Tarixdə bu gün
İİlin 333-cü günü (uzun illərdə 334-cü).
İlin sonuna 32 gün qalır.
Doğum günləri:

1919 – Azərbaycanın Xalq rəssamı və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri olan Güllü Hacı Naim Mustafa qızı Mustafayeva Türkmənabad şəhərində anadan olmuşdur.
G.Mustafayevanın anası Nabat xanım S.Ə.Şirvaninin nəslindən olub . 1902-ci il Şamaxı zəlzələsindən sonra G.Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Türkmənabad şəhərinə köçmüşdür. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür.
Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: “Leyli və Məcnun məktəbdə” (1941), “Professor Y. Musabəyovanın portreti” (1957), “Paris. Rəssamlar meydanı” (1961). Güllü Mustafayevanın peyzaj janrında çəkdiyi rəsmlər emosional ifadəliliyi ilə seçilir.
1947-ci ildə yaratdığı “Məhsəti Gəncəvi” portreti rəssamın yaradıcılığında xüsusi yer tutur. Güllü Güllü xanım Mustafayevanın yaradıcılığında uşaq portretləri xüsusi silsilə – (məsələn, “Bizim uşaqlar” silsiləsi) təşkil edir.
1973-cü ildə Azərbaycan SSR Əməkdar rəssamı adına layiq görülmüşdür.
Güllü Mustafayevanın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır.
18 may 1994-cü ildə 74 yaşında Bakıda vəfat etmişdir.

1928 – Azərbaycanlı rəssam, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı, SSRİ xalq rəssamı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü Tahir Teymur oğlu Salahov Bakı şəhərində anadan olub.
1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu Rəssam–nəqqaş ixtisası üzrə bitirib.
1960–1961–ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katib vəzifəsində, sonra 1963–74–cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda dosent, professor vəzifələrində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.
Onu müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Sevənləri, hər kəs onu realist rəssam kimi tanıyır. O elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. T. Salahov seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir.
Sənətkarın fırçasının məhsulları olan “Səhər eşelonu” və “Rezervuar parkı” adlı sənaye peyzajları, “Abşeron qadınları” və “Aydan” tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Bu əsərlərin hər birində qəhrəmanların mənəvi zənginliyi, tutduğu ustalıq zirvəsindən asılı olmayaraq bir sadəlövhlüyü əks olunur.
Vəfat etmişdir:

2010 — Azərbaycan diktoru, Azərbaycan Respublikasının Xalq artisti Fatma Ağacabar qızı Cabbarova 90 yaşında Bakıda vəfat etmişdir.
Fatma Cabbarova 7 noyabr 1920-ci ildə Bakıda anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941-1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur. İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.

2020 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əmrah İnqilab oğlu Xəlilzadə Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Əmrah Xəlilzadə 1997-ci il avqustun 1-də Biləsuvar şəhərində anadan olub. 2005-2016-cı illərdə N. Nərimanov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb.
2016-cı ildə Biləsuvar Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə, sonra isə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib.
2020-ci ildə erməni təcavüzü baş qaldılranda Əmrah Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu olaraq xidmət etməyə başlayıb.
Hünərlə dolu bir döyüş yolu keçib.
Oktyabrın 26-da Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Noyabrın 29-da Biləsuvar şəhərində dəfn olunub.
Azərbaycan torpaqlarının işğalçılardan təmizlənməsi uğrunda aparılan mübarizədə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əmrah Xəlilzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə” medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Xocavəndin azad olunmasına görə” medalı ilə , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “Cəsur döyüşçü” medaları ilə təltif edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.