Tarixdə bu gün

İlin 310-cu günü
İlin sonuna 55 gün qalır.

Mühüm hadisələr:

1923 — DQMV I sovetlər qurultayı işə başlamışdır.
1926 — Efirdə ilk dəfə “Danışır Bakı” səslənmiş, Azərbaycanda radio yayımları başlanmışdır.


1967 — Bakı Metropoliteninin 5 stansiyası – “Bakı soveti”, “26 Bakı komissarı”, “28 Aprel”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları istismara verilmişdir.

Doğum günləri:

1931 – Uşaq şeirinin görkəmli nümayəndəsi, tanınmış nasir,tərcüməçi, publisist, Azərbaycan komsomolu mükafatı laureatı Tofiq Mahmud oğlu Mehdiyev Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur.
Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir (1949-1954). Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-maarif müəssisələri idarəsində Metodiki kabinetin əməkdaşı kimi başlamış (1954), sonra “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir (1958-1961), “Göyərçin” jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961).
İlk şeri “Kəsməsəm də, görməsəm də” 1953-cü ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunmuşdur. 1976-cı ildən “Göyərçin” jurnalının redaktoru vəzifəsində işləmişdir.
Tofiq Mahmud 1997-ci il aprelin 4-də Bakıda vəfat etmişdir.
Şairin adına “Tofiq Mahmud mükafatı” (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunur) təsis edilmişdir.

1945 — Azərbaycan Respublikasının Xalq artisti, teatr və kino aktrisası Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub.
O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva rejissor Əşrəf Quliyev təərfindən dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın a dəvət olunub və A.Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanmışdır.
Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm” in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara çəkilmişdir.
Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
2014 ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür.
8 fevral 2018 –ci ildə 72 yaşında vəfat etmişdir.

1947 — Məşhur politoloq, yazıçı, filosof və şair olan Rusiya islam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri Heydər Camal Moskva şəhərində anadan olmuşdur.
Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən, ağdamlı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Ağdama – ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq Dilləri İnstitutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub.
1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir.
Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat etmişdir.
1993-1996-cı illər arasında Heydər Camal İslam problemlərinə həsr edilmiş bir sıra televiziya proqramlarının aparıcısı olur. 1997-ci ilddə İstanbulda dövrün Bələdiyyə sədri olan Ərdoğanla siyasi islamın taleyini müzakirə edir. 1998-ci ildə Cənubi Afrikada leksiyalar söyləmək üçün dəvət edilir. Keyptaun universitetinin fəxri doktoru adına layiq görülür. 1999-cu ildə Sankt-Peterburqda keçirilən “Pravoslav-İslam” konfransında İslamın və Pravoslavlığın strateji partnyorluğunun mümkünlüyü barədə tezis irəli sürür. Eyni ilin sonlarında parlament seçkilərində iştirak edir…
Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləmişdir. Rusiya sistemində müsəlmanların hüquqlarının qorunması üçün fəlsəfi görüşlərini irəli sürən və bu işə olduqca səviyyəli təqdimat verməyi bacaran, Rusiya elitasında sayılıb-seçilən biri idi. Onun fikirlərinə kifayət qədər hörmətlə və ciddi yanaşılırdı. O, Rusiya və dünya siyasətçiləri yanında böyük hörmət və nüfuza malik idi.

1950— Görkəmli tənqidçi, nasir, filologiya elmləri doktoru Rəhim Nadir oğlu Əliyev Bakının Ramana qəsəbəsində anadan olmuşdur.
198 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1968-1973).
1973-1975-ci illərdə Sovet ordusunda zabit rütbəsində hərbi qulluqda olmuşdur.
Y.Qarayevin “Səhnəmiz və müasirlərimiz” adlı kitabına yazdığı ilk mətbu rəyi 1973-cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. Bundan sonra dövri mətbuatda ədəbi-tənqidi məqalələri vaxtaşırı çıxır. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda laborant (1975-1976), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi (1976-1978), tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1978-1985), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi olmuşdur (1988-1991)
Azərbaycan Respublikası Prezident Aparatında məsləhətçi, Teleradio şirkətində sədr müavini işləmişdir (1990-1991), C.Cabbarlı Fondunun sədri seçilmişdir (1994-cü ildən). “1970-ci illər lirikasının inkişaf meylləri” mövzusunda namizədlik (1983), “C.Cabbarlının yaradıcılıq təkamülü: metod, üslub, janr” mövzusunda doktorluq (1996) dissertasiyası müdafiə etmişdir.
Hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisidir (1996-cı ildən).
Ədəbi tənqid, nəsr və publisistika ilə məşğul olur. 2001-ci ildən türkdilli hürufi mətnlərinin tədqiqi ilə məşğuldur. “Ədəbiyyat nəzəriyyəsi” kitabında dilin yazıdan törəmə olması barədə nəzəriyyə irəli sürmüşdür. Bu kitabda sözün semiotik işarə nəzəriyyəsi ədəbiyyat nəzəriyyəsinə də tətbiq edilir.

Vəfat etmişdir:

1944 – Sovet İttifaqı Qəhrəmanı Mirzə Dövlət oğlu Vəliyev Böyük Vətən müharibəsində faşizmə qarşı müharibədə həlak olmuşdur.
Mirzə Vəliyev 1923-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur.
Cəbhəyə könüllü getmişdir. Onun döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir. Topçular bölməsi komandiri baş serjant Mirzə Vəliyevin son döyüşü Macarıstan torpağında oldu. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanına tüstü bürümüşdü. Tüstü çəkiləndə Mirzə Vəliyevin topçu bölməsi heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli avtomobilini məhv edir, amma özü də həlak olur.
Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra 1945-ci ilin 24 martında verilmişdir. Qusar rayonu N.Nərimanov parkında və Yuxarı Ləgər kənd məktəbinin qarşısında büstü qoyulub.
Qusar rayonunda adına küçə vardır.

1974 — Görkəmli şair-dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi İslam Əhməd oğlu Səfərli 51 yaşında vəfat etmişdir.
İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 nömrəli məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, Çex qızının məhəbbəti, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu.
İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun “İki qardaş” (1950), “Badamlı kəndinin qızı” (1955) oçerkləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkli itki” (1973) novellaları, “İki könül bir olanda” (1947) balet-librettosu, “Şərqin qalibləri” (1960), “Bir stəkan çay” (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S. Puşkin, M.M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.
Şairin “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.
İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.
İslam Səfərlinin 18 kitabı işıq üzü görüb.
Məzarı Fəxri Xiyabandadır.

Bayramlar və xüsusi günlər:

6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günü kimi qeyd olunur.
1895-ci ildə rus fiziki A. S. Popov radioqəbuledici və radioötürücü aparatı icad etmişdir. Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilmişdir. Televizorun (yunanca “tele” – uzaqlıq, latınca “vizor” – görmə sözlərindəndir) ixtirası isə bir qədər sonraya – XX əsrin 20-30-cu illərinə təsadüf edir.
1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlandı. İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur.
1939-cu ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi. Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı. Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılmışdır.
1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26- da ilk radio verilişi efirə çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artmışdır.
Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı, bir çox özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayırlar. 2005-ci il avqustun 31-də İctimai Televiziyanın yayıma başlaması Azərbaycan teleməkanını daha da genişləndirmişdir. Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.nin peşə bayramı günü kimi qeyd olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!