Tarixdə bu gün

İlin 347-ci günü (uzun illərdə 348-ci).
İlin sonuna 18 gün qalır.

Mühüm hadisələr:


1983 — Turqut Özal Türkiyənin 45-ci hökumətini qurub
1991 — Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.
1994 — Azərbaycan Respublikası Kolumbiya ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1910 —Sovet İttifaqı Qəhrəmanı Aslan Fərhad oğlu Vəzirov Bərdə rayonunun Zümürxan kəndində mülkədar-ziyalı ailəsində doğulub.
Aslan Vəzirov 1927-ci ildə Bakı Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928-30-cu illərdə Sankt-Peterburq (o vaxtkı Leninqrad) və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş və müharibə cəbhələrinə göndərilmişdir. Zaqafqaziya cəbhəsi Şimal Ordu qrupunun V Dağ Mina-Mühəndis briqadasının, III Ukrayna cəbhəsinin mühəndis-istehkam briqadasının, II Belorusiya cəbhəsində Baş Komandanlığın I  Qvardiya mühəndis-istehkam briqadasının komandiri olmuşdur. Qvardiya polkovniki Aslan Vəzirov 70-ci Ordunun tərkibində (II Belarus cəbhəsi) – “sapyor” briqadasının komandiri idi.
20 aprel 1945-ci ildə ordu hissələrinin Oder çayını keçməsi əməliyyatına rəhbərlik etmişdir. Bu əməliyyat düşmənin güclü atəşi altında üç gün davam etdi və Aslan Vəzirovun böyük hərbi məharətini sübut etdi. Həmin əməliyyata rəhbərliyə görə ona 29 iyun 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi. 1947-ci ildə ordudan buraxılmış, 1948-ci ildən Kaunas, Voronej, Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. 1965-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublika Müharibə Veteranları Komitəsinin sədri olmuşdur.
Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.  
Aslan Vəzirov 18 may 1987 –cı ildə 76 yaşında Bakıda vəfat etmişdir.

1962— AMEA-nın həqiqi üzvü, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan üzrə rəhbəri Nərgiz Arif qızı Paşayeva  Bakı şəhərində anadan olmuşdur.
1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır.
1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və “Sabirin novatorluğu” adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə etmişdir.
23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin  Azərbaycan ədəbiyyatı tarixi  kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının  Dil və ədəbiyyat  kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)” adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir.
2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.
2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının sədridir.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin 2886 saylı sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunmuşdur.
2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir.
30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
2 may 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
8 iyun 2018-ci ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.

 1964–  Sevilən  opera müğənnisi, Azərbaycanın və Dağıstanın Xalq artisti, professor Azər Zeynalabdin oğlu Zeynalov  Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1969-cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı Musiqi məktəbinin fortepiano sinfinə getmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu şöbəsinə daxil olmuş, arada 2 il hərbi xidmətə getmiş və 1989-cu ildə ali  təhsilini başa vurmuşdur.
1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirmiş və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atmışdır. Bərabər olaraq Rafiq Babayevin “Cəngi” ansamblında da fəaliyyət göstərmiş və həmin il “Odlar Yurdu Bakı-90” mahnı müsabiqəsinin laureatı seçilmişdir. 1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuşdur. 1994-cü ildə İtaliyada qəbul imtahanı verərək “Aqostino Steffani” adına (Kastelfranko Veneto şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olmuş, orada dahi italyan müğənnisi Mario del Monakonun vaxtilə tələbəsi və asistenti olmuş professor Alemanno Osvaldodan 2 il vokal dərsi almış, 1996-cı ildə “Opera ifaçısı” ixtisası ilə oranı bitirib Azərbaycana dönmüş və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. “Liriko-dramatik tenor” səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. Azər Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir.
 1998-ci ildə birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ildə O, “Türksoy” təşkilatının təsis etdiyi medalla təltif olunmuşdur.
2001-ci ildən indiyə kimi dəfələrlə Prezident Mükafatına layiq görülmüşdür.
Azərbaycanın dahi mütəfəkkiri Nəsrəddin Tusinin nəslindəndir.

Vəfat etmişdir:

1991— Milli Qəhrəmanı Nofəl Zahid oğlu Quliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Nofəl Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir. 1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.
Nofəl Zahid oğlu Quliyev az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr vurardı. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə Todan kəndinə hücuma keçdilər. Dinc sakinləri döyüş zonasından çıxarmaq lazım idi. Nofəl Quliyev kənd sakinlərini yağış kimi yağan güllələrin altından çıxarıb təhlükəsiz yerə aparırdı. Yorulsa da köməyə ehtiyac olduğundan yenə geri döndü. Bu vaxt düşmən tutduğu mövqedən irəliləmişdi. Nofəl burada da misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamların xilası uğrunda düşmənlə ölüm-dirim mübarizəsinə girdi. Neçə-neçə adamı ölümün pəncəsindən qurtardı və həmin döyüşdə onun üçün son anlar oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Vaxtı ilə təhsil aldığı Əli Bayramlı şəhər 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur.

2001 — Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov Bakıda vəfat etmişdir.
Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. Ə.Əzimzadə adına Rəssamlıq texnikumunu bitirdikdən sonra V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil almışdı.
V. Nərimanbəyov tələbə ikən “Düşmənin sevinci…” tablosu ilə ilk şöhrət qazandı.
Daha sonra 1963-cü ildə “Yolda” monumental, irihəcmli tablosu ilə şöhrət qazandı. Əsər R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır.
Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi olmuşdur.
Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi “Qatillər” tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.

2002 —Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor Qeybullayev Qiyasəddin Əsgər oğlu vəfat etmişdir.
Qiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub.
1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub və bütün həyatını Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi araşdırmalara həsr etmişdir.
1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuş,10 monoqrafiya və 200-dən çox elmi məqalənin müəllifidir.
Q. Qeybullayev 1960-cı illərdə Azərbaycan toponomiyasının tədqiqinə başlamış, məhz alim ilk dəfə Azərbaycanın coğrafi adlarında müxtəlif tarixi dövrlərdə Azərbaycanda yaşamış çoxlu türk tayfalarının adlarını, hazırda dilimizdə qalmamış çoxlu qədim türk sözləri aşkarlanmışdir.

2005 — Əməkdar mədəniyyət işçisi, aktyor və rejissor Məmmədkamal Kazımov 77 yasinda Bakıda vəfat etmişdir.
Kazımov Məmmədkamal Kazımov 1929-cu il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən teatr sənətinə maraq göstərən M.Kazımov, 1944-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə qəbul olunmuşdur. Burada çalışdığı illər o, teatrın nəzdində fəaliyyət göstərən Teatr studiyasında oxumuşdur. Daha sonra M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Kino və dram aktyorluğu fakültəsinə daxil olur, seyni zamanda həmin təhsil ocağının Rejissorluq  fakültəsini də bitirmişdir.
Akademik Milli Dram Teatrda işlədiyi dövrdə M.Kazımov bir sıra yaddaqalan tamaşalar yaratmışdır.
1983-1988-ci illərdə Mədəniyyət Nazirliyinin rəsmi göndərişi ilə Məmmədkamal Kazımov Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsində çalışmışdır. Orada işlədiyi müddətdə o, M.Hüseyn və İ.Əfəndiyevin “İntizar”, S.Rüstəmin “Qaçaq Nəbi”, Ə.Fərzəlinin “Yurdda km qaldı”, İ.Məlikzadənin “Son gecə”, S.Vurğunun “Fərhad və Şirin” və s. bu kimi müxtəlif janrlı pyeslərinə quruluş vermişdir. M.Kazımovun kino yaradıcılığı da maraq doğurur. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Qətl günü”, “Ölülər”, “Ümid”, “Mənim ağ şəhərim”, “Şahid qız”, “Güllələnmə təxirə salınır”, “Qara “Volqa” kimi bədii filmlərində, “Ac həriflər” televiziya tamaşasında yaddaqalan obrazlar yaratmış dır. M.Kazımov ömrünün son günlərinədək yaradıcılıqla məşğul olmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!