Tarixdə bu gün

lin 5-ci günü.

Mühüm hadisələr:

1809 — Türkiyə ilə İngiltərə arasında müharibə Sultaniyə sülhü ilə başa çatıb.
1991 – Bakının Dağüstü Mədəniyyət və İstirahət Parkında (indiki “Şəhidlər Xiyabanı”nın ərazisi)  20-ci illərdə Azərbaycana rəhbərlik etmiş S.M. Kirovun nəhəng heykəli sökülüb.
Yarım əsrə yaxın Bakının ən uca zirvəsində “qərar tutan” abidə Azərbaycanda sosializmin təntənəsinin təcəssümü idi.
Heykəlin götürülməsi ilə bağlı rəsmi məlumatda əsas kimi “texniki səbəb” – ərazinin sürüşmə zonasında olması göstərilirdi. Gerçəkdə isə bu, Azərbaycanın sovet sistemi və onun simvolları ilə vidalaşmasına işarə idi.

Doğum günləri:

1903 — Pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor. Azərbaycan SSR-nin Xalq Maarif Naziri olmuş Mehdi Məmməd oğlu Mehdizadə
Cəbrayıl qəzasının Daşkəsən kəndində kəndli ailəsində anadan olmuşdur.
1923-cü ilin mayında Mehdi Mehdizadə Cəbrayıl qəzasından Bakıya üçaylıq ali pedaqoji kursa göndərilir. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə İnstitutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir. Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
1930-cu ilin martında onu Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin Elmi katibi və Xalq Maarif Komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin edirlər. O, bu vəzifədə cəmi bir il çalışdıqdan sonra, 1931-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı nəzdində təzəcə təşkil edilmiş aspiranturaya pedaqogika ixtisasına qəbul edilir və  1932-ci ildə yeni yaradılmış Azərbaycan Dövlət Elmi -Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına köçürülür. 1932-ci ilin sentyabrından ADPİ-nun Pedaqogika kafedrasında müəllim kimi fəaliyyətə başlayır. 1934-cü ildə M. Mehdizadəni  Pedaqoji fakültənin dekanı vəzifəsinə təyin edirlər. Az müddət bu vəzifədə çalışdıqdan sonra 1934-cü ilin sonunda onu daha məsul vəzifəyə ADPİ-nin Elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkirlər. O, 1934-1937-ci illərdə bu məsul vəzifədə çalışarkən gecəsini-gündüzünə qataraq cəmiyyətdə institutun nüfuzunun yüksəlməsi istiqamətində səmərəli fəaliyyət göstərir.
Mehdi Mehdizadə 1941-ci ildə “Azərbaycan məktəblərində savad təlimi tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır. O, 1941-1942-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. 1942-ci ilin sentyabrından 1946-cı ilin iyununa qədər ordu sıralarında – İkinci Dünya Müharibəsinin qanlı döyüşlərində iştirak edir. Müharibədən qayıtdıqdan sonra 1946-1950-ci illərdə doğma institutda elmi pedaqoji fəaliyyətini davam etdirərək Pedaqogika kafedrasının müdiri, fakültə dekanı, Elmi işlər üzrə direktor müavini vəzifələrində ləyaqətlə çalışır.
Mehdi Mehdizadə 1952-ci ilin mart ayında Azərbaycan SSR-nin  Maarif Naziri vəzifəsinə təyin edilir. O, bu vəzifədə cəmi üç il işləyir və 1954-cü ildə yenidən nüfuzlu elm və təhsil ocağı olan pedaqoji instituta göndərilir. Onun bu vəzifədə az işləməsi 1953-cü ildə İosif Stalinin ölümündən sonra Azərbaycanda baş verən siyasi hadisələrlə əlaqədar olmuşdur.
1956-cı ildə “Azərbaycan sovet məktəbinin tarixi” mövzusunda yazdığı doktorluq dissertasiyasını Moskvada böyük müvəffəqiyyətlə müdafiə edir. Pedaqoji elmlər doktoru Mehdi Mehdizadə 1957-ci ildə ADPİ-nin professoru vəzifəsinə seçilir. İki ildən sonra 1959-cu ilin sentyabrında o, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsi sədrin birinci müavini vəzifəsinə təyin edilir.  Daha sonra  1961-ci ildə  nazir vəzifəsinə  seçilmişdir.
Mehdi müəllim 24 fevral 1980-ci ildə Azərbaycan SSR maarif naziri vəzifəsindən öz ərizəsinə əsasən, azad edilmiş, həmin vaxtdan ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi məsləhətçisi olmuşdur.
Akademik Mehdi Məmməd oğlu Mehdizadə 1 may 1984-cü ildə Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

1924 —Azərbaycanın görkəmli tarixçi alimi, AMEA-nın müxbir üzvü Məşədixanım Sədulla qızı Nemətova Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir.
Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəri idi). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəri olmuşdur.
Ən dəqiq sənədlərlə 2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nun, o cümlədən 12 monoqrafiyanın müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə “Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə” “Şöhrət” ordeninə layiq görülmüşdür.
Görkəmli alim Məşədixanım Nemətova 27 dekabr 2016-cı ildə 92 yaşında Bakı şəhərində vəfat etmiş və Zabrat qəbiristanlığında dəfn olunub.

1927 — Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulub.
Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.
Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Bakıya qayıtdıqdan sonra “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. “Azərbaycan” jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), “Yazıçı” nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Anam sən oldun” şeiridir. İlk şeirləri “Dönüş”, “Təbrizdə bir gecə” poemaları dövri mətbuatda “Vidadi Şıxlı” təxəllüsü ilə çap olunmuşdur. “Gəlin” povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən).

1947 — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev Xankəndində dünyaya göz açmışdır. 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır.
Ş.Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi.
Ş.Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.
Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.

1971— Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimov Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır.
 O, könüllülərdən ibarət batalyonun tərkibində Vətən qarşısında borcunu layiqincə yerinə yetirirdi. Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüşlər zamanı xüsusi ilə  qəhrəmanlıq göstərmişdir.
 O,  xeyli sayda erməni yaraqlısını məhv etmiş,  döyüş yoldaşları ilə birgə 3 erməni əsgərini əsir götürmüşdür.
 Elgiz Cəmilli kəndinin müdafiəsi zamanı ağır yaralanmışdır, müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtmışdır.
1992-ci il martın 12-də mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün E. Kərimov Naxçıvanik kəndində  şiddətli döyüşlər  aparmışdır.  Bir saata yaxın davam edən ağır vuruşmadan sonra ermənilərin mühasirəsi yarılmış, döyüşçülərimiz azad edilmişdir. Əfsus ki, Elgiz  düşmən gülləsinə tuş gəlmişdir.
Qəhrəman   döyüşçümüz Bərdə rayonunda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
1994-cü ildən Bərdə şəhər 4 nömrəli  tam orta məktəb Milli Qəhrəmanın adını daşıyır.

1970 — Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifov Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir.
 Erməni  vəhşilər həyasızcasına    torpaqlarımızı  işğal etməyə  başlayanda     qərəman oğullarımız silaha sarıldılar. Naiq də onların sırasında idi.
24 mart 1992-ci il.  Ermənilər Tovuz rayonunun Koxa Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Cəsur oğlumuz düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğlu Azərbaycanın Milli Qəhrəmanıfəxri adına layiq görülmüşdür.
Doğulduğu kənddə, Tovuz rayonunun Ağdam kəndində dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.

Vəfat etmişdir:

1478 —Əsl adı Həsən bəy Bayandur olan Uzun Həsən 1423-cü ildə anadan olub. Ucaboylu olduğuna görə ona “Uzun Həsən” ləqəbi verilib. Qara Yuluq Osman bəyin nəvəsidir.
Trabzon imperatoru IV İoanın qızı Dəspinə xatunla evlənib və bu izdivacdan Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə Yaqub, Yusif Mirzə və Məsih Mirzə adlı 7 oğlu olub.
Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövləti Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Misir, Hindistan və başqa ölkələrlə diplomatik münasibətlər qurub.
Ağqoyunlu sarayında səfir olan Venesiya diplomatı Ambrozio Kontarini yol qeydlərində Uzun Həsənin şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişi olduğunu yazır.
Uzun Həsən Ağqoyunlu tayfalarını birləşdirərək, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurub. 1467-ci ildə Muş düzündə Cahanşahı məğlubiyyətə uğradaraq Qaraqoyunlu dövlətini süquta yetirib, Mahmudabad döyüşündə isə Əbu Səidə qalib gələrək Teymurilər dövlətini zəiflədib. Bundan sonra paytaxtı Təbriz şəhəri olan böyük Ağqoyunlu dövləti qurub.
Onun dövründə Təbrizdə örtülü Qeysəriyyə bazarı, Nəsriyyə universiteti ilə birlikdə möhtəşəm məscid və digər ictimai binalar tikilib. Sarayda alimlər məclisi təşkil olunub, zəngin kitabxana yaradılıb.
Osmanlı İmperiyasına qarşı yaradılmış koalisiyanın daha da möhkəmləndirilməsinə çalışan Uzun Həsən Sultan II Mehmetə qarşı bir neçə döyüş aparıb.
Uzun Həsən 1478-ci il yanvarın 5-də vəfat edib və özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn olunub.

1994 —  Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarov vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
 Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdən sonra milis işçisi kimi Novorossiyskdə  fəaliyyət  göstərirdi.
1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır. 1992-ci ildə könüllü olaraq Milli Orduya qoşulmuşdur. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir.
Оnu “Edik” kimi tanıyan ermənilər başına mükafat qоymuşdular. 40-dan çox hərbi əməliyyatda iştirak etmişdir. Qısa müddətdə ona kapitan rütbəsi verilmiş və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur.
4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilmişdir. Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!