Tarixdə bu gün

       İlin 6-cı günü

Mühüm hadisələr:

1733 — Səfəvi ordusu Bağdad yaxınlığında baş verən döyüşdə Osmanlı qoşunlarını məğlub edib.
Tərəflər arasında imzalanan Bağdad sülh müqaviləsinə əsasən, Osmanlı dövləti 1723-1724-cü illərdən başlayaraq ələ keçirdiyi bütün Səfəvi torpaqlarını geri qaytarmağa razılıq verib.
Osmanlı dövləti həmin dövrdə Şimali Azərbaycanın böyük hissəsini (Xəzəryanı ərazilərdən savayı), habelə Təbriz, Ərdəbil, Marağa, Xoy və digər Cənubi Azərbaycan ərazilərini nəzarətə götürmüşdü. 1732-ci ildə bağlanan Kirmanşah müqaviləsi ilə Səfəvilər Cənubi Azərbaycan ərazilərini geri ala bilmişdi.
1810 — İstanbul sülh sazişi imzalanıb. Sazişə əsasən Osmanlı dövləti Krımı Rus imperiyasına verib.
1838— Samuel Morze teleqrafı təqdim edib.
1992 — Azərbaycan torpaqlarının işğalı hesabına qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan edilmişdir.

Doğum günləri:

1907 –   Azərbaycam Dövlət Mükafatı laureatı, Azərbaycanın   Xalq artisti,   SSRİ Xalq artisti Hacıyev İsmayıl Yusif oğlu (İsmayıl Dağıstanlı) Qax rayonunun Zərnə kəndində dоğulub.
Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926-1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub .
1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb.
Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün sоn illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.
İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.

1940 — Görkəmli teatr və kino aktrisası, Xalq artisti Svetlana Cəlal qızı Həkimova Sumqayıt şəhərində anadan olmuşdur.
1968-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. S.Həkimova 1959-cu ildən Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin nəzdində yaradılmış xalq teatrında müxtəlif səpkili rollarda çıxış etmişdir. Onun S.Vurğunun “Fərhad və Şirin” əsərindəki Şirin obrazı Ümumittifaq festivalında “Qızıl medal”a layiq görülmüşdür. Sumqayıt Dövlət Teatrında işlədiyi on il ərzində S.Həkimova xarakterik obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdir.
1978-1990-cı illədə S.Həkimova Ağdam Dövlət Dram Teatrında, 1990-1992-ci illərdə isə Füzuli Dövlət Dram Teatrında işləmişdir. 1992-ci ildən bu günə kimi aktrisa H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. Onun Esmiralda (“Bəli, dünya dəyişib”) rolu ilə qədəm basan S.Həkimova Sumqayıt teatrının səhnəsində onlarla yadda qalan obrazlar yaratmışdır. Ondardan Gülüş (“Sevil”, C.Cabbarlı), Gülcahan (“Kəndimizin javanları”, Ə.İlham), Fez (“Qəribə missis Səvic”, Con Patrik), Gülcamal (“Müsibəti Fəxrəddin”, N.B.Vəzirov), Naza (“Duel”, M.Bayciyev), Hakimin qızı (“Demoklisin qılıncı”, N.Hikmət), Nami (“Qəribə marka”, Holfred), Şıltaq qız (“Paralelin nəbzi”, R.Heydər), Tahir (“İnam”, F.Məmmədov) və s. göstərmək olar. C.Cabbarlının “Solğun çiçəklər” əsərindəki Sara rolunu Svetlana xanım böyük bir səmimiyyətlə, ehtiras və həyacanla yaradıb. 1992-ci ildən Sumqayıt teatrında çalışan S.Həkimova A.Həsənoğlunun “Yanmış evin nağılı” faciəsində nənə, F.Məmmədovun “Anasının gül balası” əsərində Gülbala, Ə.M.Lələdağın “Qorxaq” pyesində Qaçqın nənə, O.Kolçinskayanın “Tramvayı kim oğurlayıb” pyesində Köstəbək, F.Məhərrəmovun “Cinbalalar” əsərində Gülcahan nənə, Y.Həşimovun “Həkimlər nobata gedir” komediyasında Səkinə xala, T.Vəliyevanın “Mənim ağ göyərçinim” pyesində Münəvvər, G.Xuqayevin “Bir köpək vardı”, “Ailə” ibrətamiz pyeslərində Dovşan və Tamara, A.Şaiqin “Qaraca qız” əsərində Yusifin anası və bir çox uzunömürlü obrazlar yaratmışdır.

Vəfat etmişdir:

1936 —  Dövrünün görkəmli nasir və pedaqoqu olmuş A.Divanbəyoğlu 53 yaşında vəfat etmişdir.
A.Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.
1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də “Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində müəllimlik etmişdir və s.
Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. “Şahzadə və Əbdül” (1902), “Can yanğısı” (1903), “Fəhlə” (1906) və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı “Şahzadə və Əbdül” əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959). “Duman” (1904), “İlan”, “Fəhlə” (1906), “Ərdoy dərəsi” (1910), “Məcnunun Leyliyə məhəbbəti” (1910), “Cəng” (1910), “Dan ulduzu” (1911) və s. hekayələri, “Parlaq ulduz” (1912) felyetonu və s. kimi əsərləri də vardır.
Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin Şərq şöbəsində təhsilini davam etdirmişdir (1923-1928). Xalq maarifi sahəsində çalışmış, Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923-1927). Ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri işləmişdir (1930-cu ildən). Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri vardır. Dövrü mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunmuşdur. “Can yanğısı” (1958), “Şahzadə və Əbdül” (1966) və “Seçilmiş əsərləri” (1981) kütləvi tirajla nəşr edilmişdir.

1938 — Sevimli şairimiz Mikayıl Müşfiqin həyatına son qoyulmuşdur.
Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir.
Məktəb fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakının  orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).
 Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-“Küləklər” 1930-cu ildə nəşr olunmuşdur.
O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin”Qaraçılar” (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun “Kobzar”(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin “Şeirlər”, S.Y.Marşakın “Huşsuza bax,huşsuza”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə şərq poeması” kitablarıdır.
1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurmuşdur.
Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç. 108) qarşısına xatirə lövhəsi vurulmuşdur.

1962 — Xalq artisti Mərziyə Davudova ildə 60 yaşında Bakıda vəfat etmişdir.
Mərziyə Yusif qızı Davudova 1901-ci il dekabrın 8-də Həştərxan şəhərində dünyaya göz açıb.Əvvəlcə kəndlərində fəaliyyət göstərən dördillik “Darültəhsil” tatar məktəbində, daha sonra Həştərxanda “Qaliyə” məktəbində , 1915-1918-ci illərdə  isə “İqbal” rus-tatar məktəbində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynayıb.
XX əsrin əvvəlində N.Vəzirovun, N.Nərimanovun əsərləri tatar dilinə tərcümə olunur və Hüseyn Ərəblinski, Mirzağa Əliyev kimi böyük səhnə ustaları yerli həvəskarlarla qastrol tamaşalarında çıxışlar edirlər. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və onu Bakıya dəvət edib. 1919-cu ildə anasını itirdikdən sonra Bakı gəlib. İlk dəfə Birləşmiş Dövlət Teatrı nəzdində Türk Dram Teatrı kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olub. Əksər Azərbaycan, rus, Qərbi Avropa dramaturgiyasının baş qəhrəmanlarına səhnə həyatı verib.
Mərziyə Davudova hələ gənc yaşlarında səhnəni, böyük məhəbbətlə sevib, bütün həyatını səhnə sənətinə həsr edib. Neçə on illər tamaşaçılar Mərziyə Davudovanın böyük sənətindən zövq alıb, böyük bir aktrisalar nəsli ona baxaraq səhnəyə gəlib. Mərziyə xanım aktrisalıq şöhrəti o qədər parlayıb ki, onu Azərbaycandan çox-çox uzaqlarda da tanıyırdılar. Onun yaradıcılığı müsbət və mənfi obrazlar ilə zəngindir. Aktrisa üçün obrazın böyük və kiçikliyi, mənfi və müsbətliyi olmayıb. Aktrisa ona tapşırılan obrazı öz sənət süzgəcindən keçirib, yüksək sənətkarlıqla tamaşaçılara təqdim edib.
Onun ifa etdiyi Sevil, Gültəkin, Firəngiz, Gülnisə, Yaxşı, Gülsabah, Solmaz, Nabat, Şəmsa (“Sevil”, “Aydın”, “Oktay Eloğlu”, “Solgun çiçəklər”, “Almaz”, “Dönüş”, “Od gəlini”, “1905-ci ildə”, “Trablis müharibəsi”), Xuraman, Qızyetər, Şirin, Səhər (“Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan”), Südabə, Xumar, Jasmen, Anjela (“Səyavuş”, “Şeyx Sənan”, “Knyaz”, “Uçurum”), Səlimə, Sona (“Pəri cadu”, “Dağılan tifaq”), Həyat, Lina (“Həyat”, “Madrid”), Həcər (“Qacaq Nəbi”), Gülzar (“Şərqin səhəri”), Məshəti (“Nizami”), Ülkər (“Vəfa”), Nüşabə (“Nüşabə”), Gertruda, Dezdemona, Qonerilya, Ledi Maqbet (“Hamlet”, “Otello”, “Kral Lir”, “Maqbet”), Luiza (“Mərk və məhəbbət”), Joziana (“Gülən adam”), Kriçinina, Kabanixa (“Günahsız müqəssirlər”, “Tufan”), Vassa Jeleznova (“Vassa Jelezniva”), Lambrini (“Gözəllik və sevgi adası”) və s. obrazlar Azərbaycan teatr tarixinin Qızıl Fonduna daxil olub.

1976 — Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın Xalq artisti Bədəlbəyli Əfrasiyab Bədəlbəy oğlu 68 yaşında Bakıda vəfat etmişdir.
Əfrasiyab Bədəlbəyli 1907-ci ildə Bakıda xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.
20 yaşında Cəfər Cabbarlının “Od gəlini” pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyib.
Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında  “Qız qalası” baleti ilə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə “Nizami”, “Söyüdlər ağlamaz” operalarını yazıb. Bir çох dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiоsu və televiziyasında milli musiqi sənətini geniş təbliğ edib..

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!