Tarixdə bu gün
lin 4-cü günü
Mühüm hadisələr:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər…
Səməd Vurğun

1922 — Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, opera müğənnisi Hüsnü Baba oğlu Qubadov Ordubad rayonunun Disər kəndində anadan olmuşdur.
1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun “Vaqif” dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, 1958-ci ildə isə Respublika özfəaliyyət kollektivləri üzrə müsabiqənin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına işə dəvət edilmiş, bu teatrın səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyli), “Əsli və Kərəm”, Çapqınçı, Rəmmal (“Şah İsmayıl”, Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında “Şuşa yaylağı”, “Üçtelli durna”, “Bəhbəh”, “Dilin can incidəndir” və digər mahnılar, habelə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır.
Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
O, 1991-ci il avqust ayının 13-də Bakı şəhərində vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.

1943 — Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikası Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Xalq rəssamı Salxab (Səlhab) İsa oğlu Məmmədov Şəki şəhərində anadan olmuşdur.
1962-1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil almışdır. Salxab Məmmədovun yaradıcılığı Azərbaycan incəsənətinin 1970-ci illərdə formalaşmışdır. Rəssamın saxsı və metalda işlənən relyef kompozisiyalarından “Xoş gəlmisiniz!” (1969, Panno “İnturist” binasının ön tərəfindədir), “İnturist” binasının interyeri üçün hazırlanmış “Şərq motivləri” silsiləsi, metalda işlənmiş “Şərq melodiyası”, “İçəri şəhər”, “Qarabağ melodiyaları” kimi pannolar, “Bakı-Neft şəhəri” mövzusunda bir sıra rəsmlər və vitraj, “Naxçıvan” mehmanxanasının parlaq vitrajları, Qobustana həsr edilmiş 16 kompozisiya, “İçəri şəhər” dekorativ ləyən formasında plastik metal kompozisiya, Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan “Dostluq” relyefi, Azadlıq rəmzi” və digər əsərləri misal çəkmək olar. Almaniyanın Berlin şəhərində ucaldılmış “Xocalı” abidəsinin, Roma şəhərindəki “Villa Borghese” parkında ucaldılmış Nizami Gəncəvinin, Polşanın Qniezno şəhərində ucaldılmış “Dostluq” abidəsinin həmmüəlifidir. Salxab Məmmədov “Təsviri incəsənətdə rəsm”, “Rəsm sənəti” kimi maraqlı elmi əsərlərin müəllifidir.

1946 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov Zaqatala rayonunda anadan olmuşdur.
Rəfael Dadaşov orta məktəbi Naxçıvan şəhərində bitirmiş, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif işi fakültəsində ali təhsil almışdır.
1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışmış, 1974–1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olmuş, eyni zamanda, oranın Televiziya və Radio Komitəsində işləmişdir.
1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.
“Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya tamaşalarında (“Ordan-burdan”, “Göz həkimi”) və teatr səhnəsində yaddaqalan rollar oynayıb.
16 mart 2020-ci ildə 74 yaşında vəfat edib.

1950 – Tanınmış aktrisa İnarə Quliyeva Moskvada doğulub.
İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə “müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib.
O, bir sıra bədii filimlərdə çəkilib. Sovet İttifaqında populyar film olan “Dövlət sərhəddi”, “Sönən ulduzların işığı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.
Azərbaycanın bir neçə bədii filmlərindən rol alıb. Tamaşaçı aktrisanı “Qaynana”da Afət rolunda, “Alma almaya bənzər” filmində müəllimə rolu ilə yadda saxlayıblar.
İnara Quliyeva operatta tamaşalarında çoxsaylı rollar oynayıb.Sonuncu quruluş verdiyi operatta Ştrausun “Qaraçı baron” klassik operettasıdır. Hazırda teatr məktəbində həm də dərs deyir.
Rusiya televiziyasında bir sıra musiqili verilişlərin müəllifidir.
Rusiyanın Əməkdar artistidir.
Vəfat etmişdir:

1931 — Görkəmli pedaqoq, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu(1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publicist Fərhad Məşədi Rəhim oğlu Ağazadə (təxəllüsü – “Şərqli”) 50 yaşında vəfat etmişdir.
Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdu.
1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – əvvəlcə Xaldan (1900), sonra Şuşa (1901-1902), Gorus (1902-1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə isə Bakıya köçərək, pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və “Səadət” məktəblərində çalışmışdır.
Azərbaycan mədəniyyət, ədəbiyyat, xüsusilə də dilçilik tarixinin görkəmli nümayəndəsi Fərhad Ağazadə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış maarif xadimi, pedaqoq və jurnalist olub.
Fərhad Ağazadə deyirdi: “Vətənin gələcəyi müəllimdən, məktəbdən asılıdır”.
Ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olub. Mirzə Fətəli Axundovdan sonra dilimizin saflığı və əlifbamızın islahı uğrunda mübarizə aparan ikinci böyük şəxsiyyət kimi səciyyələndirilir. “Azərbaycan” qəzetinin ən fəal yazarlarından biri idi və məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı.
Fərhad Ağazadə proqram, dərslik tərtibi, savadsızlığın ləğvi sahəsində misilsiz xidmət göstərib. Azərbaycan dilinin orfoqrafiyası elmi şəkildə ilk dəfə Fərhad Ağazadə tərəfindən işlənib. Mətbuat və maarif tariximizin sütunlarından sayılan Fərhad Ağazadənin yazdığı dərsliklər, lüğətlər, kitablar bu gün də öz aktuallığını itirməyib.

1932 – Görkəmli yazıçı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadə 62 yaşında vəfat etmişdir.
Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvanda doğulmuşdur. O, ilk təhsilini 1873–1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877–1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində almışdır. 1882–1887 -ci ilərdə isə Zaqafqaziya Müəllimlər Seminariyasında oxumuşdur.
Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. O, 1887–1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində, 1887-ci ilin avqustundan isə Uluxanlı kəndinə müəllimlik etmişdir.
Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış “Danabaş kəndinin əhvalatları” povestidir. Povest ədibin Nehrəmdə müəllimlik etdiyi illərdə qələmə alınmışdır. Müəllif “Danabaş kəndinin əhvalatları” adı altında silsilə, seriya əsərlər yazmağı nəzərdə tutmuşdur. Həmin seriyaya daxil olan “Eşşəyin itməkliyi” povestini tamamlamış, “Danabaş kəndinin məktəbi” hekayəsi isə yarımçıq qalmışdır. Ona görə də “Danabaş kəndinin əhvalatlari”dedikdə “Eşşəyin itməkliyi” povesti nəzərdə tutulur.
XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olmuşdur. Qüdrətli yazıçının “Usta Zeynal” (1905), “Dəllək” (1906), “İranda hürriyyət” (1906), “Fatma xala” (1906), “Qurbanəli bəy”, “Quzu” (1914), “Nigarançılıq” (1916), “Konsulun arvadı” (1918), “Pirverdinin xoruzu” (1906) və b. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır.İlk əsərlərində, əsasən, kənd və kəndli həyatından, bəy-xan zülmündən yazan müəllif yeni dövrdə öz hekayələri üçün fəhlə həyatından da mövzu seçir. Fəhlə mövzusunun işlənməsi nöqteyi-nəzərindən Cəlil Məmmədquluzadə nəsrinin inkişafını göstərən əsərlər içərisində “Usta Zeynal” (1905) və “İranda hürriyyət”(1906) hekayələri xüsusi yer tutur.
Cəlil Məmmədquluzadənin ilk əsərləri alleqorik mənzum “Çay dəstgahı” dramı və birpərdəli “Kişmiş” oyunu pyesidir.
XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılmışdır. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapmışdır.

Böyük yazıçının publisistik fəaliyyəti də onun həyatının mühüm mərhələsini təşkil edir. O, 1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. 1904-cü il noyabrında C.Məmmədquluzadənin “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ildə “Şərqi-Rus” bağlandığı zaman Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, ona “Qeyrət” adı vermişdir. 1905–1907-ci illərdə C. Məmmədquluzadənin ilk kitabçaları, (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hüriyyət”) “Qeyrət” mətbəəsində nəşr olunmuşdur. Həmin ildə C. Məmmədquluzadə Tiflisdə uşaqlar üçün məktəb və pansion açmışdı. 1905-ci ildə “Kavkazski raboçi listok” qəzetində Cənubi Azərbaycandan gəlmiş fəhlələrin ağır həyatını təsvir edən “Binəsiblər” və “Xeyirdua” məqalələri ilə çıxış etmişdi. C. Məmmədquluzadə həmin ildə “Novruz” adlı gündəlik qəzet çıxarmağa icazə alsa da, azadlıq hərakatının təsiri ilə mübariz satira orqanı nəşr etməyi daha münasib bildi.
İlk nömrəsi 1906-cı il aprelin 20-də (köhnə stil ilə 7 aprel) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, “Molla Nəsrəddin” adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C. Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar.
C.Məmmədquluzadə Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonuna 1967-ci ildə onun şərəfinə Cəlilabad adı verilmiş, müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

1946 – Görkəmli şair, ədəbiyyatşünas, tərcüməçi Məmmədzadə Əli Məhəmməd oğlu (Əli Nəzmi) 68 yaşında vəfat etmişdir.
Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul ailədə doğulmuşdur. Rus-tatar məktəbində oxumuşdur. Mütailə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. “Bikəs” təxəllüsü ilə şeirlər də yazmışdır
Ədəbi fəaliyyətə 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Kənddə ibtida” adlı ilk şeri ilə başlamışdır. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmışdır. Satirik şeirlərini “Məşədi Sijimqulu”, “Kefsiz” və s. gizli imzalarla çap etdirmişdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınmışdır. Felyeton və satirik şerləri satirik-yumoristik jurnallarda, xüsusən “Molla Nəsrəddin” jurnalında müntəzəm çap olunmuşdur. “İstibdad”, “Qorxuram”, “Olacaqmı”, “Sizə nə”, “Ey fuqəra”, “Od tutub odlandı vətən” və s. şeirlərində mütləqiyyətə, müstəmləkəçilik siyasətinə, dini fanatizmə və geriliyə qarşı azadlıq ideyalarını təbliğ etmişdir. Satirik şeirlərini Əlidəyənəkli, “Həcamətverdi”, “Sərsəri”, “Qanacaqsız”, “Şəmşir”, “Şəmşirək”, “Peşiman qoca”, “Gəncə Cavanları”, “Müt-şair”, “Şallax”, “Kav-mahi”, “Qoca zığ-zığ”, “Papiros-çəkən” və s.) çap etdirmişdir.
Sovet hakimiyyəti illərində Gəncə məktəblərində müəllimlik etmiş, sonra “Yeni Gəncə” qəzeti redaksiyasında çalışmış (1924-1926), Bakıya köçüb “Kəndli” qəzeti və “Molla Nəsrəddin” jurnalı redaksiyasında məsul katib olmuşdur (1926-1931). Sonra təqaüdə çıxmışdır.
1946-cı il yanvarın 4-də Bakıda vəfat etmişdir.

1988 — Görkəmli aktyor, Xalq artisti Əli Yusif oğlu Zeynalov 74 yaşında Bakıda vəfat etmişdir.
Əli Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı “Şeyda” tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.
İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda “səhnə danışığı” fənnindan dərs deyib.
Əli Zeynalov “İki ömrüm olsaydı…” kitabının müəllifidir.

1994 – Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılov vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur.
O, 1990-cı ildə erməni təcavüzünə qarşı mübarizə etmək üçün könüllü müdafiə batalyonlarından birinə yazılır.
Etibar Naxçıvanik, Şelli kəndlərinin müdafıəsində xüsusilə fərqlənərək, döyüşçü yoldaşlarına şəxsi nümunə göstərdi. Onlar Xocavənd rayonunun ərazilərindən düşmən hücumlarını dəf edir, şərait yarandıqda isə əks-hücuma keçərək, düşmənə sarsıdıcı zərbələr endirirdilər. Etibar tez-tez kəşfiyyata gedir, mühüm məlumatlarla geri qayıdırdı. Strateji yüksəkliklərin alınmasında əsl igidlik göstərirdi.
4 yanvar 1994-cü il… Kəşfiyyat qrupu xüsusi tapşırıq almışdı: Xocavənd rayonunun Qarakənd istiqamətində mövqe tutan düşmənin arxasına keçmək və məlumat əldə etmək. Əməliyyata başlayan kəşfiyyat dəstəsi mühasirəyə düşür. O, vəziyyətin çıxılmaz olduğunu hiss edib, yoldaşlarını xilas etmək üçün axırıncı qumbaranı əlində bərk sıxaraq, özünü düşmən tankının altına atır və erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir…
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

1998 — Görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan Yusif Bəhlul oğlu Yusifov 68 yaşında vəfat etmişdir.
Yusif Bəhlul oğlu Yusifov 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın (hazırkı Ermənistan) Böyük Vedi mahalında anadan olmuşdur.
1967-ci ildən pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov M. F. Axundov adına Pedaqoji Dillər İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, elmi və pedaqoji kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Yusif Yusifov Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirmiş, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazıb çap etdirmişdir, o cümlədən Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və S. Kərimovla birlikdə dərsliyin müəllifidir. Bu dərslik ali məktəblərin humanitar fakültələrində müasir dövrdə də tədris vəsaiti olaraq qalmaqdadır.
Böyük Sovet Ensiklopediyasının 1981-ci il tarixli nəşrinə Yusif Yusifov Azərbaycan SSR-nin görkəmli tarixçi alimi, ilk və yeganə elamşünası kimi daxil edilmişdir.

2000 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə 81 yaşında Bakıda vəfat edib.
Milliyətcə tatardır, 28 fevral 1918 – ci ildə Kazan quberniyasının köhnə Çukan kəndində doğulub.
İki yaşında olanda ailəsi Bakıya köçüb. 1Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub.
1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.
“Qara daşlar”, “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
Ömrünün son illərini o Bakı Bələdiyyə teatrında çalışıb. Ümumiyyətlə isə teatr səhnəsində 62 ildən çox çalışıb.
Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası heyranlıq doğurub.

2000 — Müğənni (lirik soprano), Azərbaycanın Əməkdar artisti Fatma Yusif qızı Mehrəliyeva 74 yaşında vəfat etmişdir.
Fatma Mehrəliyeva 1926-cı il iyunun 4-də Qubada anadan olub.Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir bəyin(Üzeyir Hacıbəyli) diqqətini çəkir. Və elə bununla Fatma da böyük bəstəkarın himayəsinə keçir.
1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblında işə düzəlir. Artıq filarmoniya səhnəsindən daha bir gözəl, məlahətli səs eşidilməyə başlayır.
Amma 1941-1945-ci illər Böyük Vətən müharibəsi Fatma xanımın həyatında da öz izlərini qoyur. Bütün bunlara baxmayaraq gənc müğənni səsini, sənətini səngərlərə, müharibənin od-alov saçan cəbhələrinə də daşıyır, səsi ilə döyüşür və əsgərləri qələbəyə ruhlandırırdı. Gənc müğənninin həzin səsində dahi Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri daha çox sevilməyə və ifaçısını tanıtmağa başlayır.Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə çevrilir.Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun Qızıl Fonduna daxildir.
Fatma xanım dinləyicilərinin yaddaşında “Olmaz-olmaz”, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə” , “Muğan qızı”, “Unuda bilmirəm” və s. mahnılarla dərin iz qoya bilib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.