarından biri, Bakı Dumasının sədri, Rusiya Dövlət Dumasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri olub. Nazirlər Kabinetinin 1918-ci il 20 avqust tarixli qərarı ilə Osmanlı imperator hökumətində Azərbaycanın mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir təyin edilib. Nəhayət, özü İstanbulda ola-ola Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadənin təklifi ilə 1918-ci ilin dekabrında Azərbaycan parlamentinin sədri seçilib.
İctimai-siyasi fəaliyyətindən bəzi məqamlar. Əlimərdan bəyin 1897-1917-ci illərdə “Kaspi” qəzetində yüzlərlə məqaləsi dərc olunub. Rusiyada yaşayan müsəlmanların “İttifaqi Müslimun” təşkilatının yaradılmasında yaxından iştirak edib. Təşkilatın Nijni Novqorod və Sankt-Peterburq qurultayları onun sədrliyi ilə keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti yaranan gündən hüquqşünas alim olaraq cümhuriyyətin dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin qurulması üçün var-qüvvəsi ilə çalışıb.
Cümhuriyyət dövründəki fəaliyyətindən bir neçə epizod.1918-ci il dekabrın 28-də Azərbaycan parlamenti Paris sülh konfransına gedəcək nümayəndə heyətini seçdi. İstanbulda olan Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin sədri təyin edildi. Yanvarın 20-də nümayəndə heyəti İstanbula getdi. Lakin Fransa hökuməti onlara Parisə getmək üçün viza vermədi. Azərbaycanla eyni vəziyyətdə olan Ukrayna, Gürcüstan və digər yeni qurulmuş ölkələrin nümayəndələri birləşib memorandum hazırladılar. Topçubaşovun rəhbərliyi ilə hazırlanan memorandum İstanbulda olan Böyük Britaniyanın ali komissarı Vebbə çatdırıldı. Nəhayət, üç ay sürən mücadilədən sonra viza məsələsi həll olundu və Əlimərdan bəyin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 1919-cu il aprelin 22-də Parisə yola düşdü.
Əlimərdan bəyin Parisdə gördüyü ən böyük iş nümayəndə heyətimizin ABŞ Prezidenti Vudro Vilsonla görüşüdür. Vilson 1919-cu il mayın 28-də, Cümhuriyyətin bir yaşının tamam olduğu gün Azərbaycan nümayəndə heyətini qəbul etdi. Ə.Topçubaşov ABŞ Prezidentini Azərbaycandakı, eləcə də Cənubi Qafqazdakı siyasi-iqtisadi vəziyyət barədə məlumatlandırdı, Paris sülh konfransına təqdim ediləcək memorandumu ona verdi.
Həyatının ən sevincli anı. 1920-ci il yanvarın 15-də Fransa səfirliyinə dəvət olunan Topçubaşova Azərbaycanın müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığı barədə məlumat verildi və Paris sülh konfransının rəsmi sənədi təqdim olundu. Buna çox sevinən Əlimərdan bəy Baş nazir Nəsib bəy Yusifbəyova yazırdı: “Bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır… Biz bu səadətə bərabər olan heç nə tanımırıq”.
1934-cü il noyabrın 8-də 71 yaşında dünyasını dəyişən Ə.Topçubaşov Parisin Sen-Klu (Saint Cloud) qəbiristanlığında dəfn olundu.
Bayramlar və xüsusi günlər:

Bu gün Zəfər Günüdür: İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən, hər il 8 noyabrda qeyd edilir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu. Bu müharibədə qələbə Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.