Tarixdə bu gün
İlin 314-cü günü (uzun illərdə 315-ci).
İlin sonuna 51 gün qalır.
Mühüm hadisələr:
1444 — Varna yaxınlığındakı döyüşdə səlibçilər türk qoşunlarına məğlub olmuşlar.
1920 — Stalin Bakıdan Moskvaya qayıdarkən Məmməd Əmin Rəsulzadəni də özü ilə eyni qatarda aparmışdır.
1994 — Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluğunu bildirən 1047 saylı qətnaməni qəbul edib
1995 — Azərbaycan Respublikası Niger ilə diplomatik əlaqələr qurmuşdur.

2001 — Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı başa çatmışdır.
Doğum günləri:

1962— Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləli oğlu Güləliyev Laçın rayonunun Xaçınyalı kəndində anadan olmuşdur.
1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olmuşdur.
Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf edir. Oqtay Güləliyev də digər polis işçiləri kimi Vətənin müdafiəsinə qalxır. Uğurszluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Pircahan kəni yaxınlığındakı döyüşdə ağır yaralanmış, müalicə olunaraq tez də cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və Gorus-Şuşa yolu nəzarətə alınmışdır, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü oldu. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də, bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Oqtay Güləli oğlu Güləliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Laçın şəhərində və Piçənis kəndində adına məktəb var.

1975 — Azərbaycan musiqiçisi, nağara ifaçısı, “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Bahadur oğlu Şirinov Bakı şəhərində anadan olmuşdur.
1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir.
Azərbaycan ritmlərini nağarada genişləndirmək üçün 2002-ci ildə Natiq Moskva şəhərində, Hindistan konsulluğunda yerləşən tabla məktəbində dərs almağa və sonralar Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez etməyə başlamışdır. O, 2005, 2006, 2008 və 2009-cu illərdə keçirilən Zərb alətləri festivalının prodüseri, möhtəşəm perkussiya ifaçısı Tofiq Cabarov tərəfindən festivalda iştirak etmək üçün dəvət almışdır.
Vəfat etmişdir:

1938 —Türkiyə Respublikası qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 57 yaşında vəfat etmişdir.
Mustafa Kamal Atatürk 1881-ci ildə Səlanikdə (indiki Yunanıstanın Salonika şəhəri) doğulmuşdur. Atası Əli Rza Əfəndi, anası isə Zübeydə Xanım idi. Polis zabitliyi, katiblik və taxta-şalban ticarəti ilə məşgul olmuş Əli Rza Əfəndi, 1871-ildə Zübeydə xanımla evlənmişdir. Atatürkün beş bacı və qardaşlarından təkcə Makbule (Atadan) 1956-cı ilə qədər yaşamışdır.
Mustafa əvvəl Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində təhsilə başlamış, sonra atasının istəyi ilə Şəmsi Əfəndi məktəbinə keçmişdir. Bu müddətdə atasını itirmişdir (1888). Bir müddət Rapla fermasında dayısının yanında qaldıqdan sonra Səlanikə qayıdıb məktəbi tamamlamışdır. 1893-cü ildə hərbi məktəbə daxil olmuş, bu məktəbdə ikən riyaziyyat müəllimi Mustafa bəy adına “Kamal”ı əlavə etmişdir. 1896-1899-cu illərdə Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb məktəbində təhsilə başlamışdır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il, 11 yanvarda kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət etmiş, 1907-ci ildə kolağası (kıdemli yüzbaşı) rütbəsi almışdır. Sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il, 19 apreldə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi Manevralarında iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlamışdır.
1911-1919
1911-12 Türk-İtalyan Müharibəsində Mustafa Kamal bir grup yoldaşıyla birlikdə Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 1911-ci il, 22 Dekabrda italiyanlara qarşı Tobruk döyüşündə qalib gəlmişdir. 1912-ci il, 6 Martda Dərnə komendantı təyin olunmuşdur.
1912-ci ilin Oktyabrında Balkan Müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak etmişdir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olmuşdur. 1913-cü ildə Sofiya Hərbi Ataşeliyinə təyin olunmuş, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlmişdir. Hərbi Ataşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatmışdır. Bu müddət ərzində I Dünya Müharibəsi başlamış, Osmanlı İmperatorluğu müharibəyə girmək məcburiyyətində qalmışdı. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərildmişdir.
1914-cü ildə başlayan I Dünya Müharibəsində, Mustafa Kamal Çanaqqalada Antanta dövlətlərinə qarşı vuruşlarda böyük şücaət göstərmişdir. Çanaqqala döyüşündən sonra 1916-cı ildə Ədirnə və Diyarbəkrdə vəzifə almış, 1 Aprel 1916-cı ildə general-mayor rütbəsinə yüksəlmişdir. Muş və Bitlisin ruslardan geri alınmasını təmin etmişdir. 15 Avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilmiş, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafia təşkil etmişdir. Mondros Müqaviləsinin imzalanmasından bir gün sonra, 31 Oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin edilmiş, bu ordunun ləğv edilməsindən sonra isə 13 Noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlamışdır.
1919-1923
Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 May 1919-cu ildə Samsuna getmişdir. 23 iyul-7 avqust 1919 tarixləri arasında Ərzurum, 4-11 Sentyabr 1919 tarixləri arasında da Sivas Kongresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən etmişdir. Dekabr 1919-cu ildə Ankarada həyəcanla qarşılanmış, 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda əhəmiyyətli addım atılmışdır. Məclis və hökümət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib tətbiqinə başlamasını təmin etmişdir.
Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş mübarizəsinin əsas mərhələləri:
• Sarıqamış (20 Sentyabr 1920), Qars (30 Oktyabr 1920) və Gümrünün (7 Noyabr 1920) azad edilməsi.
• Çukurova, Qaziantep, Maraş və Urfa müdafiələri (1919-1921).
• I İnönü zəfəri (6-10 Yanvar 1921).
• II İnönü zəfəri (23 Mart-1 Aprel 1921).
• Kütahya-Eskişehir döyüşləri.
• Sakarya zəfəri (23 Avqust-13 Sentyabr 1921)
• Böyük Hücum, Başkumandanlıq döyüşü və Böyük Zəfər (26 Avqust – 9 Sentyabr 1922)
Sakarya zəfərindən sonra 19 Sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu vermişdir. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi ilə sona çatdı. Beləliklə Sevr Müqaviləsi ilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.
1 Noyabr 1922-ci xilafət və monarxiya birbirindən ayrılmış, monarxiya ləğv edilmişdir. Beləliklə Osmanlı İmparatorluğu ilə əlaqələr kəsilmişdir. 29 Oktyabr 1923-cü ildə Cümhuriyyət elan edilmiş, Atatürk yekdilliklə ilk cümhurbaşqanı seçilmişdir. 30 Oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk höküməti qurulmuşdur. Türkiyə Cümhuriyyəti, “Hakimiyyət qeydsiz-şərtsiz millətindir” və “Yurdda sülh, cahanda sülh” ideoloji əsasları üzərində qurulmuşdur.
1923-1938
1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən cümhurbaşqanı seçilmişdir.
15-20 Oktyabr 1927-ci ildə Qurtuluş mübarizəsindən və Cümhuriyyətin quruluşundan bəhs edən Böyük nitqi, 29 Oktyabr 1933-cü ildə də 10-cu İl Nitqini söyləmişdir.
29 yanvar 1923-cü ildə Latife Xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.
Soyadı Qanununa görə, 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilmişdir.
Fransız və alman dillərini bilirdi.
10 noyabr 1938-ci il saat 9.05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, movzoleyi tikildikdən sonra 10 noyabr 1953-ci ildə oraya köçürülmüşdür.
Atatürk, Türkiyəni “Müasir mədəniyyət səviyyəsinə çıxartmaq” məqsədi ilə bir çox inqilab və islahatlar həyata keçirmişdir.

1972— Milli opera sənətinin nümayəndəsi, Azərbaycanın Xalq artisti Hüseynağa Soltan oğlu Hacıbababəyov 74 yaşında vəfat etmişdir.
Hüseynağa Soltan oğlu Hacıbababəyov 1898-ci il may ayının 19-da Şamaxıda anadan olmuşdur. Ailəsi ilə birlikdə 1902-ci ildə Bakıya köçmüşdür.
Hüseynağa burada əvvəlcə “Alekseyski” məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil almışdır. 1910-cu ildə “Nicat” mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi “Müsəlman opera artistləri” dəstəsində, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır.
1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir.
Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid banu”, “Arşın mal alan” və “O olmasın, bu olsun”, Üzeyir bəy Hacıbəyov), Qəribin anasının (“Aşıq Qərib”, Zülfüqar bəy Hacıbəyov), Gülzarın (“Şah İsmayıl”, Müslüm Maqomayev) partiyalarını ifa etmişdir.

1984 —Görkəmli nasir, şair, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə 79 yaşında vəfat etmişdir.
Mikayıl Rzaquluzadə 1905-ci il martın 17-də Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini yeni üsullu “Mədrəsəyi-nur” məktəbində və mollaxanada almışdır (1912-1913). Yeni üsullu 5 saylı “Rus-müsəlman” məktəbində, həm də xüsusi müəllim yanında hazırlaşıb Bakı ticarət məktəbinə daxil olmuşdur. 1917-1918-ci ildə Bakı birinci realni məktəbi milliləşib “Edadi” adını aldı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqda həmin məktəb II dərəcəli Şura zəhmət məktəbinə, daha sonra Birinci Azərbaycan Ali Pedaqoji İnstitutu nəzdində “A.Şaiq adına nümunə məktəbi”nə çevrildi. O, həmin məktəbin son sinfində ikən ekstern imtahan verib Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuşdur. Bütün təhsil müddətində müvazi olaraq: Azərbaycan hərbiyyə-bəhriyyə komissarlığında rabitəçi (1920-1921), Bakı vilayət hərbi komissarlığında jurnalist (1922-1923), Bakıda Sabir adına kitabxanada və fəhlə rayonlarının kitabxanalarında kitabxanaçı, Bakı mərkəzi kitabxanasında kollektor müdiri, pedaqoji institut kitabxanasının müdir müavini, müdiri vəzifələrində işləmişdir (1926-1927). İnstitutu bitirdikdən sonra Gəncə pedaqoji texnikumunda, həm də fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi işləmişdir (1927-1931). Bu dövrdə Gəncə müəllimlər evində
Ədəbiyyat dərnəyinin rəhbəri, “Qızıl Gəncə” jurnalı redaksiya heyətinin və Azərbaycan Proletar Yazıçıları İttifaqı Gəncə şöbəsinin büro üzvü və s. ictimai işlərdə çalışmışdır. Moskvada İkinci Dövlət Universiteti yanında olan Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır (1931-1934). Eyni zamanda SSRİ Xalq Komissarları Şurası yanında qanun və qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və stenoqrafiya kurslarında ədəbiyyat müəllimi işləmişdir. Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərnəşrdə tərcüməçi və redaktor olmuş, qısa fasilələrlə “İnqilab və mədəniyyət” jurnalı redaksiyasında məsul katib, “Azərbaycanfilm” kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor, “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətə 1923-cü ildə “Abdulla Şaiq” kitabçasında çıxan “Müəllim” şeiri ilə başlamışdır. İlk məqaləsi isə 1926-cı ildə “Maarif işçisi” jurnalında “Cocuq ədəbiyyatında üsul məsələsi” adı ilə dərc olunmuşdur. Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutmuşdur. Yaradıcılığında bədii tərcüməyə geniş yer vermişdir. Dünya və keçmiş SSRİ xalqlarının ədəbiyyatından tərcümələr etmişdir. “Gənclik” nəşriyyatının, “Göyərçin”, “İnqilab və mədəniyyət” (sonralar “Azərbaycan”) jurnalları redaksiya heyətinin, “Azərbaycan dilinin izahlı lüğəti”nin redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı qəbul komissiyasının üzvü olmuşdur. Ədəbiyyat sahəsində xidmətlərinə görə iki medal, üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Çuvaş MSSR Mədəniyyət Nazirliyinin və digər təşkilatların fəxri tərifnamələri ilə təltif edilmişdir. digər təşkilatların fəxri tərifnamələri ilə təltif edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.