Kaş bir qızım olaydı …

Müzakirə

Kaş bir qızım olaydı,
Anasının adıyla çağıraydım…

Necə baxım ev-eşiyə,
Yaralı könlüm üşüyə.
Toz bürümüş boş beşiyə
Şirin layla çalan yoxdu…

“Koroğlu” dastanının “Türkman səfəri” qolunda Nigar xanımın dilindən səslənən bu gəraylı bir qadının övlad həsrətini, illərin içində yığılan nisgilini ifadə edir. Bu nisgil Nigar xanımı hər an narahat edirdi. Çənlibelin azadlığı, bolluğu və xoş güzəranı belə onun qəlbindəki həmin boşluğu doldura bilmirdi. İstər o dövrdə də, istərsə də günümüzdə bu nisgil həl çox ürəkəri göynətməkdədir. Ona görə də övlad — sevginin bu könül meyvəsi hər zaman ailələrimizin ən böyük səadəti kimi qəbul olunmuşdur. İnsanların əlləri daim bu nemətə uzanıb, bu arzu min illərdir dəyişmir ki dəyişmir.

Doğum sayının azalması: narahat edən tendensiya
Azərbaycan üzrə statistika

Rəqəmlər soyuqdur, amma acı danışır:
“Trend”in məlumatlarına görə, 2015-ci ildən bu yana doğumların sayı ardıcıl azalır:

2015 – 166 210
2016 – 159 464
2017 – 144 041
2018 – 138 982
2024 – 101 066

Bu rəqəmlər aydın göstərir ki, doğum səviyyəsi enməkdədir.

Qlobal azalma: dünyanın problemi
BVF-nin 2022-ci il araşdırmasına əsasən:
Valideynlər uşaqların “keyfiyyətinə” — təhsil və fəaliyyətlərinə daha çox sərmayə qoymaq məcburiyyətindədirlər.
Xüsusən də qadınlar üçün uşaq baxımı vaxt və maddi baxımdan daha çətindir.

Bir çox ölkələrdə doğum səviyyəsi rekord dərəcədə aşağıdır:

Kanada – hər qadına 1.26 uşaq Cənubi Koreya, İspaniya, İtaliya, Yaponiya – ən aşağı göstəricilərə malik ölkələr
BMT isə xəbərdarlıq edir ki, Çinin əhalisi 2100-cü ilə qədər yarıya qədər azala bilər.

Qohumluq əlaqələrinin zəifləməsi

Doğumun azalması gələcəkdə qohumluq münasibətlərinin də daralmasına səbəb olur.
ABŞ Milli Elmlər Akademiyasının proqnozuna görə:
2095-ci ildə 65 yaşlı bir insanın sağ qohumları, 1950-ci illə müqayisədə 38% daha az olacaq.
Bu, nəsillərarası bağların getdikcə zəifləməsi deməkdir.

Keçmişdən gələn dəyərlər və bugünkü vəziyyət

Bir vaxtlar Azərbaycanda 5–6 uşaq normal hal idi. Bu gün isə 2–3 uşaqlı ailə çoxuşaqlı hesab olunur.
Aşağıda 3-cü və 4-cü uşaqların statistikası verilir (seçilmiş illər üzrə):

3-cü uşaq

2011 — 19 542
2015 — 25 195
2016 — 23 498
2017 — 21 563
2018 — 21 169

4-cü uşaq

2011 — 3 130
2015 — 4 404
2016 — 4 346
2017 — 4 053
2018 — 3 904

5-ci və sonrakı uşaqlar

2014 — 1 222
2015 — 1 108
2016 — 1 019
2017 — 946
2018 — 925

Rəqəmlər ailələrin getdikcə kiçildiyini göstərir.

Səbəblər: obyektiv və subyektiv amillər
OBYEKTİV SƏBƏBLƏR

Mənzil problemi
Sabit iş yerlərinin olmaması
Artan yaşayış xərcləri

Bu narahatlıqlar realdır. Əlbəttə, valideynlər övladlarının rahat yaşamasını istəyirlər. Amma həyat göstərir ki, yalnız birgə mübarizə aparan gənclər çətinlikləri aşmağı bacarır.

SUBYEKTİV SƏBƏBLƏR

Burada məsələnin kökündə daha çox həyat tərzi dəyişiklikləri dayanır:

1. Gənclərin fərdi azadlığa meyli
Səyahət, əyləncə, rahat həyat arzusu ailə məsuliyyətini arxa plana atır.


2. Serial və internet təsirləri Məktəblilərin belə yaşlarına uyğun olmayan kontentlə rahat tanış olmaları ailə və əxlaq dəyərlərinə zərbə vurur.

3. Qərb təsirli həyat tərzi Bir çox ölkələrdə surroqatlıq, donorluq, gecikdirilmiş valideynlik kimi yanaşmalar yayılıb. Bu tendensiya bizə də təsir edir.

4. Karyera – ailə balansının çətinliyi

Qadının tam iş rejimində çalışması ailədaxili harmoniyanı zəiflədir. Ev artıq “yuva” deyil, yalnız gecələmək məkanına çevrilir.

Nikahdankənar doğumlar

DSK-nın məlumatına görə, son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub:

2020 – 17 714 2021 – 17 566
2022 – 18 814
2023 – 15 622
2024 – 13 228

Bu göstərici də ailə institutunun zəifləməsinin əlamətidir.

Ailə məsuliyyəti və psixoloji faktorlar

İlk doğuşdan sonra yaranan stress
Uyğunsuzluqlar və ailədaxili münaqişələr Xəyanət və güvənsizlik Bədən görünüşü ilə bağlı narahatlıq İntim münasibətlərdə soyuqluq

Bunların hamısı ailənin genişlənməsinə mane ola bilir. Münaqişəli mühitdə dünyaya gələn körpələr də psixoloji cəhətdən çətinliklərlə üzləşirlər.

Evlilik, iş və qadının rolu

Müasir cəmiyyətdə qadın həm işləməli, həm də evə və uşağa çatmalıdır. Bu isə çox mürəkkəb balansdır. Qadının işləməsi müsbətdir, amma ailə həyatının təməl vəzifələri fonunda bu yük zaman-zaman ailə içi gərginliyə çevrilə bilir. Axşam işdən qayıdan kimi soyuducudan aznqala buz bağlamış dolmanı mikrodalğaya qoyıb şam yeməyini yola vermək istəyən qadının təvişini duymamış deyilik. Eləcə də yaxşı halda “cıqqırığı”nı çıxartmayan kişi obrazı da gözləmizin önündədir. Mən qadınları günahlandırmıram. Belə həyat tərzində kişi ilə qadın bir-birindən nə gözləyə bilər?

Mümkün həll yollarından biri:
– Ev-ofis formatı, qadınlar üçün qısaldılmış iş günü;
-qadınlar üçün sosial dəstək proqramları; -uşaq baxımı ilə bağlı güzəştlər.

Nəticə

Bu yazıda məqsəd günahkar axtarmaq deyil. Mövzu genişdir, fərqli baxışlar ola bilər. Olsun, amma son olaraq hamımız gənclərimizə “hazıra nazil olmaq” yox, “birlikdə qurmaq” ruhu aşılamalıyıq.
Əsas odur ki, ailə dəyərlərimizi yaşada bilək, sədaqət, məsuliyyət və sevgi üzərində qurulan ailələr artsın.
Uşaq nəslin davamıdır, qohumun çoxluğu, nənənin qucağı, laylanın səsidir. Boş beşiyə toz yığılmasını istəmiriksə, bütün bunları və gələcəkdə bizi gözləyən problemləri təkcə düşünməli deyil, həm də önləməliyik, əlac tapmalıyıq. Sizcə, nə etməliyik ki, evlərimizdə yenə şirin körpə gülüşləri çoxalsın?
Paylaşın, müzakirə edək:
Bir millət olaraq ya bu gün uşaqlarımızı çoxaldacağıq, ya da sabah qohumsuz qalacağıq.

Qoy bütün sevgilər çiçək açsın.
Qoy hər evdə körpə gülüşləri eşidilsin.
Qoy heç bir ailənin beşiyi tozlanmasın.

Previous:
Next:

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.