Tarixdə bu gün
İlin 344-cü günü (uzun illərdə 345-ci).
İlin sonuna 21 gün qalır.
Münüm hadisələr
1901 — İlk dəfə Nobel mükafatları təqdim edilib.
1922 — Birinci Zaqafqaziya Sovetlər qurultayı başlayıb
1933 — Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci katibi seçilib.
1958 — Moskvada Məhəmməd Füzulinin 400 illiyi keçirilib

Doğum günləri:

1918 — Xalq artisti Gülxar İbrahim qızı Həsənova Gəncə quberniyasının Bayramlı kəndində anadan olmuşdur. 1935-1937-ci illərdə Bakı Teatr texnikumunda oxumuş , 1959- cu ildə ADU-nu bitirmişdir.
G. Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936-1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqu olmuşdur.
Onun ifasında Əsli, Xanəndə qız (“Əsli və Kərəm”, “Koroğlu”, Ü.Hacıbəyov), Şahsənəm (“Aşıq Qərib” Z.Hacıbəyov), Təravət xanım (“Bahadır və Sona”, S.Ələsgərov), Anna (“Gəlin qayası”, Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi. G.Həsənova Azərbaycan Respublikasının “Şöhrət ordeni” ilə təltif edilmişdir. Gülxar Həsənova 2005-ci ildə vəfat etmişdir.

1924 — Görkəmli şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenari müəllifi Nəbi Ələkbər oğlu (Nəbi Xəzri) 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur.
Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. “Çiçəklənən arzular” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri” təxəllüsü götürmüşdür. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.
Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də vəfat etmiş və I Fəxri Xiyabanda dəfn edilmişdir.
Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.
Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

1926 — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyev Naxçıvan şəhərində anadan olmuşdur.
Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxll olmuş və 1951-ci ildə oranı bitirmişdir. Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun “Siyasi iqtisad” kafedrasında işləməyə başlamışdır.
1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür,
1983-cü ildən iqtisad elmləri doktoru olmuşdur.
Professor A.Ə.ƏIiyev yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layyiq görülmüş, bir neçə orden və medallarla, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
A.Ə.ƏIiyev 2006-cı il 7 martda dünyasını dəyişmişdir.
Vəfat etmişdir:

1978 — Sovet İttifaqı Qəhrəmanı Bəkir Dursun oğlu Mustafayev 80 yaşında vəfat etmişdir.
1898-ci ildə Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndində anadan olub.
1941-ci ildə Axaltsixe RHK-dan orduya getmişdir.
55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.
Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib.
Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib.
3 noyabr 1943-cü ildə Kerç uğrunda döyüşdə Bəkir Mustafayev atəş altında çox hündürlükdə yerləşən bir bunkerə qədər sürünərək, 5 əsgərdən ibarət bir bunker garnizonunu məhv etmişdir: yaralansa da , döyüş meydanını i tərk etməmişdir. Kerç yarımadasında baş verən döyüşlərdə Mustafayev ümumi olaraq 40-dan çox düşmən əsgərini və zabiti məhv etmişdir.
10 dekabr 1978-ci ildə 80 yaşında Özbəkistan Respublikasının Səmərqənd şəhərində vəfat edib.
Lenin ordeni, “Qızıl Ulduz” medalı ilə təltif edilib.
Müharibədə göstərdiyi şücaətlərə görə starşina Bəkir Dursun oğlu Mustafayev SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

1992 — “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi Həsənqulu Qaçay oğlu Qasımov və ya Həsən Qorxmaz Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il iyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdur.
1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.
Almaniyadan tərxis olunduqdan sonra Azərbaycanın müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı. Qasımov Laçın şəhəri işğal olunarkən el arasında “Qorxmazçılar” adı qazanmış taqımı ilə köməyə gəlmiş və 108 nəfəri mühasirədən çıxarmışdır. Sonra Qasımovun başçılıq etdiyi taqım Qubadlı rayonuna göndərilmişdi. O, bunda sonra ömrünün sonuna qədər Ermənistanın sərhədində yerləşən Yuxarı Cibikli kəndi və onun ətrafını müdafiə etmişdir. Bununla belə onun taqımı nümunəvi taqımlardan olduğu üçün rayonun ən qaynar nöqtələrinə köməyə də göndərilirdi.
Qasımovun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə oldu. Saat təxminən altı radələrində, qəflətən güclü artilleriya hücümu başladı. O, döyüşçülərə öz mövqelərinə çəkilməyə əmr verib, özü səngərə doğru qaçdı. Həmin vaxt düşmənlərin atdığları mərmilərdən biri onun yanında partladı. Onun yanına yetirən tibb bacısının səylərinə baxmayaraq, Həsənqulu Qasımov həlak oldu.
Cəsur döyüşçümüz Qubadlı Şəhidlər Xiyabanında dəfn edilib.

1997 — Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi Anatoli Banişevski 51 yaşında Bakıda vəfat etmişdir.
Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub..
Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.
Uşaq futboluna Bakının “Lokomotiv” klubunda başlayıb. Razində (indiki Bakıxanov qəsəbəsi) “Lenin komsomolu” adına stadionda “Lokomotiv”lə “Spartak”ın oyunu keçirilirdi. “Neftyanik” (indiki “Neftçi”) baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər. Banişevski seçilənlərdən olmuş və ümidləri də doğrultmuşdur.
“Neftçi”nin 1966-cı ildə futbol üzrə SSRİ ççempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə “Neftyanik” bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi.
Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.
Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib. 1965-ci ildə Moskvada keçirilən SSRİ – Braziliya oyununda Banişevski oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu əvəz elədi. Bu onun ilk debütü oldu.Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunda da iştirak edib1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib.
A.Banişevski 1983-cü ildə “Neftçi”dən ayrılıb, 1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.
Aktyor Andrey Mironov və müğənni Vladimir Vısotski ilə çox yaxın münasibətləri vardı.

1998 — Azərbaycanın Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov 83 yaşında vəfat etmişdir.
Süleyman Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.
Süleyman Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı “Bizim Cəbiş müəllim” filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur.
Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxmışdır. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü.
Bayramlar və xüsusi günlər:
Beynəlxalq İnsan Hüquqları Günü

Bu tarix bütün dünyada 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsindən sonra qeyd edilir. BMT Baş katibi Pan Gi Munun Beynəlxalq İnsan Hüquqları Günü münasibətlə builki müraciətində BMT Baş Assambleyasının İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin zəmanəmizdəki əhəmiyyəti bir daha vurğulanır, qeyd olunur ki, Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. Müraciətdə indiyədək bu sahədə əldə olunan nailiyyətlərdən güc alaraq, yeni demokratik dəyişikliklərin həyata keçirilməsi, müharibə cinayətləri və insanlığa qarşı cinayət törədənlərin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün yeni addımların atılması, insan hüquqları haqqında yeni və daimi təbliğata başlanmasının zəruriliyi vurğulanır.
Ümumdünya Futbol Günü

Hər il 10 dekabr Ümumdünya Futbol Günü kimi qeyd olunur. Bu bayram Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsis edilib. Bu, planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi qəbul olunub.
Futbol – “ayaqla top oyunu” haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, “Çsu Çyu” adlandırılıb, mənası “ayaqla itələmək” deməkdi.
Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdu. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olub.
Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun “top uğrunda mübarizə” adlandırılıb.
Hazırda dünyada 120 milyondan çox insan futbol oynayır. Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə Bakının “Cənub inşaatçısı” komandası olub.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.