Mövqe


Günlərin rəngi solub,
Axı nələr solmayıb?
Kimə güvənim indi,
Güvənc yerim qalmayıb.
Məni gözdən qoymayan,
İndi gendən baxarmış,
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış.
N.Kəsəmənli
Atalar sözləri haqqında yeri düşdükcə, öz əhatəmizdə biz də həmişə söhbət tərəfi olmuşuq. Diqqətli izləyicilərimizin yadındadırsa, 2 il öncə “Atalar sözlərində kəm-kəsir axtarmayın” başlığı ilə iki yazı da dərc etmişik. Sosial şəbəkələrin birində daha bir atalar sözümüz haqqında təkrar-təkrar qarşılaşdığım doğru olmayan mövqe məni yenidən bu mövzuya qayıtmağa vadar etdi.
Söhbət “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış ” atalar sözümüz haqqındadır. Bu atalar sözü ətrafında müsahib olmuş tərəflər iddia edirlər ki, bu atalar sözü yanlışdır, onsuz da qar yağanda ilk əvvəl dağlara qonur. Bu cür düşünənlər sual da edirlər ki, bəs qar hara yağmalıdır və yaxud dağlara yalnız günəş şəfəqləri düşməlidir?
Dostlarımız, bütün dəyərli oxucularımız bilməlidir və təbii ki, atalar sözləri və məsəllərimiz ünsiyyət prosesində istifadə etdiyimiz adi sözlər deyil. Bu sözləri uzun müşahidələri, mürəkkəb vəziyyətləri ən qısa müddətdə ifadə etmək, beyinləri, ürəkləri istiqamətləndirmək üçün çox təsirli bir vasitədir. Müdriklərimiz bu sözlərin ehtiva etdiyi hikmətlərlə həyatlarında, gündəlik davranış və münasibətlərində 100 dəfələrlə qarşılaşmış, onların hər birini dəfələrlə yoxlamış, sınamış və bütün bu dərslərdən nəticə çıxarmış , bu nəticələri yığcam və təsirli formada əxlaqi- mədəni irs kimi gələcək nəsillərə ötürmüşlər. Bu irs bütün dövrlərdə gələcək nəslə doğru yol göstərmək, onları tərbiyə etmək məqsədi daşımışdır.
“Güvəndiyim dağlara qar yağdı” idiomatik bir ifadədir, doğru və çox dərin məna ehtiva edir .
Ümumiyyətlə, bir çox atalar sözlərimiz haqqında belə münasibətlərə ara-sıra rast gəlinir. Diqqətli olmalıyıq. Bizim atalar sözlərimiz elə-belə yaranmayıb, onların hər biri dərin müşahidə və müqayisələrin doğurduğu nəticələrdir. Gəlin , onları doğru anlayaq.
“Böyük dayaq” filminə hamımız baxmışıq. Nadir sənət zinətlərimizdən biridir. Dayaq kibrit çöpü də ola bilər, bir şagird qələmi də, bir küçə işıqlarının tiri də (şalban, dirək)… Rüstəm kişiyə dayaq olmaq üçün bu vasitələrin heç biri kara gəlməzdi. Bəs nədir bu “böyük dayaq”: Xalq. Atalar bunu da deyib ki, xalqdan böyük dayaq yoxdur. Xalqa söykənən dağa söykənər, onu yıxmaq, məğlub etmək olmaz. Gördünüzmü, məna öz yerini gəlib necə qanunauyğunluqla tapdı: Dağa söykənmək . “Güvəndiyim dağlara qar yağdı” ifadəsinin nüvəsində də bu hikmət durmaqdadır. Təbii ki, dağ ən uca məkan olduğu üçün qar ilk olaraq da dağ başına qonar. Amma qonsun da, dağa nə edə bilər ki. Bir az səbir də lazım, dözüm də lazım. Bunlar uğuru, məqsədə nail olmaq hədəfini zəruri edən şərtlərdir. Dağ bizim güvəndiyimiz dağlardısa, qış öz qarıyla yellər kimi, “qayalardan” nə apara bilər ki. Yaza kimi ha cəhdlər etsə də, yaz gəldimi, “qəmi artacaq”, dağ çayları vasitəsi ilə onun sonuna fərmanı veriləcək.
Haqqında söhbət etdiyimiz idiomatik ifadədə ən yaxın dostlara ümid edərkən ümidin sarsılması, kömək gözləyərkən təkbaşına çarəsiz qalmaq mənası ifadə edilib. Amma bu çarəsizlik etibarsız dostların “gen günlərində can deyib, dar günlərində bir-birlərini atmaq” assosiasiyasını doğurmamalıdır.
Şair demişkən, ümid mütləq gərəkdir:
Ümid bir çıraqdır hər təsəlliyə, Ümidsiz yaşamaq nəyə gərəkdir.
Sevsin, sevilsin, yaşasın deyə,
İnsana hər zaman ümid gərəkdir.
İnsan ümiddən gen düşdümü, onun üçün həyat həmin dəqiqədən sönür.
Atalar sözləri:
Ümid qalibə də, məğluba da yenidən başlamaq gücünü hifz edir. Ümid yeni bir başlanğıc üçün düsturdur.
Dosta da üz çevirməməli, güvəndiyimiz dağlara da.
İxtiyar qocalarımız , ağbirçək nənələrimiz nə söyləyiblərsə, nə deyiblərsə, zərgər dəqiqliyi ilə hesaba alınmış sözlərdir. Bu sözlərdə tərbiyəvi-əxlaqi tövsiyələr hifz olunur. Bu sözlərdə tapşırmalar var, dualar var, öyüd -nəsihətlər var. Atalar sözlərimizin bəzilərində dil xətaları da mövcuddur. Ola bilsin ki, yanlış anlaşma bununla bağlı olsun. “Tələsən təndirə düşər”, “Quyuya su tökməklə quyu dolmaz”, “Düz düz düzdə qalar”, “Asta qaçan namərddir” və sair bu qəbildən olan bir çox Atalar sözlərində olduğu kimi. Təlsməyin təndirlə heç bir əlaqəsi yoxdur. Fikrimizcə, “təndir” sözü “tərs” sözü ilə əvəzlənəcəyi halda məna daha anlaşıqlı olur. Quyuya su tökməklə quyu dolmaz yox, quyu sulu olmaz daha məntiqlidir. “Düz düz düzdə qalar” Atalar sözümüz isə “Düz düz də qalar” şəklində öz əxlaqi-tərbiyəvi təsirini ifadə edə bilir.
“Asta qaçan namərddir” deyimində bir anlaşılmazlıq hiss olunur: ya fikir təhrif olunub,ya da bu ifadə atalar sözü deyil, sadəcə, atalar məsəlidir. Atalar məsəlində bildiyimiz kimi, fikri mətləbdən ayrı səsləndirdikdə məna doğru hasil olmur. Bəlkə bu idiomatik ifadə “Yavaş qaçan qorxaqdır” şəklində olub, sonra söyləyənlərin düzgün indiki hala düşmüşdür. Bu ifadə, sanki, “yavaş qaçmağı” “qorxmaq” və “qorxaqlıq” ilə eyniləşdirən bir atalar sözü və ya istehzalı bir ifadədir.
“Yavaş qaçmaq” burada nəyi simvolizə edir? Bu, qətiyyətsizliyi, həddindən artıq ehtiyatlılığı və ya uğursuzluq və ya nəticələr qorxusu səbəbindən vacib məsələləri təxirə salmağı simvolizə edir.
Ona görə də hər bir atalar sözünə diqqətlə varmaq, ona işləndiyi konteksdən çıxış edərək yozum vermək olar.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.