Tarixdə bu gün
İlin 315-ci günü (uzun illərdə 316-cı).
İlin sonuna 50 gün qalır.

Mühüm hadisələr:
1976 — Türkiyə SSRİ-dən elektrik enerjisi almaq üçün 10 illik müqavilə imzalamışdır.
1993 — BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnaməni qəbul etmişdir.
Doğum günləri:

1821 — Məşhur rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski anadan olmuşdur. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe “O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr.”
“Cinayət və cəza”, “İdiot”, “Şəytanlar”, “Alçaldılmışlar və təhqir olunmuşlar”, “Ölü evdən qeydlər”, “Yer altından qeydlər”, “Yeniyetmə”, “Bir yazıçının gündəliyi”, “Karamazov qardaşları”, “Qumarbaz”, “Ədəbi ər”, “Cinlər” kimi məşhur əsərlərin müəllifidir.
9 fevral 1881 –ci ildə 59 yaşında vəfat etmişdir.Dostoyevski üçün 31 yanvar 1881-ci ildə təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasında getmişdi.

1907 — Görkəmli şair, dramatyrq Əməkdar incəsənət xadimi Mehdi Həsən oğlu Seyidzadə (Mirmehdi Seyidzadə) Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olmuşdur.
İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921-1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. Ədəbi yaradıcılığa 1925-ci ildə “Şərq qadını” jurnalında çap etdirdiyi “Kənd qızı” adlı ilk şerilə başlamışdır. 1926-1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930-1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir.
1932-ci ildə ayrıca kitabca şəklində nəşr edilən və mükafata layiq görülən “Şanlı gün” poeması məktəblilər üçün sevimli əsər olmuşdur. Sonra Bakıda onun bir sıra başqa kitabları, o cümlədən “Balaca təyyarəçi”, “Ceyran”, “Neft haqqında”, “Kim güclüdür”, “And” kitabları çıxmışdır.
O, müasir mövzuda uşaq şerləri və nəğmələri, “Zirək Səməd” mənzum nağılını yazmışdır. Onun “Nərgiz”, “Ayaz”, “Qızılquş”, “Elsevər” və şairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şerlərinə isə mahnılar bəstələnmişdir.
Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində təhsil almış yazıçı 1932-1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938-1939-cu illərdə yenidən təşkil olunmuş Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir.
1941-ci ildə Sovet ordusunun tərkibində İranda “Qızıl əsgər” qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur (1944). “Əmək veteranı” medalı (1966), “Şərəf nişanı” ordeni, Lenin komsomolu mükafatı (1958), Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, “Lenin” ordeni (1975) ilə təltif edilmişdir.
Yazıçının Ömər Xəyyam, A.S. Puşkin, Jukovski, Krılov və başqa şairlərdən tərcümələri indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat etmişdir.

1921 —Azərbaycanın Xalq şairi Balaş Allahbaxış oğlu Abizadə (Balaş Azəroğlu) Bakı şəhərində anadan olmuşdur.
Orta təhsilini də burada almışdır. İlk mətbu şeiri “Dnepr” 1937-ci ildə Bakıda çapdan çıxmışdır.
1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır.
Təbrizdə Milli hökumət tərəfi ndən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunur. “Yazıçılar və şairlər cəmiyyəti”nin idarə heyətinin üzvü seçilir (1946).
Ərdəbildə və Təbrizdə ilk şeir kitabları (1943, 1945) dərc olunmuşdur. 1947-1952 illərdə Bakıda ADU-nun fılologiya fakültəsində təhsil alır . Eyni zamanda, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışır.
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Orta əsrlər ədəbiyyatı şöbəsinin baş elmi işçisi işləmişdir (1963-1982). Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır (1981-1991).
Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
24 aprel 2011-ci ildə vəfat etmişdir.

1934— Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi , fikiza-riyaziyyat elmləri doktoru Arif Əliheydər oğlu Babayev anadan olmuşdur.
1952-ci ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan (Bakı) Dövlət Universitetinin Fizika-riyaziyyat fakultəsinə bölməsinə daxil olmuş və 1957-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspirant kimi, “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasında saxlanılmışdır. A.Ə. Babayev aspiranturada oxuyarkən qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yeganəliyi haqqında bir sıra yeni teoremlər isbat etmişdir. A.Ə.Babayev 1960-cı il-də akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə “Qeyri-xətti sinqulyar inteqral tənliklərə dair tədqiqatlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalışmışdır.
A.Ə.Babayevin rəhbərliyi altında 40-dan çox namizədlik dissertasiyası müdafiə olunmuş, onun tələbələri V.V.Salayev, R.S.Sadırxanov, S.K.Abdullayev, B.İ.Musayev, E.Q.Hüseynov, V.S.Quliyev, R.M.Rzayev elmlər doktoru olmuşlar.

1934 — Azərbaycanın Xalq artisti İslam Tapdıq oğlu Rzayev Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir.
İslam Rzayev peşəkar musiqi təhsilini 1951-1956-cı illərdə Bakıda Azərbaycan Dövlət Musiqi məktəbində almışdır. Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənmiş, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olmuşdur. Həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmiş, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır.
Böyük məharətlə oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahu-Hindi”, “Rast” muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi. Bir sıra mahnılar da bəstələmiş, onlardan “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyanı ifa etmişdir.
70-dən artıq qastrol səfərlərində olmuş, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar.
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 120-ə yaxın gənc ifaçı yetişdirmişdir.
2008 ci ildə Bakı şəhərində vəfat etmişdir.

1944 — Məşhur türk aktyoru Kamal Sunal İstanbulda anadan olmuşdur.
Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə oynamışdır.
Sәnәtkar öz profilinin, oynadığı obrazlara görә fәrqli olduğunu bu sözlәrlә bildirir:
” Mәn şәxsi hәyatımda çox az danışan, çox soyuq bir adamam vә eyni zamanda iş vә ev hәyatında vasvası olduğunu bildirir. “
Oynadığı filmlərdə əsasən, saf, şanslı, təmiz qəlbli xarekterləri canlandırmışdır. Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənmişdir.
İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır. Kamal Sunalın Cəmil Sunal və Çingiz Sunal adında iki qardaşı vardır.
Sənətkar ibtidai məktəbi Memar Sənan məktəbində oxudu. Vəfa litseyindən məzun oldu. Yüksək təhsilinə Marmara Universiteti Jurnalistika fakültəsində başladı. Tədris ilndə Emayataş Fabrikində işləmiş, ayrıca elektrikçidə şagirdlik etmişdir. Vəfa Litseyindəki fəlsəfə müəllimi Müşfiq Kəntər ilə tanışlığının Kamal Sunalın karyerasında xüsusi yeri vardır.
3 iyul 2000-cü ildə 55 yaşında vəfat etmişdir.
Vəfat etmişdir:

1951 — Xalq artisti , aktyor İsmayıl Hidayətzadə Bakıda dənizçi ailəsində anadan olub.
İsmayıl Hidayətzadə 1909-cu ildən etibarən “İttihad” məktəbində oxuyur. Uşaqlıqdan canında olan rol oynamaq həvəsi gündən-günə qüvvətlənir.
Gənc həvəskar aktyor az keçmir ki, “balaca Ərəblinski” adı ilə şöhrətlənir. İsmayıl Hidayətzadə Hüseyn Ərəblinski ilə tanış olur və qəti olaraq teatra bağlanır.
1920-ci ildən Dövlət teatrında işləyir. Paralel olaraq, 1921-ci ildə Voronovun teatr studiyasına daxil olur. Teatr studiyası İsmayıl Hidayətzadəyə çox şey öyrədir. Öncə, onun həvəskar imicini alt-üst edir. Onu professional aktyor kimi qəbul etməyə başlayırlar.
İsmayıl eyni zamanda rejissorluq sənətinə də maraq göstərir. Azərbaycan teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında işləyir.
1934-cü ildə “Siyavuş” əsərini səhnələşdirmək ona tapşırılır.
Teatr tənqidçilərinin bəyəndiyi “Siyavuş”dan sonra Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarını səhnələşdirir. Rus Dram Teatrında “1905-ci İldə”, “Vaqif” tamaşalarını qoyur.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində onun quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları böyük uğur qazanır. Bu, İsmayıl Hidayətzadənin rejissor kimi şöhrətini artırır.
Hidayətzadənin müasiri, görkəmli rejissor Tuqanov onun haqqında belə deyirmiş: “O, həmişə inandırcı və real idi. Heç bir zaman şarja yer verməyərək, o, bütün tamaşa boyu tamaşaçının ürəyinə girməyi və onu öz ardınca aparmağı bacarırdı. O, heç bir zaman oynamırdı, heç bir ştampa yol vermirdi. Onun oyununda gəncliyə məxsus həssaslıq, ehtiras və qızğınlıqla bərabar sadəlik və təbiilik var idi.”
İsmayıl Hidayətzadənin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yalnız yaratdığı zəngin rol qalereyası və uğurlu rejissor işi ilə tamamlanmır. O, ilk milli baletimizin – “Qız qalası”nın librettosunu yazıb. Opera studiyası da onun səyi ilə yaradılıb.
Bütün ömrü boyu teatrda çalışan sənətkar cəmi-cümlətanı üç filmdə – “Qız qalası”, “Almaz” və “Altıncı duyğu” filmlərində çəkilib.
2001-ci ildə altyorun 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

2020— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fariz Rəhimov Zahir oğlu Vətən uğrunda qəhrəmancasına həlak olmuşdur.
Fariz Rəhimov 20 sentyabr 2001-ci ildə Qəbələ rayonunun Əmirvan kəndində anadan olub.
Milliyyətcə ləzgi olan Fariz Rəhimov 2006-cı ildə Əmirvan kənd orta məktəbində orta təhsilə başlamış və 9-cu sinfi bitirdikdən sonra, 2016-cı ildə Bakı şəhər 12 saylı Bakı Peşə liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən Genişprofilli dəzgahçı dərəcəsi ilə məzun olub.
Azərbaycan Ordusunun əsgəri olan Fariz Rəhimov 2019-cu ilin payız çağırışında hərbi xidmətə çağrılıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşlərə atılıb: Füzuli,Cəbrayıl Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Əmirvan kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Fariz Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,”Xocxavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.