Tarixdə bu gün

ilin 343-cü günü (uzun illərdə 344-cü).
İlin sonuna 22 gün qalır.

Mühüm hadisələr:

1917 — İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib.
1950 — Harri Gold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib.
1927 — Sovet şairi Mayakovski Bakıya gəlib

Doğum günləri:

1994 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Nicat Əli oğlu Xəlilli Zaqatala rayonunun Muğanlı kəndində anadan olub.
2001-2012-ci illərdə O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb.
Nicat Xəlilli 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Xəlilli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Milli ordumuzun sıralarında Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Nicat Xəlilli oktyabrın 8-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Zaqatala rayonunun Muğanlı kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizəlrdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xəlilli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

2000 — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi Emil Zaman oğlu Əmirov Mingəçevir şəhərində anadan olub
Emil Əmirov 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycan torpaqlarına yenidən təcavüzü ilə başlayan Vətən müharibəsində Milli ordumuzun sıralarında Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Emil Əmirov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Bu döyüşlərdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Emil Əmirov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 9.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Vəfat etmişdir:

1048 —Şərqin böyük mütəfəkkiri Əl-Biruni 75 yaşında vəfat etmişdir.
Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur.
Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Bu səyahətlər zamanı Biruni türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir.

1963 —Tanınmış rejissor, Əməkdar İncəsənət xadimi Lətif Səfərov 43 yaşında Bakıda faciəli şəkildə həlak olmuşdur.
Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşında ikən rejissor Leo Murun “Gilan qızı” (“Tunc ay”) filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunub. 1928-1931-ci illərdə “Sevil”, “Lətif”, “Şərqə yol”, “Qızıl kol” filmlərində uşaq rollarını oynayıb. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib. Müharibənin başladığı üçün təhsilini yarımçıq qoyaraq Bərdəyə qayıdıb və 1941-1946-cı illərdə burada müəllimliklə məşğul olub. 1946-cı ildə Moskvaya geri dönərək təhsilini davam etdirib. 1950-ci ildə təhsilini başa vurub və professional kinematoqrafçı kimi Bakıya dönüb, kinostudiyada işləməyə başlayıb. 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verib. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkmək həvalə olunub. Bu lentlə o, böyük kinoda ilk filmini yaradıb. Filmin ssenarisini Boris Laskin və Nikolay Rojkov qələmə almışdı və ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun “Arşın mal alan” filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu. “Bəxtiyar” filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsinə çevrildi. Tofiq Quliyevin filmdəki “Zibeydə”, “Qızıl üzük”, “Bakı” mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı tanınmış aktyorlar Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.
“Qızmar günəş altında”, “Leyli və Məcnun” kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bildi.
Lətif Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sonra “Koroğlu” filmini lentə almağa başlayıb. 1963-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılıb.
Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngi ilə intihar edib.

1973 —Azərbaycanın Xalq artisti , görkəmli aktyor Lütfəli Əmir oğlu Abdullayev 59 yaşında Bakıda vəfat etmişdir.
Lütfəli Abdullayev 1914-cü il mart ayının 22 -də Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb.
1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio (“Rəqs müəllimi”, Lope de Veqa), Rəşid (“Kimdir müqəssir?”, Georgi Mdivani), Tağı (“Köhnə dudman”, Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı (“Od gəlini”, Cəfər Cabbarlı), Nadir (“Çiçəklənən arzular”, Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.
1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzunömürlü tamaşalarında çıxış edib. Onun yaradıcılığını üç bölümə ayırmaq olar:
-klassik operettalarda oynadığı rollar;
-tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri;
-çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar.
Klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”) obrazları daxildir.
Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefçilov) filmlərinə çəkilib.
Öz yaradıcılığında “Qaravəlli” oyun-tamaşa estetikasının “açıq yumor” üslubundan daha çox bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib. Bu istiqamətdə əsasən şarjla qroteskə əsaslanıb. Zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə uyğunlaşdırmağı məharətlə bacarıb.
Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı II Fəxri xiyabandadır.
Bakıda adına küçə var.

1991 – Azərbaycanın Milli Qəhrəmanı Rizvan Rəhmən oğlu Teymurov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Rizvan Teymurov 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində anadan olmuşdur. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmışdır. Rizvan 1987-ci ildə iş üçün Arxangelsk vilayətinə gedir. 1990-cı ildə isə Vətənin çətin məqamında geri dönərək Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayına yazılmışdır.
Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlısını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə ermənilərlə amansız döyüşlərdə iştirak etmişdir . 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə Rizvan qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.
Bakının Nizami rayonundakı küçələrdən biri və həmçinin Quşçular kənd orta məktəbi onun adını daşıyır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!