Tarixdə bu gün

İlin 309-cu günü (uzun illərdə 310-cu).
İlin sonuna 56 gün qalır.

Mühüm hadisələr:

1964 — SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanmışdır.
2006 — İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılmışdır.
2007 — Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana etmişdir.

Doğum günləri:

1924 — Azərbaycan görkəmli alimi, tibb elmləri doktoru, professor İbrahim Mustafa oğlu Topçubaşov Bakıda anadan olub.
1950-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Quba rayonunda və Maştağa rayon xəstəxanasında cərrah işləyib.
1958-ci ildən Azərbaycan Tibb İnstitutunda Cərrahiyyə kafedrasında fəaliyyətə başlayıb.
1961-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
Professor Topçubaşov təbabətin ən mühüm məsələlərinə həsr edilmiş yüzdən cox elmi əsərin müəllifidir. Onun əsərləri Çexoslovakiyada, Polşada, Bolqarıstanda, Türkiyədə, Yaponiyada çap edilib. Həssas qəlbli insan və qayğıkeş alim həm də bəstəkar kimi tanınıb. O, bir cox lirik mahnının müəllifidir.
İbrahim Topçubaşovun atası görkəmli akademik Mustafa Topçubaşov, anası isə Azərbaycan SSR-in Əməkdar İncəsənət xadimi, rəssam Reyhan Topçubaşova olub.

1953— Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın həqiqi üzvü Nazim Məmmədov Bakı şəhərində anadan olub.
1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu Yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra, əsasən, keçmiş SSRİ məkanında yerləşmiş, Fizika İnstitutu (Bakı), A.F. İoffe adına Fizika Texnika İnstitutu (Sankt-Peterburq) və SSRİ EA Sibir filialının Qeyri-üzvi Kimya İnstitutularında (Novosibirsk) işləyib.
Nazim Məmmədov 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.
2017-ci ildə Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi seçilib.

1962 – Məşhur muğam ifacısı, Xalq artisti Mələkxanım Əyyubova Şamaxıda anadan olmuşdur.
1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır.
Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə.Cavanşirovun rəhbərlik etdiyi Uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin Musiqili komediya aktyorluğu fakültəsində təhsil almışdır. 1980-cı ildən 1985-ci ilədək “İrs” folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına Muğam üçlüyündə çalışmışdır.
Dünyanın bir çox ölkələrində – ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış etmişdir.
1995–ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli rolunun ifaçısı olmuşdur.
10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır.

1975—Qadınlar arasında qrossmeyster (1994), FİDE hakimi (2016), SSRİ çempionu (1991) və 18 yaşa qədər qızlar arasında ikiqat dünya çempionu İlahə Qədimova 1975-ci ildə Gəncə şəhərində anadan olub.
1992-ci ildə 18 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionatında qalib olub, 1993-cü ildə 18 yaşlı qızlar kateqoriyasında ikinci dəfə dünya çempionu olub.
1994-cü ildə İlahəyə qadınlar arasında Beynəlxalq qrossmeyster adı verilib.
1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə “Tərəqqi medalı” ilə təltif olunub.
Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində iki Şahmat Olimpiadasının (1992, 1994) və üç milli komandalar arası Avropa çempionatının (1992, 1997, 2007) iştirakçısı olub.
2006-cı ildə Belçikanın Eypen şəhərində dairəvi sistemlə keçirilmiş beynəlxalq turnirin bürünc mükafatını qazanıb. Eyni ildə Türkiyənin Quşadası şəhərində keçirilmiş şahmat üzrə VII şəxsi Avropa çempionatında iştirak edib.
2008-ci ildə Rusiyanın Nalçik şəhərində olimpiya sistemi ilə keçirilmiş şahmat üzrə qadınlararası dünya çempionatında iştirak edib. Çempionatın ilk turunda almaniyalı şahmatçı Elizabet Petçlə qarşılaşan Qədimova, iki görüşün nəticəsinə görə rəqibi ilə heç-heçə edib. Belə vəziyyətdə qalibi müəyyənləşdirmək üçün blits-oyunun keçirilməsinə ehtiyac yaranıb. Həlledici görüşdə rəqibinə məğlub olan İlahə çempionatda iştirakını dayandırıb.
2016-cı ilin sentyabrında Bakıda keçirilmiş FİDE-nin 87-ci konqresi zamanı İlahə Qədimovaya FİDE hakimi titulu verilib.
Qədimova Bakıdakı Xarici Dillər İnstitutunu (hazırki Azərbaycan Dillər Universiteti) bitirib. Daha sonra Maltada — Diplomatik Kollecdə təhsil alıb.
1990-cı illərin ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə işə qəbul olunaraq diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanın Avropa ölkələrindəki səfirliklərində, o cümlədən Maltadakı diplomatik korpusda çalışıb.
2008-ci ildən sonra aktiv şahmat fəaliyyətindən uzaqlaşıb.
Mətbuata verdiyi müsahibələrindən birində Qədimova diplomatiya işinə Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov tərəfindən dəvət olunduğunu deyib.
İlahə xarici vətəndaşla ailə qurub, hazırda Avropada yaşadığı bildirilir.

Vəfat etmişdir:

1978 – Tanınmış nasir, Eynulla Xankişi oğlu Ağayev 71 yaşında vəfat etmişdir.
Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır.
1926-cı ildə Sabir adına 23 nömrəli ikinci dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyl göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini “Gənc işçi”, “Kommunist”, “Yeni yol” qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi “Balıqçı Kamil” 1928-ci ildə Tiflisdə buraxılan “Qızıl şəfəq” jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda “Kommunist” qəzetinin Partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur. Eyni zamanda pedaqoji institutda təhsilini qiyabi davam etdirmiş, 1935-ci ildə institutu bitirdikdən sonra “Yeni yol” qəzetinin Ədəbiyyat və incəsənət şöbəsində müdir, sonra isə məsul katib işləmişdir. II Dünya müharibəsinin ilk günlərindən səfərbərliyə alınmışdır. Kerç döyüşlərində ağır yaralanmış, müalicədən sonra yenidən ön cəbhəyə qayıtmışdır.
1946-cı ilin martında ordudan tərxis olunmuşdur. 1946-cı ilin mayından “Azərbaycan pioneri” qəzetinin məsul redaktoru olmuş, bütün yaradıcılığını gənc nəslin yetişdiriliməsinə həsr etmişdir.

1993 — Azərbaycanın Milli Qəhrəmanı Rafiq Cəfər oğlu Alıcanov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Rafiq Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.
Rafiq Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərində Ali Hərbi Məktəbə daxil olmuşdur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə xidmətə başlamışdır.
1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana geri dönmüş və gənc zabit kimi Vətənin müdafiəsinə qalxmışdır. Hərbi təcrübəsi nəzərə alınaraq, Rafiq Alıcanov Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilir. O komandir kimi, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da aparılan döyüşlərdə iştirak etmişdir.
5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Köçəvəlli kəndində dəfn edilmişdir.
Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Rafiq Cəfər oğlu Alıcanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Köçəvəlli kənd orta məktəbi onun adını daşıyır. Köçvəlli kənd orta məktəbində və Ağstafa şəhərinin mərkəzində büstü var. Büstün qoyulduğu ərazidə yerləşən park onun adını daşıyır. Eyni zamanda Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində adına küçə verilmişdir.

2002 — Görkəmli aktyor, Xalq afrtisti Eldəniz Zeynalov Bakıda vəfat etmişdir.
Eldəniz Zeynalov 1937-ci ildə Bakı şəhərində anadan olub. Məşhur səhnə ustası Həsənağa Salayev onun dayısı idi. Uşaqkən dayısı ilə teatrlara ayaq açan Eldəniz özü də bilmədən səhnənin sehrinə düşür. Sonralar teatr inistutunda SSR Xalq artisti Adil İsgəndərovun sinfində dərs alır. Mirzəağa Əliyev, Mövsüm Sənani kimi dahi sənətkarların əhatəsində böyüyür. Hələ o vaxt müəllimi Adil İsgəndərov ondakı istedadı görüb 1963-cü ildə “Əhməd Haradadır?” filmini çəkərkən, Eldənizi “rəngsaz Əhməd” roluna dəvət edir. Sonralar o, aktyorun sənətinə yüksək qiymət verərək, deyirdi: “Kino sənətində Eldənizin öz yeri var. “Əhməd Haradadır?” filmini onsuz təsəvvür etmirəm.”
İnstitutu bitirib Akademik Dram Teatrına təyinat alan aktyor paralel olaraq həm teatrda, həm də “Azərbaycanfilm” kinostudiyasında çalışırdı. “Azərbaycanfilm” kinostudiyasında 2-3 il işlədikdən sonra yenə də doğma teatra qayıdan sənətkar ömrünün sonuna kimi burda çalışır.
Eldəniz Zeynalov həyatda da yaratdığı obrazları kimi çılğın və səmimi insan idi. Bəlkə də, buna görə çoxları deyərdi ki, o, ekranda və səhnədə elə öz həyatını oynayır. Çəkildiyi filmlərdə artıq aforizmə çevrilən zarafatları, özünəməxsus ləhcəsi, danışıq tərzi və sözləri ilə…
Aktyor 1999-cu ildə “Humay” mükafatı laureatı, 1974-cü ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!