Tarixdə bu gün
İlin 311-ci günü
İlin sonuna 54 gün qalır.
Mühüm hadisələr:
1922 — Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin indiki Sabir bağında heykəli qoyulur. Bu, abidənin iki özünəməxsusluğu vardı:
1.Heykəl Bakıda ucaldılmış ilk abidə idi.
2. Heykəl inqilabi satiramızın banisi M.Ə.Sabirin şərəfinə ucaldılmışdı
Müəllifi Keylixis Yakov idi. Lakin 1958-ci ildə həmin heykəl yenisi ilə əvəzlənir. Yeni heykəlin müəllifləri heykəltəraş C.Qaryağdı, arxitektorlar Q.Əlizadə, A.İsmayılov olub.

1923 — DQMV-nin I Sovetlər Qurultayı başa çatmışdır. Qurultayda DQMV Mərkəzi İcraiyyə Komitəsi (MİK) seçilmişdir. ( Karakozovun rəhbərlik etdiyi MİK-in tərkibində ermənilər əksəriyyət təşkil edir. Qurultaydakı 132 nümayəndənin 116-sı erməni idi.
1949 — Dünyanın ilk neft dəniz platforması olan Neft Daşlarında ilk neft quyusu fontan vurur.
2000 — Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında (7-9 noyabr) “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı Qətnamə qəbul edilmişdir.
Doğum günləri:

1908 — Məqsud Məsim bəy oğlu Şeyxzadə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan həkim Məsim Şıxıyevin ailəsində doğulmuşdur.
Atası ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. O vaxtlar atasının Ağdaşda açdığı məktəbdə oxuyarkən Nəriman Nərimanov bu şəhəri ziyarət edir. Məktəbin əlaçı şagirdi olan Məqsud şeir oxumaq üçün kürsüyə çıxır. Oxuduğu şeirlər Nərimanovun çox xoşuna gəlir. Nərimanov sonralar həmin şeirlərin üçünü 21 dekabr 1921-ci ildə “Kommunist” qəzetində dərc etdirir. Bir müddət sonra Məqsud Şeyxzadə Ağdaşdan Bakıya yola düşür. Bakı Pedaqoji Məktəbində o vaxtların iki sevilən müəllimi dərs deyirdi – Hüseyn Cavid və Abdulla Şaiq. Məqsud onlardan vətən eşqi, millət eşqi, ədəbiyyat eşqi və türklüyün gerçək üzünü öyrənir. Sonralar Özbəkistanda yaşayanda “Mirzə Uluqbəy” əsərini qələmə alarkən Hüseyn Cavidin ona olan təsirlərindən də söz açır.
Məktəbi bitirər-bitirməz Dərbəndə göndərilir. Orada həm müəllimlik edir, həm də şeirlər yazır. Qəzetlərdə “Azad dağlar qızına”, “Şeyx Şamil”, “Bu axşam” və “Sahildə” adlı şeirləri dərc olunur. Dərbənddə yaşamasına baxmayaraq, tez-tez Bakıya gəlir. Həm Bakı Pedaqoji İnstitutunda oxuyur, həm də Mayakovski, Nazim Hikmət kimi şairlərlə tanış olur. 1927-ci ili Məqsud Şeyxzadənin qaranlıq illərinin başlanğıcı saymaq olar. Dağıstanın Sovet İttifaqına daxil olub-olmaması mövzusunda aparılan müzakirələrin ən fəal iştirakçılarından biri də Məqsud Şeyxzadə olur. Çox keçmir ki, Stalinin cəlladları tərəfindən yaxalanır və milliyyətçi damğası ilə həbsə atılır. Sonra isə sürgün edilir. Məqsud Şeyxzadəyə türklüyün odlu, alovlu müdafiəçilərinin yaşadığı Krım və Qafqaza getmək qadağan olunur. Atası onu Özbəkistanın paytaxtı Daşkəndə göndərir.
Məqsud Şeyxzadə Daşkənddə ətrafına özü kimi düşünən insanları toplayır və mübarizəsini davam etdirir. Bir müddət “Qızıl Özbəkistan”, “Şərq həqiqəti” və “Leninçi” qəzetlərində çalışan Maqsud Şeyxzadə 1938-ci ildə yenidən müəllimlik etməyə başlayır, Nizami adına Daşkənd Pedaqoji İnstitutunda dərs deyir. O, ən gözəl əsərlərini Daşkənddə yazıb. “Üçüncü kitab”, “Cümhuriyyət”, “Cəlaləddin Mengüberdi” kimi əsərləri özbək türkcəsində nəşr olunub. Məqsud Şeyxzadə 1952-ci ildə yenidən millətçilikdə günahlandırılaraq həbs edilir. Daşkənd məhkəməsi ona 25 il həbs cəzası kəsir. O, Sibirə göndərilir.
Stalin ölən kimi Məqsud Şeyxzadənin anası Fatma xanım SSRİ Ali Sovetinin Rəyasət Heyətinə oğlunun əfv olunması üçün məktub göndərir. 1954-cü ildə Məqsud azad olunur. Amma Daşkənd artıq köhnə Daşkənd deyildi. Bütün dostları ondan uzaq gəzməyə başlayır. Bir-iki dostundan başqa heç kəs ona salam vermir, hətta yazdığı əsərlərin qəzet və dərgilərdə yayımlanmaması üçün əllərindən gələni edirlər. Xruşovun məşhur çıxışından sonra vəziyyət dəyişir və Məqsud Şeyxzadə köhnə vaxtlardakı kimi ədəbiyyat sahəsində görünməyə başlayır. O, böyük sevinc içində “Daşkəndnamə” adlı əsər yazır. Bu əsər dərc edildikdən sonra böyük əks-səda doğurur.
1958-ci ildə Daşkənddə təşkil olunmuş Asiya Afrika Yazıçılar Konqresinə qatılan Nazim Hikmət, Əziz Nesin, Melih Cevdet Anday kimi türkiyəli solçu şair və yazıçılarla əlaqə yaradır.
Maqsud Şeyxzadə 1967-ci ilə — ölümünə qədər içindəki vətən həsrətini, vətən eşqini yazaraq təsəlli etməyə çalışır. Bəzən Uluq bəyə, bəzən də Xarəzm türklərinin məşhur lideri Cəlaləddin Xarəzmşaha baş vurur. Kitabları həm özbəkcə, həm də türkcə (Azərbaycan Türkcəsi) nəşr edilir. “Mirzə Uluqbəy” adlı əsəri ekranlaşdırılır. Məqsud Şeyxzadənin əsərləri sonuncu dəfə 1971-1974-cü illərdə altı cild şəklində nəşr olunub.

1917 — Azərbaycanəsilli türkoloq alim, professor İren İsgəndər bəy qızı Məlikova Peterburqda ziyalı ailəsində anadan olub.
O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır.
Bolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb. Bu ölkədə bir qədər qaldıqdan sonra onlar həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar.
İren ilk təhsilini Paris şəhərində alıb. Orta məktəbi qurtardıqdan sonra da təhsilə böyük maraq göstərən İren məşhur Sorbonna Universitetində ingilis dili və ədəbiyyatını öyrənir. Şərq Dilləri Dövlət məktəbində uzun illər arzusunda olduğu türk dili sahəsində biliyini təkmilləşdirib, tanınmış türkoloqların mühazirələrini dinləyib. O, təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir. Universiteti uğurla başa vurduqdan sonra elmi işlə məşğul olmağa başlayır.
Parisdə tanış olduğu gənc türkoloqla ailə həyatı quran İ.Melikoff 1941-ci ildə həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. 1948-ci ildə Fransaya qayıdaraq türkologiya sahəsində araşdırmalar aparıb, məşhur əsərlər yazıb.
Gərgin tədqiqatlarının nəticəsi kimi 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Az sonra onun “Danışmənd dastanı”, “Əbumüslüm Xorasani”, “Umur Paşa dastanı” adlı kitabları işıq üzü görür. 1957-ci ildən 1964-cü ilədək Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Sonra o, Strasburq Humanitar Elmlər Universitetində işləməyə başlayır, 1957-ci ildə doktorluq işini müdafiə edir, bu məşhur təhsil və elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir, bir müddət inadlı fəaliyyət göstərdikdən sonra istəyinə nail olur.
İren xanım Strasburq universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə olur. Onun ciddi fəaliyyəti nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatir. Onlardan 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət üzrə ixtisaslaşmışlar. İren xanım Strasburq universitetində dil və ədəbiyyatdan dərs deyir. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində onun “Türk Qafqaz qeydləri” silsiləsindən “Babək Xürrəmi və Seyid Battal” adlı böyük məqaləsi dərc edilir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professoru olmuşdur. Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olan “Türkika”-nın baş redaktoru olan İren xanım Cənubi Azərbaycanda da olub, Təbrizi gəzib, çox sevdiyi Şah İsmayıl Xətai haqqında zəngin material toplayıb. Görkəmli alim Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə yüksək qiymət verib, M.F.Axundovun yaradıcılığına heyran olduğunu bildirib.
19 yanvar 2009-cu ildə 91 yaşında vəfat edib.

1920 — Azərbaycanın ilk diktorlarından biri, Xalq artisti Fatma Ağacabar qızı Cabbarova Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir.
1941–1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur. İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.
Aydın Qaradağlı, Sabutay Quluyev, Züleyxa Hacıyeva, kimi diktorlarla birlikdə neçə-neçə televiziya diktorlarının yetişdirilməsində nümunə olub, onlara diktorluğun incəliklərini öyrədib.
29 noyabr 2010 -cu ildə 90 yaşında vəfat etmişdir.

1917 — Məşhur Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Quliyev Bakıda anadan olmuşdur.
Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə “Rast”, “Segah”, “Zabul”, “Dügəh” muğamlarını fortepianoda hazırlayıb.
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə ansambl yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il “Azərbaycan xalq rəqsləri” toplusunu hazırlayanlardan biri olub.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı “Azərbaycan mahnıları” musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən “Bakı payızı”nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyevin nəvəsi – Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün “Cəmilənin albomu” uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə – “Şir evdən getdi” və “Musiqi müəllimi” filmlərində çəkilib.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

1917 — Azərbaycan Respublikasının Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev Bakı şəhərində anadan olmuşdur.
Tağı Tağıyev 1931-1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda oxumuşdur. O, əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığının yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri, əmək adamlarının obrazı və əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Misal olaraq “Koroğlu dəsgahı”, “Poladəridən”, “Qaynaqçı”, “Göy-göl”, “Qarlı yollar”ı qeyd etmək olar. Tağı Tağıyev bir çox xarici – Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya və s. ölkələrdə olmuş və onların həyatına dair tablolar çəkmişdir. Rəssamın ən yaxşı əsərləri “Uşaqlıq xatirələri”, “Abşeron silsiləsi”, “El gözəli”, “Qarayanız qız” və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. şəhərlərdə nümayiş etdirilmişdir. T.Tağıyevin yaratdığı “Qara Qarayev” və “Səttar Bəhlulzadə” tabloları dünyanın bütün sərgi salonlarında uğurla nümayiş olunub. O, 1954-cü ildə Avropa, Afrika ölkələrinə səyahətə getmiş, dinindən, dilindən asılı olmayaraq insanları, onların ideyalarını, arzularını bədii boyalarla təsvir etmişdi.
Tağı Tağıyev 27 iyun 1993-cü ildə Bakı şəhərində vəfat etmişdir.

1923— İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Şamama Həsənova Füzuli rayonunun Arayatlı kəndində anadan olmuşdur.
Gənc yaşlarından Füzuli rayonunun “1 May” kolxozunda əmək fəaliyyətinə başlayan Şamama Həsənova qazandığı nailiyyətlərə görə 1947–ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. 1950–ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilmiş və Şamama Həsənova ikinci dəfə Əmək Qəhrəmanı adını qazanmışdır. O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur.
1953–cü ildə Şamama Həsənova işlədiyi “1 May” kolxozunun sədri seçilmiş və qırx ilə yaxın həmin kolxoza rəhbərlik edərək, onun sovet dövründə respublikanın qabaqcıl pambıqçılıq təsərrüfatlarının birinə çevrilməsi üçün qüvvə və bacarığını sərf etmişdir.
Şamama Həsənovanın ictimai fəaliyyəti də zəngin olmuşdur. O, 4–11–ci çağırışlar SSRİ Ali Sovetinin deputatı seçilmiş, 1960–1974–cü illərdə SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputat seçilmişdir.
Şamama Mahmudəli qızı Həsənova 2008–ci il sentyabrın 5–də ömrünün 85–ci ilində vəfat etmişdir.

1934 — Tanınmış estrada müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti Oqtay Cəfər oğlu Ağayev Bakıda dünyaya göz aşmışdır.
Babası “Ədalət” Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər “xalq düşmənləri” kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olublar.
O. Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı bu qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.
Oqtay Ağayev 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.
O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.
O. Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin “Yapon” və yaponiyalı” filmində milis rəisi rolunda çəkilib. “O qızı tapın”, “Dağlarda döyüş” və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.
Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı il noyabrın 14-də vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbirstanlığında torpağa tapşırılıb.
Vəfat edənlər:

1910 — Görkəmli rus yazıçısı Lev Tolstoy 82 yaşında vəfat etmişdir.
Tolstoy 9 sentyabr 1828-ci ildə Tula quberniyasında anadan olmuşdur.
Yazdığı “Hərb və Sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – “Allahın səltənəti qəlbimizdədir” (rus. “Царство Божие внутри нас”) XX əsrin Mahatma Qandi və Martin Lüter Kinqkimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur “Kazaklar” və “Hacı Murad” povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplamışdır.
1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl “Sevastopol hekayələri”ni yazır.
Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq “Ailə xoşbəxtliyi” əsərini çap etdirir. O, 1862- ci ildə “Yasnaya Polyana” adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863-1869 -cu illərdə “Hərb və sülh” romanı üzərində işləmişdir. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G. Plexnov və A. Lunaçarski Tolstoy dühasını yüksək qiymətləndirib onun “Hərb və sülh” romanını dünya ədəbiyyatında ən gözəl əsər hesab edirdilər. “Hərb və sülh” romanındən sonra dünya şöhrəti qazanan əsəri “Anna Karenina” romanı olmuşdur.
Tolstoy 1880-1890-cı illərdə “İvan İliçin ölümü” (1884-86), “Xolstomer” (1885), “Kreyser sonatası” (1887-1889), “Sergey ata” (1898), “Cəhalət hökmranlığı” (1886), “Maarifin bəhrələri” (1891) əsərlərini yazmışdır.

1944 — Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və müharibə dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə Rixard Zorge barəsində çıxarılan ölüm hökmü icra olunur.
“Zorge Ramzay” ləqəbindən istifadə etmişdir. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.
Zorge 4 oktyabr 1985-ci ildə Bakıda – Sabunşu qəsəbəsində Qafqaz Neft Şirkətində mühəndis işləmiş Vilhelm Zorgenin ailəsində doğulmuşdur.
1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Zorge həmin ilin oktyabr ayında könüllü cəbhə bölgəsinə yollanır. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücumbarədə məlumat verməsidir.
Zorgenin şərti adı “Ramzay” olmuşdur.
Hücumun konkret tarixi barədə məlumat verə bilməyən Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdir. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.
Həmin texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş formada istifadə olunur. Sovet Sosialist Respublikaları İttifaqı qarşısında olan xidmətlərinə görə Rixard Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı mükafatı ilə təltif edilmişdir. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edirlər.
Zorgenin adı sovet kəşfiyyat tarixinə qızıl hərflərlə yazılmışdır.
Rixard Zorgenin xatirəsinin əziz tutulduğu ölkələrdən biri də Azərbaycandır. Xəfiyyənin 1895-ci ilin 4 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olması və sonrakı illərdə özü tərəfindən yazılan xatirələrində Azərbaycanı xatırlaması faktı da sözügedən münasibətlərin köklərindən xəbər verir. Uşaq yaşlarından atasının işi səbəbindən Bakıdan Berlinə köçən Zorge bir daha buranı ziyarət edə bilməmişdir. Zorge xatirələrində Azərbaycan barədə deyir:
” Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm. “
XX əsrin ən güclü xəfiyyələrindən biri olan Zorgenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində istər Azərbaycan SSR dönəmində istərsə də Azərbaycan Respublikası dönəmində bir sıra addımlar atılmışdır. 1981-ci ildə Bakıda heykəltəraş V. Siqal və arxitektor Mikayıl Useynov tərəfindən Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilir. Kompleksə daxil olan heykəl mərkəzdə yerləşməkdədir. Bundan əlavə Bakının Nəsimi rayonu ərazisində xəfiyyənin adını daşıyan küçə də mövcuddur.

2020— Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Mehti Yalçın oğlu Şıxəliyev torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Mehti Şıxəliyev 1996-cı il fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub.
Mehti Şıxəliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində Aprel döyüşlərində savaşıb. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
2020-ci il sentyabrın 27-də Vətənimiz üçün təhlükə yarananda , Mehti də onun harayına ilk səs verənlərdən biri olmuşdur. O, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehti Şıxəliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə xüsusi xidmətlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Mehti Şıxəliyev ölümündən sonra “Qarabağ” ordeni ilə , 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə ,
24.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə” medalı ilə, “Şuşanın azad olunmasına görə” medalı ilə, təltif edildi. 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.